525.Az

"Qarabağ - həsrətdən zəfərə" kitabının təqdimatı olub


 

"Qarabağ - həsrətdən zəfərə" kitabının təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair-publisist Rəfail Tağızadənin "Qarabağ - həsrətdən zəfərə" kitabının təqdimatı keçirilib. Tədbiri Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid açaraq şair-publisist Rəfail Tağızadə "Qarabağ - həsrətdən zəfərə" kitabında Qarabağın həsrət və zəfərini xüsusi, hiss və duyğularla yazdığını qeyd edərək bu kitabın işıq üzü görməsi münasibəti ilə müəllifi Yazıçılar Birliyinin sədri Anarın, eləcə də ümumən qurum rəhbərliyinin adından təbrik edib.

AYB katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi R.Tağızadənin yaradıcılığından, "Qarabağ - həsrətdən zəfərə" kitabındakı esse, publisistlik yazılardan və onlara uyğun şeirlərin verilməsinin fərqliliyindən danışaraq müəllifin şəhidlərə həsr etdiyi şeirdə bayrağımızı yeni ifadə formasında təqdim etməsinin diqqət çəkdiyini bildiriblər.

Görkəmli alim Rafiq Əliyev R.Tağızadə yaradıcılığına qeyri-səlis məntiqlə baxışdan, gözəl şair, publisist, tərcüməçinin, vətən sevdalısının bir insan, bir dost kimi səciyyələndirərkən onun dosta, ailəyə, vətənə, xalqa, dövlətə sədaqətini ön plana çəkib.

"Şeir hissin mənzərəsidir" deyən Xalq şairi Ramiz Rövşən R.Tağızadənin şeirlərindəki hissin poetik mənzərəsini "Vaqonun altından asılan beşik" şeir nümunəsində göstərib və şeirlərdə həm də kifayət qədər paradoksallığın olduğunu bildirərək qeyd edib ki, əslində, poeziya paradoksallıqdır.

Professor Rüstəm Kamal çıxışında bildirib ki, R.Tağızadənin şeirlərində, esselərində çox möhtəşəm detallar var, o, Qarabağ haqqındakı gözəl detalları heç yerdə saxtalıq etmədən poeziyaya, yazılara gətirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdirləri, professorlar - dramaturq Əli Əmirli müəllifin qazilərə həsr etdiyi şeirlərdən, birlikdə Ağdamda səfərdə gördükləri Ağdam Dram Teatrından qalan sütunlar haqqındakı poetik ifadələrdən bəhs edib, Əməkdar artist Azad Şükürov isə Rəfail müəllimin şeirlərini rəssamın yaratdığı tabloya bənzədib və müəllifin "Qazi yığıncağı" şeirini səsləndirib.

Tədbirdə Slavyan Universitetinin professoru Flora Naci, Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, kitabın ön sözünün müəllifi Aygün Bağırlı, Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Zemfira Məhərrəmli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı, Azərbaycan Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, sabiq millət vəkili Çimnaz Əliyeva, yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, ədəbiyyat müəllimi, publisist Bəsti İsmayıl, araşdırmaçı-yazar Vaqif Osmanlı çıxış edərək R.Tağızadənin yaradıcılığı barədə fikirlərini bölüşüblər. 

Sonda R.Tağızadə təqdimata gələnlərə öz təşəkkürünü bildirib, Şuşaya bayraq sancan gizir Yaşar Hüseynova tədbirə qatıldığı üçün xüsusi minnətdarlığını bildirib.

 

 





05.04.2024    çap et  çap et