525.Az

"Fransa hökuməti utanmadan deyir ki..."


 

"Fransa hökuməti utanmadan deyir ki..."<b style="color:red"></b>

Aprelin 2-də Fransanın xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında növbəti dəfə ölkəmizlə bağlı əsassız və qərəzli iddialar səsləndirib. Fransız nazir Stefan Sejurne deyib: "Ermənistana qarşı getdikcə daha çox saxta ittihamlar görürük ki, guya o, eskalasiyaya görə məsuliyyət daşıyır. Baxmayaraq ki, Ermənistan yəqin ki, regionda münaqişənin qarşısını almaq istəyən və buna cəhd edən yeganə ölkədir. Bu gün Azərbaycan tərəfindən təhdid altında olan Ermənistanın ərazi bütövlüyündən danışdıq və Bakının ritorikasının getdikcə ölçüyəgəlməz hala gəldiyini nəzərə alsaq, bundan nə qədər narahat olduğumuzu demək istəyirəm".

Bu açıqlama onu göstərir ki, Fransa Azərbaycana qarşı öz qərəzli, pozucu siyasətindən əl çəkmək niyyətində deyil. Üstəgəl, Fransa 30 il ərzində Azərbaycan ərazilərinin işğal altında qalmasına, yerlə-yeksan edilməsinə, soydaşlarımızın etnik təmizləmə, soyqırıma məruz qalmalarına, indi də dinc insanların minaların partlamasına görə həyatlarını itirmələrinə görə bir dəfə də olsun narahatlığını dilə gətirməyib. Hətta ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi öz neytrallığını saxlaya bilməyib. Azərbaycan ərazisində mövcud olmuş separatçılara açıq dəstək verib.

Fransa hazırda regionda məhz Azərbaycanın səyləri ilə sülh üçün yaranmış imkanları pozmaqla, Ermənistanı sürətlə silahlandırmaqla, başqa dövlətləri də bu prosesə cəlb etməklə məşğuldur. Ermənistan Makron hakimiyyətindən aldığı tezislərlə hərəkət edir, sülhü pozacaq addımlar atır. Bu gün Azərbaycanla şərti sərhədə qoşun, hərbi texnika toplayan, hər fürsətdə təxribata əl atan Ermənistanı necə regionda münaqişənin qarşısını almaq istəyən və buna cəhd edən yeganə ölkə adlandırmaq olar. Görünür, Fransanın sülh anlayışı bundan ibarətdir.

Baş verənlər bir daha Fransanın hər imkandan Azərbaycan əleyhinə istifadə etdiyini ortaya qoyur. Bununla da ümumilikdə Cənubi Qafqazda onsuz da kövrək olan sülhü pozmaq və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında da qeyd edilib ki, Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir. Bildirilib ki, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.

Nazirlik qeyd edib ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir.

Vurğulanıb ki, məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Amma Fransa zərər görmüş imicini düzəltmək niyyətində deyil. Əksinə, irticaçı siyasətini davam etdirməkdə qərarlıdır. Tarix boyu müxtəlif regionlarda, o cümlədən, Afrika və Yaxın Şərqdə aqressiv koloniyalizasiya siyasəti həyata keçirən, qanlı qırğınlar, soyqırımlar törədən Fransa bütün bunlardan dərs çıxarmaq əvəzinə, eyni siyasəti indi də davam etdirməyə cəhd edir. Azərbaycanı ittiham etməkdənsə, Paris müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir.

Hazırda da Fransa özündən minlərlə kilometr uzaqda yerləşən dənizaşırı ərazilərdə xalqların müstəqilliklə bağlı istəklərini boğmağa, etirazlarını yatırmağa davam edir. Bunlara nümunə kimi Korsikada, Mayot adalarında, Qəmər adalarında, Martinik, Fransız Qvianası, Fransız Polinezyası, Qvadelupa, Salomon Adalarında, Fransadan 10 km uzaqda yerləşən Yeni Kaledoniyada baş verən baş verən hadisələri göstərə bilərik.  Proseslərin gedişi onu göstərir ki, artıq Afrika qitəsindən qovulan, dənizaşırı ərazilərdə etirazların artdığı, xalqların öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdığı bir vaxtda Fransa yeni təsir dairələri axtarmaqdadır. Buna görə də eyni əməlləri Cənubi Qafqazda törətmək üçün Ermənistandan bir vasitə olaraq istifadə edir. Ancaq Fransa başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq.  Fransanın yürütdüyü aqressiv siyasət və destruktiv fəaliyyət onsuz da sarsılmış imicini daha da korlayır və Ermənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, ilk dəfə deyil, Fransa rəsmiləri Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirirlər, artıq bu, xarakterik, cəfəng bir hal alıb: "Biz davamlı olaraq bu cür cəhdlərin şahidi oluruq. Bəli, əslində maraqlıdır ki, 30 il ərzində Azərbaycanla bağlı heç bir real iş görmək istəməyən Fransa hökuməti bu gün Azərbaycanı ittiham edir. Utanmadan deyir ki, Azərbaycan Ermənistan üçün təhdid yaradır. Hansı təhdiddən söhbət gedir? Dəfələrlə ölkə rəhbərliyi bəyan edib ki, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Biz heç bir dövlətin torpağını işğal etmək niyyətində deyilik. Bu gün bu proses Azərbaycan siyasətində özünü göstərir. Hesab edirəm ki, bu, Fransanın növbəti qərəzinin, yalanının, ikilistandartının, ədalətsiz münasibətinin göstəricisidir. Təəssüf ki, Fransa Azərbaycana qarşı təxribatlarını davam etdirir. Yaxşı olardı ki, bu ölkə Azərbaycanın işğalda olan 8 kəndinin geriyə qaytarılması ilə bağlı məsələyə münasibət bildirəydi və Ermənistanın Qarabağda törətdiyi vəhşiliklərlə bağlı mövqe ortaya qoyaydı. Biz bunu görmürük. İşğal zamanı məscidlərimiz, kilsələr, insanlarımızın mülkləri, abidələr barbarcasına dağıdılıb. Fransa isə bütün bunlara susub".

 

 





04.04.2024    çap et  çap et