525.Az

Türkiyədən demokratiya dərsi - Sosial şəbəkədə yazılanlar


 

Türkiyədən demokratiya dərsi - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Cavanşir Vəliyev, sosial şəbəkə istifadəçisi:

- "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cumhur İttifakı" adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.

Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir:

"Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi".

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.

 

Elçin Rüstəmli, jurnalist:

- Ərdoğan seçkinin nəticələrini dəyərləndirdi və çox yaxşı mesajlar verdi. Onun nifrətdən, kindən uzaq bu çıxışı Türkiyənin indiki böhrandan çıxması üçün yaxşı zəmin yaradır...

Seçkidə məğlubiyyətdən sonra lider kimi tərəfdarlarının qarşısına çıxıb onlara moral verməsi onun güclü liderliyindən xəbər verir.

 

Asif Nərimanlı, jurnalist:

- Seçki nəticələrinə görə, CHP bələdiyyələr uğrunda mübarizənin qalibidir, xüsusilə İstanbul və Ankaranı yenidən əllərində saxlamaq ötən il prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra ana müxalifət üçün "ümidli gələcək" gözləntisi yaradır. Bu, həm də Əkrəm İmamoğlunun post-Ərdoğan dövründə Türkiyənin lideri ola biləcəyi perspektivinin davam etməsi deməkdir.

Bələdiyyə seçkilərindəki qələbədə CHP-dəki lider dəyişikliyinin də önəmli payı var. Kılıçdaroğlu qalsaydı, narazı CHP-lilərin boykotu nəticələrə ciddi təsir edə bilərdi. Bu seçkilər CHP sədri Özgür Özelin də mövqelərini gücləndirəcək. Hərçənd, bu seçkinin nəticələrinin Türkiyənin gələcək siyasətinə yön verəcəyi - 2028-ci ildən sonra post-Ərdoğan dövrünü müəyyən edəcəyi fikri sual altındadır.  

Birincisi, CHP-nin elektoratı təkbaşına hakimiyyətə gəlməyə imkan vermir, müttəfiqlik edəcəyi qüvvələr isə AKP-MHP ittifaqından fərqli olaraq, Türkiyəni koalisiya hökumətlərinin olduğu siyasi xaos dövrünə qaytara bilər. Ki, bunu Türkiyə dövləti və elektoratı istəmir.

İkincisi, dünya müharibələr, qlobal toqquşmalar mərhələsinə keçib və bunun uzunmüddətli olacağı aydındır: belə bir dövrdə Türkiyədə mövcud siyasi xəttin davam etməsi AKP proqramından daha çox, dövlət strategiyası olaraq görünür və bu strategiya CHP-nin siyasi xətti ilə uzlaşmır.

Üçüncüsü, böyük şəhərlərdə AKP müəyyən faizlə geridə qalsa da, Türkiyə üzrə üstün elektorata malikdir və dünyada millətçiliyin yüksəlməsi fonunda bu elektoratın dəyişəcəyi gözləntisi azdır. Lakin bu seçkilər AKP-yə 2028-ci il üçün xəbərdarlıq xarakteri daşıyır və bunu nəzərə alacaqları bəllidir. Ümumilikdə isə Türkiyədə AKP-nin (hazırkı siyasi xəttin) mərkəzi idarəçiliyi, CHP-nin isə yerli idarəçiliyi həyata keçirməsi kimi tendensiyanın başlandığı da müşahidə edilir.

 

Elçin Mirzəbəyli, media eksperti:

- Bu gün, 31 mart soyqırım günündə Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən soydaşlarımızın cəsədlərinin kütləvi məzarlıqlardan tapılan qalıqları Şəhidlər xiyabanında torpağa tapşırıldı...

Müşahidə etdiyim mənzərənin qarışıq hisslərindən hələ də ayrıla bilmirəm. Geridə qalan 4-5 saatlıq yol qısa bir zaman kəsiyində yaşadıqlarımın yükünü çəkməkdə acizdir. Bu ağrı-acını onillər boyu ürəklərində, əzabla yoğrulmuş xatirələrində daşıyanlar nələr çəkiblər və necə çəkiblər... İndi bu suallara cavab tapmaq çox çətindir.

...İndi, uzun illərdən bəri adı gələndə ruhumuzu sarsıdan Xocalı azaddır... Əsarətdən, adsızlıqdan, itkinlikdən, kimsəsizlikdən qurtulan şəhidlərimizin ruhu da həmçinin...

Allah rəhmət eləsin.

 

Əfqan Qafarlı, jurnalist:

- Türkiyənin azərbaycanlılar çoxluq təşkil edən Qars bölgəsində budəfki bələdiyyə seçkisi Milliyətçi Hərəkat Partiyasının (MHP) xeyrinə nəticələnir. MHP namizədi Ötüken Senger rəqiblərini xeyli geridə qoyub. Kürdlərin partiyası bu dəfə uduzur.

Ötən dəfə - 2019 seçimlərində Qarsda PKK yandaşları - kürdlərin HDP-si qalib gəlmişdi.

 

Vüqar Zifəroğlu, filologiya elmləri doktoru:

- Qardaş Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrindən maraqlı məqamlar ortaya çıxır:

1. AKP-nin bir çox yerlərdə namizdlərini dəyişdirməmək qərarı alması, partiyanın bir sıra illərdə az səs yığması ilə nəticələnir;

2. Yenidən Refah Partiyasının AKP-nin nüfuzlu olduğu bölgələrdə səs alması müşahidə olunur ki, bu da dini həssaslığı olan seçici səslərinin müəyyən hissəsinın iqtidar partiyasından YRP-ə keçməsi deməkdir;

3. Sıravi türk vətəndaşının iqtisadi problemlərə münasibəti özünü bələdiyyə seçkilərində göstərir;

4. İYİ partiyanın nəticələri gözləniləndən də aşağı oldu və faktiki olaraq partiya ciddi məğlubiyyət yaşamaqdadır. MHP-nin nüfuzlu olduğu bölgələrdən narazı milliyyətçilərin az sayda səsini ala bilsə də, nəticələrə təsir edə biləcək gücdə deyil;

5. Yeni rəhbərliklə CHP, 1989-cu ildən bu yana ilk dəfədir ki, bələdiyyə seçkilərində belə uğurlu nəticələr əldə etdi;

6. Əsasən böyuk şəhərlərdən etiraz məqsədi ilə AKP tabanından seçkilərə qatılmayanların olması, nəticə etibarı ilə ana müxalifət partiyasına 2019-cu il seçkiləri ilə müqayisədə əldə etdiyi nəticələrə görə İstanbul, Ankara və İzmirdə bələdiyyə məclisində çoxluqda təmsil olunmaq imkanı verə bilər;

Nəticə: Görünən budur ki, AKP müəyyən təsiredici, hətta partiya daxilində bir qisim dəyişikliklərə getməli, eyni zamanda iqtisadi problemlərin həll edilməsi istiqamətində daha nəticəli addımlar atmalıdır. Prezident seçkilərindəki qalibiyyətin üstündən 10 ay keçdikdən sonra mövcud mənzərənin ortaya çıxması, əslində həm də ciddi çağırışdır və seçicinin xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

 

Fərid Pərdəşünas, texnobloger: 

- Nəqliyyat sahəsində atılan addımları doğru hesab edirəm. Amma bu addımlar gecikmiş addımlar idi. Lazım olan hərəkətlər hələ bu qədər xaos yaranmamış atılsa idi, bu qədər taksi sürücüsü işsizlik təhlükəsi ilə üzləşməzdi. Nəqliyyat sahəsində bu qədər sürətli dəyişikliklər bir neçə aya effektini verəcək. Paralelində ictimai nəqliyyat ilə də bağlı yeniliklər gəlir.

Bu sürətlə atılmalı olan addımların biri də sahibsiz küçə heyvanları ilə bağlı olmalıdır. Bu dəqiqə vəziyyət elə hala gəlib ki, heyvansevənlər ilə, küçə heyvanlarını övladlarından qorumaq istəyən şəxslər üz-üzə dayanıb. Hazırda mövcud qayda və tənzimləmələr bu sahəni ələ ala bilmir. İtlərin güllələnməsi görüntüləri hər gün mənə göndərilir. Bu, belə davam edə bilməz. Əgər biz sivil inkişaf yolunu seçmişiksə, dayanıqlı və şəffaf konsepsiyamız olmalıdır.

Sonradan atılacaq addımlar artıq heç nəyi dəyişməyəcək. Çünki küçə heyvanları artaraq, davam edir. Bir yerdə nəzarət itəcək və artımın qarşısı alına bilməyəcək. Düşünürəm ki, adiyyəti qurumlar sığınacaq saylarını bələdiyyələr ilə birgə artırmalı, özəl xeyriyyə fondları yaradılmalı, şəffaflıq təmin olunmalı, küçə heyvanlarına qarşı amansız davrananlar cəzalandırılmalı və sivil ortaq məxrəc tapılmalıdır.

 

Etibar Əliyev, millət vəkili:

- UNEC rektoru, professor Ədalət Muradov Sülh üzrə Nobel mükafatı laureatı Muhammad Yunusun müraciətini nəzərə alaraq onu sosial biznes məsələləri üzrə müşavir təyin edib. Çox yaxşı nümunədir.

Muhammad Yunus kimdir?

Nobel mükafatı iqtisadçılara adətən mürəkkəb riyazi və məntiqi nəzəriyyələrə görə verilir. Nobel Sülh Komitəsi 2006-cı ildə bir milyonçunun nəcib davranışını nəzərə alaraq mükafatı ona verdi. O  şəxs banqladeşli Muhammad Yunusdur. M.Yunus yoxsul ölkəsi üçün yoxsulluğa qarşı "dərman" tapdı və tətbiq etdi. Varlı dövlətlər yardımlar və müxtəlif dotasiyalar vasitəsilə yoxsul ölkələrə kömək göstərməyə çalışırlar. Lakin bu, əbədi ola bilməz. İnkişaf etmiş ölkələr yoxsul ölkələrə bir neçə il ərzində kömək göstərir, amma yoxsulluq yenidən geri qayıdır.

Dünyada əsasən mikrokreditlər üçün milyardlarla dollar vəsait ayrılır. Kreditlər suveren borclar kimi geri qaytarılmalıdır. İnsanlar buna həm də vərdiş ediblər. Heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə mülkiyyəti olmayan - nəsə girov qoymayan kasıba kredit vermirlər. Muhammad Yunus ilk dəfə ən kasıb insanlara işə başlamaq üçün kiçik məbləğdə pullar verməyə başladı. Beləliklə, o, əvvəlcə Banqladeşdə, sonra isə digər ölkələrdə yoxsulluğun ağır daşını tərpətdi. Muhammad Yunus nəhəng bir mikrokredit dünyası yaratdı. Bu, həm də biznes fəaliyyətinin sosial cavabdehliyi və yeni maliyyə alətinin kəşfidir. Heç bir müqavilə imzalamadan kredit verilməsi və sonradan verilən vəsaitin 93,8 faizinin geri qaytarılması doğrudan da möcüzə idi. Onun bankı ipoteka kreditləri və faizsiz təhsil borcları da verir. Dünyasını dəyişənə isə borc bağışlanırdı.

Muhammad Yunus bu hərəkəti ilə qısa bir vaxtda ölkəsində yaşayış səviyyəsini 6,7 faiz qaldırdı. Onun Nobel nitqi də son dərəcə maraqlıdır: "Yoxsulluq - cırtdan ağaca bənzəyir. Sizin böyüməyiniz üçün kiçik bir əsas var. Amma siz kiçik boylu ağaclarsınız. Siz nəhəng bir ağac da ola bilərsiniz, ancaq bunu aydınlaşdırmaq çətindir. Yoxsulluq bax, belə bəladır.

Biz kasıblara deyirdik: Evinizdən başqa bir evə gedəndə özünüzlə nəsə götürün. Məsələn, xeyirxahlıq üçün nəsə götürmək istəmirsinizmi? Qolbağı, peçenye, şam götürmək olmazmı? Onda dərhal sizin seçiminiz yaranacaq. Ya siz xeyirxahlıq etməlisiniz, ya da nəsə satmalısınız. Ola bilər ki, bir evdə onu satasınız, başqa bir evə isə xeyirxahlıq göstərəsiniz".

Bu ifadələr göstərir ki, Muhammad Yunus həm də fikir adamıdır, nəhəng müsəlmandır. Bütün ölkələr yoxsulluğa qarşı müxtəlif üsullar axtarır. Amma Muhammad Yunusun seçdiyi metod çox unikaldır. İnsanlar arasında etimad mühiti yaratmaq və onu vərdiş halına salmaq az iş deyil.

Bu nobelçinin bioqrafiyasını və yazdığı kitabı oxuyarkən təəccüblənməmək mümkün deyil. Onun istəklərinin həyata keçməsi üçün heç kim ona maneçilik göstərməyib.

Nobel Komitəsində onun timsalında "yoxsulluğun müalicəsi" termini işlədilib. Bu, olduqca maraqlı məsələdir. Yoxsulluq doğrudan da xəstəlikdir.

Banqladeş biznesmeninin metodu artıq Avropa və ABŞ-a da ayaq açıb. Muhammad Yunusun kreditləri hesabına 135 milyonluq bir xalqın həyat səviyyəsi müəyyən qədər yüksəlib.

 





02.04.2024    çap et  çap et