525.Az

Ədəbi köşk: Nə var, nə yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə yox?</b>

Xalq yazıçısı yenə ssenarilərinə etinasızlıqdan danışıb

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Orxan Saffariyə verdiyi müsahibədə, on iki ildir, heç bir ssenarisinin çəkilməməsi məsələsinə toxunub. Görünür, bu hal Anar müəllimin aidiyyəti qurumlardan inciməsinə səbəb olub: "Siz doğrudanmı elə hesab edirsiniz, Xalq yazıçısına, ya lap elə AYB sədrinə bütün qapılar açıqdır? Xalq yazıçısı olmayanda da, olanda da, AYB sədri olmayanda da, olanda da mənim, demək olar, əksər kino (və bəzi səhnə) əsərlərim dava-dalaşla keçib. Qiymətləri yalnız hazır olandan, tamaşaçı marağı və rəğbəti qazanandan sonra verilib. Dəfələrlə dediyim kimi, on iki ildir, mənim bir ssenarim də çəkilmir. Halbuki bu illərdə üç tammetrajlı filmin ssenarisini yazmışam, onlardan ikisi Mədəniyyət Nazirliyi tərəfindən bəyənilib və qəbul olunub (üçüncüsünü təqdim etməmişəm), aybaay, ilbəil məni arxayın edirlər ki, mütləq çəkiləcək, intəhası, hələ ki vəsait tapılmır. Hər şeyə vəsait tapılır, amma bu il 125 illik yubileyi qeyd olunacaq böyük drammaturq Cəfər Cabbarlı haqqında yazdığım "Azad bir quşdum" ssenarisinin çəkilişinə pul tapılmır. Bu il də çəkilməsə, haçan çəkiləcək? Bu sualı mənə yox, Mədəniyyət Nazirliyinin ünvanına yönəltsəz, daha düzgün olar".

Anar müəllim sözügedən müsahibədən başqa, bir neçə tədbirdə də bu məsələyə toxunub. Lakin Mədəniyyət Nazirliyi və digər qurumlar heç bir reaksiya vermir...

***

Şairin kitabxanasını niyə dağıtdılar?

Şair, tərcüməçi Akif Əhmədgil zəhmətkeş qələm adamlarındandır. Həmişə işıq gələn yeri bir az da genişləndirmək üçün çalışıb. Bu dəfə isə, belə məlum olur, işıq gələn yeri zülmətə bürüyüblər: "Dünən Yasamal rayonunda həyətdəki kitabxanamı yerlə-yeksan eləyiblər... Əkdiyim qızılgül kollarını tapdayıblar, mərhum şair dostum Eldar Baxışın "Eldar şamı" şeirinin şərəfinə əkdiyim şam ağaclarının qol-budağını sındırıblar. Düzdür, tələm-tələsik bəzi kitablarımı və Nuru paşanın bir rəssam dostuma çəkdirdiyim böyük portretini qırğından xilas edə bildim. Amma nə fayda? Olan olmuşdu... Həmin kitabxanada hər il sentyabrın 15-də Bakının qurtuluş günü münasibətilə Nuru paşanın adını anırdıq, sərgi keçirirdik, kitab təqdimatı təşkil olunurdu, məktəblilərə uşaq kitabları paylayırdıq... Təbii ki, mən də həyətdə təmizlik işləri aparılmasının tərəfdarıyam. Amma mənim kitabxanamı talan edən məsul şəxslər, nədənsə həyətdəki bəzi obyektlərə, market və qaraj yerlərinə əl vurmayıblar, onları sökməyiblər. Soruşanda deyirlər ki, həmin obyektlərin sənədi var. İndi mən Yasamal Rayon İcra Hakimiyyətindən soruşuram, necə olur ki, həmin obyektlərə, marketlərə, qaraj yerlərinə sənəd verə bilirirlər, amma mənim kiçik bir kitabxanama sənəd vermirlər. Görəsən, bunun üçün nə lazımdır?"

***

Mirzə Ələkbər Sabirin əlyazmalarını oğurlayan "mollaxanım"

Fərid Hüseyn ədəbiyyat tariximizin ağrılı səhifələrini vərəqləyir... Mirzə Ələkbər Sabirin bizlərdən nihan olan qələm nümunələri barədə müxtəlif fikirlər yazılıb, deyilib. F.Hüseynin nəql etdiyi hekayətdə qəribə bir mistika var. Sanki həmin əlyazmalar Sabirin son nəfəsi ilə buxarlanır: "1911-ci ilin qızmar yay günündə Mirzə Ələkbər Sabir vəfat edibmiş və yaxınları dərd-ələm əlindən canlarını qoymağa yer tapmırlarmış, doğmalarını başılovlu, qanıqara vaxtlarında Sabirə şəhərin mollabacılardan biri ağu deməyə gəlibmiş. Həmin "mollaxanım" öyrədilib göndərilmiş, fəndgir qadınmış. Yas məclisinin axtarında hüzr evinin adamlarına təkid edib ki, Sabirin öz yazdığı mərsiyələrdən gətirin, birini seçib oxuyum. Kələyə aldanan ailə üzvləri bu riyakar mollanın "saf niyyəti"nə inanıb şairin bütün əlyazmalarının cəm olduğu torbasını gətirib qoyublar bu şeytana papış tikən qadının önünə. Elə ki, mollabacı görür ki, şairin ailə üzvlərinin başı hüzurun qayğılarına qarışıb, həmin bədniyyət qadın əlyazmalar torbasını götürüb tüpürür dabanına - asta qaçana imama qənim olsun, - beləcə aradan çıxır. Sonradan qadını ha axtarsalar da, gördüm deyən, soraq verən olmur. Beləcə Sabirin əlyazmaları ömürlük, əbədiyyən zövqümüzdən itkin düşür..."

***

"Mənim Anarla görüşməyə canatmam olmayıb"

Murad Köhnəqala ilə Elçin Hüseynbəylinin şekspirsayağı dilemmasından ötən sayımızdan xəbərdasınız. M.Köhnəqala deyir ki, E.Hüseynbəyli məni Xalq yazıçısı Anarla görüşməyə dəvət edib. E.Hüseynbəyli isə M.Köhnəqalanın belə bir xahişlə müraciət etdiyini söyləyir.

M.Köhnəqala E.Hüseynbəyliyə arqumentlərlə cavab verməyə çalışır: "Birincisi, Kəramətin mənimlə sözügedən müsahibəsində "Yazıçılar Birliyinə qayıtmaq istərdinmi?" sualına belə cavab vermişdim: "Nə AYB-nin mənə ehtiyacı var, nə də mənim AYB-yə". Yəni mənim Anarla görüşməyə canatmam olmayıb, sadəcə, etiraflarımı eləmişdim, vəssalam. İkncisi, AYB-də "Məni Anarla görüşdür" deyə biləcəyim adamlar arasında sən təxminən ən axırlarda gəlirsən. Çünki belə bir təklifdə bulunsaydım, səndən qabaq o sözü illərlə bir yerdə işlədiyim, köhnə dostum Rəşad Məcidə deyərdim. Sonra, burda da dediyim kimi, əziz dostum Əsəd Cahangirə deyərdim (Yeri gəlmişkən, Əsədlə heç vaxt soyuq münasibətdə olmamışam). Üçüncüsü, elə müsahibə götürən oğlanın atası Qəşəm Nəcəfzadəyə deyərdim. Sonra, eloğlum, hər gün görüşdüyüm Elxan Zala, hər gün çay içdiyim Dayandura deyərdim. Sonra, keçmiş AYO-çu Səlimə deyərdim. Sadaladığım bu adamlar AYB-də olmasaydı, yəqin ki, onda sənə deyərdim... Deyəsən, Həmidnən Rasimdən qurtardım, indi də Elçin başladı. Əsəd Cahangir mənim üçün müraciət yazıb imza toplayır, bu da deyir, Əsədlə küsülü olmusunuz".

E.Hüseynbəylinin cavabı isə lap sərt oldu: "Sən mənim səviyyəmdə adam deyilsən ki, mübahisə açım".

Sonra da cavanlara deyirlər ki, mehriban olun...

***

"Artıq onları AYO-çu hesab etmək olmaz"

Son zamanlar bir çox insan maraqlanır; bir vaxtlar səsli-küylü üzvləri ilə ədəbi prosesi canlandıran AYO indi niyə fəaliyyətsizləşib? AYO-nun sədri Rəşad Səfər bütün suallara aydınlıq gətirib:

"Düzdür, hazırda AYO-da əvvəlki kimi səs-küylü aktivlik yoxdur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Amma AYO və ayoçuluq hələ də davam edir. Hər il yeni üzvlər qoşulur. Üzv olmasalar da, AYO ideyasına yaxınlığı ilə seçilən yaradıcı insanlar var. Ümumiyyətlə, AYO standart ədəbi təşkilat olmadığı kimi, bu ideyanın özünə də fərqli baxmaq lazımdır. Biz institusionallaşmış bir təşkilat deyilik. Əsas ideya yaradıcı azadlığa üstünlük verən və onu bacardıqca qoruyub saxlayan insanları bir araya gətirməkdir. Fərqli fikirli, fərqli estetik zövqlü insanlar var sıralarımızda... Bizdə hesab-kitab, konkret üzv siyahıları, sərt qaydalar, partiya biletlərinə bənzəyən üzvlük vəsiqələri, ev-mükafat sırasına dayanmaq kimi şeylər yoxdur. Kim özünü azad yaradıcı insan hesab edirsə və bunu yaradıcılığında göstərirsə, elə düşüncə olaraq ayoçudur. Nə zamansa AYO-da olduğunu elan edib, indi bu dəyərlərdən kənarlaşmış insanlar hətta üzvlükdən çıxdıqlarını açıq söyləməsələr də, artıq onları ayoçu hesab etmək olmaz".

***

Çingiz Əlioğlu: "Bundan böyük şeir?!"

 Çingiz Əlioğlunun Nihat Pirə müsahibəsində ədəbiyyatın  Qarabağ müharibəsinə münasibətindən söz düşüb:

 - Qələbədən sonra sırf Qarabağ Zəfərini özündə əks etdirən nəsə yazdınızmı?

- Bilirsiniz, mən o cür mövzuların şairi olmamışam. Mənim deyəcəyimin ən mükəmməl formasını Azərbaycan əsgəri deyib. O bayraq ki, ora sancıldı ha... Şuşaya, Xankəndiyə... Vəssalam!.. Bundan böyük şeir?! Buna görə şair niyə özünü zorlasın ki?!

- Amma sizin bu fikrinizi doğru qəbul etməyənlər də var. Onlara görə, Zəfər motivi incəsənət və ədəbiyyat müstəvisində işlənməlidir. Zəfər motivi, bir növ, bədii həllini tapmalıdır.

- Mən sizə deyim, bədii həll məsələsi nə qədər ki o torpaqlar bizdə deyildi, bax onda yazılmışdı, müzakirəyə çəkilmişdi. Amma indi, dediyim kimi, ən yaxşısını ordu yazıb.

***

Təzə nə var?

Rasim Qaraca çağırış edir: "Alatoran jurnalının yeni sayı üçün avanqard üslubda yazan (şeir, hekayə, esse) gənc istedadları axtarıram".

Nərgiz İsmayılova yazır ki, axtarmayın. Nilufər Nil isə daha da bədbinləşib: "Çətin tapıla".

Xanımlar niyə bu qədər bədgümandırlar?

***

Bədgüman demiş, ədəbiyyatımız ən yeni simalarından bir nəsil əvvəlki yazıçı-şairlər (yaşı 30-40 arası olanlar), vaxtilə, əllərindən zəncir çeynədikləri qocamanları ötüb-keçiblər. Daha sərt, daha deyingəndirlər. Özlərindən sonrakılara dırnaqarası yanaşmaqdan usanmırlar.

Ömər Xəyyam yenə deyinir: "Məsələ odur ki, indiki nəsil bilikli, savadlı yox, eləcə məlumatlıdır. Onlarınkı bilik yox, informasiyadır və biliklə informasiya tamamilə ayrı-ayrı şeylərdir".

Ramil Əhməd isə problemin kökünü göstərir: "İndiki nəsil haqqında belə bədgüman olmamalıyıq. Əvvəlki nəsil çoxmu bilikli idi?! Ümumən, fikirlə razıyam, bu gün informasiya hər yerdədir, əlçatandır. Vacib olan onu biliyə çevirməkdir. Müəllimin işi də ənənəvi şəkildə gəlib danışıb getmək deyil, mövcud informasiyanı bilgiyə çevirməyin yollarını göstərməlidi".

***

Həmid Piriyev yazır: "Repressiya dövründə kitablara redaktorun adını yazmırdılar ki, müəllif və ya redaktor tutulsa, o biri də onun badına getməsin".

***

Qismət Rüstəmov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində "Süni zəka çağında hekayə yazmaq" adlı seminarda çıxış edib.

***

Ulucay Akif "ölüm" mövzusu ilə şeirdə piar qazanmaq istəyənlərə səslənib:

"Bir-iki dənə şeirdən müəllifin ailəsində, qohum-əqrabasında, qonum-qonşusunda vəziyyət nədir, bilirsən. Kim ölüb, kimin qapısında toy var, kimə nə qədər borcludur... Gözəl yazılsa, ağrılı yazılsa, o ağrını hiss etsəm, müəllifin səmimiliyinə inanaram, amma görürsən ki, bu misralar ucuz sentimentallıq, bayağı duyğu istismarından savayı bir şey deyil. Adamın heç tükü də tərpənmir bu misralara. Hələ bir adam tanıyıram, 7 arxa dönəm qohum-əqrabası sağ-salamatdı, amma hər şeirdə birini öldürür".

Hazırladı: Nadir YALÇIN

 





06.04.2024    çap et  çap et