525.Az

Taksilərin sayı azaldılır


 

Taksilərin sayı <b style="color:red"> azaldılır</b>

Azərbaycanda taksi sayının azaldılması məsələsi son günlər daha da aktuallaşıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il yaydan bu yana taksilərin sayının 67 mindən 60 minə qədər azaldığını, Bakıda olan adam sayına görə isə 20 minə qədər taksiyə ehtiyac olduğunu deyib. Nazir müavini bildirib ki, taksi ilə bağlı ötən il qanunvericiliyə dəyişiklik edilib: "Taksilərə münasibətdə bütün meyarlar NK-ya təqdim edilən taksilərə dair tələblər sənədində müəyyənləşib. Bu gün taksi avtomobillərinə və sürücülərə qarşı tələblər orada yer alıb. Yaydan bu yana taksilər 67 mindən 60 minə qədər azalıb. Bakıda olan adam sayına görə isə 20 minə qədər taksi bəs edər. Bu, eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var, yük daşıyıcıları arasında da sürücü ehtiyacımız var".

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırda taksi fəaliyyətində bir sıra tələblər irəli sürülüb: "Tələblər həm sürücülərin özlərinə, həm də onların taksi kimi istismar etdikləri avtomobillərə şamil olunacaq və olunmalıdır da. Sürücünün yaşı 21-dən az olmamalıdır. Taksi fəaliyyəti ilə məşğul olan şəxsin ən azı iki il iş təcrübəsi olması şərtdir. Bununla yanaşı, davranış qaydalarını bilməli, sağlamlıqla bağlı problemi olmamalıdır. Narkotik, spirtli içki aludəçisi taksi sürə bilməz. Bunlar hamısı şərtlərdir. Qayda pozuntusu olmamalıdır. Bir şəxs dəfələrlə yol hərəkəti qaydalarını pozursa, qaydaları bilmirsə, çalışdığı ərazini tanımırsa, sürücülük hüququna məhdudiyyət qoyulmalıdır".

Ekspert qeyd edib ki, istifadəyə yararsız avtomobillərə taksi fəaliyyətində yer yoxdur: "Bəzən yaşı haradasa 20-dən çox avtomobillərlə taksi fəaliyyətini icra edənləri görürük. Köhnə, yararsız, müasir ekoloji tələblərə cavab verməyən avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz. Hesab edirəm ki, mərkəzləşdirilmiş sistem qurulmalı, tələblərə cavab verməyən avtomobillərin hansı ərazidə olduğu haqqında mərkəzə məlumatlar daxil olmalıdır. Məhdudiyyətlər avtomobilin tipinə də aid edilməlidir, məsələn, həcmi çox kiçik olan maşınlardan taksi kimi istifadə oluna bilməz. Taksi fəaliyyətinin tək iqtisadi tərəfdən deyil, təhlükəsizlik tərəfdən də nəzarətdə olmağı vacib, zəruridir".

E.Cəfərov qiymətlərin artırılmasına ehtiyac olmadığını vurğulayıb: "2023-cü ilin yayında ölkədə çalışan xarici transmilli taksi şirkətləri sövdələşərək minimum qiyməti 1 manatdan 2,5 manata qədər yüksəltdilər. Əslində, Azərbaycanda taksi qiymətləri yüksək deyil. Əlçatandır. Sadəcə, dəyişən tarifdir, bayram günlərinə, iqlim şəraitinə görə dəyişir. Bundan sonra yüksəldilməsinə ehtiyac yoxdur".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, ümumilikdə Bakıda 60 min taksinin olması fəsaddır: "Çox sayda aşağıbüdcəli taksilərin olması fəsaddır. Bunu, əslində, şəhərdə çeşidli nəqliyyatın olmaması və şəbəkənin azlığının fəsadı kimi qiymətləndirmək olar. Hazırkı vəziyyət dəyişməsə, nəqliyyat kollapsına gətirib çıxaracaq".

Ekspert taksilərlə bağlı islahatların tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: "Avtomobillərin əksəriyyətinin qeyri-qanuni sərnişindaşıma ilə məşğul olması, qısa məsafədə səfərin təşkili ümumi nəqliyyat şəbəkəsində problemlər yaradır. İslahatlar qaçılmaz idi. Sürücülərin istismarı, sərnişinlərin narazılığı var idi. Buna görə də taksidə islahatlar nəzərdə tutulub. Bununla paralel səfərlərin təşkili baxımından insanlar üçün alternativlər formalaşdırılmalıdır. Eyni küçədə fərqli məsafələr üzrə insanlar üçün şərait yaradılmalıdır. Piyada infrastrukturu abadlaşdırılmalı, baryerlər aradan qaldırılmalıdır. İnfrastruktur mobillik imkanları az olan insanları da nəzərə alaraq qurulmalıdır".

Onun fikrincə, nəqliyyat vasitələrində çeşidlilik təmin olunsa, taksiyə ehtiyac azalar: "Şəhərimizdə avtobus zolaqları, mikromobil vasitələr üçün şərait yaradılır, bunların şəbəkələşməsinə ehtiyac var. Bütün bunlar hazırkı vəziyyəti dəyişəcək qərarlardır. İndiki halda avtobus və taksilərdən asılı vəziyyətdəyiksə, çeşidlilik icra olunsa, insanların səfərlərinin təşkilində alternativləri olacaq. Özləri seçim edəcəklər. Tramvayların qaytarılması, metro şəbəkələrinin konseptual plan əsasında olması, xətlərin əlaqələnməsi, elektrik qatarlarının genişlənməsi taksilərə ehtiyacı azaldacaq. Taksidən əlacsızlıqdan istifadə edirik. Taksi sayı mərhələli şəkildə müəyyən olunacaq. Qiymətlərə gəlincə, minimum 2,5 AZN müəyyən olunsa da, sifariş verəndə fərqli qiymətlər təklif olunur. Taksi qiymətlərini təqdim olunan keyfiyyət və bazar tənzimləyir".

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, taksi fəaliyyətində qiymətlərin artması gözlənilmir. Lap olsa belə, ciddi qiymət artımı müşahidə olunmayacaq. Amma işbazlar bundan istifadə edib hər hansı qiymət artımına rəvac verə bilərlər: "Bakı şəhərində müxtəlif nəqliyyat vasitələri ilə bağlı tənzimləmələr həyata keçirilir. Taksi fəaliyyətində islahatların aparılması uzun bir proses olacaq. Çünki bu gün əhalinin böyük hissəsi taksi fəaliyyəti ilə məşğuldur. Onun üçün də burada ilk növbədə şirkətlərlə əməkdaşlıq edən taksilərlə bağlı islahatlar aparılacaq".

Aslan Əsədovun fikirincə, əslində işbazlar üçün qiymətlərin artması ilə bağlı həmişə bəhanə var.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, hazırda taksilərin sayını azaltmağa ehtiyac yoxdur. Çünki taksilərin fəaliyyəti tıxaclara elə ciddi təsir göstərmir: "Əksinə, taksilər paytaxtda ictimai nəqliyyatın yükünü azaldır. İctimai nəqliyyat inkişaf etmədiyindən taksilərə tələbat yaranıb. Ona görə də taksilərin sayının azaldılması üçün inzibati tədbirlər görülərsə, qiymətlər artacaq. Halbuki taksi sektoru yeganə sahədir ki, qiymətləri insanları qane edir".

Ekspert bildirib ki, son 10-15 ildə bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb: "Taksilərin sayı azaldılsa, qiymətlərdə artım müşahidə olunacaq. Digər tərəfdən, bu gün paytaxt əhalisinin məşğulluq probleminin həllində taksi sektoru mühüm rol oynayır. İşsiz insanlar taksi fəaliyyəti göstərməklə ailələrini dolandırırlar. Bu gün iş-güc yoxdur, insanlar iş tapa bilmirlər deyə taksi sürməyə yönəlirlər. Taksi sayının azaldılmasının əhalinin məşğulluğuna mənfi təsiri olacaq. Bu, minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər. Ona görə də taksilərlə bağlı qərar qəbul edilərkən ciddi düşünülməlidir".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının dediyinə görə, zamanında qanunvericiliyin tələbinə cavab verməyən taski sürücüləri özləri bu fəaliyyətdən kənar qalacaqlar: "Hazırda taksi fəaliyyəti göstərmək istəyənlər təlim keçərək sertifikat almalıdırlar. Amma indiyədək 60-70 min taksi sürücüsündən 14 mini sertifikat alıb. Gələcəkdə taksi sürücülərinin tibbi müayinədən keçməsi nəzərdə tutulub. Əgər bu proses şəffaf aparılarsa, narkotik maddə aludəçisi olan, psixi sağlamlıq problemi olan taksi sürücüləri də taksi xidməti göstərə bilməyəcək. Bu zaman taksi sürücülərinin bir qismi də belə taksi xidməti göstərməkdən kənarda qalacaq. Tələblərdən biri də taksilərin texniki tələblərə cavab verməsidir. Texniki vəziyyəti uyğun olmayanlara da taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Növbəti mərhələ isə 10-15 ildən köhnə olan avtomobillərlə taksi fəaliyyətinə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı olacaq. Bu tələblər zamanla taksilərinin sayının azalmasına gətirib çıxardacaq".

Ekspert deyib ki, taksilərin sayının artmasının səbəbləri müxtəlifdir. Bu, iqtisadi amillərlə də bağlı olduğundan, problemin öhdəsindən gəlmək tək bir nazirliyin işi deyil: "Bu gün Bakıda taksi xidməti göstərən sürücülərin bir qismi doğrudan da işsiz olduğu üçün taksi fəaliyyəti göstərir. Bir qisim isə rayonlardan Bakıya məhz taksi işləmək üçün gələnlərdir. Onların arasında işsiz olanlar da var, qonşudan geri qalmamaq prinsipi ilə Bakıya gələnlər də. Ona görə də taksi sürücülərinin sayının artması məsələsi hökumətlə birgə müzakirə olunmalı, səbəbləri araşdırılmalı, çıxış yolları tapılmaldıır. Bu məsələ İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə Nazirliyi, hökumətlə birgə müzakirə olunmalıdır".

E.Muradlı bildirib ki, taksilərin sayının azaldılmasının ziyanı ilk növbədə taksi fəaliyyətindən kənar qalanlara dəyəcək: "Ona görə də araşdırılmalıdır ki, taksi fəaliyyətindən kənarda qalanlar niyə özlərinə bu peşəni seçiblər. Bu gün Bakıda taksi xidməti göstərənlərin bir qismi illərdir bu işlə peşəkar məşğul olanlardır. Düşünürəm ki, taksi işlədənlərin heç birini bu prosesdən kortəbii kənarda saxlamaq olmaz. Onların da məşğulluğu barədə hökumət düşünməlidir".

Sevinc QARAYEVA

 

 





01.04.2024    çap et  çap et