525.Az

Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"


 

Nəsillər arasındakı anlaşılmazlıq: <b style="color:red"> təkrarlanan "çatlar"</b>

Yaşlılarla uşaqlar və gənclər arasında mənəvi münasibətlərdə narahatçılığa, narazılığa səbəb olan anlaşılmazlıqlar, konfliktlər - "çatlar" tez-tez təkrar olunan hallardır. Bu, bütün zamanlarda olub, yəqin ki, gələcəkdə də olacaq. Prosesin tarixi ilk baxışda onun "daimi" və "həlledilməz" xarakter daşıması təsəvvürünü yaradır.

Biz problemin nəzəri cəhətlərini araşdırmaq fikrində deyilik. Bu barədə çox deyilib və çox yazılıb. Vaxtı ilə Sokrat da həmin məsələlərdən bəhs etmişdi. Bizi daha çox yaşlıların bu hallara ifrat dözümsüzlük göstərmələri, uşaqların "müqavimətini" az qala faciə hesab etmələri narahat edir. Yaşlılarla söhbətlərimiz göstərir ki, onların bir qismi, xüsusən həyat təcrübəsi nisbətən az olanlar meydana çıxan "çatlar" qarşısında özlərini itirir, necə və nə etməli olduqlarını müəyyən etməkdə çətinlik çəkirlər. Zənnimizcə, bunun səbəbi məsələnin mahiyyətinin yetərincə anlaşılmamasıdır.

Uzun illərin müşahidələri və pedaqoji tədqiqatlar göstərir ki, ilkin anlaşılmazlıqlar məktəbəqədər və kiçik məktəbyaşı dövründə təzahür edir. Bu dövrlərdən uşaqların "tərsliyi" özünü büruzə verir, onlar yaşlıların "üzünə ağ olmağa" başlayırlar. Bunun əsas səbəbi azyaşlılarda hisslərin iradədən üstün olması, onların təhsil həyatlarının başlanması və davranış motivlərinin dəyişməsidir. Həmin dövrdə meydana çıxan "çatlar" hələlik ciddi xarakter daşımır. Lakin getdikcə "inkişaf edir". Yaşlı nəsil sınanmış və etibarlı üsullara güvənir, gənc nəsil isə yeni və naməlum bir şeyi sınamağa həvəslidir. Yaşlılar gənclərə müəyyən bir vəziyyətdə nə edəcəyini məsləhət görmürlər, ancaq itaət etməyi tələb edirlər, fikirlərindən asılı olmayaraq kiçikləri istədikləri kimi etməyə məcbur edirlər. Bu isə onları qıcıqlandırır, təbii olaraq etiraz və emosiyaya səbəb olur.

Yeniyetməlik və gənclik dövrlərində "çatlar" artır və güclənir. Qarşılıqlı ittihamlar başlayır. Özlərini daim haqlı sayan yaşlılar yeniyetmə və gəncləri günahlandırır, onların "öz yollarını azdıqlarını" iddia edirlər. Yeniyetmə və gənclər isə yaşlıların həyat təcrübəsini, ailənin və cəmiyyətin rifahı naminə onların səylərini qiymətləndirə bilmirlər. Yaşlıların ədalətli məhdudiyyətləri onlarda birtərəfli etirazlara səbəb olur ki, bu da bəzi hallarda şəxsiyyətə yaraşmayan və əxlaqa zidd hərəkətlərə gətirib çıxarır. Pisi odur ki, yaşlılar anlaşılmazlıqların özülündə gənc nəslin anatomik-fizioloji və psixoloji dəyişikliklərinin, özünüdərketmə, özünü qiymətləndirmə, mənlik şüuru və müstəqilliyə cəhd etmə hisslərinin meydana çıxdığını, bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və sair kimi münasibətlərə keçməyə tələbat yarandığını qəbul etmək istəmirlər. Onlar unudurlar ki, tanınmış psixoloq A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müxtəlif mərhələsində onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır.

Yeniyetməlik yaş dövrünün - bütün ailə üzvlərinin sosial fərdi və ailə yetkinliyinin yoxlanması dövrü olduğunu nəzərə almayan yaşlılar tələsik lazımsız tədbirlərə - zor (vadaretmə), hətta fiziki cəza tətbiqinə meyl göstərirlər. Bu isə tamamilə yanlış və çox təhlükəli yoldur. Pedaqoqlar sübut etmişlər ki, problemin bu yolla həlli heç bir nəticə vermir və ya əks-nəticə verir (belə tədbirlərin əks-nəticə verməsi daha çox müşahidə olunur). Birincisi, yeniyetmə və gənclərdə daxili narazılığı daha da artırır. İkincisi, təzyiq onlarda qorxu və himayəsizlik hissi yaradır. Üçüncüsü, aqressivlik və passivlik hissi güclənir. Adətən bunlar uşaqlarda avtoritar və səhlənkar üslublara üstünlük verildikdə meydana çıxır.

Yaxşısı budur ki, "çatların" mahiyyətini, səbəb və mənbəyini araşdırmaq və dərk etməklə çıxış yolu axtarılsın. Pedaqoji tədqiqatlar göstərir ki, "çatlar" əsasən, tələblərin xarakteri və şəxsi davranış arasında uyğunsuzluq, yaşlıların kifayət qədər həssaslıq göstərməməsi və uşağın şəxsiyyət olmaq tələbatının qiymətləndirilməməsi səbəblərindən baş verir. Bura zamanı da əlavə etmək lazımdır. Çünki zaman dəyişdikcə insanlar da dəyişir. Hər bir zaman hadisəsindən sonra insanların adət etdikləri komfort səviyyəsi dəyişir, ixtisas sahələri yaranır və yox olur, cəmiyyətin nəyəsə tələbatı artır və ya azalır. Müəyyən xronoloji aralıqda hər bir dəyişiklik gənclərin həyata baxışlarının formalaşmasına təsir edir. Gənclər daha çevik olduqlarına görə siyasi, ictimai, sosial-iqtisadi, mədəni və texnoloji yenilikləri tez qəbul edirlər. Lakin əvvəlki nəslin dəyərlər sistemi dəyişməmiş qalır. Yaşlılar yenilikləri götür-qoy edərək bir qədər gec həzm edirlər. Son vaxtlar "çatların" sayının artmasının bir səbəbi də ölkədə siyasi-ictimai həyatın demokratikləşməsi, xarici ölkələrlə əlaqələrin güclənməsi, fəal həyat mövqeyi, milli keyfiyyətlərin fəal şəkildə təzahürü, türk dünyası və İslam əxlaqının mənəvi sərvətlərinə marağın artması, insan hüquq və azadlıqlarının daha geniş şəkildə təbliği və müdafiəsidir.

Bəzən yaşlılar yeniyetmə və gənclərin vaxtı ötmüş adət-ənənələri, xalq arasında yayılmış köhnə etiqadları, kor-koranə itaətkarlığı inkar etmələri ilə barışa bilmirlər. Əslində bunlar inkişafa, tərəqqiyə əngəl törədən amillərdir. Fikrimizcə, müxtəlif zaman kəsimlərində meydana çıxan yeniliklərin qəbuluna müxtəlif münasibətlər münaqişələrin səbəbi sayılmalıdır.

Anlaşılmazlıqların - "çatların" dərinləşməsinə və güclənməsinə yol vermək olmaz, onların aradan qaldırılması çox vacibdir. Bu, yaşlıların cəmiyyət və dövlət qarşısında borcudur. Onlar gənc nəslin milli ideologiya əsasında, milli-mənəvi və bəşəri dəyərlər ruhunda tərbiyə olunmasına; mənəviyyatsızlığa, pis vərdişlərə, cinayətə və sairə meyllənmələrinin qarşısının alınmasına görə məsuliyyət daşıyırlar.

Yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına gənclərin fərdi motivasiya tələbatlarının diqqətlə öyrənilməsindən başlanmalıdır. Çünki tələbatlar aktivliyin mənbəyi və hərəkətverici qüvvəsidir. Bu zaman unutmaq lazım deyil ki, tələbatlar motivlərlə üzvi əlaqədədir. Ona görə də davranış və motivlərin araşdırılıması zəruridir. Yeniyetmə və gəncləri müvafiq fəaliyyətə sövq edən niyyətlər və səbəblər konkret müəyyən olunmalıdır. Bu zaman motivlərin düşünülməmiş, daxili və xarici olması nəzərə alınmalıdır.

Bunlarla yanaşı, uşaqlarla ünsiyyətdə yaranmış psixoloji maneələri də təftiş və redaktə etmək lazımdır. Ünsiyyətdə olanların bir-birini kifayət qədər anlamaması, xarakterlərin müxtəlifliyi, antoqonist maraqlar, mənfi emosiyalar, cəmiyyətin və ölkənin həyatında baş vermiş ciddi dəyişikliklərin nəzərə alınmaması, avtoritarizm, bəzi neqativ psixoloji amillər belə maneələrdən sayıla bilər.

Uşaqlarla münasibətdə demokratik üsluba üstünlük verilərsə, qeyd edilən problem daha asanlıqla aradan qaldırıla bilər. Çünki bu şəraitdə yeniyetmə və gənclərin "məni" nəzərə alınır, onların mühakimələrinə və mövqeyinə hörmət olunur, qarşılıqlı etimad və inam yaranır.

Anlaşılmazlıqların aradan qaldırılmasında ən güclü vasitə inandırma və sübutdur. Amma nəzərə almaq lazımdır ki, inandırma asan iş olmayıb, pedaqoji savad və qabiliyyət tələb edir. Bu zaman inandırmanın aşağıda göstərilmiş zəruri şərtlərinə mütləq əməl olunmalıdır: İnandırma zamanı təmkinli olmaq, qarşı tərəfi özünün səmimi və ciddi olduğuna inandırmaq, qarşı tərəfin "mən"ini xüsusi qiymətləndirmək; ancaq həqiqəti söyləməli, çünki ancaq doğru söz etiraz doğurmur; şəxsi nümunədən istifadə etməli. Roma filosofu Seneka deyib: "Öyüd-nəsihətin yolu uzundur, nümunənin yolu qısadır"; qarşı tərəfin fiziki və psixi durumunu və ya fərdi xüsusiyyətlərini nəzərə almalı; qanunlarımıza və milli adət-ənənlərimizə əməl etməyin vacibliyi göz önündə tutulmalıdır.

Əlbəttə, inandırmağa çalışan şəxs iddia etdiklərinin doğruluğunu sübut etməlidir. Dəlilsiz, sübutsuz və əsaslandırılmamış hökmlər heç kəsi inandıra bilməz. Ona görə də yaşlılar öz fikir və mülahizələrini əsaslandırmaq və sübuta yetirmək üçün sübut etməyin məntiqi priyomları ilə az-çox tanış olmalıdırlar. İnandırma (həm də sübutetmə) vasitəsilə anlaşılmazlıqların aradan qaldırılmasında tələsiklik yol verilməzdir. Bu, gərgin işdir və vaxt tələb edir.

Anlaşılmazlıqların düzgün yoluna qoyulması üçün ictimaiyyət arasında pedaqoji və psixoloji biliklərin təbliği işləri gücləndirilməli, valideynlərə psixoloji xidmət işləri yaxşılaşdırılmalıdır. Bu məqsədlə mətbuat, sosial şəbəkələr, radio və televiziya, valideyn assosiasiyaları, valideyn komitələri, təhsil işçiləri fəal iş aparmalıdırlar. Şübhəsiz ki, burada iş, əsasən, təhsil işçilərinin üzərinə düşür. Eyni zamanda mədəni-maarif, səhiyyə və polis orqanlarının, uşaq və gənclər təşkilatlarının üzərinə də az iş düşmür. 

 

 

 

 

 

 





29.03.2024    çap et  çap et