525.Az

Xaricdə təhsil üçün geniş imkanlar pəncərəsi


 

Xaricdə təhsil üçün geniş imkanlar pəncərəsi<b style="color:red"></b>

Bu il martın 1-dən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna start verilib.

13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Müvafiq siyahıda yer alan proqramlardan əlavə, namizədlərin universitetlər üzrə "Top10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub. "2022-2026-cı illər üzrə Dövlət Proqramı"na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçirilir. "2022-2026-cı illər üzrə Dövlət Proqramı"na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın dediyinə görə, proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub: "Ümumilikdə, "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsindəki aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinin 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən 125 nəfər məzun olaraq ölkəyə qayıdıb. Bu il martın 1-dən 2024-2025-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 15 iyunadək davam edəcək".

Turan Topalova deyir ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində sənəd qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 217 nömrəli 2022-ci il 1 iyun tarixli Qərarı ilə təsdiq edilən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydası" əsasında həyata keçirilir. Sözügedən Qaydada tələb olunan sənədlərlə yanaşı, namizədlər Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş 2024-2025-ci tədris ili üzrə "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısında yer alan xarici ali təhsil müəssisələrindən müvafiq proqram üzrə qəbul sənədləri alaraq proqrama müraciət etməlidirlər. Siyahı 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin "universitetlər üzrə top10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub: "2022-2026 Dövlət Proqramı" xaricdə bakalavriat və magistratura səviyyələrinə qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqrama müraciət üçün əsas şərtlərdən biri xarici ali təhsil müəssisələrindən qəbul sənədinin əldə edilməsidir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq siyahı dp.edu.az saytında yer alır. Sözügedən siyahıya daxil olaraq namizədlər uyğun proqramları seçib müvafiq xarici ali təhsil müəssisələrinə müraciət edərək, qəbul sənədi alsınlar və digər tələb olunan sənədlərlə birgə portal.edu.az səhifəsi üzərindən proqrama müraciət etsinlər".

Turan Topalovanın sözlərinə görə, Dövlət Proqramında hazırda dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən 125 nəfər məzun olaraq ölkəyə qayıdıb: "Tələbələrimiz ölkəmizi xarici ölkələrdə uğurla təmsil edir, təhsil aldıqları ali təhsil müəssisələrində Azərbaycan Cəmiyyəti yaradır, bizim adət-ənənələrimizi, bayramlarımızı, mədəniyyətimizi təbliğ edirlər. Bununla yanaşı, onlar akademik fəaliyyətlərində də kifayət qədər uğur qazanırlar. Məlum olduğu kimi, Proqramın məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Sözügedən məqsədin təmin edilməsi ilə bağlı qeyd edə bilərik ki, geri qayıdan məzunların bir çoxu isə artıq müxtəlif dövlət qurumlarında və özəl şirkətlərdə çalışaraq ölkəmizə öz töhfələrini verirlər".

Ölkədə gələcək inkişaf  prioritetlərini özündə əks etdirən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" bu proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc magistratura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirir. Onlardan biri də Böyük Britaniyanın London İmperial Kollecində MBA ixtisası üzrə magistratura təhsili alan Samir Zahid oğlu Rzayevdir. O deyir ki, dünya reytinq cədvəlləri üzrə ilk onluqda yerləşən universitetlərin birində təhsil almaq onun hər zaman hədəfləri arasında olub: "Bakalavr təhsilimi başa vurduğum dövrdə bu barədə bir qədər düşündükdən sonra xaricdə təhsil üçün hələ ki, çox tez olduğuna qərar verdim. Təhsil alacağım sahəni tam dəqiqləşdirmək, nə istədiyimi tam anlamaq üçün mənə bir qədər zaman lazım idi, buna görə də işləmək qərarına gəldim. İşlədiyim müddət ərzində böyük şirkətlərdə müxtəlif strukturlarda 6 ildən çox təcrübə topladıqdan sonra mənə tam olaraq gələcək karyeram üçün hansı sahə üzrə təhsilin lazım olduğuna qərar verə bildim. Bu qərarı verdikdən sonra da universitet seçimi etmək o qədər də asan olmadı. Top universitetlər üzrə təklif olunan çox sayda proqramların kurikulumlarını incələdikdən sonra "İmperial College Business School"da analitika üzrə MBA proqramına müraciət etmək qərarına gəldim".

Samir Rzayevin sözlərinə görə, Dövlət Proqramı hazırda ölkəmizdə gənclər üçün yaradılmış çoxsaylı imkanlar arasında ən vaciblərindən biridir: "Mənimlə eyni ixtisas üzrə təhsil alan tələbələr ilə apardığım müzakirələrdən sonra müəyyən etdim ki, digər xarici ölkələrin təklif etdiyi təqaüd proqramları Dövlət Proqramının imkanları ilə müqayisədə geniş deyil. Buna görə də, mən xaricdə təhsil hədəfi olan hər kəsə tövsiyə edirəm ki, bu unikal şansı dəyərləndirib Dövlət Proqramından yararlansınlar".

Təhsil aldığı ali məktəb, seçdiyi ixtisas barədə danışan Samir Rzayevin söylədiyinə görə, o, hazırda dünya reytinq cədvəli üzrə 6-cı sırada olan "İmperial College Business School"da "MBA in Analytics" proqramı üzrə təhsil alır: "Bu proqramı seçməkdə məqsədim analitika üzrə mənə lazım olan texniki və analitik bacarıqları mənimsəmək, ölkəmiz, cəmiyyətimiz üçün lazımlı bir mütəxəssis olmaqdır. Tədris sistemi daha çox müxtəlif biznes keyslər üzərindən həyata keçirilir, tənqidi düşüncə və sürətli qərar qəbul etmə bacarıqları aşılanır və magistrantlar böyük şirkətlərə potensial rəhbər vəzifələrə hazırlanır, bunlarla yanaşı, müxtəlif texniki biliklər də tədris olunur. Qeyd edim ki, xaricdə təhsil almaq tələbələrə xarici təhsil sistemi ilə tanış olmaq və daha ixtisaslı kadr kimi yetişmək şansı yaradır, həmçinin dünyagörüşünün artırılmasına, müxtəlif mədəniyyətlərdən gələn insanlarla fikir mübadiləsi aparıb özünü inkişaf etdirməyə və təbii ki, yüksək səviyyəli təhsil alıb aparıcı təhsil müəssisələrinin diplomuna yiyələnməyə şərait yaradır. Böyük Britaniya isə dünyanın ən qədim təhsil mərkəzlərindəndir və Britaniya təhsili bütün ölkələrdə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın ilk 10 yüksək reytinqə sahib olan ali təhsil müəssisələrinin siyahısında İngiltərə universitetləri çoxluq təşkil edir".

Samir Rzayev bildirib ki, gənclərə tam olaraq hansı sahə üzrə təhsil almaq istədiklərini dəqiqləşdirdikdən sonra Dövlət Proqramına müraciət etməlidirlər: "Bir çox hallarda tələbələr bakalavr təhsilini bitirdikdən sonra dərhal magistr təhsili barədə düşünür və tələsik qərarlar verirlər. Bu isə sonda onlara daha az faydalı olan təhsil almaqla nəticələnir. Hazırda xarici universitetlərdə təklif olunan proqramlar çox müxtəlifdir, hətta eyniadlı proqram iki fərqli universitetdə müxtəlif üsullarla tədris olunur, müxtəlif sahələrə fokuslanır. Buna görə də məsləhət görərdim ki, öncə nə istədiklərini tam olaraq dəqiqləşdirsinlər, daha sonra təhsil proqramlarını, universitetlərin təklif etdiyi imkanları, kurikulumları təhlil edib qərar versinlər".

O əlavə edib ki, hazırda əsas hədəfi təhsilimi uğurla başa vurmaq, universitetin təklif etdiyi imkanlardan maksimum yararlanıb mənə lazım olan bilik və bacarıqlara yiyələnməkdir: "Daha sonra isə ölkəmizə qayıdıb karyeramı davam etdirmək və ölkəmizin inkişafına öz töhfəmi vermək istəyirəm".

Sevinc QARAYEVA

 





02.04.2024    çap et  çap et