525.Az

Gənclərin xaricdə təhsili: Azərbaycanın gələcək inkişafına mühüm təkan


 

Gənclərin xaricdə təhsili: <b style="color:red"> Azərbaycanın gələcək inkişafına mühüm təkan</b>

Son illərdə ölkəmizdə gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Proqramın icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ümumilikdə, "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinə aid 121 ali təhsil müəssisəsində 517 tələbə təhsil alır, 13 prioritet sahə üzrə dünyanın 6 ölkəsinə aid 41 nüfuzlu ali təhsil müəssisəsindən 125 nəfər məzun olaraq ölkəyə qayıdıb.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

"George Heriot's School"da müəllim işləyən azərbaycanlı gənc Rəvanə Şıxəli də "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq Universitetində magistratura səviyyəsində təhsil alır. O deyir ki, inklüziv təhsili seçməkdə məqsədim inklüzivliyə olan inamımdan irəli gəlib: "Dünyada bəzi ölkələr var ki, məsələn, Yeni Zelandiyanı misal gətirə bilərəm: onların bütün təhsil sistemi inklüzivdir. Yəni bütün məktəblər ötən əsrin sonlarından tam inklüziv təhsil sisteminə keçib. Bu, çox təqdirəlayiq bir addımdır. Böyük Britaniyada da bu məsələ çox populyardır və onlar da çalışırlar ki, inklüzivliyə keçid etsinlər. Çünki son elmi araşdırmalara görə təhsili tam inklüzivlik olmadan düşünmək  düzgün səslənmir. Bir sıra tədqiqatçı alimlərə görə, inklüzivlik illüziyadır, tam inklüzivlik mümkün deyil, uğurlu deyil. Ancaq Yeni Zelandiya təcrübəsi göstərir ki, inklüzivlik mümkündür, sadəcə onu düzgün şəkildə həyata keçirmək lazımdır. İnklüziv təhsil deyəndə, bir çoxları yanlış başa düşürlər. Onlara görə inklüziv təhsilə yalnız xüsusi uşaqlar və yaxud xüsusi qayğıya ehtiyacları olan uşaqlar cəlb olunur. Amma əslində bu, tamamilə yanlış yanaşmadır, inklüziv təhsilin prinsiplərinə qarşıdır. İnklüziv təhsil dedikdə, yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar deyil, eyni zamanda, digər uşaqların da ehtiyacları nəzərdə tutulur. Hətta Böyük Britaniyada son illərdə qəbul olunmuş təhsil qanunlarında inklüzivlik sözünün tərifi daha da genişləndirilib. İnklüziv təhsilə xüsusi qayğıya ehtiyacı olan, heç bir qayğıya ehtiyacı olmayan və eyni zamanda vunderkind - artıq dərəcədə savadlı olan uşaqlar aid edilir, bu isə inklüzivliyi daha da inkişaf etdirir. İnklüziv təhsilə nail olmağın ən yaxşı yolu, düşünürəm ki, təhsilalanların öyrənməyə qarşı münasibətinin nəzərə alınmasıdır. Onların öyrənmə üsulları, metodları müəllimlər, psixoloqlar  tərəfindən nəzərə alınmalı və inklüziv təhsil sistemi ona uyğun, bu standartlara cavab olaraq hazırlanmalıdır".

Onun dediyinə görə, Böyük Britaniyada müəllim kimi işləmək özü üçün çox böyük bir nailiyyətdir: "Bu vaxta qədər müxtəlif məktəblərdə dörd illik müəllimlik təcrübəm var. Düşünürəm ki, bu şansı qazanmağım universiteti bitirdikdən sonra inklüziv təhsillə bağlı kurslar götürməyim, bu sahədə özümü inkişaf etdirməyim sayəsində olub. Tələbələrin bir çoxu dördüncü kursu bitirəndən sonra magistr təhsilinə başlayırlar. Məncə, bu, düzgün yanaşma deyil. Çünki bakalavrı bitirdikdən sonra biz iş dünyasına atılmalıyıq, başa düşməliyik ki, özümüzü hansı sahədə görürük. Mən də bakalavrı bitirdikdən sonra işləməyə başladım. Son kursda işləməklə yanaşı, onlayn kurslara da qatıldım. Bir çox insan işləməyə başlayanda, artıq öyrənməni dayandırır. Bu, deyərdim ki, uğurlu qərar deyil. Çünki biz iş həyatımızda uğurlu olmaq üçün mütləq, davamlı şəkildə müəyyən vorkşoplar, sessiyalar, kurslar götürməliyik ki, işlədiyimiz sahədə daha da inkişaf edə bilək. Bu öyrənmə davamlı olmalıdır. Düşünürəm ki, bakalavr təhsilimlə yanaşı, iki il ərzində özümə qoyduğum investisiya mənə çox kömək elədi. Bu, Britaniyada işə qəbul prosesində keçdiyim müsahibədə də özünü göstərdi. Edinburqda çox məşhur olan Gorc Heriot Məktəbində işləyirəm. Sinfə daxil olanda, qarşılarında müəllimin olduğunu gördüklərinə görə artıq sizə fokuslanırlar. Burada uşaqların diqqətini ələ almaq üçün heç bir sinfi idarəetmə qaydalarından istifadəyə ehtiyac qalmır. Çünki sinifdə özlərindən böyük birinin olması onlar üçün bir göstərişdir ki, artıq müəllimə fokuslanmalısan. Uşaqların tərbiyələrinin, müəllimlərə, bir-bir birlərinə olan yanaşmalarının əsası ailədə qoyulduğu üçün artıq məktəbdə əziyyət çəkməyimizə ehtiyac qalmır".

Rəvanə Şıxəli qeyd edib ki, müasir dövrdə müəllim işləmək çətin və yaxud çox maraqlıdır. Bu, sizin hansı ölkədə, eyni zamanda, hansı məktəbdə işlədiyinizdən asılıdır: "Əgər işlədiyiniz məktəbdə və yaxud universitetdə iş yoldaşlarınız sizi motivasiya edir, dəstəkləyirsə, eyni zamanda inkişafınız üçün sizinlə treninqlər təklif edirlərsə, onda müəllimlik, məncə, çox maraqlı, qürurverici peşədir. Çünki hər gün başqa bir insanın inkişafına töhfə verirsiniz. Siz hər gün yeni bir şey öyrədirsiniz, öz fikirlərinizi qarşınızdakı insana ötürürsünüz, bunlar həmin insanın həyatında həlledici rol oynayır. Müəllim nə deyirsə, şagird onu həmişə düz kimi qəbul edir. Müəllim, - çox primitiv bir misal verim - , qaraya ağ desə, uşaq onu ağ kimi qəbul edəcək. Yəni müəllimlik bu qədər sehrli bir peşədir ki, qarşınızdakı insan bütün dediklərinizə inanır.  Həqiqətən, öyrətmək, dünyada ən gözəl bacarıqlardan biridir. Düşünürəm ki, cəmiyyətin inkişafına, insanların fərd olaraq yetişdirilməsinə böyük mənada töhfə verənlər müəllimlərdir. Ona görə müəllimlərin rolu  cəmiyyətdə çox böyükdür. Amma onlar dəstəklənməli, motivasiya edilməlidir ki, öz rollarını düzgün şəkildə həyata keçirsinlər".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük verilir. Nəzərdə tutulan müddətdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir".

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev insan kapitalı amilinə xüsusi önəm verir. Belə ki, yeni proqramın icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə, ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.

Sevinc QARAYEVA

 





04.04.2024    çap et  çap et