525.Az

Sinəsini Vətənə sipər edən oğul


 

Sinəsini Vətənə sipər edən oğul<b style="color:red"></b>

44 günlük haqq savaşımızda - Vətən müharibəsində 30 illik torpaq həsrətinə öz can, qanı bahasına son qoyub ölümsüzlüyə qovuşan qəhrəmanlardan söz düşəndə Azərbaycan Silahlı Qüvvələrinin şəhid baş leytenantı İlqar Natiq oğlu Zeynalovun da adı iftixarla çəkilir. 

1989-cu il avqust ayının 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olan bu Vətən sevdalısı odlu-alovlu müharibə meydanında son damla qanına qədər yağı ilə döyüşüb. Düşmən gülləsinə tuş gələn İlqar "Vətən" deyib əbədiyyət adlı ulduzlu dünyasına qovuşub. Məhz buna görə də ömrünün 31 ilində şərəfli ölümü ilə bütün Azərbaycana qürur gətirib, xalqımızın qəhrəmanlıq simvoluna dönərək özünə milyonların ürəyində əzəmətli abidə ucaldıb. Həqiqi  məhəbbətlə Vətəninə, doğma torpağına bağlı olan şəhid baş leytenant İlqar Zeynalovun yarımçıq arzularını cücərdəcək Rəfael və Əhməd adında iki oğlu doğma Azərbaycanına əmanət qalıb.

Uşaqlıqdan qəlb dünyası Vətənə sevdalanan İlqar Zeynalov orta məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər gənc olan İlqar buranı 2011-ci ildə  yüksək səviyyədə, mükəmməl biliklə başa vurub. Azərbaycan Ordusunun baş leytenantı rütbəsində hərbi hissələrin birində qulluq edib. Vətənin keşiyində durduğu 9 il ərzində bir dəfə də olsun hər hansı nöqsana yol verməyib. Nümunəvi hərbçi kimi verilən bütün tapşırıqları vaxtında yerinə yetirib, özünə yalnız hörmət qazandırıb. Tabeliyindəki  əsgərlərə, gənc zabitlərə tələbkar yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərib. Həmişə  mənfur düşməndən qisas almaq məqsədilə öyrənib, vacib təlimlərdə fəallıq göstərib. Yüksək peşəkarlığına görə baş leytenant İlqar Zeynalova "Mübariz" postunda xidmət göstərmək tapşırılıb. Bir sözlə, o, canından artıq sevdiyi Vətənə vicdanla, qeyrətlə xidmət edib və məqamı gələndə yağıya qarşı amansız   olacağına and içib.

İkinci Qarabağ müharibəsi başlanan zaman Vətənin qeyrətli oğulları kimi, baş leytenant İlqar Zeynalov da cəbhə xəttində yerini alıb. Talış kəndinin, Suqovuşanın azadlığı uğrunda haqq savaşımızda düşmənin kabusuna çevrilib. Göstərdiyi rəşadət nümunəsi ilə adı dillərə düşüb. Döyüşdən-döyüşə atıldıqca Qarabağın çox yerində  üçrəngli bayrağımız dalğalanıb. Ağdərə istiqamətində gedən ağır döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalıb.

İlqar Zeynalov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə", Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Zəfər ORUCOĞLU

 





04.04.2024    çap et  çap et