525.Az

Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)


 

Şeytana qarşı - <b style="color:red"> Əlisəfdər Hüseynov (I yazı)</b>

Deyilənə görə, bir gün insanlar Şeytanı yaxalayıb soruşurlar ki, niyə bizi rahat buraxmırsan, nə verib ala bilmirsən bizdən? Şeytan acı-acı gülüb deyir: "İstəsəydiniz məni bircə günün içindəcə məhv edərdiniz. Amma istəmirsiniz, çünki bunu bacarmırsınız və heç vaxt da bacarmayacaqsınız, çünki istəmirsiniz. Üstəlik, tez-tez mənim roluma tamah salır, missiyama, əməllərimə ortaq çıxırsınız. Ona görə də bu sualları özünüzə versəniz yaxşı olar".

...Şeytan - insan münasibətləri fikir, düşüncə adamlarını zaman-zaman məşğul edib.

Bu baxımdan Şeytanı əlində üçdişli yaba tutmuş müdhiş qiyafəli, buynuzlu, eybəcər varlıq görkəmində təsvir və təqdim edən düşüncə steorotiplərinin dağıdılmasında onu mistik qüvvə kimi göydə yox, insanların qəlbində gizlənmiş hisslərin, fikirlərin təcəssümü kimi yenidən yaradan bədii söz ustalarının xidmətləri danılmazdır. Amma bu haqda danışmazdan öncə xeyli əvvələ qayıdıb diqqəti Çingiz xanın adı ilə bağlı bir əhvalata yönəltmək istəyirəm.

Yürüş vaxtı Çingiz xan yolun kənarındakı böyük bir tikilinin yanında atını saxlayıb binanın qapısı ağzında dayanmış kişidən soruşur:

- Bu, kimin evidir?

Kişi cavab verir:

- Bura Allahın evidir. Adına came deyirlər.

Çingiz xan bərk hiddətlənir:

- Bu nədir, siz bütpərəstsiniz məgər? Allahın bir evi var - o da insanların qəlbidir. Sizsə onu öz doğma evindən çıxarıb yerini kin-kidurət, nifrət, eybəcər istəklərlə doldurmusunuz. Sizi atımın ayaqları altında məhv edərdim, amma düşünürəm ki, heç buna da layiq deyilsiniz!..

Çingiz xan filosof yox, sərkərdə idi. Amma onun adı ilə bağlı olan bu əhvalat və dedikləri

Tanrı - Şeytan - insanlar triadasına  dərin fəlsəfi baxışların özəl prinsiplərini sərgiləyən bir düşüncə modeli, meyarı təsiri bağışlayır. Diqqət yetirin, istər doqmatik, istərsə də fəlsəfi düşüncə Tanrıya əvvəli və sonu bilinməyən, mütləq, laməkan, eyni vaxtda hər yerdə olan, yəni bütün fəzanı, kainatı dolduran varlıq kimi baxır, Çingiz xan isə onun məkanını insan qəlbinin ölçülərinə qədər kiçiltməkdən çəkinmir. Bunu Tanrıya sayğısızlıq, onu inkar etmək anlayışları ilə eyniləşdirmək sadəlövhlük olardı. Çünki Çingiz xanın dedikləri bəzilərinin düşündüyü kimi Tanrını insandan uzaqlaşdırmır, əksinə, ona daha çox  yaxınlaşdırır, Tanrı anlayışının mahiyyətini düzgün anlamağa dəvət edir. Axı inam, inanc anlayışları kimi Tanrı da nəsnəl (maddi) varlıq olmadığı üçün gözəgörünməzdir, üstəlik, təcrübədən dışarıdadır. Deməli, əsas məsələ o deyil ki, sən Tanrını necə təsəvvür edirsən (yaxud ümumiyyətlə, təsəvvür edə bilirsənmi?). Əsas odur ki, sən Tanrıya necə inanırsan. Tanrıya ev tikmək artıq onu kiməsə bənzətməyə, kimləsə eyniləşdirməyə uyğun gəldiyi, "Tanrının dünyadakı camelərin sayı qədər evi var" kimi qəribə bir hökmə yol açdığı üçün Çingiz xan haqlı olaraq onu qəbul etmirdi. Axı, Tanrının eyni vaxtda hər yerdə olmasını məqbul hesab edən ağıl hansı məntiqlə, nəyə istinad edib konkret bir yerdə Tanrıya ev tikmək haqqında hökm verə bilərdi?

Bu ibrətamiz əhvalatda diqqəti çəkən ikinci mühüm məqam Tanrı ilə yanaşı, Şeytanın da mahiyyətinin və ünvanının dəqiq göstərilməsidir (baxmayaraq ki, konkret olaraq adı çəkilmir). İnsanın ev tikmək bəhanəsilə Tanrını öz qəlbindən çıxarması dolayısı ilə onun boş qalmış yerini başqa bir qüvvəyə təklif etməsi deməkdir. Çingiz xan bunu pis niyyətdən, Allaha sayğısızlıqdan formalaşan mənfi aura - Şər adlandırır və bununla da dolayısı ilə Şeytanın yuva saldığı əsas məkanı da nişan verir - Şeytan adlandırılan şey insanların öz qəlblərinə buraxdıqları və Tanrının iradəsinə zidd olan mənfi enerjinin, pis düşüncələrin, niyyətlərin obrazıdır!

Mən həmişə vicdanı Tanrının insan qəbindəki ziyası, işığı kimi başa düşmüşəm və indi də inanıram ki,  vicdanı olmayan adam Tanrını tanımayan, ona inanmayan, qəlbindəki çirkin duyğulardan   Şeytan düzəldib onun nökərinə çevrilən miskin bir varlıqdır.

Bu yerdə mötərizə açıb bir haşiyə çıxmaq istəyirəm (Məlumdur ki, demokratik inkişaf yolunu seçmiş ölkələrin, o cümlədən, Azərbaycanın konstitutiyasında vicdan azadlığı insan azadlığının təməl prinsiplərindən biri  kimi təsbit olunub. Çoxları, hətta bəzi mötəbər din xadimləri bu ifadənin mənasını anlamadıqlarını, yəni vicdanın nə olduğunu bilmədiklərini gizlətmirlər. Şəxsən mənə görə, vicdan azadlığı Tanrıya inanıb-inanmamaq məsələsində seçim azadlığı anlayışına uyğun gəlir (bəlkə də yanılıram). Yəni bu məsələdə hər kəs azaddır - istəyər inanar, istəməzsə yox. Zahirən elə də ciddi əhəmiyyət daşımayan, demokratik, hüquqi cəmiyyət quruculuğuna uyğun gələn bir paradiqmadır. Amma orası da var ki, bu azadlıq dolayısı ilə adamlara vicdansız olmaq üçün də seçim şansı verir, buna hüquqi əsas yaradır. Dövlətin öz vətəndaşlarının vicdansız olmaq hüququnu tanıması, məncə, absurddur. Ona görə də bu "azadlığa" hüquqi rəng verməkdənsə, onu insanların şəxsi seçim hüququnun öhdəsinə buraxmaq daha məqbul olmazmı?).

Mətləbdən uzaq düşməmək üçün Çingiz xanın yaşadığı uzaq keçmişdən qayıdaq XIX əsrə.

Artıq neçə yüz illərdir dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar hər il müqəddəs Kəbəni ziyarət edir, digər dini ayinlərlə yanaşı, biri neçə dollarasa (!) daşlar alıb Şeytanı daşlayırlar ki, Allaha boyun əyməyən bu lənətə gəlmiş mələk insanları rahat buraxsın, düz yolun yolçusu olmaqda onlara mane olmasın.

Təbii, bu, bir simvolik mərasim, dini ritualdır, çünki Şeytan o qədər də sadəlövh deyil ki, gəlib bir yerdə dayansın və desin, ay müsəlmanlar, xahiş edirəm gəlib məni daşlayasınız. Amma hər bir simvolun, rəmzin arxasında insanlığa gərəkli məram, ideya, hansısa həqiqətə işarə olduğunu da unutmamalıyıq və bu mənada Şeytanı daşlamaq şərə, əxlaqsızlığa, Allahsızlığa insanların etirazını simvolizə edir.

Ötən müddət ərzində Şeytana min, milyon yox, üst-üstə milyardlarla daş atılıb, milyardlarla insan bu yolla Allaha sədaqətini, Şeytana nifrətini nümayiş etdirib və məntiqə görə bu cəzadan şil-küt olan Şeytanın öz şeytanlıq missiyasını yerinə yetirməyə nə heyi, nə də marağı qalmalı idi.

Bəs həqiqətdə necədir?

Həqiqətdə isə Şeytan güclənərək  bic-bic gülərək dişlərini daha şövqlə ağartmaqda, dünyanı (xüsusilə də müsəlman dünyasını) daha mükəmməl tərzdə barmağına dolamaqdadır. Əgər sədaqət, vəfa, etibar kimi anlayışlar dəyərini itirirsə, əxlaqsızlıq əxlaq libasında meydan sulayırsa, harın əliəyrilər düzlükdən moizə oxuyurlarsa, hər gün dünyada insan qanı tökülürsə, günahsız uşaqlar ölürsə, başqa nə fikirləşəsən? Belə alınmırmı ki, o daşlar bumeranq effekti ilə geri qayıdır, Şeytanın axırına çıxmaq əvəzinə onu daha sırtıq əməllərə ruhlandırır, insanları isə daha da acizləşdirir?

Görəsən, nə üçün belədir?

Məncə, bu ritualın əməli baxımdan fiaskoya uğramasının ümdə səbəbini belə ifadə etmək olar: insanlar o daşları Şeytana (və Şeytanlığa ) içdən, daxildən gələn inersiya ilə yox, sadəcə Allah qarşısında borc, öhdəlik hissinin təsiri altında nəsnəl, yəni real görünən varlığa atılan və ona fiziki xətər yetirən daş kimi atırlar və fəqinə varmırlar ki, bu halda bu mərasim ruhi-mənəvi dəyərini  itirir, yerinə yetirilmək xətrinə icra olunan hərəkətə çevrilir. "Mən Allah qarşında borcumdan çıxdım, Şeytana daş atmaqla ona qarşı mübarizəyə öz töhfəmi verdim" ritorikası həmin daşatanların böyük qisminin ən böyük aldanışıdır, çünki bu əminlik, arxayınçılıq Şeytana yox, insanların özünə ziyan gətirir, Allahla sövdələşmə, etdiyin əmələ görə mükafat, əvəz gözləmə kimi naqisliklərə yol açır və nəticədə insan özü üçün yaratdığı əminlikdə, arxayınlıqda yolunu azıb ələkçinin (oxu: Şeytanın) qıl verəninə, hətta bəzi hallarda nökərinə çevrilir. Öz içində Allah işığının yox, şərin, riyakarlığın kiçik modelini yaradan belələri isə Şeytan üçün rahat hulqum kimi bir şeydir.

Dahi Hüseyn Cavid məhz buna görə Şeytan ideyasını insan anlayışı ilə əlaqələndirib yazırdı:

"İblis nədir? Hər cümlə-xəyanətlərə bais,

Ya hər cümlə-xəyanətlərə bais insan nədir? İblis!"

Deməli, insanların dilindən düşməyən "Məni Şeytan yoldan çıxartdı" cümləsi əslində hər cür naqislikləri özündən uzaqlaşdırıb Şeytanıb üstünə atmaqla özünə təskinlik vermək cəhdindən başqa bir şey deyil. Çünki insanı yoldan çıxardan onun öz xisləti, bu xislətdən irəli gələn nəfsi, acgözlüyü, mərdmazarlığı... və deməli, Allahın yolundan sapmağıdır. Burada yenə də Çingiz xandan sitat gətirməli olacam: "Əgər oğullar atalarını, kiçik qardaşlar böyük qardaşlarını eşitmirlərsə, ər arvadına etibar etmirsə, arvad da ərinə tabe olmursa, güclü zəifi müdafiə etmirsə, kiçik böyüyə inanmırsa, böyük isə kiçiyə hörmət etmirsə, məmurlar ölkənin var-dövlətini mənimsəyib varlanır və xalqı dilənçi vəziyyətinə salırlarsa, o ölkədə yaşayan xalq bədbəxtdir. Belə xalqı yalançılar və sələmçilər idarə edərlər". 

Bu müdrik fikrlə tanış olandan sonra düşünürsən - məgər adamları rüşvət almağa, yetimin malını yeməyə, yalan danışmağa, satqınlığa, əxlaqsızlığa... əlində üçdişli yaba tutmuş buynuzlu, quyruqlu Şeytanmı məcbur edir?

Xeyr, dostlar! Bu, kimlərinsə uydurduğu canqurtaran alibidir, hər şeyi Şeytanın üstünə atıb özünü təmizə çıxarmaqdır.

Şeytanı sadəcə olaraq onu daşlamaqla yox, təmənnasız yaxşılıq, şəfqət, mərhəmət, səxavət nümayiş etdirməklə sarsıtmaq, məğlub etmək olar (və lazımdır!)

Əgər sözünlə əməlin düz gəlirsə, əgər bir acın qarnını doydurursansa, paltarı olmadığına görə məktəbə gedə bilməyən bir uşağı geyindirib onu sevindirirsənsə və bunların müqabilində cənnəti satın aldığını fikirləşmir, mükafat gözləmirsənsə, inan - öz kəndindən, həyətindən atdığın "daş" Şeytanın düz ürəyinin başına dəyəcək!!!

Yaxşılıq etmək, haqqın, ədalətin tərəfində dayanmaq Allahın hörmətini qazanmaq taktikası yox, həyat tərzi olmayınca Şeytana milyardlarla nədir, lap trilyardlarla daş atılsa da, bu, ən yaxşı halda filə quş raqatkasından qum dənəsi atmaq effekti doğuracaq.

Elmin, fəlsəfənin, ədəbiyyatın sürətlə inkişaf etdiyi, yeni fəlsəfi-etik konsepsiyaların meydana gəldiyi XIX əsrdə mütləq zəka (Tanrı), Xeyir - Şər qarşıdurması problemləri yenidən elmi və bədii düşüncənin predmetinə çevrildi. Diqqət yetirsək, bu konsepsiyaların əksəriyyətində Çingiz xanın əhvalatından çıxan postulatlarla yaxından səsləşən motivlər görərik. Bir yazıda onların hamısını əhatə etmək mümkün olmadığından növbəti yazıda bu problemin kompleks şəkildə, maraqlı süjet fonunda nəzərdən keçirildiyi bir əsər, daha doğrusu, onun ekran  variantı haqqında danışacam.

 





29.03.2024    çap et  çap et