525.Az

Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır


 

Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - <b style="color:red"> Gülay Tahirli yazır</b>

Mark Tven, Ernest Heminquey, Con Steynbek, Cəlil Məmmədquluzadə... Ədəbiyyatın bu tərəfində boya yoxdur, bəzək yoxdur, döngələrinə, cığırlarına ayaq basılmayıb, bütün yollar təmtəzədir, bu tərəfdə qulaqbatıran səslər yoxdur, sükut var, adamın ruhunu üşüdən, qanını donduran sükut... Arabir fəryad da olur, qulaqlar eşitməz, ancaq ürəklər duyar. Ədəbiyyatın bu tərəfində bir sadə dil var ki... Hər şey olduğu kimidir, olduğu kimi görünən, amma görülmək istənməyən... Bu tərəfdə bütün mənzərələr sözə öz rəngində köçürülür, bütün adamlar öz dilində danışır, səslər öz melodiyasına sadiq qalır. Bu sadə dil ən mürəkkəb güzgüdür, bircə dəfə də başımızı qaldırıb baxa bilmədiyimiz o güzgülərin mənzərəsi başqa heç nəyə bənzəmir. O güzgülər gah susub ağrıdır, gah da çilik-çilik olub ruhumuza batır. Bəli, elə indi də. Aradan keçən illərə, qərinələrə rəğmən.... Bu sadə dil baş qəhrəmanları sadə adamlar olan əsərlərin dilidir. Steynbekin Corcu, Lennisi, Joadları, Heminqueyin balıqçı babası, Robertosu, Mariyası, Mirzə Cəlilin Məhəmmədhəsən əmisi, Novruzəlisi... Onlar gündəlik həyatda tez-tez rast gəldiyimiz adamların obrazlarıdır.

Maraqlıdır ki, bu sadə dilin yazıçıları həm də jurnalist olublar. Üç müharibədə iştirak edən, reportajın ustası sayılan Heminqueyin "Əcəl zəngi"ni yazması təsadüf idimi? Ya da köçkünlərin həyatlarından reportajlar hazırlayan Steynbekin ömrü yollarda keçmiş Joadlardan bəhs edən "Qəzəb salxımları"nı yazması necə? Kaliforniya köçkünlərindən xəbərlər hazırlamaq üçün aylarla düşərgələrdə qalan Stenbeyk, görəsən, o hadisələrin, o anların gələcəkdə bir romana köçəcəyini o zaman bilirdimi? Ömür boyu cəhalətlə savaşmalı olan, əlindəki qələmi silaha çevirən Mirzə Cəlilin məqalələri gələcək hekayələrinin eskizi deyildimi? Mirzə Cəlilin Steynbekdən, Heminqueydən əsas fərqi o idi ki, o, qələminə tuş gələnlərin ağrısını başqa bir yerə getməyə gərək qalmadan - elə öz ölkəsində, öz ətrafında duymuşdu, cəhalət içində tək aydın olmaqdan daha ağrılı, daha çətin nə var ki? Mirzə Cəlilin missiyası da daha böyük idi - xalqı qəflət yuxusundan ayıltmaq! Xalq oyanmaq üçün Mirzə Cəlillərdən çox, Molla Nəsrəddinlərə ehtiyac duyur. Mirzə yeri gələndə Molla Nəsrəddin də oldu...

Jurnalistika ilə ədəbiyyatın, doğrudan da, möhtəşəm harmoniyası var. Mənə elə gəlir ki, fənlərarası əlaqələrdə bu ikisindən çox bir-birinə bağlı olan sahələr yoxdur. Hər ikisinin qaynağı müqəddəsdir - SÖZ! Axı "Söz Tanrı dərgahındaydı..." Jurnalistika böyük ədəbiyyatın ilkin mərhələsi ola bilir, məqalələr hekayələrin, reportajlar romanların anası ola bilir. Bax o anda nə məqalə müəllifi bunun fərqindədir, nə də reportaj hazırlayan... Ədəbiyyatda köşə yazarlığında başlayıb "Nobel" yazarlığında bitən bir yol da var...

Heminquey "The Kansas Star"da keçən illəri üçün belə deyirdi: "Star"da sadə bir başlığı yazmağı öyrənməyə belə çətinlik çəkirdiniz. Bu, hamı üçün faydalı bir şeydir. Qəzetdə işləmək gənc bir yazara zərər verməz, hətta kömək edər, əgər ondan vaxtında ayrılmağı bacararsa..." Bəzən gənc yazıçılar jurnalistikanın onların enerjisini sovurduğundan şikayətlənirlər. Yanaşma çox şeyi həll edir, hər şey bizim baxdığımız kimidir. Gözəl baxsaq, gözəlliyini, pis baxsaq, mənfi tərəflərini görəcəyik. Nəyin nə qədər faydalı olduğunu uzaqlaşdıqdan sonra anlayırıq - insan təbiəti... Heminqueyin fikrinə gəldikdə isə, haqlı olduğunu düşünürəm. Qəzet yazmağı öyrədir, qəzet məktəbdir, sadəcə yazmağı yox, həm də hamının dilində danışmağı, ən əsası isə kəşf etməyi. Gore Vidal Steynbek haqqında deyir ki, o, nələrisə icad etmədi, onları tapdı. Steynbekin Kaliforniya köçkünləri haqqında bir yazısı qarşıma çıxdı. Aclığı necə təsvir edib, İlahi! Bu aclıq mənə necə də tanış gəlirdi, bu, həmin aclıq idi - "Qəzəb salxımları"ndakı - Joadların aclığı. Bu aclığın təsvirində təkcə söz yoxdur, həm də foto var, səs var, ağ-qara ekrandan gəlib keçən video-görüntülər var. O reportajlar "Qəzəb salxımları"nın toxumları idi, onları Steynbek tapdı, Gore Vidalın dediyi kimi, icad etmədi, məhz tapdı. Tapdı və jurnalistikadan ədəbiyyata, reportajdan böyük bir romana gətirdi. Jurnalistikadan ədəbiyyata gələn yazıçıların obrazlarının nəfəsi daha aydın duyulur, üzləri daha aydın seçilir. O obrazlar bizə daha çox tanış gəlirlər, axı onlar ətrafımızdadırlar, bizdəndirlər, daim bizimlədirlər. Biz onlara Platon baxışından deyil, Aristotel baxışından baxmalı oluruq, başımızı göyə qaldırmırıq, əvvəlcə ətrafa baxırıq, gözümüzü yummuruq, bacardığımız qədər açırıq. Əslində, insan uzaqları yaxından daha yaxşı görür, niyəsə yaxına gələndə gözlər yumulur. İnsan ən çox ətrafına kordur... Jurnalistikadan keçib gələn ədəbiyyat gözləri yaxını görmək üçün açılmağa məcbur edir, bu ədəbiyyat uzaqlardan çox, yaxınların dostudur. Özümüzə ən yaxın olan "öz"ə belə gözlərimizi, qulaqlarımızı qapadığımız zamanlar olur, bu ədəbiyyat həm də "öz"ün dostudur.

Jurnalistika ortaya cəmiyyət problemi qoyur, problemi işıqlandırır, həllinə çalışır. Jurnalistikadan qaynaqlanan ədəbiyyat da belədir, cəmiyyət problemi ortaya qoyur və fikrimcə, bu problem ədəbiyyatda öz həllinə jurnalistikadan daha çox yaxınlaşır. Con Steynbek "Qəzəb salxımları" əsərində Amerikanın 1930-cu illərdə keçirdiyi iqtisadi böhran dönəmindən, insanların necə aldadılmasından, ümidlərini özləri ilə birlikdə götürüb Kaliforniyaya yolçuluqlarından bəhs edir. Bu mövzuda Steynbekin çoxlu reportajları da var. Amma indi o reportajlar deyil, "Qəzəb salxımları" oxunur. Oxşar problemlər fərqli-fərqli ölkələrdə yenə də var, dünya həmin dünyadır, insan həmin insandır. Ona görə ədəbiyyat problemə diqqəti uzun illər, əsrlər, hətta əbədilik çəkə bilir. Bəs həll edə bilirmi? Əslində, bu, bir başqa mövzudur... Bəlkə də, ədəbiyyat problemləri dünya, dövlət, kütlə səviyyəsində həll edə bilmir, amma fərdlər mütləq durulur, durulur ki, duruluq yaratsın... Bu gün biri, sabah ikisi, o biri gün beşi - belə-belə, yavaş-yavaş...

İngilis şairi, tənqidçisi Matthev Arnoldun sözləri ilə desək: "Jurnalistika tələsik yaradılan ədəbiyyatdır". Tələsik yazılan hər xəbər potensial hekayədir. Tələsik hazırlanan hər reportaj potensial romandır. İndi yazılan bütün mətnlər həm də gələcək mətnlər üçün məşqdir. Düşünürəm ki, təkcə jurnalistika yox, bir yazarın həyatında baş verən bütün hadisələr, səslər, görüntülər keçib getmir, ruhun bir kənarında dayanıb bədii mətnə çevriləcəkləri günü gözləyirlər...

 

 





29.03.2024    çap et  çap et