525.Az

İlahiyyat İnstitutunda İslam incəsənəti sərgisi təşkil olunub


 

İlahiyyat İnstitutunda İslam incəsənəti  sərgisi təşkil olunub<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi ramazan ayı münasibətilə incəsənət sərgisi təşkil edib. Sərgidə Aİİ-nin İslam mədəniyyəti fənninin müəllimi, həmçinin “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucovun hüsnxət, ebru, miniatür və təzhib əsərləri nümayiş olunub. Dərnəyin üzvləri – Aİİ-nin III tədris ili “Dinşünaslıq” ixtisasının tələbələri Səidə Mirsalamova və Nicat Budaqovun hüsnxət əsərləri də sərgidə yer alıb. 

525.az xəbər verir ki, sərginin açılışında Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrin dərsdənkənar  vaxtlarını səmərəli keçirmələri, müxtəlif qabiliyyət və bacarıqlarını inkişaf etdirmələri üçün təşkil olunan dərnəklərin əhəmiyyətindən bəhs edib. Rektor hüsnxət, ebru, miniatür və təzhib sahələrində istedadı olan tələbələrin aşkarlanması,  bacarıqlarının inkişaf etdirilməsi üçün Aİİ-də təşkil olunmuş “İslam incəsənəti” dərnəyinin fəaliyyətindən də danışıb. 

Rektor A.Şirinov bünövrəsi Həzrət Peyğəmbər məktəbi tərəfindən qoyulan, ilk islahatı Həzrət Əli ilə başlayan, daha sonra Yaqut əl-Müstəsimi və İbn Müqlənin islahatları ilə inkişaf etdirilən hüsnxət ənənəsinin Azərbaycan mədəniyyətindəki böyük ustadlarını ehtiramla yad edib. Bu nadir insanlar arasında Mübarək şah Zərrinqələm, Mir Əli Təbrizi və digərlərinin peşəkar fəaliyyətlərini vurğulayıb. 

Aİİ rəhbəri İslam mədəniyyətində “altı qələm” adı ilə tanınan (“şeş qələm” və ya “əqləmi-sittə”) nümunələrin  daha çox məşhurlaşdığını nəzərə çatdırıb. Bunların xaricində isə “kufi”, “maqili”, “siyaqət”, “təliq”, “nəstəliq”, “divani” və “riqə” kimi çeşidlərin də tarixdə mövcud olduğunu qeyd edib. 
Aİİ-nin İslam mədəniyyəti fənninin müəllimi, həmçinin “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucov  dərnəyin fəaliyyəti üçün yaradılan şəraitə görə, ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib, tələbələrin dünyagörüşlərinin inkişafı istiqamətində görülən işlərin diqqətəlayiq olduğunu vurğulayıb.

Qeyd edək ki, Aİİ-də tələbələrin akademik göstəricilərinin artırılması məqsədilə təşkil olunan kurs və dərnəklərlə yanaşı, tələbələrin dünyagörüşlərinin artırılması, incəsənət qabiliyyətlərinin aşkarlanması və inkişaf etdirilməsi, dil bacarıqlarının artırılması, ümumilikdə, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif dərnəklər fəaliyyət göstərir. “İslam incəsənəti” dərnəyi tələbələrin hüsnxət, təzhib, ebru və klassik miniatür İslam incəsənəti sahələrində inkişaf etdirilməsi məqsədilə təşkil olunub.

Tədbirin sonunda sərgidə əsərləri nümayiş olunan tələbələrə Təşəkkürnamə və hədiyyələr təqdim edilib. 

Sevinc Qarayeva 

 





03.04.2024    çap et  çap et