525.Az

Azərbaycan təhsilinə Hacı Zeynalabdin Tağıyev töhfələri


 

VƏFATININ 100 İLLİYİ BU İL TAMAM OLACAQ BÖYÜK MESENAT DOĞMA XALQININ MAARİFLƏNMƏSİ NAMİNƏ MİSİLSİZ İŞLƏR GÖRÜB

Azərbaycan təhsilinə Hacı Zeynalabdin Tağıyev töhfələri<b style="color:red"></b>

Dünyada milyonlar, milyardlar qazanaraq tükənməz sərvətə yiyələnmiş çox zəngin insanlar olub. Lakin onların çoxu öz xalqı və insanlıq üçün faydalı işlər görmədiyindən geniş rəğbət qazanmayıb, bir neçə onillikdən sonra kimliyi unudulub, xatirəsi yaddaşlardan silinib. Ancaq var-dövlətə sahib olan elə insanlar da var ki, vəfatından yüz il ötsə belə, bir vaxt xalq, millət üçün gördükləri müsbət işlər, xeyirxah əməllər tarixin qızıl səhifəsinə həkk olunaraq onları mənən yaşadıb, unudulmağa qoymayıb. Belə insanlar, xoşbəxtlikdən bizim xalqın da payına düşüb. Onardan biri və yəqin ki, ən məşhuru Azərbaycanın iri kapitalistlərindən, görkəmli məşhur simalarından olmuş, son dərəcə maarifpərvər sahibkar, xalqın maariflənməsi, millətin inkişafı üçün nəinki mal-dövlətindən, hətta canından belə keçməyə hazır olan nəcib insan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir.

Yoxsu ailədə doğulub-böyüyən, ancaq XIX əsrin 70-ci illərinə doğru öz bacarığı və zəhməti hesabına varlanmağa başlayan H.Z.Tağıyev qısa müddətdə Bakıdakı azərbaycanlılar arasında ilk ağ neft istehsalçısı kimi məşhurlaşıb. Artıq 1870-ci ildə H.Z.Tağıyevin ağ neft zavodu fəaliyyət göstərirdi. 1873-cü ildə icarəyə götürdüyü torpaqda neft quyusu güclü fontan vurur, beləliklə, taleyi Hacının üzünə bir daha gülür. Elə həmin ildə də o, şərikli neft sənayesi firmasını yaradır. 1886-cı ildə isə bütün payçıları üstələyərək həmin firmanın vahid mülkiyyətçisi olur. İllər keçdikcə H.Z.Tağıyev Bakıda lifli maddələrin emalı üzrə səhmdar cəmiyyəti, toxuculuq fabriki, "Xəzər" manufaktura cəmiyyəti, Bakı şəhər ticarət bankı, balıq sənaye cəmiyyəti və digər qurumlarda ya mülkiyyətçi, ya da əsas söz sahibi olur. Məhz onun dəstəyi sayəsində Şollar-Bakı su kəməri çəkilib əhalinin istifadəsinə verilir. Bakıda ilk teatr binası, ticarət evi, ticarət bankı və başqa tikililər onun adı ilə bağlıdır.

Bütün bunlardan əlavə, H.Z.Tağıyevin Azərbaycan təhsilinin inkişafında, müasir təhsil müəssisələrinin yaradılmasında da bir mesenat kimi müstəsna rolu olub.

H.Z.Tağıyev xeyriyyəçilik işlərinin mühüm bir qismini də Azərbaycanda təhsilin inkişafına, xüsusilə yeni məktəblərin açılmasına yönəltmişdi. O, 1896-cı ildə rus-müsəlman məktəbinin, həmçinin Maştağa kənd məktəbinin açılmasına nail olmuş, hər iki məktəbin maliyyə məsələlərinin həll edilməsini öz öhdəsinə götürmüşdü.

Onun təşəbbüsü və maliyyə dəstəyilə ərsəyə gələn, Bakıda qız məktəbi kimi tanınan, imperatriça Aleksandra Fyodorovnanın adını daşıyan rus-müsəlman qız məktəbinin açılması isə H.Z.Tağıyevin xeyriyyəçilik və maarifçilik fəaliyyətinin zirvəsi sayıla bilər. Həmin təhsil ocağının yaradılması üçün o, hələ 1896-cı ildə 150 min rubl pul ayırmışdı. Ayrılan vəsaitdən 125 min rubl işçi heyətinin xərcləri, eləcə də şagirdlər üçün kitab və tədris ləvazimatının alınması, 25 min rubl isə məktəb binasının tikintisi üçün nəzərdə tutulmuşdu. Lakin H.Z.Tağıyev Bakı şəhərində qız məktəbinin açılması zamanı böyük çətinliklərlə üzləşir. Hacının məktəb açmaq ideyası heç də yerli "ruhanilər"in ürəyincə olmur. O dövrdə köhnə fikirli "ruhanilər" qızlar üçün məktəb açmaq və onlara təhsil vermək məsələsinə çox pis yanaşırdılar. Onlar bu işdə Hacıya dəstək olan Mərdəkan qazısı Mir Məhəmməd Kərimi evinə neft töküb od vurmaqla hədələyir, başqa yollarla da hədə-qorxu gələrək var qüvvələri ilə bu işə mane olmağa çalışırdılar. Ancaq işin çətinə düşməsinə, vəziyyətin qəlizləşməsinə baxmayaraq, H.Z.Tağıyev öz işıqlı yolundan dönmür. Aydındır ki, bu işin arxasında məhz onun dayandığını bilən "ruhanilər" məktəbin açılmasının əsas "günahkarı" kimi Hacı Zeynalabdini görürdülər. Azərbaycanda qızların dünyəvi məktəbdə oxumasını istəməyən qüvvələr Hacıya qarşı sui-qəsd təşkil etmək istəyirdilər. Çox vaxt tapançalı-xəncərli Bakı qoçuları ilə üz-üzə gələn Hacı bu xeyirxah əməlindən geri durmur. Digər tərəfdən Hacının xalq içərisindəki böyük nüfuzu həmin başabəla "ruhanilər"in çox da əl-qol açmasına mane olur. 1898-1900-cü illərdə məktəbin tikintisi icra edilib başa çatdırılır. Nəhayət H.Z.Tağıyevin təşəbbüsü ilə həmin məktəbin açılmasından ötrü Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula və Tehrana xahiş məktubları yazılaraq dini idarələrin başçılarının yanına nümayəndələr göndərilir. Məktəbin açılması üçün həmin dini idarələrdən rəsmi icazələr alınır. Bakıdakı ruhani idarəsi verilən icazələri nəzərə alaraq 1901-ci ildə oktyabr ayının 7-də rus-müsəlman qız məktəbinin açılmasına izn verir.

Lakin qara qüvvələr yenə də sakitləşmək bilmir, real vəziyyətlə barışmaq istəmir, Hacıdan qisas almaq istəyirdilər. Görülən tədbirlərə baxmayaraq, o nadanların əli ilə ağır cinayət törədilir, 1912-ci ildə Qafqazda ilk qız məktəbinin açılmasında Hacıya böyük köməklik göstərmiş Axund Molla Ruhulla öldürülür.

Bununla belə, Hacının parlaq niyyəti uğurla həyata keçdi və Bakıda qız məktəbinin açılması Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris ocağı kimi tarixə düşdü. Həmin məktəb nəinki Azərbaycanda, hətta keçmiş Rus imperiyasında sensasiyaya, böyük ictimai təsirə səbəb olmuşdu. Azərbaycanda dərc olunan qəzet və jurnallarda, eləcə də o dövrün nüfuzlu rus mətbuatında çap olunmuş bir sıra yazılarda H.Z.Tağıyevin xeyriyyəçi addımları, xüsusən qız məktəbi açması çox yüksək qiymətləndirilmişdi.

Hacının maarifçilik ənənələri, təhsil sahəsinə göstərdiyi maddi köməklik, həyata keçirdiyi digər xeyriyyəçilik tədbirləri qız məktəbinin açılması ilə bitmirdi. Onun maliyyə dəstəyi ilə 1895-ci ildə Mərdəkanda bağçılıq məktəbi, 1896-cı ildə Bakıda orta texniki məktəb, 1898-ci ildə 1000 nəfərlik kurslar, 1900-cü ildə Bakı kommersiya məktəbi, 1906-cı ildə Bakı müsəlmanları arasında savadlılığı yayan "Nəşri-maarif" xeyriyyə cəmiyyəti, 1910-cu ildə H.Z.Tağıyevin fabrikində fəaliyyət göstərən savadsızlığın ləğvi kursunun birsinifli məktəbə çevrilməsi böyük uğurla həyata keçirildi. Adları qeyd edilən xeyriyyəçilik işlərində təkcə maliyyə məsələləri deyil, digər problemlərin həllini də əsasən Hacı öz üzərinə götürmüşdü.

H.Z.Tağıyev Bakı ilə yanaşı, Azərbaycanın və dünyanın digər bölgələrində də təhsil naminə xeyriyyəçilik addımları atmışdı. 1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul vermişdi. O, Dərbənddə, İrəvanda, həmçinin Rusiyanın digər bölgələrində açılmış məktəblərin də saxlanılmasına maliyyə vəsaiti ödəmişdi. Bakı Dövlət Univeristetinin yaradılmasına da tələb olunan məbləğdə vəsait yönəltmişdi. O, xarici ölkələrdə ali təhsil alan, o cümlədən, Fransada 45 nəfər, İtaliyada 23 nəfər, Almaniyada və Rusiyada 13 nəfər, İngiltərədə 10 nəfər, Türkiyədə 9 nəfər, cəmi 100 nəfər tələbənin təhsil və təqaüd xərclərinin ödənilməsinə yetərincə köməklik göstərirdi.

H.Z.Tağıyevin sədrliyi ilə 1914-cü ildə keçirilən iclasda Bakının Şağan, Hövsan, Pirşağa, Bülbülə, Suraxanı, Türkan kəndləri, eləcə də, Balaxanı qız məktəbində ikinci siniflərin açılması haqqında qərar qəbul edilmişdi. 1917-ci ildə isə o, Bakıda fəaliyyət göstərən ikinci realnı məktəbin nəzdində müsəlman uşaqlarının əlifba öyrənməsindən ötrü açılan sinfin maliyyə məsələlərini də öz öhdəsinə götürmüşdü.

O dövrdə Azərbaycanda cəmiyyətə hava və su kimi lazım olan məktəblərin və savadsızlığı ləğv edən kursların açılması Z.Tağıyevin ən böyük arzularından idi. Hacı xalqını, millətini savadlı, gözüaçıq, bacarıqlı, dünyagörüşlü, mədəni və yüksək təhsilli görmək istəyirdi. Maarifçilik sahəsində fəallığına görə H.Z.Tağıyev Bakıdakı Marinski qadın gimnaziyasının, orta texniki məktəbin, rus-müsəlman qız məktəbinin, eləcə də Kommersiya məktəbi və Tiflis müsəlman məktəbinin isə fəxri himayəçisi seçilmişdi. Bu müdrik və əliaçıq, ürəyi daim el üçün yanan  insan heç vaxt sərvətini, imkanlarını, təmənnasız köməyini şagird və tələbələrdən əsirgəməyib. Xüsusilə ciddi ehtiyacı olan şagirdlərə maddi köməklik göstərilməsində, ali təhsil alan tələbələrə təhsil haqqı, təqaüd və digər xərclərin ödənilməsində hər zaman səxavətli davranıb.

Hacının köməyi ilə təhsil alan şagirdlər və tələbələr arasından Azərbaycanın görkəmli elm və sənət adamları, ictimai və siyasi xadimlər yetişib. Bu siyahıda Nəriman Nərimanov, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məşədi Əzizbəyov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qarabəy Qarabəyov, Qara Axundov, Xudat bəy Məlikaslanov, Şahbaz Rüstəmbəyov və başqalarının adları var.

Təhsilin inkişafı yolunda atdığı xeyriyyəçi addımlar sübut edir ki, xalqının işıqlı gələcəyini düşünən H.Z.Tağıyevin ali məqsədi millətinin maariflənərək tərəqqiyə nail olması, dünya xalqları arasında layiqli yer tutması idi. O, ömrü boyu var gücü ilə, bütün maddi-mənəvi imkanlarını əsirgəmədən bu məqsədini gerçəkləşdirməyə çalışdı, millətin gələcəyi olan gənclərin yüksək təhsilə yiyələnmələri yolunda əlindən gələni etdi. Azərbaycanın, xalqımızın bugünkü inkişaf səviyyəsinə nail olmasında məmləkətinin, millətinin uğurlu gələcəyinin məhz təhsillə bağlı olduğunu aydın dərk edən H.Z.Tağıyevin böyük rolu var. Onun bu sahədəki ardıcıl fəaliyyəti, təmənnasız xeyriyyəçiliyi nəsillərə nümunədir, xüsusilə də müasir iş adamlarımız, imkanlı şəxslərimiz üçün parlaq örnəkdir.

 





03.04.2024    çap et  çap et