Röya MÜRŞÜDOVA
Filologiya üzrə fəlsəfə doktoru
Ağa Məhəmməd şah Qacarın həyatı, yaşadıqları onu tarix səhnəsində özəl bir şəxsiyyətə çevirib, zaman-zaman söz adamlarının diqqətini çəkmiş, ziddiyyətli fikirlərə aydınlıq gətirmək məqsədilə bir-birindən maraqlı Qacar obrazları yaradılıb. Azərbaycan ədəbiyyatında Ağa Məhəmməd şah Qacar mövzusuna, şəxsiyyətinə ilk müraciət edən görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyev olmuşdu. Yazıçı "Ağa Məhəmməd şah Qacar" faciəsində tarixi şəxsiyyət Qacarı əvvəldən hadisələrin inkişafına doğru ağıllı, tədbirli, əmrlərdə belə ölçüsünü aşmayan hökmdar kimi təqdim edir. Professor Ədalət Tahirzadənin dediyi kimi, "...Əbdürrəhim bəy Haqverdiyevdən başqa, demək olar ki, heç bir azərbaycanlı alim, yazıçı, düşüncə və söz adamı ölümündən keçən 200 ildə Ağaməhəmməd şaha yaxılan ləkələri təmizləməyə azca da olsa çalışmayıb". Ədəbiyyatşünaslar arasında bu fikri təkzib edən qənaətlər də az olmayıb. Görkəmli alim Yaşar Qarayev yazırdı: "Süjetin, hadisələrin mərkəzində öz qorxunc ehtirası ilə Qacar dayanır. O, fiziki cəhətdən xəstə, daxilən eybəcər, əzazil və bədsifətdir. Lakin iradə və hissiyyatında təcəssüm edən qətiyyət və qüvvət qeyri-adi və qorxuncdur. Təbiətən təhqir olunduğu üçün heç bir müqəddəslik, xeyirxahlıq və vicdan idealı tanımır, məhəbbət, mərhəmət hissindən məhrum, eqoist və ikiüzlüdür". Y.Qarayev bu fikirlərində nə dərəcədə haqlıdır? Bu deyilənləri Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı Qacar obrazına şamil etmək nə dərəcədə ədalətlidir? Axı Tiflis şəhərinin yandırılması əmrini verəndə, qardaşlarını, hətta Cəfərqulu xanı öldürtdürəndə, Qarabağı mühasirədə saxlayanda belə, dramaturq, Qacarı qaniçən, qəddar hökmdar kimi təqdim etmir. Əksinə, Haqverdiyev Qacara tarixi şəxsiyyət kimi dəyər verir, onu qələminin ucuyla dairəyə alaraq ünvanına söylənəcək, zaman-zaman üzləşəcəyi qınaqlardan qorumağa cəhd edir. Dramaturq tarixi hadisələri bütün detalları ilə əks etdirərək Qacarın yuxarıda sadalanan "qaniçən", "qəddar" qərarlara hansı səbəbdən gəldiyini də təsvir edir. Özünün də qeyd etdiyi kimi, "Qacara qədər hələ heç kəs Xacə olaraq İran taxtında əyləşməmişdi. Üzləşdiyi bütün insanlarda "doğmaz", "törəməz" bir insan təəssüratı yaradan şaha yadlar deyil, hətta ən yaxın adamları da həqarətlə baxır, rişxənd edir, qəlbini yaralamaqdan çəkinmir, onu İran taxtına sahib hökmdar kimi qəbul etmirdilər. Hadisələrin inkişafında Qacara qarşı ünvanlanmış təhqirlərin qarşılığında şiddət göstərməmək, cəzalandırmamaq ağılasığmaz bir reaksiya kimi görünərdi. Fərqli münasibət isə "peyğəmbəranə" bir humanistlik olardı ki, o da zamanın reallığına sığmazdı.
Faciədə Qacar istənilən bir vəziyyətdə atacağı addımların özünə hesabatını verir, başqa yol olmadığı üçün siyasətin tələbi olduğunu əsas gətirir. Qardaşının özü üçün deyil, gələcəkdə varisi üçün təhlükə olacağını duyan şah İranın gələcək rifahı naminə onu öldürməyə məcbur olur. Və yaxud İran şahı Kərim xan Zənd Qacarın atası Məhəmmədhəsən xanın kəsilmiş başını öz oğluna göstərmək kimi "ağlasığmaz" həzdən belə çəkinmir. Dirisindən intiqam almağa imkan tapmadığı üçün heç olmasa qəlbində yığılmış ağrı-acını, atasının qatilinə qarşı kinini onun sümüklərindən də olsa, alması zalımlıqdan daha çox Qacarın yaddaşında daşıdığı acı xatirələrin özünüifadəsi, nəticəsi kimi dəyərləndirilə bilər.
"Bakı-1501" romanında Şah İsmayılın babası Şeyx Cüneydin, atası Şeyx Heydərin qisasını almaq üçün Şirvana hücum etməsi və Fərrux Yasarı məğlub edərək öldürməsi, şahın nəşini axtarmağa əmr verməsinə dair təsvirlər bu baxımdan oxşarlığı ilə diqqət çəkir. Və qəribədir ki, ədəbiyyatşünasların sözü gedən romanla bağlı təhlillərində bu məqamlar "diqqət çəkmədiyi" halda, Qacarla bağlı yazılmış bir çox tədqiqatlarda onun bu "zalımlığı" qabardılır. Görünür, sovet dövründə S.Vurğunun yaddaşlarda daşlaşdırdığı "Qacar" obrazı haqqında fikirlər digər əsərlərin təhlillərinə də yansıyıb, hamı ümumi mövqeydən çıxış etməyə çalışıb. Yaradılan Qacar obrazı nümunəsindən çıxış edərək görkəmli ədəbiyyatşünasların birtərəfli münasibəti zaman-zaman tarixi şəxsiyyətin portretinin yaddaşlarda "şər qüvvə" kimi iz buraxmasına gətirib çıxarıb. Tədqiqatçı Mətanət Saraclı görkəmli yazıçının əsərindən çıxış edərək yazır: "Müəllif Qacarı qeyd etdiyimiz kimi, öz fərdi keyfiyyətləri ilə də fərqləndirir: parçalanmış İranı birləşdirməyə çalışan ağıllı, qətiyyətli siyasətçidir. İranın keçmiş şöhrəti ilə öyünüb onu qaytarmağa çalışan vətənpərvərdir. Bütün cəhdlərinə baxmayaraq, özünü Şah İsmayıl, Şah Abbas səviyyəsində görməyib, onların taxdığı atributları hələ özünə layiq bilməyən təvazökar sərkərdədir. Ən nəhayət, dünya nemətlərindən məhrum edildiyi üçün özünün şəxsi faciəsinin heyfini bütün cəmiyyətdən, bütün bəşərdən almağa qadir olan və bunu bacaran tragik xarakterdir".
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əli Əmirli, görünür, bu kimi səbəblərdən dolayı, Qacar şəxsiyyəti ətrafında dolaşan suallara aydınlıq gətirmək, birtərəfli səslənən fikirləri tamamlamaq, bəlkə də dəyişdirmək məqsədilə sözügedən mövzuya müraciət etməyə zərurət duyub. Ə.Əmirlinin əsəri Ağa Məhəmməd şah Qacarın gündəliyidir desək, qəribə səslənməz. Artıq bu əsərdə oxucu Qacarla daha yaxından tanış olur. "Bir insanı tanımaq üçün onu sevmək lazımdır" (L.Feyerbax) fikrindən çıxış etsək, dramaturq süjet boyu Qacarı oxucuya sevdirmək üçün onu tanıtmağa çalışır: "Bütün İran bilir ki, Ağa Məhəmməd şah Qacar nahaq cəza vermir, nahaq da mükafatlandırmır. Xəyanətə öz çəkisində cəza, xidmətə isə xidmətin özündən qat-qat üstün mükafat. Budur mənim ədalət tərəzim" deyərək öz hökmdar konsepsiyasını bəyan edir. Və "ədalət tərəzisi" ifadəsi Qacarın dilindən verilən gəlişi gözəl söz deyil, eyni zamanda hər addımında onu mizanı pozmağa, özünə belə həddi aşmağı qoymayan maddi əşya, daha dəqiq desək, "ədalət Allahı"nın bütüdür. Allahı da dərk etmək özünüdərkdən başlayırsa, Qacar bir şah olaraq içdiyi sudan, yediyi yeməkdən başlayaraq pəhrizkarlıq yolunu tutur, yanlış addım atmamaq üçün "tərəzisini" gözünün qarşısından götürməyə belə qoymur. Qacarın bu cəhətini xüsusi vurğulayan Əli Əmirliyə görə, yeməyində belə həddini aşmağı özünə icazə verməyən bir şəxsin etdiyi müharibələrdə, "tökdüyü qanlarda" ölçü, hüdud, mizan tərəzi tanımaması, "Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin" söyləməsi inandırıcı və məntiqli səslənmir. Tarixdə öz ağıl və bacarığı ilə avropalı tarixçilərin belə diqqətini çəkmiş Qacarın bədii ədəbiyyat vasitəsilə yaddaşlara köçürülmüş qorxunc portreti onun bir siyasi xadim, ədalətli şah kimi təqdiminə mane olur, şəxsiyyətinə dərin kölgə salır və bu kölgənin altında Ağa Məhəmməd şah Qacar bütöv əzəməti ilə görünmür.
Ə.Əmirli Qacarı müxtəlif tərəflərdən təqdim etməyə çalışır: insan Qacar, oğul Qacar, qardaş Qacar, hökmdar Qacar. Lakin dramaturqu Qacar sərkərdə, şah, müdrik siyasətçidən çox insan kimi maraqlandırır. "İnsan iztirabını təsvir edən tragediya": "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" əsəri birmənalı şəkildə "insan iztirab üçün yaranmamışdır!" ideyasını təlqin edir. Və Qacar faciə qəhrəmanı kimi dünya ədəbiyyatının ən məşhur tragik obrazları ilə eyni məkanı bölüşür. Əgər "Edipin faciəsi insani müdrikliyin məhdudluğunda, Hamletin zəifliyi ümumiyyətlə bəşəri qüdrətin zəifliyində idi"sə (Y.Qarayev), Qacarın faciəsi mənəvi ağrılarında və bir an belə yaddan çıxarmadığı, Allahın deyil, insan övladının əli ilə törədilmiş şikəstliyində idi. Prometeydə isə "...iztirab rəmzi məna ilə yanaşı, həm də xalis iztirabın özünü ifadə edir və həqiqi mənada fiziki, cismani bir əzabdır. Əksinə, ruhən və mənən o, rahat və xoşbəxtdir. Burada fiziki işgəncə də elə məhz ruhani rahatlığın təminatı naminədir. Yunan titanı fəal fədakardır. O, iztiraba nifrət edərək iztiraba dözür!" (Y.Qarayev). Təəssüf ki, Qacar Prometey qədər rahat və xoşbəxt deyil və bu iki vacib duyğunun yoxluğu onun "ruhi narahatlığının" səbəbidir.
Ömrünün böyük bir hissəsini Kərim xan Zəndin sarayında əsirlikdə keçirən, şahın dəftərxana rəisi olan, onunla eyni süfrəni paylaşan, ən ağıllı həmsöhbəti, məsləhətinə könül qızdırdığı Ağa Məhəmməd göz dustağı olduğu müddətdə özünün söylədiyi kimi, hətta tez-tez tülkü ovuna çıxarmış: "Kərim xan Zəndin əsiri olanda tülkü ovuna gedərdim. Ələ gətirdiyim heyvanın boynuna zınqırov bağlayıb sərbəst buraxardım. Tülkü bu zınqırov səsindən hürküb özünü ora-bura vurur, vurnuxur, kol-kosa girir, əldən düşənəcən ulayırdı, amma hər tərpənişindən cingildiyən səsdən yaxa qurtarmaz, təbiidir ki, ov da eləyə bilməzdi, hürküdərdi cəmi heyvanatı. Tədricən bu yad səsə alışan tülkü yaxşı ov eləyə bilməsə də, ac da qalmırdı, yaşamağın çəmini tapırdı, amma heç vaxt cütləşə bilmirdi, dişi tülkülər zınqırovun səsindən qorxub qaçırdılar. Yalqızlığa tab gətirə bilməyən zavallı heyvan qüssədən, tənhalıqdan hey ulayar, nəhayətdə canını tapşırardı. Mənim, bütöv İran səltənətinə hökmü çatan Ağa Məhəmməd şah Qacarın da içində boynundan zınqırov asılmış bədbəxt bir tülkü daim ulayır" söyləyən Qacarın faciəsi bu etirafında bütün əzəməti ilə görünür. Onun mənəvi yaşantıları, ağrıları Babəkin doğranması, Nəsiminin soyulması, Kopernikin yandırılması qədər dəhşət və kədər doğurur. Cəfərqulu xanı gözləyən Qacarın "işıqları gur eləyin, gərək barədərim bir vaxt iyrənib üzündən öpmədiyi qardaşının cah-calalını görsün" söyləyir. Dramaturq ən incə bir nüansa, tarixi materiallarda və xüsusilə də Qacar haqqında yazılmış bədii əsərlərdə onun qardaşlarına belə aman verməyən, canlarına qıyan qəddar təbiətinə deyil, əksinə, doğmaları tərəfindən belə sevilməməsi, hətta ən sevimli qardaşı Cəfərqulunun da ona qarşı olan qeyri-səmimi münasibətinə diqqət çəkir. Qacarın dəvətini qəbul edib nəhayət saraya gələn Cəfərqulu xanın anası Ceyran xanıma "Qardaşım bizdən ağıllıdır. Məndən gələcək təhlükəni o, mənim özümdən tez duydu. Şeytan çoxdan girmişdi ürəyimə, bunu iti fəhminlə sən də bilirdin, ana. Şükür ki, Ağa Məhəmməd tez tərpəndi. Ağıllı adam bəlanı dəf eləyəndirsə, müdrik adam bəlanın yaranmasına imkan verməyəndir. Nə qədər ki, fitnə odu alovlanmayıb, onu tədbir suyu ilə söndürmək məsləhətdir, sabaha qalsa, güclənib yanğına çevrilər. Qardaşım odu vaxtında, qığılcım halında olanda mənim isti qanımla söndürdü". Və bu etiraflardan da görürük ki, Əli Əmirli Qacarı belə addımları atmağa məcbur edən səbəbləri göstərməyə çalışır. Şahın içərisində yuva salmış təzadlı, bir-birinə qarşı durmuş ruh halı - mim formasında şahın mənəvi və maddi dünyasında konflikt yaradır. Və əsər boyu qəhrəmanın ruh halının varlığından kənarda verilməsi orijinallığı ilə maraq doğurur. Sevən mim, Taclı mim, Qız mim xarici mühitin müxtəlif vəziyyətləri kimi Qacara təsir edib onu yönləndirməyə çalışırlar. Anası Ceyran xanım ilə görüşərkən ətrafına ana sevgisi çiləndiyi üçün ən məhrəm sirlərini, zəif və güclü tərəflərini büruzə verməkdən çəkinməyən şah "Niyə mən gülə bilmirəm, ana" deyib daxilində baş verən tufanlardan, tənha olmasından danışır. Çevrəsində çoxlu sayda insanlarla əhatələnməsinə baxmayaraq, anasına "Mən tək sənə inanıram" deməsi zahirən parıltılı həyat tərzi içində olan şahın daxili dünyasının sönüklüyündən, yalqızlığından xəbər verir.
Ən maraqlı məqamlardan biri də ondadır ki, əsərdə konflikt hadisələrin inkişafında deyil, Qacarın öz içərisində baş verir. Dramaturqlar Qacarı bir hökmdar, bir sərkərdə kimi verdikləri halda Ə.Əmirlini Qacarın yalnız insani tərəfləri, müxtəlif vəziyyətlərdə keçirdiyi hisslər daha çox düşündürür. Ə.Əmirli hökmdar Qacar, oğul Qacar, qardaş Qacar, zahid Qacarı tamaşaçıya mənəvi halı - mimləri fonunda təqdim edir. Daxili səs - Qacarın monoloqları özü ilə tamaşaçını, oxucunu tanış edir. Faciədə müxtəlif obrazlar yer alsa da, onların hər biri Qacarın müxtəlif xüsusiyyətlərini üzə çıxarmaq, bütöv bir şəxsiyyət kimi təqdimatına xidmət edir.
Ə.Əmirlinin Qacarı sanki əsrlər boyu ona ünvanlanmış sualları cavablandırmaq, ziddiyyətli şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirmək, qəzəblənmiş rəssam fırçasında eybəcər hala salınmış portretini əlavə boyalardan təmizləmək üçün tarix səhnəsinə gəlir, əvvəlki əsərlərdəki birtərəfli təsvirləri tamamlayır. Qacarın şəxsiyyəti, obrazı, yarımçıq qalmış portreti tamamlanır. Digər dramaturqlardan fərqli olaraq Ə.Əmirlinin əsərində Qacar dünya malında gözü olmayan, zahiri dəbdəbədən qaçan, mənən asket olan bir zahid kimi təqdim olunur. Öz ağlı və müdrik addımları ilə şahlıq taxtını ələ keçirən Ağa Məhəmməd hakimiyyətin verdiyi səlahiyyətlərdən yalnız bir sərkərdə kimi istifadə edir, cəzaya layiq olanı cəzalandırdığı kimi, bəzən də günahkarı müdrikliyinə sığınaraq əfv edir, görməzliyə vurur. Əsərdə daimi daxili konflikti olan bu Qacar içində kələf kimi dolaşmış qəmlə sevinci üz-üzə qoyan bir insandır. Qüdrət sahibi olmasına baxmayaraq, tənhalıqdan əziyyət çəkir, daxilində yuva salmış bir zınqırov səsi daim onun ruhunu narahat edir. Və bu baxımdan Ə.Əmirlinin təqdimatında biz tənha, ətrafındakı insanlardan özgələşmiş, "kor bəxtinə" qəlbinin dərinliyində yas tutan Ağa Məhəmməd şah Qacarın - qüdrətli bir ölkənin hökmdarının böyük faciəsinin ifadəsini görürük. Şahın zahiri dəbdəbədən uzaq birisi olması dramaturq tərəfindən xüsusilə vurğulanır. Dünyanın bütün eyş-işrətindən uzaq olan, tərkidünya həyat tərzi sürən şahın ölüm mələyini böyük bir sevinclə qarşılaması uzun illərdən bu yana zindanda olan ruhunun qurtuluş məqamıdır. Məhz ölüm nəticəsində onun içindəki zınqırov əbədi susur, əzablar içərisində çırpınan ruhu nəhayət ki, rahatlıq tapır. Sufilərin fikrincə, "Ölüm bədənə məhkum olunmuş ruhun azadlığa qovuşma məqamıdır". Y.Qarayev qeyd edir ki, "Tragediyada ölüm - daha ülvi, təmiz və yüksək ictimai-əxlaqi vəziyyətə keçid deməkdir". Qacar da "Sənsən yuxuda gördüyüm gözəl ölüm, tanıdım səni" deyib ölümü sevinclə qarşılayır, əzablarının bitdiyi an kimi dəyərləndirib əbədi rahatlıq tapmaq üçün ruhunu təslim edir.
Mövlana Cəlaləddin Ruminin qənaətincə: "Allah insanı hər nəfəsdə yenidən yaradır". Faciənin sonunda müəllif sanki Qacarı ölüm anında yenidən yaradır, onun varlığına hakim kəsilmiş əzabın miqyasını, dərinliyini bütün çılpaqlığı ilə təqdim edir. Əsər boyu Qacarın şahid olduğumuz ağrı-acısı bir kəlmədə ümmana dönür və tamaşaçını özündə "qərq" edir. Dramaturq əzabın özünü belə obrazlaşdırmağa müyəssər olur. Lakin oxucunun düşüncəsində yenə də bir müəmma qalır: "Bütün deyilənlərə rəğmən" tarixi şəxsiyyət Qacar sözügedən müəlliflərin yaratdığı Qacarların əslində hansıdır?!