525.Az

"Biz düzəlsək, dünya da hüzur tapar"


 

LALƏ ƏLİYEVA: "HARADA İŞLƏMİŞƏMSƏ, VİCDANLI VƏ QƏRƏZSİZ OLMAĞA ÇALIŞMIŞAM"

"Biz düzəlsək, <b style="color:red"> dünya da hüzur tapar"</b>

Hər dəfə təbiət qış libasından çıxıb bahara sarı baxanda, Xətainin bu misralarını mütləq özlüyümdə deyirəm: "Qış getdi, yenə bahar gəldi. Gül bitdivü laləzar gəldi". Orta məktəbdə əzbərlədiyim bu şeirin indi bir neçə misrası qalıb yadımda. Hə, Novruz gəldi, amma onu qarşılamaq zəhmət tələb etsə də, bundan heç kəs gileylənmir. Evlərdə bahar təmizliyindən, Novruz biş-düşündən, bayram süfrəsinə düzüləcək çeşidlərdən savayı söhbət olmur. Ocağı qalanmayan, qazanı qaynamayan, ehtiyacı olan qonşusunu yaddan çıxarmayan qalmır. Hamının dilində eyni kəlmələr səslənir - əziz gün gəlir. Əziz gün builki gəlişilə daha yadda qalan oldu, çünki Novruz tonqalı bu dəfə Xankəndidə alovlandı, qəlbləri isindirdi. Amma çoxlarını elə yandırdı ki, tüstüləri ərşə qalxdı. Arzu edək ki, gələn Novruzda Qərbi azərbaycanlılar öz ocaqlarında bayram tonqalına isinsinlər.

Beləcə, bayram tətili bitdi, hamı yenə işinin başına keçərək fəaliyyətinə qaldığı yerdən davam etməyə başladı. Biz də adəti üzrə şənbə qonağımızla onların görüşünə gəldik. Düzü, özü ilə ilk tanışlığım idi. Lakin bu ilkin arxasında peşəkarlığı sorğulanmayan, söz sərrafı, xatirəsi indi də ehtiramla anılan, cəsarətilə çoxlarını susdurmağı bacaran, özünü yaxşı tanıdığım bir ad var. Elə söhbət əsnasında özü də bu ada söykəndiyini vurğuladı. Bugünkü müsahibimizsə yenə də qələm sahibidir. Əməkdar jurnalist mərhum Mailə Muradxanlının qızı, Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, həmkarımız Lalə Əliyeva həmsöhbətimizdir.

 

- "Bilən bilir dünya necə dünyadır". Bildiyim qədər dünya narahatdır...

- Miqyasları kiçildərək düşünsək ki, hər kəsin öz dünyası var və çevrəmizi, işlərimizi, niyyətlərimizi, əməllərimizi doğru-düzgün qura bilsək, o zaman bütün bunlar dalğa-dalğa dünyaya da keçəcək, o da nizama düşəcək. Əgər dünya qarışıqdırsa, bu halda mən özümü günahkar kimi hiss edirəm. Düşünürəm ki, yəqin nəyisə düz etməmişəm. Səmimi etiraf edirəm ki, mən belə şeylərə inanan biriyəm. Allaha çox bağlı olan, həmişə dualar edən insanların üzərinə məsuliyyət daha çox düşür. Bir bənd qopmasa, zəncir qırılmaz. Və bu müqəddəs ayda da dualarımda istədiyim odur ki, həmin çürük bənd mən olmayım. Dünyaya baxışımdan bir nümunə deyim. Bir neçə ay öncə müharibədən əvvəl Qüdsdə Əl-Aksa məscidini ziyarət etdim. Orada anladım ki, bəzən cansız hesab etdiyimiz məkanlar onları cana gətirən insanlardan daha canlıdır.

- Fikrinizin bir az da dərinliyinə varaq...

- Mən o məscidin arxamca baxdığını görürəm və dua edirəm ki, oradan azan səsi kəsilməsin, dünyamızda əmin-amanlıq bərqərar olsun. Bir misal da çəkim. Hazırda Qarabağda çalışıram. Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriyəm və Laçını, bir neçə ətraf kəndləri, qəsəbələri, şəhər olaraq Xocalını, Turşsuyu, Malıbəylini, Kərkicahanı, Kəlbəcəri abadlaşdıran bir qurumun nümayəndəsiyəm. Tez-tez həmin bölgədə oluram və torpağın, məkanın, bizi çevrəsinə alan mühitin daha canlı olduğunu, insanla daha rahat kontakta girdiyini duyuram, hiss edirəm. Və dünyanın narahat vaxtında düşünürəm ki, qarışıq olan bizim içimizdir ki, bu da dünyaya səpələnir. Biz düzəlsək, dünya da hüzur tapar.

- Başlayaq elə sizdən...

- Öz haqqımda danışmağa başlayanda ilk dediyim bu olur ki, mən Mailə Muradxanlının qızıyam. Niyə? Ona görə ki, anamın məşhur bir imzası var idi - Mailə Muradxanlı. Həmin imza atılandan  sonra verilişlər efirə gedərdi. Həmin imza onun məzar daşına da həkk olunub. Bax, həmin imzanı öz üzərimdə daşıyıram. Elə bilirəm ki, mən də onun imzalayıb efirə göndərdiyi bir verilişəm, layihəyəm, nümunəyəm. Özümü həmişə belə hiss etmişəm. Özümə qalanda isə jurnalistəm, ömrümün 30 ilini mediada, televiziyalarda çalışmışam. Harada işləmişəmsə, vicdanlı və qərəzsiz olmağa çalışmışam. Böyük Zəfərdən sonra bütün bunların hamısından imtina edib Bakı Abadlıq Xidmətinə gəldim, çünki Azərbaycan Böyük Qayıdışa doğru istiqamət götürdü və belə bir fürsəti qaçırmaq günah olardı. Təbiətimdə heç zaman kabinetdə oturmaq kimi bir vərdişim olmayıb. Elə buna görə də səngər jurnalisti kimi üz tutdum Qarabağa. Bir sözlə, tərcümeyi-halımda əsas iki məqam var - biri Mailə Muradxanlı ilə, o biri Qarabağla bağlıdır.

- Onda bir az yetişdiyiniz ailədən danışaq...

- Aliləmiz atam, anam, qardaşım Elxan və məndən ibarət olsa da, həmişə demişəm ki, ailəmiz geniş olub. Mən bunu həmişə belə hiss etmişəm. Doqquz yaşımdan anam ilə radioya ayaq açmışam. Oradakıların əksəriyyəti mənə deyərdi ki, Mailə xanım sənin yox, bizim anamızdır. Birinə elçi gedib, birinə yazmaq istiqamətini verib, digərinə ev almaqda yardımçı olub. Ona görə də mən anamın iş yerində özümü böyük ailənin içində olan biri kimi görmüşəm. Çünki onlar Mailə Muradxanlını bir müdir kimi yox, doğma ana, bacı gözündə görürdü. Bizim evimiz kinostudiyanın binasında idi və o ətrafda bir tikili belə gözə  dəymirdi. Atam kinostudiyada rejissor idi, anam redaktor idi, qardaşım Elxan elə kiçik yaşlarından filmlərə çəkilirdi və mən oranı da bir evimiz sanmışam. Belə bir mühitdə böyüyən mən bu gün təmənnasız milləti, xalqı, mədəniyyəti üçün ürəkdən iş görənləri öz doğmam hesab edirəm. Çalışıram ki, o dərəcəyə çata bilməsəm də, anamın yolunu davam edim, o istiqaməti götürüm.

- Jurnalist olmaq qərarı...

- Qərarı mən vermədim, o özü gəldi. Özümü dərk edəndən gördüyüm yazı-pozu, tərcümə, redaktə, evimizin hər tərəfində kağızlar, qələm olub. Anam evdən çıxanda belə, bizə kiçik məktublar vasitəsilə tapşırıqlarını verərdi. Ona görə də mənə elə gəlirdi ki, düşündüklərini mütləq yazmalısan. Mənim də, qardaşımın da taleyini bizim yetişdiyimiz mühit müəyyənləşdirdi. O, atamın, mən isə anamın yolu ilə getdik. 90-cı illərdə kinostudiya dağılanda belə, Elxan oradan ayrılmadı, mən də böhranlar yaşananda öz sahəmdən uzaqlaşmadım. Mənim istiqamətim mədəniyyət olsa da, bu sahədən yazsam da, müəyyən qədər ictimai fikrə təsir göstərə bilirdim. Siyasətyönlü qəzetlərdə çalışsam da, mənim mədəniyyət köşəmi çoxları axtarırdı. Çünki sözün doğru düzülüşü, düzgün ifadələrin tapılması kimi üsulları mən anamdan öyrənmişdim. Bilirdim ki, mətn düzgün cümlə düzülüşündən çox, energetik təsir vasitəsidir. Mən xüsusi bir seçim olmadan, açılan yolun arxasınca yürüdüm.

- Deməli, Laləni tapan qələm özü oldu...

- Qələm sözündən o qədər xoşum gəlir ki... Amma indi ondan çox az istifadə edirik. Qurani-Kərimdə Qələm surəsi var və onun ilk ayəsi belə başlayır: "And olsun qələmə və mələklərin yazdıqlarına ki..." Qələm bir şeyin başlanğıcı və sonudur. Qələm imzadır və əgər siz mənimlə maraqlanıb söhbətləşmək istəmisizsə, deməli ki, qələm öz işini görüb.

- Qələmi çox sevən jurnalist ilk qələm məhsulundan danışsın...

- Anam tək işdə deyil, evdə də çalışardı. Masanın üstündə qalaq-qalaq kağızlar, tərcümələr, verilişlərin mətni olardı. O zaman dublyaj böyük bir sənət sayılırdı və anam filmləri tərcümə edirdi. Yadımdadır ki, ilk tərcümədən başladım. Anam etdiyim tərcümənin bir səhifəsini oxudu və bəyəndi. Sözü də bu oldu ki, Lalə, səndə alınacaq. İlk qələm məhsulum tərcümə olub. Bilirsiz, məndə həmişə anamın xofu vardı. Düşünürdüm ki, birdən yazdığıma baxıb deyər ki, bu nədir yazmısan. Amma onu da etiraf edim ki, inşa yazmağı heç sevməmişəm, bunu mənim üçün həmişə anam yazıb. Artıq jurnalist olaraq mətbuatda çalışanda düşünürdüm ki, hər şeyin içində bir xəbər, məlumat olmalıdır. Mən gəlişi gözəl yazmağı bacarmıram. Yazılarımın içində insanları maarifləndirən və ya onları nədənsə xəbərdar edən bir informasiya mütləq olmalıdır.

- Yaradıcı insanların gözəgörünməz dostu olur - ilham pərisi...

- Axı, deyəsən, mən özüm başqaları üçün ilham pərisi olmuşam. Yəni yaxşı sözlərlə həvəsləndirməyi bacarıram, xüsusən də gəncləri. Görəndəki düzgün yoldadırlar onları daha çox istiqamətləndirməyə çalışıram. Onların yanında olmaq, cümlələrinə düzəliş vermək, yollarını açmaq, bir-birini tanımayanlar arasında ünsiyyət yaratmaq kimi vərdişlərim var. Özümdə isə ilham pərisini heç vaxt görməmişəm. Dörd tərəfimdə xəbərlər görürəm, onlarla da rahat işləyirəm. Heç uzağa getmirəm, indi bu məkana daxil olanda ilk olaraq rus dilində kitabları gördüm və deyim ki, bu, mənim üçün acı bir xəbər oldu. Yazmalı olsaydım, məhz bu xəbərlə başlayardım.

- Qələm yorulub və ona fasilə vermək lazımdır...

- Bu, mənim həyat tərzimdir və əgər belə düşünmüş olaramsa, elə çıxır ki, həyatdan yorulmuşam. Mən iş yerini tez-tez dəyişən bir insanam, çünki bir yerdə qərar tutan deyiləm. Görəndə ki, artıq bu yerdə işi bilirəm, onda o məkan artıq mənim üçün maraqsız olur. Yəni bir mərhələdən digərinə keçməyi sevirəm və hər zaman da öz işimlə məşğul olmuşam. Deyə bilərsiniz ki, Bakı Abadlıq Xidmətində sən neyləyə bilərsən? İnanın ki, özümə aid çox iş görürəm. Elə bir sahə yoxdur ki, orada mədəniyyət olmasın, elə quruculuğun özündə də. İnsanlara istər gözəl, istərsə düzgün söz deyiləndə onun təsirini mən kənardan hiss edirəm. Artıq yaşımın müdrik çağındayam deyə, olduğum yerdə hansısa bir prosesə təkan verməyə çalışıram. Daima hərəkətdə olsam da, özümü yorulmağa qoymuram. Bu da anamdan keçən bir xüsusiyyətdir.

- Söhbətimizin əvvəlindən elə bir sual olmadı ki, cavabında ananıza istinad etməyəsiz. İndi siz Mailə Muradxanlıdan danışın, mən də  tanıdığım bir insanı bir daha tanıyım...

- Fərz edin ki, əgər mən skripkayamsa, Mailə Muradxanlı orkestr idi. Bəzən olur ki, üst-üstə üç dənə iş var, dördüncü gələndə çaşıram, hardasa əziyyət çəkirəm. İndi düşünürəm ki, o, bütün işlərini necə idarə edə bilirdi? Ailədə, uşaqların tərbiyəsində bir qüsur yox idi, özü də bütün ağırlıq anamın çiyinlərində idi, atam ona kömək etməyib. Muradxanovlar böyük bir nəsil olub. Bu gün Maştağa qəsəbəsinin adlı-sanlı adamları anamın məzarını az qala bir ziyarətgaha çeviriblər. Baxmayaraq ki, o, bronxlarından əziyyət çəkirdi, xüsusən də yağışlı havada nəfəsi qaralırdı, işlərini axsatmırdı. Ona görə də indiyə qədər yağışı sevmirəm.

Bir insanı hamı sevə bilməz, təbii ki, onu da sevməyənlər, gözügötürməyənlər, maneələr var idi. Onunla düşmənçilik edən də vardı, uğurlarına qibtə edən də. Mailə Muradxanlı sözü çəkinmədən üzə deyən biri olub. O dövrdə bu, alqışlanan bir xüsusiyyət deyildi. Bəzən mənə elə gəlir ki, bilmirəm o kim olub. Onun yaşına yaxınlaşdıqca düşünürəm ki, bütün olanları anam necə çatdırıb? O zaman indiki kimi sosial şəbəkə, mobil telefonlar da olmayıb. Adi ev telefonu ilə o verilişləri də idarə edə bilirdi. Evdə yeməyimiz daima olub. Novruz bayramında bütün nəsil bayram şirniyyatını bizdə bişirərdi. Hamı can atırdı ki, bizdə qalsın, çünki anam ətrafındakılarda xoş əhval yarada bilirdi. Qonşuların bizə gəlmədiyi gün yox idi. Bir Sədəf xala vardı, demək olar ki, evimizin sakini idi. O qədər yazı-pozunun içində, məsuliyyətli işin qabağında Mailə Muradxanlı hər şeyə vaxt tapırdı, diqqətindən, qayğısından heç kəs kənarda qalmırdı. On dörd ildir dünyasını dəyişməyinə baxmayaraq, bu gün də televiziya və radiodan mənə deyirlər ki, hər gün Mailə xanımı xatırlayırıq. Bir insana bu qədər güc, enerji haradan gəlirdi? Bax, ona görə deyirəm ki, Mailə Muradxanlının kim olduğunu bilmirəm. Bildiyim odur ki, hər şeyi ondan öyrənmışəm və hələ də öyrənirəm.

- Sizdə bəyənib və bəyənmədiyi...

- Anam böyük səbir sahibi olub. Mən isə əksinə, hövsələsiz biriyəm. Bunu heç bəyənmirdi. Mən onu özündən tez çıxan heç vaxt görməmişəm. Olub ki, həyatda ayaq üstə qoyduğu kimsə, ona qarşı çıxıb. O halda belə, anam özünü tutmağı bacarıb. Mən etiraz edəndə  deyib ki, boş ver getsin. Pis əhvalda qalmağı xoşlamırdı. Acı bir xəbər eşidəndə belə, o vəziyyəti heç vaxt uzatmazdı. Yəqin ona görə ki, ətrafdakılarda bədbinlik yaranmasın. Bu baxımdan mənə həmişə nəsihət verərdi. Amma onu da hiss edirdim ki, bir jurnalist kimi mənimlə fəxr edirdi, bəyənirdi, yazılarımdan xoşu gəlirdi.

- Jurnalistə tərif verək...

- Jurnalist cəmiyyətin vicdandır. Əgər bir yerdə vicdan tərəzisi pozulubsa, deməli, orada jurnalistika bərbad vəziyyətdədir. Konkret fikrim budur.

- Azərbaycan KİV-i bu gün...

- Kütləvi İnformasiya Vasitələrinin bütün sahələrində müəllif və imza olmalıdır. Bu gün o yoxdur, çünki itib. Televiziya rəhbərlərinin əksəriyyətinin işi inzibati xarakter daşıyır. Ona görə ki, formasiya dəyişdi və biz birdən-birə kapitalizmə keçdik. Burda da əsas məqsəd kapital artımına yönəlib. Bu gün cəmiyyəti birləşdirən xətlər azdır. Özəl televiziya kanalı reklam və sosial layihələr hesabına özünü idarə edir və buna görə də reytinqə xidmət etmək məcburiyyətindədir. Belələrinin içində öz ziyalılığını, mədəniyyətini qorumağı bacaran media barmaqla sayılacaq qədər olsa da, buna da sevinmək lazımdır. Bu gün yaşam şərtləri ağır olduğundan heç kəsi qınamıram. Amma bununla belə, medianın bu günü təbii ki, məni qane etmir.

- Keçək bugünkü fəaliyyətinizə...

- Abadlıq işləri əla gedir. İnanın televiziyadan ayrılmağıma çox sevinirəm. Bakı Abadlıq Xidmətilə bir əməkdaşlığım vardı. Sosial şəbəkə üzərindən bir layihə üzərində işləyərkən gözlənilmədən Laçın şəhərini abadlaşdırmağı Bakı Abadlıq Xidmətinə etibar etdilər. Buc çoxlarına təəcüblü gəldi. Lakin Bakının Ramana və Balaxanı qəsəbələrindəki abadlıq modelinin Laçına da tətbiq edilməsi məsləhət bilindi. Çünki 30 il böyük bir müddətdir. Bu illərdə şəhər mühitində yetişənlərin kəndə axını böyük çətinliklər yaradacaqdı. Tələbəlik vaxtımdan başlanan bu proseslər həyatımızda ağır izlər qoya bilib. Şəhid olan dostlarımızın itkisini, məğlubiyyəti, uğursuzluqları biz jurnalistlər sakit qarşılaya bilmədik. Və Laçının abadlaşdırılmasını eşidəndə hər şeyi ataraq qəti qərar verdim ki, mən gedirəm Qarabağa. Fəhlələrin arasında ayağı Laçına dəyən ilk qadın mən oldum. Tarixi və mədəni abidələrin qeydiyyatını apardım. Televiziyada işləyən həmkarlarımı burda filmlər çəkməyə çağırdım. İşlərin qızğın çağında bu çəkilişləri də edə bildik. 24 saat iş dayanmadan gedirdi. İndi də proseslər davam edir, ilk sakinləri də biz qarşıladıq. Gələn əhalini ruhlandırmaq, qopan bağları 30 ildən sonra bərpa etməyə çalışmaq o qədər asan olmasa da, var gücümüzlə çalışırıq. Bu gün Laçına gələn Bakıdan daha maraqlı bir gün keçirər. Laçın bu gün müasir şəhər səviyyəsindədir. Həkəri çayının kənarında gözəl bulvar salınıb, şəhər başdan-başa işıqlandırılıb. Əvvəllər burada qızlar bulaq başına gedərmişlər. Həmin bulaqların yerini bilənlərin sayəsində tapılaraq bulaq kimi yenidən quraşdırılıb. İstirahət yerləri, kafelər üstəlik də, gözəl təbiət. Əlbəttə ki, abadlaşdırılmalı böyük ərazilər çoxdur və zamanla onlar da sakinlərini qarşılayacaq.

- Həmkarın həmkarlarına sözü...

- Bir cümlə deyəcəyəm - vicdanlı olsunlar, çünki təmiz vicdan ruhun sakitliyi deməkdir.

SÖZARDI: Həmkarım danışdıqca o qədər mənə tanış məqamlarla rastlaşdım ki... Səsində belə, həmin tanış ahəngi hiss etdim. Çünki o, özünün dediyi kimi, Mailə Muradxanlının qızı idi. Mən də onun ünvanımıza dediyi: "Mən "525-ci qəzet"i hamımızın qəzeti adlandırıram və nə yaxşı ki, varsınız" sözlərilə daha bir həmkarla söhbətimzə nöqtə qoydum.

Tamilla M-zadə

 





01.04.2024    çap et  çap et