525.Az

Füzuli rayon məktəbində 3-5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunacaq


 

Füzuli rayon məktəbində 3-5 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunacaq<b style="color:red"></b>

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" mövzusunda tədbir keçirilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə Təhsil sektorunun əməkdaşları, layihənin təşkilatçıları və valideynlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları məktəbin fənn kabinetlərinə, hərbi otağa, kitabxana, idman və  akt zalına, sinif otaqlarına baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həcər Mahmudova bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 2023-2024-cü tədris ilində məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparır. H.Mahmudova qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb olunması Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Uşaqların məktəbəqədər təhsillə əhatə olunmasının genişləndirilməsi məqsədilə ötən ilin oktyabrında nazirlik tərəfindən ümumi təhsil və ya məktəbəqədər təhsil müəssisələri, eləcə də onların rəhbərləri üçün "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı elan edilib və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu müsabiqənin qalibi olub.

Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul işçisi Eldar Seyidov vurğulayıb ki, layihənin icrası işğaldan azad edilmiş ərazidə yenidən inşa edilən Füzuli şəhərində həyata keçirilməsi nəzərdə tutulur. Böyük Qayıdış proqramının əsas hissəsi olaraq sakinlər Füzuli şəhərinə köçürülür. Bu ailələrdə böyüyən 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməməsinun səbəbi onların Füzuliyə köç prosesinə başları qarışdığından qeydiyyata gecikmələri olub və yeni inşa edilmiş məktəbdə icma qrupu yaratmaq və həmin uşaqları oraya cəlb etməklə bu problem nisbətən həllini tapa bilər.

Layihə İşçi qrupunun üzvü Nuruya Əliyeva qeyd edib ki, Füzuli şəhəri 1 nömrəli tam orta məktəbində yaradılan icma qrupları mütəmadi olaraq layihə rəhbəri tərəfindən monitorinq aparılacaq, məşğələlər müşahidə olunacaq, tərbiyəçi-müəllimə müntəzəm olaraq məsləhətlər veriləcək, uşaqların inkişafı ilə bağlı valideynlər arasında sorğular ediləcək. Hər ayın sonunda həm tərbiyəçi-müəllim, həm uşaqlar və onların valideynlərindən yığılmış məlumatlar əsasında müvafiq foto, videolar daxil olmaqla hesabat hazırlanacaq. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə Təhsil sektorunun müdiri Ramella Məmmədova müəllim və valideynlərini təbrik edib, onlara uğurlar arzulayıblar.

 





04.04.2024    çap et  çap et