525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

 Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edildim. Yubiley medalı martın 28-də Medianın İnkişafı Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu.

Bu dəyərli və çox qiymətli təltifə görə cənab Prezidentə təşəkkürümü bildirirəm.

Ümummilli liderlə görüşmək, təmasda olmaq, qarşısında çıxış etmək və ona sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şans mənə də nəsib olub.

lll

Əgər iki saatlıq yoxluğu bu qədər həyəcan yaradırsa, deməli, sosial şəbəkələri də zərərli, pis vərdişlər cərgəsinə yazmaq olar.

lll

Əziz xanımlar!

Həyatınız arzuladığınız kimi olsun!

Həmişə işıq yayasınız!

lll

İnamın sərhədi olurmu? Olmalıdırmı?

lll

Deyəsən, hamı möcüzəyə inanır...

lll

İştah diş altındadır...

lll

Kübar addım.

Uğur xalçası...

lll

Bilmirəm, mətbuat konfransında jurnalistlər Qurban Qurbanova Xabi Alonsaya bağışladığı xalça barədə sual verdilər, yoxsa yox, amma bilmək maraqlı olardı: xalça bağışlamaq ideyası necə yarandı, xalça necə seçildi, ilmələrdə hansısa mesajlar vardımı?

Bizim mifologiyada xalçanın mənalarından biri də onun qaranlıqdan, zülmətdən, çətinlikdən qurtulmağın, uğurun rəmzi olmasıdır. Maraqlı araşdırma mövzusudur.

Dünən "Qarabağ" qeyri-adi oyunuyla azarkeşləri yenə coşdurdu. Oyunun birinci hissəsindəki ruh, enerji, fantastik mübarizə, özünəgüvən pik həddəydi və bütün azarkeşlərə sirayət edirdi. Gözdən qaçmayan məqam isə yenə Qurban Qurbanovun 2-ci topdan sonra da təmkinli və soyuqqanlı davranışı idi.

On beş ildir, "Qarabağ" avrokubok oyunlarında uğurlar qazanır, azarkeşləri sevindirir, "Azərbaycan", "Qarabağ", "Ağdam" adlarını dünyada təbliğ edir. Bu illərdə sevincli günlərlə bərabər, məyusedici, bədbin məqamlar da olub - hakim ədalətsizliyi, "Qarabağ"ı aşağılamaq cəhdi, azarkeşlərin haqlı-haqsız tənqidləri və s.

Amma "Qarabağ" dayanmır, yoluna davam edir.

Bu ardıcıllığın, bu əzmin sirri hardadır, nədədir axı?

Yeri düşəndə həmişə demişəm və buna əminəm: Sirr Qurban Qurbanovdadır, onun xarizmasında, xarakterində, gördüyü işə bağlılığında, dərin mənəvi zənginliyində, möhkəm ruhunda və əlbəttə, İlahi Ədalətə inamındadır!

Son vaxtlar Qurban Qurbanov və "Qarabağ" haqqında çəkilən iki filmə baxmışam. Filmlərin təqdimatındakı çıxışlarında Qurban Qurbanovun təməl fikri, qəti mövqeyi belə olub: əgər sən bir işi ürəkdən, sevgiylə, ağır zəhmətə qatlaşaraq görürsənsə, mütləq nəticə verir, qiymətini alır, Allah bunu görür!

Onillər boyu inandığım, ifadə etdiyim, kitabıma adını verdiyim "Dəlicəsinə" essemdə də buna daimi əminliyimi bildirmişəm: bir insan bir şeyi Dəlicəsinə istəyirsə, mütləq ona çatır, çatmırsa, deməli, Dəlicəsinə istəməyib.

Qurban Qurbanovun bu qətiyyəti, inamı mənə Vətən müharibəsindən sonra Ali Baş Komandanın dediyi bir fikri dəfələrlə xatırladıb: "Allahım mənə güc verdi və mən bu müharibəni qalibiyyətlə bitirə bildim!"

Allahın verdiyi güc, daxili, mənəvi inam, əyilməz ruh, sonsuz zəhmət! - İnsan həyatının formulu!

Qurban Qurbanovun jurnalistlərə münasibəti də bir ayrı müzakirənin mövzusudur; hörmətlə, təmkinlə, diqqətlə dinləyərək, ən bəsit suala da soyuqqanlı cavablar verir. Emosionallıq onun daxilindədir. Hiss etmişəm, əslində çox həssas və kövrək insandır. Şəhid baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov tədbirlərin birində Qurban Qurbanova "Qarabağ" azarkeşi olan Səidin hərbi papağını və geyimini təqdim etmişdi. Qurban Qurbanov tədbirdən ayrılanda mənə "Nofəli götürün gəlin, bir söhbət edək, çox təsirləndim" demişdi.

"Braqa" ilə oyundan sonra jurnalist "Qarabağ"la bağlı kitabların olmadığını deyəndə, Qurban Qurbanov bunun onun cavablandıracağı məsələ olmadığını söyləmişdi. Amma sual da düz deyildi. "Qarabağ" barədə, dediyim kimi, filmlər də çəkilib, bizdə və xaricdə kitablar da çap olunub. Son iki oyunda isə İlqar Fəhminin təzə yazdığı, Qurban Qurbanova həsr etdiyi "İldırım" fantasmaqorik novellasını xatırlayıram. İlqar Qurban Qurbanovun sirrini açmağa çalışıb, amma yəqin ki, bunun realist izahını tapa bilmədiyindən mistikaya, fantasmaqorik janra üz tutub.

Hə, jurnalistlər gərək o xalça mövzusunu araşdırsınlar.

Xabi Alonsonun və "Bayer"in gələcəyində o xalçadan izlər olacaq, elə Qurban Qurbanovun da.

İndi isə dünənki parlaq oyuna, birinci hissədəki enerjiyə və ruha, yaxşı nəticəyə görə "Qarabağ"ı, Qurban Qurbanovu ürəkdən təbrik edirəm.

lll

Qurban Qurbanovda səhv tutanları, ona məsləhət verənləri anlaya bilmirəm. Adam məhdud imkanlarla futbol nəhənglərilə döş-döşə gələn, sonacan döyüşən bu cür gözəl komanda yaradıb. Qurbana irad tutmaq ən azı insafsızlıqdır.

lll

Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəklərdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu.

Əvvəla, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı - mövqeyi kimi təqdim olunması böyük qəbahətdir və bu, sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir.

Yayılmış o videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır.

O ki qaldı videodakı dialoqa - müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistikaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar.

Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq.

lll

Bizim "Qarabağ" Gürcüstan millisindən yaxşı oynayır...

lll

Sus ki, unudulsun!

lll

Uğursuz adamdan hamı qaçır...

lll

Bayramınız mübarək!

Tonqallarımız gur yansın!

lll

Günəşin gülümsər parıltısı və göyün dumduru dərinliyi yazın gəlişini müjdələyirdi.

lll

Milli kəmlik və özünü aşağı görmə kompleksi...

Böyük Zəfərimizdən sonra içimizdəki bu kompleksdən birdəfəlik arınıb uzaqlaşmaq imkanı yarandığı halda, hər fürsətdə özümüzü aşağılamaq hissi bizi hələ də tərk etmir. Məşhur filmdəki "Niyə o əjdəhadan bizdə yoxdur" sualı və guya özümüzü kiməsə, nədəsə "təsdiqlətmək" istəyimiz azalmır.

Bu kompleksi unutmaq, dəyişmək, özünəgüvən hissinin güclənməsinə çalışmaq üçün neyləməliyik?

Güvəniləsi əsas uğur kimi böyük Zəfərimiz var.

Vətən müharibəsi göstərdi ki, fərd halında olduğu kimi, millət olaraq, birlikdə də uğur qazanmağı bacarırıq.

Heç kimdən, heç bir xalqdan əskikliyimiz yoxdur. Əksinə, taleyüklü məsələlərdə birləşə bilmək, əzmlə sonadək mübarizə aparmaq kimi vacib üstünlüyümüz var. Sadəcə özümüzə layiqincə inanmaq və durmadan çalışmaq lazımdır; hər şeyin ən yaxşısını bacarmaq imkanımıza inanmalıyıq.

Başqalarının bir xırda uğurundan kompleksə düşüb özümüzü "zəif, bacarıqsız" görmək bizə heç nə qazandırmaz.

lll

Quşların səs-səsə verməsi də gecənin qorxulu sükutunu poza bilmirdi. Vahimə azalmırdı...

 





01.04.2024    çap et  çap et