525.Az

Vəziyyət dəyişməsə... - Sosial şəbəkədə yazılanlar


 

Vəziyyət dəyişməsə... - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Asif Nərimanlı, jurnalist:

- Moskva terrorunda hücumun baş verdiyi gecə "günahkarın" İŞİD-in elan edilməsinin mümkünlüyü haqda yazmışdıq: bu, Rusiyanın terroru Kiyevin üzərinə yıxmaq və Ukraynanın bombardman edilməsini "legitimləşdirmək" gedişinə qarşı atılan addım kimi görünür.

Və İŞİD-Xorasanın məsuliyyəti üzərinə götürməsi - terrorçuların tacik əsilli ekstremistlər olması diqqəti uzaq şərqə - qruplaşmanın mənzilləndiyi Əfqanıstana yönəltdi. Hərçənd, İŞİD də daxil olmaqla terror qruplarının hücumlarını "sifariş" əsasında etdiyi sirr deyil, bu baxımdan, Moskva terrorunun arxasında hansı gücün-tərəfin dayandığı hələ də sual altında qalır.

Hücumun arxasında Moskvanın diqqət çəkmək istədiyi Kiyevin dayandığı ehtimalı azdır:

- Belə bir addım Ukraynanı işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevirə,

- Baş verən terror aktı Rusiyanın Ukraynaya hücumunu "legitimləşdirməyə" kömək edə,

- Rusiya cəmiyyətinin Putinin siyasəti ətrafında həmrəyliyinin güclənməsi ilə nəticələnə bilər;

Terror aktını rus ictimai rəyini xarici düşmənə qarşı həmrəyliyə kökləsə də, Kiyevin iddia etdiyi kimi Moskvanın "əl işi" olması ehtimalı da zəifdir: çeçen müharibəsində mövcud olan iddialar fonunda müəyyən versiyalar önə çıxır, lakin xalqı xarici düşmənə qarşı səfərbər etmək üçün Moskvanın mərkəzində qanlı terrordan daha yüngül addımların atılması mümkündür, digər tərəfdən, mümkün "qazanc"la müqayisədə Rusiyanın daxili təhlükəsizliyindən tutmuş ictimai əhval-ruhiyyəsinə qədər ortaya çıxan mənfi nəticələr daha ağırdır;

Terror hücumu ilə müharibənin Rusiyanın daxilinə köçürülməsi ehtimalı da o qədər güclü deyil, çünki nəticə rus ictimai rəyinin Putin ətrafında cəmlənməsindən başqa bir şey olmayacaq. Bununla yanaşı, terror aktı bütün dünyanın Rusiya ilə həmrəy olması ilə nəticələndi, hətta Ukraynada Moskva ilə döyüşən Qərb ölkələrinin də.

Müəmmalar çoxdur, hərçənd, mümkün siyasi hədəflər fonunda bu terrorun "izlərinin" daha dərinə getdiyi görünür.

Terror aktının İŞİD-Xorasan qruplaşması üzərinə götürməsi, yaxud onun üzərinə qoyulması və terrorçuların xüsusilə tacik əsilli olması bir versiyanı önə çıxarır: Yaxın Şərqdə "missiyasını" başa vuran İŞİD-in yeni ünvanı Asiya ola bilər;

İŞİD-Xorasan 2014-cü ildə terror təşkilatının qolu kimi Əfqanıstanda meydana çıxsa da, "İslam dövləti" planının Yaxın Şərqdə "məğlub" olmasından sonra bu "ideya" "Böyük Xorasan" adlandırılan Cənubi-Mərkəzi Asiya bölgəsinə daşındı. Maraqlıdır ki, 2015-ci ildə Tacikistan xüsusi təyinatlı qüvvələrinin komandirlərdən polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə terror təşkilatı daxilində ciddi gücə çevrilən "tacik qrup" Yaxın Şərqdəki "məğlubiyyətdən" sonra "Xorasanda" daha aktiv şəkildə ön plana çıxmağa başladı. Və belə görünürdü ki, 2017-ci ildən sonra terror planı Yaxın Şərqdən Asiyaya köçürülür. İŞİD-Xorasan qruplaşmasının aktiv terror hücumlarına ABŞ-ın Əfqanıstandan çıxmasından sonra başlaması da burada diqqətçəkən məqamlardandır. Qruplaşmanın son illər əsasən Rusiyanı - birbaşa Putini təhdid etməsi təsadüfə bənzəmirdi və bunun fonunda "Moskva teraktı ilə terrorun yeni ünvanının "Xorasan vilayəti" olması aktivləşdirilir" sualını aktuallaşdırır.

Bu amillər Moskva teraktının siyasi hədəfləri ilə bağlı mümkün ehtimallar yaradır.

Birincisi, Rusiyaya qarşı Asiyadan - "yumşaq qarnı"ndan yeni "cəbhə" açılır;

Bu, Ukrayna müharibəsi fonunda ilkin hədəflərdən biri kimi görünür. Çünki bu terakt Rusiyanın diqqətini Asiyaya da yönəldəcək və Moskvanın bu coğrafiyada mümkün antiterror əməliyyatı qüvvələrini parçlaya bilər. Hərçənd, Rusiya belə bir əməliyyata KTMT-ni də cəlb edəcək və bu, "hərbi ittifaqı güclənməsi" kimi üstün tərəfləri ilə yanaşı, "ittifaq daxili ixtilafların dərinləşməsi" kimi risklər də vəd edir. Bütün hallarda Asiyadan gələn təhlükə Rusiyanın qüvvələrinin bölünməsi ilə nəticələnə bilər.

İkincisi və daha uzağa gedən hədəf Yaxın Şərqdəki qeyri-stabilliyin Cənubi-Mərkəzi Asiya coğrafiyasına köçürülməsidir: bu, həm Rusiya ətrafında, həm də Çin və bu ölkənin üstünlük verdiyi nəqliyyat dəhlizlərində qeyri-stabilliyin yaranması ilə nəticələnə bilər. Baş verənləri dəhlizlər uğrunda mübarizənin tərkib hissəsi kimi də dəyərləndirmək mümkündür.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- TikTok-da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında

TikTok-da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir.

Ümumiyyətlə qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil.

Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil.

Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə TikTok arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb.

Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə TikTok arasında yetərincə əlaqələr var.

TikTok yeganə qlobal resurslardandır ki, Azərbaycan rəsmiləri və hətta qeyri-rəsmiləri ilə təmasları yetərincədir. Azərbaycana qarşı hesabatlıdırlar.

Bizim təhlükəsizlik qurumlarının TikTok-la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək olar ki, lazım olanda bu qurumlar TikTok-la birbaşa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər.

Yeri gəlmişkən, ümumiyyətlə qlobal resurslardan "istifadəçilərlə bağlı məlumatlar əldə etmək, nəyisə sildirmək" həmişə milli hökumətlər üçün problemli məsələ olub. Bu, asan deyil, məhkəmə qərarları, əsaslandırılmış sorğular və s. olmalıdır.

TikTok-un öz qaydalarına zidd olan məlumatları sildirmək daha asan olur, nəinki ölkədaxi qanunlara zidd olan olanlar.

Burada ikili standartlar həmişə var.

Amma bir daha vurğulamaq istərdim ki, bildiyim qədər  TikTok-un yerləşdiyi Sinqapur güc strukturları ilə Azərbaycan arasında  əlaqələr var və Azərbaycanın güc strukturlarından da tez-tez  sorğular alırlar. Təsəvvür edin ki, Azərbaycan güc strukturlarından TikTok-a daxil olan bir sorğunu Sinqapur prokuroru bu ölkənin qərarları çərçivəsində həll etməlidir.

Sadəcə, bu tip sorğuların icrası bütün milli hökumətlər üçün baş ağrısıdır.

Bir daha bildirmək istərdim ki, Azərbaycan tərəfi ilə TikTok arasında "şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək" kimi absurd məsələ müzakirə predmeti olmayıb, bu haqda heç bir açıqlama yoxdur.

Sonuncu dəfə TikTok rəsmiləri ilə Azərbaycan hökuməti arasında, Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən  "Google vergisi" olaraq adlandırılan verginin ödənilməsi üçün TikTok-un DVX-də qeydiyyatdan keçməsi məsələsi , Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub.

Bildiyim qədər TikTok İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb.

 

Etibar Əliyev, millət vəkili: 

- 21 mart "Beynəlxalq Poeziya Günü"dür

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın möhtəşəm "poeziya" essesini paylaşıram

...Nə qədər incəsənət əsəri var... Bizim dünyaya sığa bilməz onlar. Onları pəncərədən görünən zirvələrdən asmaq lazımdır... Nə qədər kitab... nə qədər kitabça var... Kim oxuya bilər onların hamısını? Əgər onları yemək mümkün olsaydı... İştahı coşdurub onlardan salat düzəldəsən, ədavə qatasan,  istiotlayasan... Daha belə davam edə bilməz... Xirtdəyəcən doymuşuq onlardan... dünya onların altında qərq olur... Pyer Reverdi bir dəfə mənə dedi: "Mən poçta xəbərdarlıq etmişəm ki, onları daha evimə göndərməsinlər. Təzə kitabları açmağa gücüm yoxdur. Heç onları yığmağa yerim də yoxdur... Hara baxırsan kitabdır, lap divara dırmaşırlar. Belə getsə, günlərin birində aşıb üstümə töküləcəklər". Bütün çilililər bizim Xorxe Eliotu tanıyırlar... Eliot rəssam, rejissor olmamışdan parlaq tənqidi məqalələr yazmağa başlamamışdan mənim şeirlərimi oxuyurdu... Bu, mənə xoş gəlirdi. Şeirlərimi onun qədər anlayan demək olar ki, yox idi. Amma bir dəfə mənə öz şeirlərini oxumaq istədi. Mən isə əsl eqoist kimi: "Lazım deyil! İstəməz!" - deyə qışqırıb onun əlindən qaçdım. Hamamxanaya girib, qapını bağladım, o isə qapının qabağında dayanıb şeirini axıradək oxudu... ürəyim sıxıldı... Bu hərəkətimin şahidi olan Şotlandiya yazıçısı Donald Freyzer tənəylə mənə dedi: "Niyə sən Eliotla belə rəftar edirsən?" Cavab verdim: "Öz oxucumu itirəcəyimdən qorxuram. Onu mən bəsləmişəm. O, poeziyamın hər qarışına bələddir. Onun o qədər işə istedadı var ki. O, şəkil çəkə bilər, esse yaza bilər... Mənsə istəyirdim, onu bir oxucu kimi saxlayam, nadir bir bitki kimi ona qulluq edəm. Sən məni anlayırsan, Freyzer..." Axı vəziyyət dəyişməsə, şairlər yalnız şairlər üçün yazmalı olacaqlar... Həqiqət belədir. Hər şair o birisinin cibinə öz əsərlərini, öz şeirlərini soxuşduracaq, ya da qonşusunun boşqabına qoyacaq... Kvedo bir dəfə öz şeirini kralın salfetlə örtülmüş boşqabına qoymuşdu... Bunun öz mənası var. Ya da poeziyanın işıqlı meydana çıxmasının... Ya da kitabların köhnəlməsinin, vərəqlərinə dəyən min-min əldən gəlməsinin! Şairin şair üçün çap olunması məni maraqlandırmır, həyacanlanlandırmır, coşdurmur, əksinə, mən qayaların arasında, ləpədöyəndə, nəşriyyatlardan, kitablardan uzaqlarda gizlənmək istəyirəm... Poeziyanın uzaq oxucu ilə əlaqəsi qırılıb... Onu bərpa etmək lazımdır... Zülmətdən keçib nəmalum aləmə getmək lazımdır. Qürub çağı, ya da ulduzlu gecədə sənintək bircə şeirinə ehtiyacı olacaq kişi qəlbilə, geniş açılmış qadın gözüylə, yoldan ötənlərlə rastlaşmaq lazımdır. Bu qəfil görüş bütün əziyyətlərinə, bütün oxuduqlarına, bütün öyrəndiklərinə dəyər. Tanımadığın adamlar içində itmək lazımdır, qoy sənin bir tikəni küçədə mahnıda, min illərdən bəri eyni meşədə tökülən yarpaqlarda tapsınlar,.. qoy insanlar əsərlərimizi özlərinə xas olan zərifliklə, inamla yüksəyə qaldırsınlar... Bax, onda biz əsl şair olarıq... Bax, onda poeziya yaşayar...

 

Firuz Mustafa, yazıçı:

- Şoyqu və Omarov

Hazırda bir-biri ilə düşmən mövqedə olan iki dövlətin güc naziri mənşəcə türkdür...

Rəsmi məlumatlarda Rusiyanın müdafiə naziri belə təqdim edilir: Sergey Kujuqetoviç Şoyqu (Serqey Kujuqet oqlu Şoyqu) milliyyətcə tuvindir, 1955-ci ildə Tuva MR-in Çadan şəhərciyində doğulub. Onun atası Kujuqet Sergeyeviç Şoyqu (Kujuqet Sergg oqlu Şoyqu) Tuvada tıvaca nəşr edilən "Leninçi oruk" ("Lenin yolu") və daha sonra "Şın" qəzetinin redaktoru olub.

Mətbuatın yazdığına görə, Şoyqunun familiyası əvvəllər Kujuqetov olub. Lakin sonralar həmin soyadın səslənməsi çətin olduğuna görə dəyişdirilib, olub Şoyqu.

Şoyqular türkdür, türk dillərinə daxil edilən tuva dilində danışırlar.

Məsələ burasındadır ki, Ukrayna müdafiə naziri Rüstəm Ömərov da türkdür, milliyyətcə Krım tatarıdır. (Rustem Enver oğlu Umerov, ukr., Rustem Enveroviç Umєrov) 1982-ci ildə Səmərqənddə doğulub.

...Bir-biri ilə müharibə aparan iki dövlətin hərbi güc naziri mənşəcə türkdür. Sizcə, bu, təsadüfdür, yoxsa qanunauyğunluq?

 





29.03.2024    çap et  çap et