Zeynəb ƏLİQIZI
Afaq Məsudun "Bekar" hekayəsi yaddaşımdakı klassik yazıçılarımızın əsərləri sırasında layiqli yer tutur. Hekayə qəhrəmanının isə o "yer"dən həm uzağa, həm də yaxına boylanıb baxa bilən nəzərlərinin qəribə bir fantaziyası da qalıb yaddaşımda. Bəlkə də, hər birimizin uşaqlıq çağlarında yaşadığı duyğuların toplusudur "Bekar". Müəyyən yaşda - şüurun artıq formalaşmağa başladığı, təfəkkürlə yaddaşın birləşib müxtəlif cizgilər yaratdığı dövrlərdə hər kəsin maddi dünyasında "bekar" ola biləcək qədər bir məqamı olur. Elə o məqamın da pərdəarxası görüntüsü "bekar"ınkı ilə bir növ eynidir. Amma nədənsə bu hekayənin adı mənim xəyalımda "Qarğış" olaraq qalıb. Və müxtəlif səbəblərdən mənim bunu araşdırmaq imkanım, vaxtım olmayıb...
Mən bu hekayəni orta məktəbin elə orta siniflərində oxuduğum zaman mütaliə etmişəm: hekayə hansısa jurnalda, çox güman ki, "Azərbaycan" jurnalında idi. Bu da mümkündür ki, həmin vaxt "Qarğış" adlı başqa bir hekayə ilə "Bekar"ın mövzusu məktəbli yaddaşımda qarışıq düşə bilərdi. Hər halda, bu hekayə yaddaşıma uzaq uşaqlıq illərində hopub.
Hekayənin məzmunu ilk baxışdan sadədir. Lakin dərin psixoloji qatlara varma onu bir qədər mürəkkəbliyə doğru aparır. Belə ki, əsərin qəhrəmanı "bekar" bir yeniyetmə oğlandır. İşi-gücü olmayan bu tələbə oğlan evdədir. Yay tətilinin ləzzətli anlarını çarpayıda uzanaraq duyur; öz illüziyalarının çək-çeviri ilə məşğul olur. Bəlkə də, hər kəsin bu yaşda keçirdiyi oxşar hisslər heç bir xüsusi müdaxilə istəmədən bir xətt boyunca, ardıcıllıqla təsvir edilir. Qəhrəmanın düşündüklərinin eynisini vaxtilə həmin yaşda olub düşünən kəs İnsanla Zaman arasında bir qapalılığın mövcudluğunu hiss edir. Həyata bir qədər yanakı baxışı olan qəhrəman ortabab sovet ailəsinin övladıdır. Onun zövq mənbəyi, xüsusi məşğuliyyəti yoxdur. Bu həyatda ayaqlarını sürüyə-sürüyə ömür sürənlərdəndir. O, heç kəsin əzizi, sevimlisi deyil, hətta anasının da... Ananın qayğılı, daim yorğun siması onu təbdən çıxarır, amma bunun səbəbini tam mənasıyla dərk edə bilmir. Ona görə yox ki, bu barədə düşünə bilmir, ya da özünü yorub düşünmür. Sadəcə olaraq, bu psixoloji ağırlıq onu əzir, sıxır, düşüncələrini yorur, həyat ritmini korlayır. Yeknəsəq, usandırıcı həyat tərzi maraqsızdır, xəyal qurmaq üçün fantaziyası yetərli deyil. Fikirlərində həyatın bir başqa cür ab-havasını yaşayır, onu təsəvvüründə canlandırmaq istəyir, amma bunun üçün illüziyası çatışmır. Bəs bu, kimin günahıdır, bekarın özünün, ya anasının? Bəlkə, taleyindir bu günah?
Oğlan "bekarlığa" çıxmaq, "bekar ərazisini" dolaşmaq, "bekarlıq zirvəsini" fəth etmək istəyir sanki. Cəmiyyətə, həyata o zirvədən üzüaşağı baxmağa çalışır. Elə o anda da sanki gözləri qaralır, başı hərlənir və üstdən aşağı fırlana-fırlana, yumalana-yumalana düşür əl çəkə bilmədiyi, tərk edib ayağa qalxa bilmədiyi yorğan-döşəyinin içinə. Rahat, isti yataqda xumarlana-xumarlana, xumarlandıqca xoşhallana-xoşhallana vaxt öldürmək, əlinə keçəndən, olan-olmazdan yeyib tavana baxa-baxa oradakı mənzərənin içinə çəkilmək hünəri onu həyata qapı arasından baxmağa vadar edir. Hələ sona qədər dərk edə bilmədiyi yaşam ritminin qaydaları ilə ayaqlaşmaq üçün yataqda arxası qatda uzanıb qalmaqla ayaq üstə olmağın zəruriliyi arasında çaşbaş qalır. Bekar arada yorğanın altından sivişib çıxır, mətbəxə qaçıb qazanların qapağını açaraq özünə yemək axtarır. Qətiyyətsizliyi, özünə inamsızlığı, qorxusu... onun sinir hüceyrələrinin bir-birini kobudluqla "itələyib" birisinin o birinin yerinə keçməsinin təzahürüdür. Adama elə gəlir ki, bekarın bekarçılıqdan üz-gözünü də çil basıb. Beynində milçəktək, mığmığatək dolaşan fikirlər onu tərk etmir. Əlindən iş-güc gəlməyən bu binəvanın bütün bədəni sanki pas atıb. Məhz hansı iş-güc? Sovet dövrünün iri şəhərində, paytaxtda, bina evində... hansı və nə cür bir işin qulpundan yapışmaq olardı axı?
Zamanın uzun ömrünün axarında -sovet rejimi vaxtında və onun can üstə olduğu vaxt da bekarlar həmişə olub, elə indi də var. Amma nə onlar bu bekardan, nə də bu bekar onlardandır. Bizim bekarımızın bekarçılığı artıq onun həyat tərzidir ki, bu da xarakterinə hopub. O bu bekarçılığından qopa bilmir, onu özündən ayırmaqda gücsüzdür. Otağının divarlarına, tavanına zillənən baxışları bu tələbə oğlanın sanki heysiz vücudunun yeganə "diri" hərəkətidir. Tavandakı ləkələr oğlanda qəribə təsvir meylləri yaradır: "Tavanın suvağı ovulmuş, bəzi hissələri yağış sızmalarından əcaib ləkələr atmışdı. Buradan - aşağıdan baxanda alçaq təpələrlə sıralanmış bozumtul səhranı xatırladırdı. Diqqətlə baxanda burada hətta dağlar da var idi. Dağların bəzi cizgiləri kölgələnib qaralmışdı deyə hündürlüklərini dəqiq müəyyən eləmək olmurdu".
Bekarın təsəvvüründəki mənzərə elə də ürəkaçan deyil, əksinə, cansıxıcıdır. O, "alçaq təpələrlə sıralanmış bozumtul səhrada" azıb qalmışdır və buradan yol tapıb real həyata çıxa bilmir. Orada, tavanda gördüyü və "hündürlüklərini dəqiq müəyyən" eləyə bilmədiyi dağlar isə onu getdikcə aşağı sıxırmış kimi yatağından qalxmasına, yeriməsinə, müstəqil addım atmasına, özünü təsdiq etməsinə mane olur. O, ana uşağıdır, amma sevimli deyil. Bədbəxtlik də elə bundadır ki, "...anasının ondan da, özündən də... zəhləsi gedir". Bekarın nə edəcəyini bilmədiyi məqam da elə bundan doğur. Görəsən, nə etsə, yaxşı olar? Bəlkə, bir qəhrəmanlıq eləsin, ya qeyri-adi bir iş tutsun, anasının hörmətini qazanmaqdan ötrü... Bəlkə, onda "...anası kinayə dolu gözlərini onun üzünə zilləyib: - Xeyir ola?!. Gün hayandan çıxıb belə?.." deməyəcəkdi... Artıq "utanmaqdan da bezən" bu zavallı bekarın günahı nə olmuşdu, görəsən? Anasının talesizliyininmi günahını daşıyırdı? Onun "içlərini gündə-gündə doldurub mərtəbələri üzüyuxarı daşıdığı o bərabər çəkili zənbillər"də idimi bu günah? Bəlkə, bu zənbillər anasının onun boynuna yıxdığı minnəti idi? Övladından bir təmənnası vardımı ananın? Onun valideynlik, analıq borcu bura qədərmi idi? Ananın tale yükünün ağırlığını bu biçarəmi çəkməliydi? Otağın tavanındakı cizgilərdən, hamamın köhnə qapısından bəlli olur ki, bir ailənin, bəlkə də, bir nəslin ağrılı-acılı ömür yoludur bekarın içini titrədən: "Yarısından çoxu sümüklü ətin altında qalıb əzilən yumurtaları görəndə anası ona kədər içində elə baxmışdı, elə bil yumurtaların sınmağıyla anasının tale oxunun səmti dəyişmişdi..."
"Qalxıb ayaqlarını gecənin soyuğundan buzlamış başmaqların içinə saldı, titrədə-titrədə mətbəxə qaçdı". Bəllidir ki, bekarı titrədən yalnız soyuq deyil, həm də tənhalığıdır. Onu əlindən bir iş gəlməyən, vecsiz, bekar edən səbəblər var. Onun fəaliyyətini sıxıb daraldan, əl-qol açmasına imkan verməyən sıxıntıları var. Onu məyus, halsız edən tərəddüdlər var və bütün bunlar onun tale rəsminin cizgiləridir. Bundan başqa, onun həyat tərzini, yaşamını çərçivəyə salan bir rejim, quruluş da var ki, o quruluşun daxilində için-için, korun-korun yanmaqdadır, lakin bunu dərk edə bilmir. "...qapını o üzdən kilidləyib orada nəfəsini içinə qısa-qısa nəyi isə gözləyən"in kim olması onun təxəyyül həddindən çox uzaqdadır.
Onu özündən, qəlibindən, qılafından çıxara bilən gücün mahiyyətini anlamır. Hətta havanın qaralması kimi təbii proses belə, onda qeyri-adi mənfi duyğular yaradır. "Hava qaraldıqca tavan boyu sıralanan "dağlar", "dərələr" daha vahiməli görünürdülər... Buralar həm də haralarısa xatırladırdı..." Bekarın sanki keçmiş həyatında rastladığı, indiki məqamda ruhunun xatırlaya bilmədiyi buna bənzər məqamlar vardır: "Hava qaraldıqca kölgələr böyüyür, "dərələr" getdikcə dərinləşirdi..." Oxucunun, bəlkə də, ilkin məqamda anlaya bilməyəcəyi bu "dərinlik" qorxusu əsərin qəhrəmanının iliklərinə işləyib. Özünü ovutmaq, "gördüklərindən" yaxa qurtarmaqdan ötrü isə bu "qara-qura" fikirləri kənar edib, guya tavanda "gördüklərini" "Amerika" jurnalının üz qabığında gördüyü Ayın böyüdülmüş fotoşəklinə bənzədir. Bu cür psixoloji tamamlama prinsipləri əsər boyu oğlanı tərk etmir, əksinə, onun yanlış addımlar atmasına rəvac verir.
Qəribədir ki, onun dostu-filanı yoxdur. Hekayə oğlanın düşündüklərinin təcəssümündən doğsa da, xəyalında belə danışacağı qız və ya oğlan dostuna rast gəlinmir. Bu isə onun tamamilə tənhalığı, yalnız anasına sığınıb yaşamağı deməkdir. Nə yaxşı, heç olmasa, otağında yeganə canlı - pişiyi var. Amma elə bil pişik də ondan incik düşüb, o da oğlana məhəl qoymur. Ən azından, bekar mətbəxə qaçanda belə, çarpayısından hoppanıb yerə düşərək oğlanın ardınca qaçmır. Elə bil pişik də onun daxilindəki sıxıntılardan bezib...
Nəhayət, oğlan ayağa durur. Bu da hamama getmək, əllərini yumaq zərurətindəndir. Onun qapıyla tutaşması da təsadüfi olmayıb, zərurətdən doğur. Açılmayan, onun sözünə baxmayan qapı, nəhayət, önündə bir "kişi" görür və qarşısında "məğlub olur". Əslində, məğlub olan elə qəhrəmanın özüdür; bekarlığından ayrılıb gördüyü işin nəticəsi ona növbəti qorxusunu yaşadır - anasına nə cavab verəcək? Pərtlik, peşmanlıq hissləri bir-birinə qarışır, "iş nədi bilməyən nazik barmaqları", ağrıyan, yaralanan dizi onu bir az da utandırır.
Amma bu hissi də bayaqkı qorxu-ürkü kimi keçib-gedir. Çünki işdən qayıdan anası nəinki baş verənləri görür, bütün bunlara heç məhəl də qoymur. O öz yorğunluğunda, öz aləmindədir: "Deyəsən, nə güzgüdəki çapığı gördü, nə də qapının sınmış cəftəsini..." Necə deyərlər, anası bugünkü işini başa vuraraq elə bil növbəti günə hazırlaşır. "Anası əllərini dizlərinin üstünə qoyub yatmışdı... Sağ əli indicə ayağından çıxardığı corabı bərk-bərk sıxmışdı". Ömrü boyu yerimək (iş, ev, bazar yolu) bu qadını xanımlıqdan çoxdan çıxarıb, bununla belə, o, yuxuda da "start" halındadır - qalxıb getməyə, yeriməyə hazır vəziyyətdədir.
"Anasının bu yatmağında onun anlaya bilmədiyi nə isə, qeyri-adi bir məna vardı... Amma ha fikirləşdisə də, o mənanı anlaya bilmədi..."
Anlaya da bilməzdi! Ana bu haqda oğluyla bircə dəfə də olsun, danışmamış, bu barədə söhbət salmamışdı. Çantasını götürüb ya işə, ya bazara getmiş, yaxud evdə yemək hazırlamış və bütün analıq borcunu bununla bitirmişdi. Yalqız, tək qalan oğul keçmişdə nələrin baş verdiyindən, hazırda onu nəyin gözlədiyindən xəbərsizdir.
"Anasının ayaqları altında çömbəlib ona altdan yuxarı baxdı. Buradan baxanda anası orta əsrlərin qədim heykəllərinə oxşayırdı..." Beləliklə, oğlan öz müəmmalı keçmişinə baxır, anasının timsalında - ulularının daşlaşmış yaddaşında ona aydın olmayan, çözə bilmədiyi talesizliyin cizgilərini sezirdi... Elə bu fikirlərlə də "Başını ehmalca anasının ayaqlarına söykəyib qaldı və çox keçmədi ki, eləcə oturduğu yerdə yuxuladı..."
Bu mənzərə artıq şərhsizdir. Anadan üzübəri gələn ətalət, durğunluq, susqunluq, müəmmalı sükut, oğulu mütləq "bekar" etməli idi. Bu binəvanı qınamağın nə yeri?..