525.Az

Ədəbi köşk: Nə var, nə  yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə  yox?</b>

Sən vurmadın, mən yıxılmadım..

Murad Köhnəqalanın Orxan Saffariyə verdiyi müsahibə ədəbi mühitdə geniş müzakirələrə səbəb oldu. O, müsahibədə əvvəlki silahdaşlarından xeyli giley-güzar etməklə yanaşı, keçmişə də ötəri nəzər salıb.

Orxan sual verir ki, necə oldu Azərbaycan Yazıçılar Birliyinə yenidən üzv oldunuz? M.Köhnəqala hadisəni belə xatırlayıb: "Elçin Hüseynbəyli mənə zəng elədi, müsahibə üçün xoş sözlər dedi. Və mənə "Bəlkə səni Anarla görüşdürüm?" dedi. Düşündüm ki, ola bilsin, bunu Anar istəyib, imtina etmək etik çıxmaz. Vədələşdik, Elçinlə birgə Anar müəllimlə görüşdük. Çox təsirli bir görüş idi. Orda Anar müəllim mənə dedi, bəlkə, ərizəni yazıb geri qayıdasan? Dedim, siz istəyirsinizsə, məmnuniyyətlə qayıdaram..."

Müsahibəyə şərh yazanların arasında E.Hüseynbəyli də var idi: "Yaxşı müsahibədir. Maraqlı idi. Amma Anarla görüşmək təklifi Muraddan gəlib, məndən yox. Nəsə, ciddi bir şey deyil. Əsas odur ki, maraqlı etiraflar var və tarixə bir ekskursdur!"

M.Köhnəqala: "Elçin, qarışdırırsan, sən zəng elədin və dedin, bəlkə səni Anarla görüşdürüm? Mən də razılaşdım, belə olmuşdu. Çünki mənim Anarla görüşmək fikrim olsaydı, bunu sənə yox, sıx-sıx zəngləşib görüşdüyüm Əsəd Cahangirə deyərdim".

E.Hüseynbəyli: "Dostum, o zaman sənin Əsədlə elə isti münasibətin yox idi. Nəsə. Boş ver..."

Əcəb dialoqdur... Hər iki tərəf söhbəti elə dramatikləşdirib, lap şekspirsayağı bir sual qoymaq istəyirsən: "Hüseynbəyli, yoxsa Köhnəqala?" - budur məsələ!

***

Koroğlunu yuxuda görən şair: günə üç "paçka" siqaret...

Aqşin Yenisey axır vaxtlar yaman düşüb folklorun üstünə, Allah axırını xeyir eləsin. O qədər danışdı, danışdı, nəhayət, Koroğlu dözməyib Aqşinin yuxusuna girdi: "Gecə yuxuda rəhmətlik Koroğlunu görmüşəm. Deyir, ayə, qağa, mənə umud olub qloballaşan dünyanın-zadın üstünə getməyin. Mən bu atla (Qırat artıq ayağa qalxa bilmir), bu qılıncla (Misri qılıncın da tiyəsini sapına cunayla sarıyıb), bu sazla (bütün simləri qırılıb) XVII əsrdə nə mümkün idisə etdim, XXI əsrdə qonaq-qaranın qabağına bu viddə çıxmaq olmaz, ayıbdı. Get o türk dünyasına de ki, sizin bütün etnosun folklorunu bir yerə yığsan, Çin folklorunun bir səhifəsi eləməz. Faydası olsa, Çin öz folklorik kimliyi ilə gedər dünyanın üstünə. Amma Çin neynir? Çin elmi-texnoloji kimliyi ilə hədələyir altı qitəni. Şair ola bilməyib, alim olanlar sizi məhv eləyəcək! Belə deyib siqaret yandırdı. Deyir, elə gün olur üç "paçka" çəkirəm".

Aqşin Yenisey xəbərsizdir ki, Koroğlu hələm-hələm adamın yuxusuna girmir. Bir də görərik ki, ona göylərdən aşiqlik - aşıqlıq vəhyi gəlib, iraq olsun...

***

Detektiv romanlara bəraət

Tez-tez yerli detektiv roman yazan müəlliflər ədəbi mühit tərəfindən tənqid olunur. Əksər qisim detektiv əsərləri əsl sənət nümunəsi hesab etmir. Bu isə müxtəlif polemikalara yol açır.

Qismət Rüstəmov janr barədə maraqlı təhlil qələmə alıb. Bunu "detektiv romanlar barədə bəraət çıxışı" kimi qələmə vermək olar: "...Ziqfrid Krakauer nadir düşüncə adamlarındandır ki, hələ detektiv janrının çox da hörmətli sayılmadığı vaxtlarda - XX əsrin əvvəllərində "Detektiv roman: fəlsəfi bir analiz" adlı kitab yazıb. Krakauer bu kitabda bu gün də zaman-zaman səslənən, təhlildən, analizdən nəsibini almamış, eləcə tutuquşu kimi təkrarlanan, tiftiklənən bir fikrə ilk çıxdığı vaxtlarda reaksiya verib: bütün detektiv əsərlər eləcə oxunub sonra başqasına hədiyyə ediləsi boş kitablardırmı? Bizim kitab sorğularında, anketlərdə tez-tez təkrarlanan bu fikir janr məsələlərinə XIX əsrin sonu - XX əsrin əvvəlindəki yarımçıq yanaşmanın təzahürüdür. Mən bu qənaətə COVİD pandemiyasından əvvəl iştirak etdiyim İstanbul Kitab Yarmarkasındakı bir neçə paneli və bir neçə əhəmiyyətli nəşri görəndən sonra gəlmişəm. Ümumiləşdirib deyəsi olsam, ədəbiyyatşünaslıqda pis janr, pis növ anlayışı ola bilməz, bu, gülməlidir. İstanbuldakı panelin başlığı indiyəcən yadımdadır: "Yaxşı detektiv yaxşı ədəbiyyatdır!"

Detektiv janrını gözümüzdən salan bəzi yerli yazıçılar olmadımı, Qismət əfəndi?!

***

"Yazıçı alimlə də, çobanla da eyni pillədə..."

Hədiyyə Şəfaqətdən dili qısa yazıçılara ismarış:

"Dili qıt yazıçı dünyanın istənilən zəngin nitq qabiliyyətinə sahib obrazı qıt dildə danışdıracaq;  çöllərdə ömür sürən bir çobanın dilini isə gülünc vəziyyətə qoyacaq.

Yazıçı yaratmağa çalışdığı obrazlarla - istər alim, istər çoban -  eyni pillədə dayanmağı bacarmalıdır..."

***

Stalinizm şüarları ilə ədəbiyyat düzəltmək

İradə Musayeva yazıçıları ideoloji mesaj vermək məsuliyyətindən azad edir. Deyir, siz yazın, qalan məsələləri tapıb çıxartmaq, lazımlı yerə yozmaq bizlikdir:

"Ədəbiyyatşünaslıq alimlərinin dilinə yeni bir cümlə düşüb: "Azərbaycan ədəbiyyatı bütövlükdə azərbaycançılıq ideologiyası zəminində inkişaf edir".

Bu tendensiya milli mənafe naminə deyilsə də, sənət və konkret ədəbiyyat estetikası üçün zərəli yalandır... Lap sosrealizm kimi... Tendensiyalı və ideologiyalı ədəbiyyatdan qurtarmamaq stalinizm şüarları ilə ədəbiyyat düzəltməyə bərabərdir. Siz yaxşı əsər yazın, onun milliyyətini və irqiyyətini özümüz tapacayıq!"

İradə xanım, Hüseyn Cavid haqqında danosbazlar tərəfindən çap olunan ilk tənqidi məqalədə onu "Sənət sənət üçündür!" şüarına görə ittiham ediblər. Həmin məqalə ilk çəkilən kibrit idi. Ehtiyatlı olun!

***

Mirzə Ələkbər Sabir bayağıdır?!

2017-ci ildə qədim "Kulis"çilərdən olan Ayxan Ayvaz Mirzə Ələkbər Sabirin yaradıcılığı barədə tənqidi yazı yazmışdı. Sonra "Kulis"in gənc siması Mehdi Dostəlizadə dostumuz da Sabiri hədəfə aldı. Ümumiyyətlə, bizim yoldaşlarımızın ya Sabir, ya da başqa klassiklərimiz barədə həmişə "baqaj" mövzusu olub. Xub...

Elə bil, "Kulis"in ofisinin havasındandır. Bir az içəridə oturan kimi birdən M.Ə.Sabiri tənqid etmək istəyirsən. Bu dünyanın qəribə işləri var...

Saytın baş redaktoru Ulucay Akif də ənənəyə sadiq qaldı. O yazır: "Bu dünyada ən sevmədiyim şey ironiyadı. Mənə çox bayağı, çox düşük görünür ironiya, satira, sarkazm... Misal üçün, Mirzə Ələkbər Sabirin şeirlərindəki satira: "Millət necə tarac olur olsun, nə işim var?", "Oxutmuram, əl çəkin". Çox primitivdi belə şeylər. Ya da Cəlil Məmmədquluzadənin əsərlərindəki ironiya. O da Sabirin şeirlərinin nəsr versiyasıdır. Ona görə də bu tip yazıçıları, şairləri ciddi qəbul edə bilmirəm".

İlahə Səfərzadə də Ulucayın bu fikirlərinə belə şərh yazıb: "Ulucay bəy, əksinə, mən düşünürəm ki, siz gülüşün bütün növlərinə bələdsiniz... Bu mənada ki, yazılarınızın (status) çoxunda müxtəlif gülüş növlərinə (sarkazm, kinayə, yumor, satira) rast gəlmişəm həmişə. Düzü, xoşuma da gəlib... Bu bir təsir etmə üslubudur. Bunu boş lağ-lağı ilə eyniləşdirmək məqsədəuyğun deyil".

Həəə, Sabir necə yazırdı?

"Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!"

***

Kifayətdir! Bütün eyiblərimizə don geyindirək...

Ömər Xəyyamın fikrincə, tənqidi realizm heç bir işə yaramayıb: "Əsrlərdir maarifçilər, yaxud özünü maarifçi hesab eləyən publisistlər bizi nadanlıqda, naqislikdə günahlandırıb, deyiblər ki, bu xalq cahildir, bu xalq ağı qaradan seçə bilmir və günü-gündən uçuruma, qaranlığa yaxınlaşır. Bu məqsədlə qəzet buraxıblar, sayt düzəldiblər, jurnallar, kitablar, filmlər... Gəl ki, heç nə dəyişməyib: Cəlil bəyin də, şair Sabirin də obrazları diridir, ağzımızın içində yaşayırlar. Nə tənqid işə yaradı, nə də təhqir... Məncə, bu köhnə, effektsiz ənənədən əl çəkməli, valı çevirməliyik".

Məncə də, kifayətdir! Hər şeyi ört-basdır edək...

Deyindik, deyindik, yorulduq...

Nə qədər olar havayı maarifçilik?!

***

Təzə nə var?

Həmid Piriyev Müsyö Bəbə ilə bizi tanış edir: "Raymon Radiqe XX əsr Fransa mədəniyyətinin "dəli"lərindən biridi. 15 yaşında təhsilini yarım qoyub özünü ədəbiyyata və jurnalistikaya həsr edir... 16 yaşında yazdığı, qismən avtobioqrafik "İçimizdəki şeytan" romanı onu məşhurlaşdırır. 21 yaşında tif xəstəliyindən ölür. Ədəbi irsi iki romandan, bir pyesdən və iki şeir toplusundan ibarətdir".

Onların Raymon Radiqesi varsa, bizim də Müsyö Bəbəmiz Vüqar Vandı. Vüqar 21 yaşına qədər 2 roman yazmışdı. İndi də 3-cünü yazmağa başlayıb...

***

Orxan Cuvarlı Saday Budaqlının mətnlərindəki yazıçı rahatlığından bəhs edib: "Neçə vaxtdır Saday Budaqlının hekayələrini oxuyuram. Tanış müəllif olsa da, dərindən oxumaq qismət olmamışdı. Gözəl yazıçıdır. "Yağmursuz havalar", "Aralı qapı", "Şübhə", "Uduş" və "Sulu qar" hekayələrini xüsusilə bəyəndim. Bizdə belə hekayələr barmaqsayıdır. Yazıçının təmkinli üslubu, havasız hekayələri ürəyimə yatdı... Hekayələrində ən çox təəccübləndiyim mətnlərindəki yazıçı rahatlığı oldu. Hərdən mətnlərdə yazıçının özünü sıxdığı, hıqqandığı yerləri hiss edirsən. Saday Budaqlı mətnlərində çox asudədir, aşağı-yuxarı var-gəl edir, ağayanadır, oxucuya hiss etdirir ki, mətnin hakimi mənəm..."

***

Orxan Saffarinin yeni hekayələr kitabı çap olunub: "XX sahə". Uğurlar arzu edirik!

***

El Roman haqq yoluna gəlib: "Keçmişə şans vermək gələcəyə ən yaxşı investisiyadı".

***

Eminquey Akif qayğılarından bəhs edir: "...Keçirəm kompüterin arxasına. Beynimdə bir mövzu hərlənir yazmaq üçün. Birinci cümləni yazıb ikinci cümləyə keçəndə beynimdəki qırışlardan hansısa dingildəyir:

- Kitabının çap pulundan qalıb. Aldığın vaxtı da keçmisən.

Ümummilli problemimiz...

***

Rəbiqə Nazimqızı yenə əsəbiləşib: "Otuz bəndlik sicilləmə yazıb, soruşsan, mövzu nədi, biz anlamadıq, cəhənnəm, özün sadə cümlə ilə de, nə yazmaq istəmisən, gözünü döyəcək, amma şeirin altına yekə-yekə imza qoyub".

Yekə görünürük biz,

Səhv düşəndə yerimiz...

***

Babək Məmmədli yeni qələmə aldığı "Sevgi şəhəri" hekayəsi ilə hamını təəccübləndirdi. Bu hekayə son zamanlar haqqında ən çox xoş sözlər deyilən nəsr nümunələrindən oldu. Ardını gözləyirik...

***

Cavid Qədir nəzmdən nəsrə keçən şairlərdən söhbət açıb: "Müasir Azərbaycan şairi özünü oğlan doğub yerini bərkidən gəlin kimi aparır. Hekayə yazıbsa, artıq ciddi ədəbi çevrələrdə adı çəkilir. Roman da yaza bildisə, vəssalam. Daha ona zaval yoxdur".

Hazırladı: Nadir YALÇIN

 





01.04.2024    çap et  çap et