525.Az

Xatirələrdə yaşayan ziyalı


 

Xatirələrdə yaşayan ziyalı<b style="color:red"></b>

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) yüz illik tarixi dövründə çoxsaylı elm adamlarını öz doğma divarları arasında yetişdirib, onların elmi axtarışlarına və gələcək pedaqoji fəaliyyətlərinə  geniş imkanlar yaradıb. Qocaman elm məbədi olan ADAU və onun kollektivi ömrünün çox hissəsini şərəf və ləyaqətlə doğma universitetə həsr etmiş və gənc  kadrların yetişməsində müstəsna xidmətlər göstərmiş alim və müəllimlərini bu gün də unutmur, ehtiramla xatırlayır. Bu insanlar arasında tarix elmləri doktoru, professor Əhməd Cabbar oğlu Məmmədovun adı tez-tez çəkilir.

Bu il professor Əhməd Məmmədovun anadan olmasının 100 ili tamam olur.

Əhməd Məmmədov 1924-cü il mayın 5-də Qərbi Azərbaycanın Qarabağlar rayonunun Alqırıx kəndində kəndli ailəsində anadan olmuşdur. 1939-cu ildə kənd orta məktəbinin 7-ci sinfini bitirdikdən sonra İrəvan Azərbaycan Pedaqoji məktəbinə qəbul olunur, 1942-ci ildə həmin məktəbi bitirir, elə doğulduğu kəndin ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlayır. İkinci Dünya müharibəsinin qanlı-qadalı vaxtlarında - 1942-ci ilin  sentyabrında sovet ordusu sıralarına çağırılır. Ön cəbhədə Vətənə  borcunu ləyaqətlə yerinə yetirir. 1943-cü ilin fevral ayınadək Xalq Daxili İşlər Komissarlığının sıravi döyüşçüsü kimi xidmət edir, sonralar baş qərargaha köçürülür. 1945-ci ilin iyul ayından 1946-cı ilin mayındək qərargahda radio stansiyasının rəisi vəzifəsində çalışır və sonradan ehtiyata buraxılır.

1946-1947-ci tədris ilində Alqırıx kənd məktəbində müəllim işləyən Əhməd Məmmədov elə həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur. 1948-ci ildə 2-ci kurs tələbəsi kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürülür. 1952-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirir və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sərəncamına göndərilir. Ali respublika rəhbərliyinın qərarı ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) təyinat alır və ömrünün sonunadək (mart 1996-cı ilədək) burada müəllim, baş müəllim, dosent, 1959-1962-ci illərdə institut partiya komitəsinin katibi vəzifələrində çalışır.

Ə.Məmmədov 1964-cü ilin yanvar  ayından 1996-cı ilin mart ayınadək yeganə ali aqrar təhsil müəssisəsinin  tarix kafedrasına rəhbərlik etmişdir.

Əhməd Məmmədov 1960-cı ildə Tbilisi Dövlət Universitetində müvəffəqiyyətlə dissertasiya müdafiə etmiş, SSRİ Ali Attestasiya Komissiyasının 22 mart 1961-ci il tarixli qərarı ilə ona tarix elmləri namizədi elmi dərəcəsi almış,  1975-ci ildə isə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1976-cı ildə ona  professor elmi adı verilmişdir.

Əhməd Məmmədov 50-dən artıq elmi əsərin, o cümlədən, dərs vəsaiti, tövsiyə və elmi məqalələrin  müəllifidir.

Professor Ə.Məmmədov indiki Azərbaycan Dövlət Aqrar Universitetində işlədiyi dövrlərdə müxtəlif respublikalarda, o cümlədən, Moskva, Kiyev və keçmiş SSRİ-nin digər  universitetlərində ixtisasartırma kurslarında olmuşdur. Doğma ali təhsil ocağında çalışdığı 44 il ərzində təcrübəli pedaqoq, yaradıcı alim, eyni zamanda prinsipial, təvazökar və səmimi insan kimi yadda qalmış, professor-müəllim heyəti və tələbələri arasında böyük nüfuz qazanmışdır.

Əhməd Məmmədovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "1941-1945-ci illərin Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə", "Qələbənin 20 illiyi", "Rəşadətli əməyə görə", "Qələbənin 30 illiyi" medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları, SSRİ Ali və Orta ixtisas Təhsili Nazirliyinin Fəxri fərmanı, SSRİ Ali təhsil sistemində "İşdə əla nailiyyətlərə görə döş nişanı" ilə təltif olunmuş, dəfələrlə rektorluğun və ictimai təşkilatların fəxri fərmanlarına və təşəkkürnamələrinə layiq görülmüş, bir neçə dəfə Gəncə şəhər sovetinin deputatı seçilmişdir.

Əhməd müəllim həm Azərbaycan, həm də rus dillərində mühazirələr demiş, Vətənə sədaqəti, nəzakətli davranışı ilə daim fərqlənmişdir. Görkəmli alim öz mühazirələrində Ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətindən, ölkəmiz və xalqımız qarşısında böyük xidmətlərindən, Vətən, xalq, torpaq sevgisindən daim danışardı. Təhsil müəssisəsinin rəhbərliyinin buraxdığı nöqsanları cəsarətlə tənqid edər, onların aradan qaldırılması üçün öz ağsaqqal tövsiyələrini verərdi. Vaxtaşırı tələbə-gənclərlə, gənc müəllimlərlə görüşlər keçirər, İkinci Cahan müharibəsinin qanlı-qadalı hadisələrindən bəhs edərdi.

Mənalı və şərəfli ömür yaşayan Ə.Məmmədov 1996-cı ilin mart ayında 72 yaşında dünyasını dəyişib.

Professor Əhməd Məmmədovun əziz xatirəsi universitet kollektivinin, tələbələrin və onu yaxından tanıyan insanların qəlbində daim yaşayacaq.

Bu gün Aqrar Universitet gənc nəslin əsl vətənpərvər və layiqli vətəndaş kimi yetişməsində böyük rol oynamış, təhsilimizə əvəzsiz  töhfələr vermiş keçmiş alimlərimiz haqqında tələbələrə vaxtaşırı təqdimatlar verir, nümunələr gətirir. Ənənə halını almış bu təqdimatlar həm də tələbə-gənclərimizin çox da uzaq olmayan keçmişimizə   səyahətidir. Çalışdığımız hər bir sahədə dünənimizə baxış bu günümüzün uğurlarından və gələcəyimizə inamlı addımların daha mükəmməl olacağından xəbər verir. Müstəqil Azərbaycanın gələcək aqrar mütəxəssisləri məhz bu ideyalara sədaqətlə təhsillərini  ADAU-da uğurla davam etdirirlər.

Nüsrət HÜSEYNOV

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti

 

Maarif MƏMMƏDOĞLU

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı

 

 





05.04.2024    çap et  çap et