525.Az

TV-lərin sayının artmasının hansı riskləri var? - Sosial şəbəkədə yazılanlar


 

TV-lərin sayının artmasının hansı riskləri var? - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Dövlət TV-lərinin sayı artmaqdadır. Risklər varmı?

Bu gün ölkəmizdə DOST TV - internet televiziyası fəaliyyətə başlayıb. Bu informasiya resursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur.

Ötən ay isə ASAN TV fəaliyyətə başlayıb. Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur.

Xeyli öncədən də Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı fəaliyyətdədir.

İnternet TV sektorunda yeni fəaliyyətə başlayan gənclərimizi təbrik edirik, TV kanallara uğurlar arzulayırıq.

Amma burada düşündürücü məqamlar da var.

Görəsən, dövlət resursları hesabına formalaşan bu tip informasiya resurslarının sayının artması hansısa risklər yaradırmı?

Hökumətdə bununla bağlı bir araşdırmalar, düşüncələr varmı?

Düşünürəm ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirəlayiqdir və xeyli faydalıdır.

Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.), onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar.

Bununla belə, Azərbaycanın media bazarının da yetərincə kiçik olması, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlığı üçün də risklər yaradır.

Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlər yaradır.

Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar.

Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə  risklər də yaradır.

Xüsusən də, burada rəqabətli mühitlə bağlı, dövlət qurumunun özünü təbliğə üstünlük verməsi, özünü reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir.

 

Səadet Məmmədova, jurnalist:

- QARAĞACI QƏBİRİSTANLIĞI İLƏ MARAQLANANLAR ÜÇÜN...

Dünən Qarağacıda idim. Ağdam qəbiristanlığı əsasən yerindədir.

Ağdam işğaldan azad olunanda hansısa nabələd adamlar, ya da yolu yanılan bir-iki nəfər gedib bəri başdan boş ərazinin videosunu çəkmişdi və "Qarağacı şumlanıb, ermənilər taxıl əki" deyə aləmə səs salmışdı.

Qarağacı ŞUMLANMAYIB. Mən hələ 2021-ci aprelin 16-da Qarağacıda çəkilişdə olanda buna əmin olmuşdum. O vaxt mina təhlükəsinə görə içəriyə girə bilməmişdik, dronla çəkmişdik və görmüşdük ki, qəbirlər dağıdılıb, amma şumlanmayıb.

Hətta bir dəfə mənə sual verilmişdi ki, səncə, Qarağacını bərpa etmək olar, axı orada heç nə yoxdur, düzlənib?! Mən əmin etmişdim ki, düzlənməyib, bərpa etmək olar, hətta dron çəkilişimi də göstərmişdim.

3 ildən sonra yenidən Qarağacıya getdim, ərazi artıq təmizlənib deyə, içəriyə girə bildik və xeyli irəlilədik. Bir daha əmin oldum ki, Qarağacı yerindədir. Dağıdılıb, amma düzlənməyib. 

Son vaxtlarda Qarağacıda qəbirlərin tapılması və bərpası ilə bağlı  "Ağdama qayıdış" İB fəallıq göstərir. Elə dünən biz gedəndə birliyin üzvləri də orada idi.

Qarağacının girəcəyində sağ tərəfdə Ağdamın məşhur insanlarının dəfn olunduğu bir ərazi var, şərti olaraq Fəxri xiyaban deyək. Orada dəfn olunmuş bir neçə nəfərin məzarının yeri dağılmayıb, ətrafındakı cağ da durur. Rəhmətlik Qərvənd Xosrovun (Xosrov Əhmədov) məzarının yerinə artıq mərhumun şəkli də vurulub.

Mənə Muxtar Əliyevin məzarı önündəki bir mənzərə yaman təsir elədi. Müxtar müəllim Ağdamda tanınmış insan olub, bir neçə vəzifədə çalışıb, əsas xidmətlərindən biri məhz Qarağacı qəbiristanlığını abadlaşdırmaq olub. Öz məzarı da lap abidə kimidir, ətrafında geniş ərazi də var. Deməli, onun məzarının qarşısında, betonun üstündə sınmış boşqab var. Boşqab ortadan bir neçə yerə bölünüb, amma dəyirmiliyi pozulmayıb. Məndən böyükləri çağırıb  soruşdum ki, bu boşqab təzə qoyulub, yoxsa köhnədən qalmadır? Dostum Ceyhun mərhumun nəvəsinə zəng edib soruşdu. Məlum oldu ki, hələ işğaldan öncə ailəsi ziyarət edəndə o boşqabda səməni gətiriblər. Ağdamın 1993-cü ildəki son baharından qalan boşqabdır bu. 30 ildə sınığının sırası da pozulmayıb.

Ümumiyyətlə, Qarağacıda çoxlu nişanələr, diri xatirələr, isti izlər var. Eldar Bağırov dəfn olunanda bacısı Almaz xala məzarın yanına gül qoymaq üçün balaca saxsı kuzə qoyub, məzarın yerini tapıb bərpa edəndə o kuzəni də tapıblar, elə əvvəlki yerinə qoyublar.

Qarağacıda mənzərə belədir: mərkəzi qapıdan girirsən, qapıdan axıradək gedən asfalt yol yerində qalır. Sonra irəliyəyirsən, görürsən ki, hər tərəf qəbirdir. Daşların sıx, qəbirlərin bir-birinə yaxın olan yerləri də var, bir az aralı olan yerlər də. Hansı qəbirin yanında Süsən zanbağı əkilmişdisə, hamısı durur. Hətta yasəmən kolları da sağ-salamatdır, artıb, çoxalıb. Qəbirlərə baş tərəfdən müdaxilə var, məlum vəhşilik - qızıl diş axtaranlar baş tərəfdən qəbri eşib. Amma sümüklər tam çıxarılmayıb. Qara mərmərdən olan sinə və baş daşlarının hamısı daşınıb, orda-burda balaca qırıq ya qala, ya qalmaya. Amma digər növ daşdan olan sinə daşları əsasən yerindədir, baş daşlarının ad yazılan hissəsi sındırılıb, bəzilər elə məzarın yanına düşüb. Bəziləri isə ya bəlkə ərazidədir, ya da dağıdıblar, tikinti üçün istifadə ediblər. Düşmənin məqsədi izləri itirmək olub. Amma mənfurlar nail olmayıblar, ciddi nişanələr sağ-salamatdır. Bir neçə qəbrin üstündə adı var. Köhnə baş daşlarından birini oxumağa çalışıram - 1890-1964 yazısı aydın görünür. Elə bu anda yaxınlıqda qəbirlərin arasında gəzən şəxs ucadan səslənir:

- Mehdiyeva Sədaqət -1958-1977... tanıyan var? Yazıx nə cavan ölüv əəə, görən kimdir?!

Həmin şəxs bir neçə qəbirdən ad və ya tarixi ucadan oxudu və hətta qəbirlərin arasında bitmiş Nərgizgülü də dərdi.

İrəlidəki ziyarətçiıərdən biri ilan görüb geri qayıtdı. Havalar hələ indi qızır, amma ilanlar dirçəlib.

Atam rəhmətə gedəndə mənim 5 yaşımın tamamına 1 ay qalmışdı. Ailədə 3 balaca uşaq idik. Vüsalə 3 yaş 3 aylıq, Şəbnəm 1 yaş 2 aylıq idi. Atam 1982-ci ildə qəzada həlak olub, Qarağacıda dəfn olunub. Nənəm isə 1991-ci il noyabrın 20-də, Qarakənd üzərində vertolyot vurulan gün vəfat edib, o da Qarağacıdadır. Babam bizi qəbiristanlığa aparmırdı, deyirdi ki, uşaqlar travma almasın, böyüyəndə gedərlər. Biz böyüyənədək dünyanın işləri qarışdı, Ağdamda müharibə başladı, Qarağacı ən təhlükəli yerlərdən birinə çevrildi. Beləcə biz o vaxt atamın məzarını görmədik, heç zərrə qədər təsəvvürümüz belə yoxdur. Məndən yaşda xeyli böyük olan bibim qızına zəng edib səmtini  soruşuram. O da izah edir: Bax mərkəzi qapıdan gir, məşhurların məzarlarını keç, yolun ortasında bir uzun "naves" vardı,  gör o "naves"in dəmir borudan dirəklərinin ayaqlarını tapa bilirsənmi? "Naves"in ayağndan sonra sağda çinarlar vardı, yol da bir az dikəlib sonra yenə aşağı enirdi, enəndə sağda başdaşı ücbucaq formasında qabağa əyilmiş qədim qəbirlər vardı, o qəbirlərdən sonra sağa dön, 10-15 metr get, dayımın qəbri ordadır...

Dediyi kimi gedirəm, "naves"in kəsilmiş ayağını tapıram, sonra irəlidə qədim başdaşları görürəm, hamısı ya sınıb, ya aşıb. Abdal Qəhrəmandan çinarların yerini soruşuram, deyir ki, elə buradır. Təxmini yerdən sağa dönürəm - amma bilmirəm ki, atamın qəbrinin yeri hansıdır. Qara mərmərləri söküb aparıblar, nişanə yoxdur, məzarın yerini dəqiq bilmədiyim üçün döyüküb qalıram. Nənəmin qəbrinin heç üstü götürülməmişdi, o dəfn olunanda artıq müharibə gedirdi, Qarağacıya yaxın düşmək olmurdu. Əgər bircə dəfə o məzarları görsəydim, addım sayı ilə, dağların səmti ilə yadımda saxlayardım. Amma təəssüf... Ruhlarına salavat çevirdim, dua oxudum. Mən əminəm ki, onlar mənim ayaq səslərimi eşitdi. Gərək yaşlı qohumlardan kimlərisə aparıb, məzarların dəqiq yerini dəqiqləşdirəm.

Mən belə anladım ki, 20-25 nəfərlik dəstələrlə gedib məzarların yerini tapıb, üstünü səliqəyə salmaq olar. Səliqə-səhmanla, nizamla edilsə, 4-6 aya məzarlarıın çoxunun yerini bəlli etmək mümkün olar.

Siz də icazə alıb getsəniz, ərazidə

ilanlardan ehtiyatlı olun. Təhlükəlidir.

Allah bütün dünyadan köçənlərimizin ruhunu şad eləsin!

 

Taleh Cəfərov, tarix üzrə fəlsəfə doktoru:

- Bir neçə gündür ki, küçəyə atılmış və kitablarının yanında gecələyən və bir növ, onların keşiyini çəkən professor Fazil Qaraoğlunun ermənilərlə bağlı yazmış olduğu fundamental əsərindən mən də dissertasiyanı yazdığım zaman istifadə etmiş və iqtibaslar gətirmişəm. Gözəl alimdir. Şükür olsun ki, Heydər Əliyev Fondu həmişə olduğu kimi, bu dəfə də ədalətli addım ataraq alimin 1 illik kirayə pulunu qarşılamağı qərara aldı. Bundan savayı, dünən gün ərzində açılmış bank hesabına mərhəmətli xalqımız tərəfindən 30 min manat ianə olundu. Bu, bir daha göstərdi ki, xalqımız aliminə nə dərəcədə dəyər verir, onun o şəklə düşməsinə barışmaq istəmir. Sən böyüksən, əziz millətim...

 

Asif Nərimanlı, jurnalist:

- Vaşinqton Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşünün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan edib. Bu, görüşlə bağlı digər tərəflərin, xüsusilə rəsmi Bakının mövqeyinə cavab xarakteri daşıyır.

"İqtisadi gündəm"in iki tərəfi var: bu, həm diqqəti əsas hədəfdən yayındırmaq, həm də əsas hədəfə çatmaq məqsədi daşıyır.

Görüşün birbaşa Ermənistanın "ticarət əlaqələrini şaxələndirmək" məqsədi daşımadığı bəllidir.

Birincisi, görüş Paşinyan, Ursula von der Leyen və Blinken arasında keçirilir: məsələ sırf iqtisadiyyatla bağlı olsaydı, siyasətçilər yox, bu sahənin nümayəndələri müzakirə aparmalıydı;

İkincisi, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da "görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıdığını" açıqlamışdı;

Qərbin - ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Lakin Ermənistanın siyasi və hərbi müstəvidə alternativi olsa da, iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistan iqtisadi alternativ tapmadığı müddətdə, təhlükəsizlik vektorunu - rus hərbçilərin ölkədən çıxarılması, KTMT-dən çıxmaq və s. - dəyişməkdə tərəddüd edir. Brüssel görüşünün "iqtisadi gündəmi" də Ermənistana belə bir alternativin yaradılmasına hesablanıb. Və iqtisadi dəstəyə paralel olaraq, siyasi və hərbi yardımlar da davam edəcək.

Qərb iqtisadi yardımı təmin edəcəyi təqdirdə, Ermənistan Rusiyaya qarşı indiyə qədər daha çox ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə atmağa başlayacaq.

 

 





05.04.2024    çap et  çap et