525.Az

"The müqəssir" mənim vizit kartımdır"


 

GƏNC REJİSSOR ABDULLA ELŞADLI: "TAMAŞANIN UĞURUNUN ƏSAS SƏBƏBKARI AKTYORLARDIR"

"The müqəssir" mənim vizit kartımdır"<b style="color:red"></b>

Artıq bir neçə müddətdir, Lənkəran Dövlət Dram Teatrında sevinc əhval-ruhiyyəsi hökm sürür. Truppa paytaxt Bakıdan yeni yaradıcılıq qələbəsi ilə qayıdıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) birgə "Qonaq teatr" layihəsi çərçivəsində Lənkəran teatrı ATXİ-nın böyük səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" pyesinin motivləri əsasında hazırlanmış "The müqəssir" tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlardan Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli ifa ediblər.

Aranjimanı, aktyor oyunu, səhnə geyimləri və musiqi seçimi ilə diqqət çəkən tamaşada rejissor klassik mətn üzərində yenidən işləyərək, onu müasir dilə çevirib. Nəticədə  o, əsas mətni yenidən qurmaqla kifayətlənməyərək, ona təsirli təqdimat üsulları da əlavə edib. Tamaşada həmçinin Mixail Bulqakov və Səbuhi İmanovun mətnlərindən istifadə olunub.

Tamaşadan doğan sadə əhvalat ifadə dili ilə aşağı təbəqənin kosmopolit təriflərinin sintezində təqdim olunur.

...Əsas personajlar olan Kişi və Qadın bir gecə anlayırlar ki, indiyə qədər əsl xoşbəxtliyin nə olduğunu bilmədən və mahiyyətcə bir-birlərini sevmədən yaşayıblar. Aralarındakı söhbətdən o da məlum olur ki, Kişinin səhhətində problemlər var və bu, aralarındakı soyuqluğu artırıb. Nəticədə Qadında yığılan mənfi enerji onu məhv edir. Beləliklə, gərginlik kulminasiya nöqtəsinə çatır və hətta problemin ağlasığmaz həlli yolu məntiqli görünür.

Nə etməli? Bir yol var: cənnətə qayıdıb Adəmlə Həvvanın cənnətdə yaşadığı vaxtlar kimi qayğısız və firavan yaşamaq. Axı, Allah da onlara şans verib. Lakin Qadının səbirsizliyi ucbatından cütlük bu dəfə də imtahandan keçə bilmir. Sonda Kişi və Qadın komalarına qayıtmağa, əzab və qayğılarla dolu bir həyata davam etməyə məcbur olurlar...

Böyük maraq və alqışlarla qarşılanan tamaşanın sonunda rayon teatrları ilə uğurlu əməkdaşlığa və "The müqəssir" tamaşasının orijinal quruluşuna görə rejissor Abdulla Elşadlı Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomu ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Abdulla Elşadlı 22 avqust 1994-cü ildə Marneuli (Gürcüstan) şəhərində anadan olub. O, hələ orta məktəbdə oxuyarkən Hacıağa Abbasov adına Mədəniyyət evindəki dram dərnəyində tamaşalarda oynayıb, eyni zamanda bir neçə əsərə quruluş verib. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Birinci kursun sonunda Xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində kurs əsərini səhnələşdirib. 2015-ci ildə bədii rəhbər, Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Dram Teatrında "Absurdistan" pantomima studiyası yaradılıb. 2016-cı ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Abdulla Elşadlı Moskva Dövlət Akademik Teatrının nəzdində fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutunun aktyor sənəti və rejissorluq fakültəsinə daxil olub.

Rejissor Abdulla Elşadlı ilə müsahibəni təqdim eidrik.

 

- Ötən mövsüm Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" əsəri əsasında səhnələşdirdiyiniz "The müqəssir" tamaşası bir müddət öncə Bakıdakı Aktyor Evinin səhnəsində nümayiş etdirilib. Təqdirəlayiq haldır ki, həm peşəkarlar, həm də teatrsevərlər tərəfindən tamaşa uğurla qarşılanıb. Sizcə, bu cür uğurun səbəbi nədədir?

- Teatrda ən vacib şey sevgi və bayramdır. Hər məşq sevdiyiniz insanla ilk görüşdür və hər çıxış bir bayramdır. Yevgeni Vaxtanqovun vəsiyyət etdiyi də budur. Mən də həmişə bu ənənənin daşıyıcısı olmağa çalışmışam.

O ki qaldı sualınızın cavabına,  hesab edirəm ki, tamaşanın uğurunun əsas səbəbkarı aktyorların özləridir. Onlar rollarını postmodernizm və postdramatik teatr üslubunda oynayırlar. Bu xüsusiyyətləri hətta tanınmış teatr xadimləri Aydın Talıbzadə, Əli Əmirli, Məryəm Əlizadə də yüksək qiymətləndirdilər. Düşünürəm ki, məhz buna görə də tamaşamız uğurlu alındı.

- Peşəkar teatr karyeranıza aktyor kimi başlamısınız. Sizi "Kimdir müqəssir?" əsərini səhnələşdirməyə, Ə.Haqverdiyev kimi klassikin yaradıcılığına müraciət etməyə vadar edən nə oldu?

 - İki teatr diplomum var. Birincisi rejissorluq, ikincisi isə aktyorluq və rejissorluq üzrədir. Bildiyiniz kimi, mən Akademik Rus Dram Teatrının səhnəsində oynayıram, bu teatrı çox sevirəm, bura ikinci evimdir. Amma yenə də hesab edirəm ki, rejissorluq mənim güclü tərəfimdir.

Niyə məhz Haqverdiyev? "Kimdir müqəssir?" əsərini mənə Lənkəran teatrının baş rejissoru Anar Babalı təklif etmişdi. Əsər ilə tanış olduqdan sonra ilk təəssüratım belə oldu: niyə Anar müəllim bu əsəri mənə təklif edib? Bu ki tamamilə hadisəsiz bir əsərdir, burada hər şey sözçülük üzərində qurulub. Mən əsərdən imtina etmək istəyirdim, çünki Şekspirin "Kral Lir"ini və ya B.Brextin "Siçuandan olan yaxşı adam"ını səhnələşdirməyi planlaşdırmışdım. Amma Anar müəllim təkidlə dedi ki, orada mütləq maraqlı nəsə tapacaqsan. Əslində baş verənlər Anar Babalının düşündüyü kimi də oldu. Bir dəfə metroda yorğun bir kişi qarşımda oturub şirin-şirin mürgüləyirdi. Çox güman ki, o, işdən, bəlkə də, tikinti obyektindən qayıdırdı. Kişi əlindəki torbaya bərk-bərk bükülmüş balta tutmuşdu. Qəfildən o, ayılaraq harada olduğunu, stansiyasının yanından keçib-keçmədiyini başa düşməyə çalışdı. Qalxıb vaqondan çıxdı. Yəqin ki, bura heç onun  stansiyası deyildi. O an ağlıma bir fikir gəldi. Dərhal Anap Babalaya zəng vurub dedim ki, "Kimdir müqəssir?" tamaşasının mizanlarını tapmışam, ancaq mətni gərək özüm yazam.

Sonradan əsərin masaüstü oxu məşqləri, tamaşanın səhnələşdirilməsi, hadisələrin ardıcıllığının, ilkin və əsas hadisələrin tapılması və s. proseslər ardıcıllığı ilə davam etməyə başladı.

Tamaşanı bəyənirəm. Bu, mənim vizit kartımdır. Ola bilsin ki, zaman keçdikcə nələrsə dəyişsin, amma mənim "The müqəssir" tamaşasının quruluşuna baxışım belədir.

- Razılaşın ki, tamaşada mübahisəli məqamlar da az deyil. Bu isə o deməkdir ki, səhnədə baş verənləri hər tamaşaçı həzm edə bilmir.

- Əlbəttə, tamaşada mübahisəli məqamlar var, amma mübahisədən həqiqət doğulur. O ki qaldı hər bir tamaşaçının anlayışsızlığına, bunu deyim ki, mən onsuz da hər tamaşaçının başa düşməsi üçün çalışmamışam. Teatr elitanın, o cümlədən, tamaşaçıların məkanıdır. Əgər on tamaşaçıdan iki nəfər məni başa düşürsə, deməli, fikir-məqsəd alınıb, tamaşa yaşaya bilər. Görkəmli teatr islahatçısı Konstantin Stanislavski təkid edirdi ki, tamaşa müəllifə və aktyorlara suallar verməklə səhnələşdirilməlidir. Tamaşaçı düşünməli, səhnədə baş verənləri təhlil etməli, aktyorlarla birlikdə yaşamalıdır. Təzim edildikdən sonra proses dayanmamalıdır. Səhnədə baş verənləri evdə də yaşamaq lazımdır. Bu, sənətdir, bu, teatrdır.

Personajlara gəlincə, onlar elə orada idilər, sadəcə olaraq, əvvəllər heç vaxt səhnədə göstərilməmişdilər. Çünki heç kim müəllifin mətni ilə bağlı onlara sual verməmişdi.

- Siz həm də S.Vurğun adına Akademik Rus Dram Teatrının aktyorusunuz. Bilirəm ki, Lənkəran Dövlət Dram Teatrının aktyorları üçün bir neçə dəfə ustad dərsi keçmisiniz. Tamaşanı paytaxtdan kənarda, daha dəqiq desək, Lənkəran teatrında səhnələşdirmək fikri sizdə necə yarandı?

- Mən Rus Dram Teatrında işləməkdən qürur duyuram. Bu sənət ocağını sevirəm. Teatrın rəhbərliyi də mənə çox kömək edir, Bakıdan kənarda işləməyim, tamaşalar qoymağım üçün hər cür şərait yaradırlar.

Bir il əvvəl Anar Babalı məni Lənkəran teatrında Stanislavski sistemi üzrə ustad dərsi keçməyə dəvət etdi. Mən bu layihəni "teatr Odisseyi" adlandırdım. Layihə üzərində işləyərkən ilk dəfə bu teatrın truppası ilə yaxından tanış oldum. Sonradan Mədəniyyət Nazirliyinin xətti ilə ikinci dəfə Lənkəranda "Öyrətmək - Öyrənmək" layihəsi üzrə ustad dərsi keçirdim. Onda Anar Babalı mənə dedi ki, burada tamaşa qoymalısan. Çünki sənətçiləri artıq tanıyırdım. Əslində mənim Bakıdan kənarda tamaşa qoymaq fikrim yox idi. Sonra müstəqil olaraq Bakıda öz studiyamda üç, Teatr Xadimləri İttifaqında isə bir tamaşa hazırladım. Anar Babalı isə mənə dövlət teatrlarına yol açdı.

- Aktyor oyunu barədə nə deyə bilərsiniz? Rejissorluq baxışınızı hamı həyata keçirə bildimi, aktyorlardan hansını xüsusilə vurğulamaq istərdiniz?

- Tamaşaya cəlb olunan aktyorların hamısı öz tapşırığını mükəmməl yerinə yetirdilər. Xüsusilə kimisə ayırmaq mənim üçün çətindir. Hamısı ən yüksək səviyyədə aktyorluq nümayiş etdirdilər. Gənclər də, yaşlı nəsil də - hamı tam gücü ilə işlədi. Təbii ki, truppada həmişə rəğbət bəslədiyiniz bir sənətçi olur. Ancaq hələlik o, inkoqnito olsun. Hamısı mənim planımı başa düşdülər və verilən bütün tapşırıqları yüksək səmərəliliklə yerinə yetirdilər.

Yeri gəlmişkən, tamaşadan sonra teatrşünas Aydın Talıbzadə məni təbrik edərək dedi: "Abdulla, böyük iş görmüsən, sürrealizmlə postmodernizm ahəngində tamaşa yaratmısan, "Pəri Cadu" mistik fikrini "Müqəssir"in kontekstində qurmusan. Quruluş fikrini çox bəyəndim. Danışmaqdan oxumağa keçidlər də yaxşı idi. Heykəltaraşlıq mizanları və səhnədəki hərəkətli fiqurlar baxımından tamaşa məni heyran etdi. Ancaq mövzunun özü olduqca düzdür və buna görə də hər cəhətdən başa düşüləndir. İstənilən halda materialı müəyyən işarələrin və kəsilmiş kuklaların köməyi ilə təqdim etməyin mövzunu zənginləşdirir. Bu və ya digər şəkildə tamaşa bizim teatr mədəniyyətimiz kontekstində yüksək qiymətə layiqdir".

- "Müqəssir"dən sonra Lənkəran teatrında Avstriya dramaturqu Peter Turrininin "Bu da axırı!" monopyesini də tamaşaya qoydunuz. Rejissorluq fəaliyyətinizi bundan sonra da davam etdirmək fikrindəsinizmi?

- Bəli, mən Lənkəran teatrında paralel olaraq bir nəfərlik monotamaşa da hazırladım. Aktyor Əbülfəz Axundov diqqətimi çoxdan çəkmişdi - onun danışıq tərzi, boyu, baxışları, səsi, davranışı və ümumiyyətlə, bir insan kimi onun özünü çox bəyənmişdim. Baş rejissora Ə.Axundovla işləmək istədiyimi bilirəndə, Anar müəllim dərhal razılaşdı və biz bu tamaşa üzərində işə başladıq. Yeri gəlmişkən deyim ki, bu tamaşa Əbülfəz Axundov üçün həm də benefisdir.

Rejissorluq işinə davam edəcəyimə gəlincə, cavabım belədir: bəli! Hər birimiz dövlətimizə xidmət etməliyik. Mən teatra, Azərbaycan incəsənətinə xidmət edirəm!

Ağaddin BABAYEV

Lənkəran

 





05.04.2024    çap et  çap et