525.Az

ZƏFƏRİN MÜBARƏK, VƏTƏN!


 

ZƏFƏRİN MÜBARƏK, VƏTƏN!<b style="color:red"></b>

İsmayıl MƏRCANLI İMANZADƏ

 

ZƏFƏRİN MÜBARƏK, VƏTƏN!

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Xoş günlərdən soraq verir,

Axşamın-səhərin, Vətən!

Düşmənlərə göz dağıdır

Hər təzə Zəfərin, Vətən!

İgid-ərən oğulların

Tapdayıb bəndi-bərəni,

Bir həmləylə sevindirdi

Xocalını, Əsgəranı,

Xocavəndi, Ağdərəni...

"Dəmir Yumruq"dan güc aldı

Qatlanmaz qanadın-qolun!

Qırdın paslı qıfılını

Xankəndiyə gedən yolun!

Qarşında tab gətirmədi

Zülmə sipər olan "barı".

Diz çöküb, aman dilədi

Səndən harsın dığaları...

Başın sağolsun... yenə də

Haqq yolunda cəngə çıxıb,

Candan keçənlərin də var!

Qanlı şəhid köynəyiylə

Ulu Tanrı Dərgahına

Vaxtsız köçənlərin də var...

Qalibiyyət simvoludur

Üç rəngli bayrağın sənin!

Bütövləşən sərhədlərin

Sabahkı növrağın sənin!..

Türkün-türkə can borcu var,

Nə yalqızsan, nə tək, Vətən!

Hünərindən soraq verən

Zəfərin Mübarək, Vətən!

21.09.2023

 

HƏLƏ SEVƏNLƏRİM VARMIŞ, HEÇ DEMƏ...

 

Məni qınamasın bəxti yeyinlər,

Öz alın yazımdan qaça bilmədim.

Qarşımda sədd imiş gizli düyünlər,

Cəhd etdim... heç birin aça bilmədim.

 

Yuxudan oyandım qızaranda dan,

Atlı qarışqatək yükümü dartdım.

Özgə kölgəsində daldalanmadan

Sözlə damla-damla çoxalıb artdım.

 

Qoymadım başımı rahat balınca,

Ehtiyac üstümə yağdı qar kimi.

Öz nakam eşqimin baxdım dalınca,

Süddən yanıq qalmış uşaqlar kimi...

 

Bir ömür yaşadım sevincli-qəmli,

Nə boynumu bükdüm, nə qamətimi.

Hərdən görünsəm də, kipriyi nəmli,

Yersiz "xərcləmədim" dəyanətimi.

 

Bir himə bəndəm ki, kükrəyib daşam,

Məni bənzətməyin ağıldan kəmə.

Elə bilirdim ki, unudulmuşam,

Hələ sevənlərim varmış, heç demə...

14.08.2023

 

GƏLMİŞƏM

 

Bir qalam kösövəm-odam,

Bükülmüş qolam-qanadam.

Çoxlarına hələ yadam,

Bir az uzaqdan gəlmişəm.

 

Tapdansam da torpaq kimi,

Dözdüm hər dərdə dağ kimi...

Yaşıl üzlü yarpaq kimi

Kökdən-budaqdan gəlmişəm.

 

Kürün avazı-səsiyəm,

Xan Arazın bəstəsiyəm.

"Qarabağ şikəstəsi"yəm,

Dildən-dodaqdan gəlmişəm.

 

Bələd olsam da "arxına",

Qarışmamışam axına.

Əslim bəllidir çoxuna,

Halal torpaqdan gəlmişəm.

 

Alnım açıqdır, üzüm ağ,

Nə astaram, nə də yamaq...

Söz mülkünə min il qabaq,

Ya da lap çoxdan gəlmişəm.

 

Köhnə komayam, yuvayam,

Nə cəngəm, nə də davayam.

Bir udum suyam, havayam

Saflaşıb Haqdan gəlmişəm.

22.08.2023

 

SƏNƏ NƏ...

 

Niyə yanıb yaxılırsan

Axı, çəkiləndə adım?

Nə etmişəm ki, bükülə

Qarğışınla qol-qanadım?

Anladığın tərzdə deyil

Gördüyün tərsim-avandım.

Söz demərəm boş-boşuna,

Hərdən kiminsə xoşuna

Gəldim, gəlmədim - sənə nə?

 

Söz mülkündə misra-misra

Nur saçan ocağam, odam.

Bir halal əkinçi kimi

Yalançı kəslərə yadam.

Üzü saxta təbəssümlü,

İçi kinlə dolu adam.

Tapmazsan zülmət küncümü,

Dost-tanışla sevincimi

Böldüm, bölmədim-sənə nə?!

 

Utanmağa yoxsa üzün,

De, sənə necə inanım?

Qoymaram heç vaxt tapdana                        

Mənliyim, şərəfim-şanım.

Yüz dəfə süzgəcdən keçir,

Tərtəmizdi, safdı qanım.

Hər sifətin mənə ayan,

Kimdi kölgəmi daşlayan

Bildim, bilmədim - sənə nə?

 

Hərdən yaxamdan asılıb

Keçmə soluma-sağıma.

İşin düşməsə çıxmazsan

Yəqin heç vaxt sorağıma.

Qoy, dinməz gedim yolumla,

Dolaşma əl-ayağıma.

Əcələ nə qanun-qayda,

Nə vaxtsa yasda, ya toyda

Öldüm, ölmədim - sənə nə?!

26.08.2023

 

KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...

 

Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma

 

Dönük bəxtə əl açmağım əbəsdi,

Uğursuz bir sevgi boğulmuş səsdi...

Səni görən kimi ürəyim əsdi,

Kaş, mənim qarşıma heç çıxmayaydın!

 

Bəlkə baxışların qəfil tufanmış,

Ötəri istəyin ömrü bir anmış!

Deyim, deməyimmi, ay dili yanmış,

Kaş, mənim qarşıma heç çıxmayaydın!

 

Hara tələsirdin... bəs niyə təkdin,

Dərə bilmədiyim güldün, çiçəkdin...

Səbrimi təzədən çarmıxa çəkdin,

Kaş, mənim qarşıma heç çıxmayaydın!

 

Yəqin mürgülüdür hələ qismətin,

Çöhrəndə iz salıb həyan, ismətin.

Səni ovundurmaq çətinmiş, çətin

Kaş, mənim qarşıma heç çıxmayaydın!

 

Nə şirin xəyalsan, nə röya-yuxu,

Daşa dəyibdimi eşqinin oxu?

De, niyə bu qədər gecikdin axı,

Kaş, mənim qarşıma heç çıxmayaydın!

 

Bilsən-bilməsən də, istəyim laldı,

Hər anım cavabsız sorğu-sualdı.

Getdin... yenə könlüm yaralı qaldı,

Kaş, mənim qarşıma heç çıxmayaydın!

06.03.2024

 

ZƏMANƏ SIZLATDI MƏNİ

 

Acılı-şirinli xatirələr adamı keçmişə,

xəyallar isə sabahkı günlərə aparırmış...

 

Əlçatmayan bir dağ idim,

Yaz soraqlı torpaq idim.

Yaşıl üzlü yarpaq idim,

Qəm-qüssə saraltdı məni.

 

Öldü dərdindən öldüyüm,

Nakam eşqim düyüm-düyüm...

Vəfasızmış dost bildiyim,

Dar günümdə atdı məni.

 

Üz verməsəm də zalıma,

Kimsə yanmadı halıma...

Bir bədxah çıxıb yoluma,

Ləngidib yubatdı məni.

 

Aşan deyildim həddimi,

Yadlar tapdadı rəddimi.

Yamanlıq bükdü qəddimi,

Zəmanə sızlatdı məni...

 

YAŞDA NƏ GÜNAH VAR AXI...

 

Böhtanın tez çıxır boyu,

Nə çoxmuş iblisin tayı...

Kəsək bulandırır suyu,

Daşda nə günah var axı?!

 

Yamanlıq duranda üzə,

Dərd qənim kəsilir bizə.

Dildi kül üfürən gözə,

Başda nə günah var axı?!

 

Qəlb ömrün acısın dadan,

Yamanca fəndgirmiş nadan...

Gözdür adamı aldadan,

Qaşda nə günah var axı?!

 

Haqsızlıq səbri daşdıran,

Yalan söz göz qamaşdıran...

Ağılmış başı çaşdıran,

Yaşda nə günah var axı?!

09.10.2023

 

HƏLƏ GÖRÜLƏSİ XEYLİ İŞİM VAR

 

Hər günüm, hər anım səsli-soraqlı,

Ömür "gündəliyim" min bir varaqlı.

Doğma elim-obam Arazqıraqlı.

Nə iti xəncərəm, nə paslı sancaq,     

Öz xəttim, öz imzam, öz yerişim var.

Yolumu kəsənlər olsa da, ancaq

Hələ görüləsi xeyli işim var!

 

Hərdən yanıb-sönən işıq deyiləm,

Sazı qırıq telli aşıq deyiləm.

Yanılıb aldanan uşaq ödeyiləm,

Niyə daldalanım hardasa axı,

Nə gizli sifətim, nə keçmişim var...

Gəzib-dolaşsam da aranı-dağı,

Hələ görüləsi xeyli işim var!

 

Əzəldən halına heç yanmasam da,

Sözdü dilimdəki ən şirin tam da...     

Ürəyim çırpınır, yazı masam da.

Heç zaman "ütülü" olmayıb yolum,

Həm sərt bir yoxuşum, həm enişim var.

Niyə ömrün-günün cəngində qalım -  

Hələ görüləsi xeyli işim var!

 

Paxılım, bədxahım, yamanım olub,

Səbrimə, "dur" deyən amanım olub.

Bir tikə sonuncu gümanım olub.

Üstümdən qarayel keçsə də belə,

Yaxşı ki, dözümüm, ağlım-huşum var.

Hələ dönməliyəm doğma bir elə -

Hələ görüləsi xeyli işim var!

12.10.2023

 

QALMIŞAM

 

Əlimi uzatdım çatmadı göyə,

Niyə hər düz kəlmə acıdır, niyə?

Düzlərin yanında durmuşam deyə,

Özüm də həmişə düzdə qalmışam.

 

Mən elə əzəldən bir az utancaq,

Dilim nə tikandı, nə paslı sancaq.

Arabir işartım sönsə də, ancaq

Yaxşı ki, bir qalam közdə qalmışam.

 

Bəxtimi səsləyib, tutmadım dilə,

Saflıqdan süzüldüm hey gilə-gilə...

Səsim uzaqlara çatmasa belə,

Özüm-öz gücümlə üzdə qalmışam.

 

Nadan yaxınıma gələ bilməyib,

Bir kimsə dərdimdən ölə bilməyib.

Yamanlıq rəddimi silə bilməyib,

Üstünü toz basmış izdə qalmışam.

 

İstəyə möhtacdır çay da, dəniz də,

Həyat eşqi varsa, bükülməz diz də.

Adımı çəksəniz, çəkməsəniz də,

Onsuz da kəlmədə, sözdə qalmışam.

14.11.2023

 





02.04.2024    çap et  çap et