525.Az

Efir işğalçıları - Sevda Sultanova yazır


 

Efir işğalçıları - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Qalmaqallı, sosial yönümlü televiziya proqramlarının efirdən biryolluq yığışdırılması, yaxud belə verilişlərə senzuranın tətbiqi məsələsi müxtəlif vaxtlarda dönə-dönə gündəmə gəlsə də, problem hələ də çözülməyib. Səbəb də budur ki, bu tipli teleproqramların daha çox tamaşaçı gətirdiyini, yüksək reytinq göstəricilərinə malik olduğunu düşünən telekanal rəhbərləri özlərini əziyyətə salıb başqa yollar axtarmağa maraq göstərmirlər. Düzü, bu mövzuda dəfələrlə yazdığımdan təkrarçılıq edib oxucuları yormaq istəməzdim. Ancaq son bir ayda sosial mediada "Elgizlə izlə", "Səni axtarıram", "Bizimləsən", "Həmin Zaur", "Təsir dairəsi", "Gəl, danış" kimi verilişlərin ya bağlanması, ya da formatının dəyişdirilməsilə bağlı fikirlər geniş yer aldığından mövzuya yenidən qayıtmağı vacib sayıram.

Son günlər yayılan xəbərlərə inansaq, əlaqədar qurumlar sosial layihələrə efirdə uzaqbaşı 30 dəqiqə vaxt ayrılmasına qərar verib. Hərçənd, rəsmi səviyyədə bu xəbər təsdiqini tapmayıb. Kifayət qədər etibarlı saydığım, amma adını açıqlaya bilməyəcəyim mənbə də sosial proqramlara maksimum yarım saat efir vaxtı veriləcəyi barədə deyilənlərin həqiqətdən uzaq olduğunu bildirib. Sadəcə sosial proqramların qeyri-etik məzmunu, əxlaqi-mənəvi prinsipləri müntəzəm pozması səbəbindən rəsmi dairələr tərəfindən özəl telekanalların rəhbərlərinə xəbərdarlıq edilib və bundan sonra belə verilişlərin həcmi müəyyən qədər qısaldılıb. Sözə qüvvət, bir neçə gün öncə ATV-nin "Bizimləsən" prqoramının efir müddətinin bundan sonra iki saat yarım olması ilə bağlı mediada xəbərlər əksini tapdı. 

Sözün düzü, indiyəcən sosial verilişlərin efir müddətinə xüsusi diqqət yetirməmişəm. Amma doğrudan da həmin proqramlara ayrılan efir vaxtı indiyədək normadan çox olub. Həftəiçi beş gün yayımlanan "Səni axtarıram", "Bizimləsən", "Təsir dairəsi", az qala, 4 saata qədər efiri zəbt edir, üstəlik də, rəqabət ucbatından eyni vaxtda yayımlanır. Normalda isə hər bir verilişin konkret, bəlli xronometrajı olmalıdır ki, bütün yaş qruplarını əhatə edən digər profilli proqramalar da efirdə yer alsın.  Amma məsələn, gecə saatlarında hər hansı verilişin 4-5 saatı əhatə etməsi normal sayıla bilər. Haqqında danışdığımız  proqramlar isə günün ikinci yarısından başlayaraq efirin ən "bərkgedən" vaxtını işğal edir. Ən azı üç kanalda oxşar proqramın uzun müddət eyni vaxtda yayımda olması tamaşaçının seçim imkanlarını məhdudlaşdırır və onu istər-istəməz bu kontentlərə baxmağa məcbur edir. Əslində seçim imkanlarını azaltmaq tamaşaçını psixoloji zorakılığa məruz qoymaqdır. Bir tərəfdən baxanda, 4 saat canlı efirdə olmaq aparıcılar üçün işgəncədir. Hansısa ailə-məişət hadisəsinin həlledici məqamının anonsunu verərək tamaşaçının intizarda saxlanılması, təkrar kadr və mətnlərlə verilişin vaxtını uzadaraq süni həyəcan yaradılması, aparıcının acı bağırsaq kimi uzanan bu oyun-mərəkənin mərkəzində dayanması onun özünün də istismar edilməsidir. 

Diqqəti çəkən digər məsələ, adları mediada, sosial şəbəkələrdə neqativ mənada hallanan verilişlərin müəlliflərinin təşvişi, narahatlığı və proqramlarının cəmiyyət üçün mənəvi deqradasiya funksiyası daşımadığını sübuta yetirmək cəhdləridir. "Səni axtarıram"da  aparıcı tamaşaçılara məsləhət görür ki, "ailənizi bizim verilişdən yox, TikTok-dan qoruyun" və haqlı olduğunu isbatlamaq məqsədilə nümunə gətirir: "TikTok-dan qoruyun ailənizi, uşaqlarınızı, evinizi! Daxil olun TikTok-a, görün nə biabırçılıqlar var! Psixoloji problemi olan, xəstəxanada yatan qız Xoşqədəmin efirinə baxaraq yox, TikTok üzərindən Türkiyədə oğlanla tanış olub, onlayn biletlə İstanbula gedir və Xoşqədəm gedir, onu axtarır, Antalyadan 15 yaşlı oğlanın əlindən alıb gətirir. TikTokdan tanış olub! TikTok-dan! Bildiz?"

"Space" kanalında "Gəl, danış" verilişinin aparıcısı Amil Xəlil ona ünvanlanmış tənqidlərlə bağlı sözün əsl mənasında üsyan edir və bu cür proqramların populyarlaşmasında məhz tamaşaçıları qınayır: "İki həftə ard-arda Zəfər günündə qaziləri topladım bura! Niyə baxmadınız? İndi mən tələb edirəm sizdən! Ağızdolusu orda danışırsız. Getdiniz Xoşqədəmə baxdınız, Lalə Azərtaşa baxdınız, Zaura baxdınız. Onlar birinci oldular. Mən boşluqda qaldım. Arvadını başqa kişiylə tutanı efirə çıxarmadım. Dörd kişiylə qaçan qadını efirə çıxarmadım, aylarla studiyada oturtmadım. Axı, bunların heç birini eləməmişəm".

Yutub kanalında Amil Xəlilin bu hayqırtısının ardınca qarşıma "Gəl danış"ın bir anonsu çıxdı. Həmin fraqmentdə müzakirə olunacaq növbəti hadisənin məzmunu beləydi: "Arvadını evdə başqa kişiylə tutan Məzahir daha bir görüntü gətirdi. Həqiqətənmi uşaqlar könüllü olaraq atada qalmaq istəyirlər?" və ya verilişdə müzakirə olunan digər məsələlərə diqqət yetirək: "Arvadı TikTokda ulduzdur, ərin xəbəri yox", "Rizvanın arvadı baş götürüb qaçdı", "Arvadı başqa cavan oğlana qoşulub qaçan Samir: Mənə vəkil verin!", "İki ekspert əlbəyaxa oldu" və s.

Yaxud TikTok-u "biabırçılıq" kimi dəyərləndirən aparıcının özünün apardığı veriliş rəzalət saçır. Müzakirəyə çıxarılan hadisələrə baxaq: "Ər 16 yaşlı qızla qaçıb",  "Evli qadını başqa kşi qaçırıb", "Qayınana evdən qaçmış gəlinini axtarır", "Aytac Gülxanımın evini dağıdır", "Tural öz ailəsindən niyə intiqam almaq istəyir?" və s.

Əlbəttə ki, aparıcıların narahatlığını, bütün məsuliyyəti sosial şəbəkələrin üzərinə yıxmaq cəhdini anlayıram. Amma bütün hallarda sosial şəbəkə və televiziya iki fərqli formatdır.  Sosial şəbəkələrdən əsasən mobil telefon vasitəsilə böyüklər istifadə edir, əlçatan olması üçün qeydiyyatdan keçirsən, hesab açırsan, hansısa səhifələrə abunə olursan və s. Sözügedən proqramlar isə ailələrin evinə - intim əraziyə birbaşa girir, özü də gecə və ya sübh saatlarında yox, məhz ailələrin uşaqlı-böyüklü bir arada olduğu vaxtda yayımlanır, qadının xəyanət elədiyi, ərin azyaşlı qızı qaçırması  kimi məsələlər etik çərçivələr gözlənilmədən bütün çılpaqlığı ilə müzakirə olunur.

Ona görə də aparıcıların sosial şəbəkələri günahkar çıxarmaq cəhdləri əbəsdir, onlar məsələn, TikTok-dan daha zərərli şeyi təbliğ edir: uğursuz, hörmətin, sevginin olmadığı, mənəvi prinsiplər üzərində dayanmayan ailə modellərini tirajlayır. Belə təsəvür yaranır ki, Azərbaycanda mənəvi dəyərlərə söykənən ailə yoxdur,  evlərdə ancaq riyakarlıq hökm sürür, hər kəs bir-birinə xəyanət edir. Yəni alınan nəticə budur. Onu da deyim ki, izlədiyim buraxılışlarda şikayətə gələn adamların əksərinin psixi baxımdan problemli olduğu sezilir. 

Sağlam ailə institutu özlüyündə bir milli ideya olmalıdır. Məsələn, uğursuz, qeyri-sağlam ailələrin tirajlanması ölkənin hərbi müdafiə qabiliyyətinə ziyan vurur. Çünki ordunun əsas gücü əsgərdir. Möhkəm, sağlam ailə mühiti olmadan yaxşı əsgərin yetişməsi çətindir. Şəxsi toxunulmazlığa təcavüz edən, onu virus kimi yayan, ailə institutuna zərbə vuran oxşar verilişlər istər-istəməz təqlid mənbəyinə çevrilir, cəmiyyətin əsgər yetişdirən kiçik vahidi məhv olur.

Bundan başqa, sosial proqramlar ailə dəyərləri ilə bağlı yanlış təsəvvürlər formalaşdırır; azadlıq  və abırsızlıq səhv salınır, bu anlayışlar təhrif olunur, ailə üzvləri arasında qırmızı xətlər keçilir. Nəticədə bir qisim insan düşünür ki,  ailə dəyərləri özlüyündə ancaq mühafizəkar, patriarxal baxışları ehtiva edir, qadın və uşaq haqlarının, fərdin azadlığının pozulması anlamına gəlir və s.

Halbuki sağlam ailə universal dəyərləri daşıyır: sevgi, qarşılıqlı hörmət, sədaqət, qayğı, inam, güvən, səmimiyyət, bir-birinin   seçim və prinsiplərinə hörmət, məsuliyyət və s. Bunların olmadığı ailədə cəmiyyətə yararlı şəxsiyyət böyümür.

Sosial verilişlərin yüksək reytinqli olmasına gəlincə... Ola bilsin ki, reytinqlər həqiqəti əks etdirir. Lakin ortada olan yalnız rəqəmlər, statistikadır. Daha vacibi rəqəmlərin görünməyən tərəflərini aşkara çıxarmaqdır. Reytinqlərlə bağlı xarici mediada çoxdan bir araşdırma oxumuşdum. Mütəxəssisləri peşəkarlıq baxımdan aşağı olan xəbərlər proqramının daha çox baxılması təəccübləndirmişdi. Araşdırma nəticəsində məlum olmuşdu ki, həmin keyfiyyətsiz informasiya proqramından sonra populyar bir serial yayımlanırmış və tamaşaçı serialın vaxtını qaçırmamaqdan ötrü, həmin kanalı izləməsə də, açıq saxlayırmış. Belə faktorlar reytinqin nəticələrinə təbii ki, təsir göstərir və onların çox izlənməsi təsəvvürünü formalaşdırır. Güman ki, bizdə də oxşar məsələlər olmamış deyil.

"Tamaşaçılar məhz belə verilişləri izləyir" iddiası ilə bağlı başqa bir məqamı da deyim. Bu kimi verilişlərə tələbatı məhz kanallar özləri yaradıb, təklif onlardan gəlib.  İctimai qınaq, efir vaxtının azaldılması həmin verilişlərin məzmununa, üslubuna təsir göstərəcəkmi? Aparıcılar özlərinə çəki-düzən verib, cəmiyyət qarşısında məsuliyyət hiss edəcəklərmi?

Düzü, buna inamım azdır və daha təsirli addımlar atılmalıdır. Kinorejissor Əli İsa Cabbarovun sosial şəbəkə hesabında paylaşdığı fikir daha ağlabatandır: "Yollayın bu verilişləri həmin kanalların rəsmi yutub kanallarına. Ordan yayımlansınlar, vergi ödəyicilərinin formalaşdırdığı efir məkanında yox. Kim bu verilişlərin aludəçisidir, yutub üzərindən baxsın, veriliş sahibləri də pullarını oradan qazansınlar".

 

 





01.04.2024    çap et  çap et