525.Az

Teatr sənətimiz, "Şekspir" tamaşası və mən


 

Teatr sənətimiz, "Şekspir" tamaşası və mən<b style="color:red"></b>

Aynur ƏDİL

 

İncəsənətin bütün növləri öz spesifikliyi ilə fərqlənir və rəğbət qazanır. Amma mənim fikrimcə, ən ali incəsənət növü teatrdır. Teatr insanı insana tanıdan, cəmiyyət həyatına, insan düşüncələrinə güzgü tutan bir sənətdir. Göstərilən tamaşalarda hər kəs mütləq özünün, yaxud tanıdıqlarının həyatına aid bir hadisəyə rast gəlir. Bəzən özümüzə belə etiraf etməkdən utandığımız günahlarımızı, səhvlərimizi bizə cəsarətlə göstərən aynadır teatr. Bəzi obrazlar insana o qədər tanış gəlir ki, bir anlıq teatrda olduğunu unudub, özünü güzgünün qarşısında hiss edirsən.

Teatrda mədəni istirahətlə birgə sanki sehrli dünyada yeni və fərqli psixologiyaya, mentalitetə, mədəniyyətə sahib fərdlərlə tanışlıq imkanı yaranır. Bu baxımdan, teatr sənətçilərinin, xüsusən, çox zaman öz həyatını unudub, ömrünü tamaşaçıya zövq bəxş etməklə keçirən fədakar aktyorlarımızın zəhməti minnətdarlıqla qeyd edilməlidir. Özümü dərk edəndən hər bir sənətin, peşənin cəmiyyətdə rolunun mühüm olduğunu anlamaqla yanaşı, aktyorluq zirvəsinin əlçatmazlığının fərqinə varmışam. Onların həyatı, işi bu mahnı sözlərində gözəl ifadə olunub: "Dondan-dona girərik, sevilərik, sevərik, milyon həyata gəlib, milyon dəfə ölərik..." Aktyorun igidlik meydanı, istedad və bacarığını nümayiş etdirmək məkanı teatr səhnəsidir. Hazırkı çağda Azərbaycanın teatr aktyorlarının yüksək peşəkarlıq, səhnə mədəniyyəti, tamaşaçılara verdikləri dəyər ilə xüsusi məhəbbət qazandıqlarına əminəm.

Bugünə kimi təsirindən çıxa bilmədiyim bir çox teatr tamaşası izləmişəm. Adətim üzrə də hər zaman təəssüratlarımı ya birbaşa aktyorların özünə bildirmiş, ya da sosial şəbəkədə paylaşmışam. Aprelin 2-də isə Bakı Bələdiyyə Teatrının yeni səhnə işinə - Xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasına baxdım. Artıq tamaşanın ilk səhnəsindən ürəyim yerindən çıxacaqmış kimi döyünməyə başladı və hiss etdim ki, uzun müddət sənətin sehri ilə ovsunlanacam. Cəmiyyətə ötürülən psixoloji mesajlarla dolu olan "Şekspir" tamaşası başa çatanda ömrümdə ilk dəfə bir tamaşanın bitməsinə ürəkdən təəssüfləndim. Xalq yazıçısının dəyərli əsərinin səhnə həllini Bələdiyyə Teatrının yaradıcı kollektivi uğurla, peşəkarlıqla təqdim etdi.

"Şekspir" tamaşasında təsirləndiyim, yadımda qalan səhnələri, dialoqları saymaqla bitməz. Onlardan bir neçəsini bölüşmək istərdim: Drob13 obrazını canlandıran aktyor Tural Əhməd guya yad planetdən yer kürəsinə gələn "dəli"dir. Ancaq onun söylədiyi, qızıldan dəyərli fikirlər ilk anlarda "dəlidən doğru xəbər" düşüncəsini oyadır. Məsələn, "onu hansı adla çağırmaq lazımdır?" sualı ortaya çıxanda 13 rəqəmini vurğulayan kimi həkimlərin "13 rəqəmi nəhsdir" deyə təşvişə düşmələri də belə bir münasibətdən xəbər verir. Onun xəyalında yaratdığı planetdə hər kəs, yer kürəsində yaşayanlardan fərqli olaraq, xoşbəxtdir. Həmin planetdə sevginin göstəricisi möhürdən, iki imzadan ibarət olan nikah haqqında şəhadətnamə deyil. Bəs həqiqətən də bizim planetdə yaşayanların bədbəxtliyi haqqında dərindən düşünürükmü, yoxsa gerçəklərlə üzləşmək üçün mütləq teatra, "Şekspir" tamaşasına baxmaq lazımdır?! Bəlkə də elə bizim "dəli" adlandırıb bir otağa məhkum etdiklərimiz qalanlarının çoxundan daha ağıllıdırlar?!

Tamaşaların insanın öz həyatı ilə bağlılığının bir daha şahidi oldum bu əsəri izləyəndə. Öz yaşadıqlarım da "film kadrı" kimi gözümün önündən keçdi. 18-19 yaşlarımda əlimə qələm alıb vətənə, millətə xidmət edən, cəmiyyətə faydalı gənc kimi formalaşmaq istədiyim vaxt ətrafımdakı paxıl, bədxah insanlar az qala məni öz gözümdən də salacaqdılar. Ancaq mən o cahil, zavallı insanlara Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsindəki Novruzəli dövründə yaşamadığımızı anlatdım, inkişaf edən cəmiyyətimizdə necə davranmalı olduğumuzu qəbul etdirdim. İxtiyarım olsaydı, dünənki tamaşada aktyorlarımızın yanına keçərək öz mesajlarımı mən də səhnədən cəmiyyətə ötürərdim. Ancaq onsuz da onlar tamaşanın hər cümləsində ürəyimin dərinliklərindən xəbər verirdilər.

Ən maraqlı, məni çox duyğulandıran cəhətlərdən biri də sənətini hər zaman yüksək dəyərləndirdiyim sevimli aktrisamız Hüsniyyə Mürvətovanın canlandırdığı məşhur fransız aktrisası Sara Bernar obrazı idi. O, öz dünyasında özünü aktrisa zənn edir, hər dəqiqə müxtəlif obrazları canlandırır və təqdirəlayiq performans göstərirdi. Bu xəyalla çox xoşbəxt yaşayır, aktrisa olduğuna tək özünü yox, yanındakı "dəli"ləri də inandırmağa çalışırdı. Onun kiçik dünyası tamaşaçılar tərəfindən çox rəngli, parlaq, sevgi və ümid dolu görünürdü.  Drob13 ilə yaşadığı eşq, onunla bir yerdə canlandırdıqları "Romeo və Cülyetta" o qədər möhtəşəm idi ki, hətta həkim və sanitarlar da onlara mat qalırdılar. Aktrisa Ülviyyə Rzanın canlandırdığı həkim obrazının Sara Bernar ilə Drob13 obrazlarını ayırmaq cəhdləri də təsirli, maraqlı alınırdı. Yenə də real həyat ilə çox yaxından əlaqəsi olan səhnə! Müşahidələrimə əsasən, tamaşadakı həkim obrazı sevilmirdi: həyatın hansısa məqamlarında xoşbəxt olmayan insanlar o hissi yaşayana qısqanclıqla yanaşır və ən nəhayətində mane olmağa çalışırlar. Bir önəmli məqam da bu idi ki, baş həkim obrazını canlandıran aktyor İlqar Musayev tamaşanın əvvəlində vurğulamışdı: Teatrlar real həyata niyə yaxın olmalıdır? Guya biz real həyatda çox xoşbəxtik?

İstedadlı aktyorumuz Rəşad Kəsəmənlinin canlandırdığı İosif Stalin obrazının xarakter cizgiləri, öz iztirablarıyla mübarizə aparması bir tamaşaçı kimi məni çox təsirləndirdi. O, səhnədə bu obraza xas cəhətləri, onun ziddiyyətlərini qabarıq şəkildə çatdırmağı bacardı. Səhnədəki Stalin törətdiyi cinayətlərdən sonra insanlardan bağışlanmağı diləyir, doğulanda cəllad kimi doğulmadığını qeyd edirdi və bu da həm onun, həm də cəmiyyətin faciəsindən xəbər verir. Repressiya qurbanlarımızın acı taleyi, Mikayıl Müşfiqin, Əhməd Cavadın başına gətirilən müsibətlər Stalin obrazına hiddətimi daha da artırdı.

Diqqət çəkən nüanslardan biridə Stalinin dilindən səslənən bu fikir oldu ki, niyə mən hakimiyyətdə olanda, söz sahibi ikən hamı mənə qulaq asırdı, indi isə yalvarıram məni bağışlasınlar? Əslində diqqətlə fikir versək, günümüzün acı reallıqlarından biri də budur: əgər insanlar səndən asılıdırlarsa, ya da qorxurlarsa, səni dinləyirlər, hətta sən cəllad olsan belə. Ancaq cəmiyyətdə bir mövqe tutmamısansa, doğru da danışsan, tamaşadakı dəlilər kimi sənin fikirlərinə elə hər zaman dəlilik kimi yanaşacaqlar.

Gənc və istedadlı aktyor Elçin Muradovun canlandırdığı sanitar obrazı da öz davranışları, ötürdüyü mesajlar, cəmiyyətə çatdırmaq istədiyi fikirlərlə yadda qaldı və tamaşaçı alqışından pay aldı.

"Şekspir" tamaşası həyatın bütün acı reallıqlarını şillə kimi insanın üzünə çırpır. Hər səhnəni həyəcanla izləyirdim, dramaturqun ustalığına, aktyorlarımızın professionallıqlarına heyran olmamaq mümkün deyildi. Böyük inkişaf yolu keçmiş Azərbaycan teatrında belə bir uğurlu əsərin yüksək səviyyədə təqdim edilməsi daha bir parlaq nailiyyətdir.

 





05.04.2024    çap et  çap et