525.Az

Rektordan təklif: Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılsın


 

Rektordan təklif: <b style="color:red"> Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılsın</b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq təkliflə çıxış edib. Rektor deyib ki, müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başlandığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edir.

UNEC rektorunun təklifi ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılanıb.

 

AZƏRBAYCANDA ALİ TƏHSİLİN İNKİŞAFI ÜZRƏ KOMİSSİYANIN  YARADILMASINA EHTİYAC VAR

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyasının yaradılması təklifini dəstəklədiyini bildirib. Çingiz Abdullayev deyib ki, əgər UNEC rektoru Ədalət Muradov hesab edirsə ki, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini nəzərə alaraq Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyasının yaradılmasına ehtiyac var, deməli, elədir: "Mən Ədalət Muradovu çoxdan tanıyıram. Onun rektor kimi gördüyü işlər, fəaliyyəti göz önündədir. Mən hesab edirəm ki, əgər Ədalət Muradov Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını zəruri hesab edirsə, mən onun bu fikrini dəstəkləyirəm. Deməli, bu Komissiyanın yaradılmasına ehtiyac var. Bu, təhsilin inkişafı üçün çox vacib hesab edilir. Demək ki, vacibdir".

 

BU İSTİQAMƏTDƏ CİDDİ ADDIMLAR ATILMALIDIR

Millət vəkili Etibar Əliyevin sözlərinə görə, bu gün ali təhsil sistemində ciddi islahatlara ehtiyac var: "Fikrimcə, universitetlərə birmənalı olaraq maliyyə müstəqilliyi verilməlidir, tədqiqat Universitetlərinin yaradılması prosesi sürətlənməlidir. Universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır. Universitetlər Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar. Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxana kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir, universitetlər cəmiyyətə transformasiya olunmalı, pozitiv sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar. Həmçinin universitetlər akademik imbridinqi genişləndirməlidirlər. Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir. Universitetlər tədqiqatları ilə praktik məsələləri - tədqiqatların tətbiqini həll etməli, elmin populyarlaşdırılmasında maraqlı olmalıdırlar. Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir, universitetlər elmi istiqamətləri birləşdirməli,  Disiplinar sərhədləri aşmaqla yeni biliklər yaratmalıdır. Universitetlər lokal - milli və Beynəlxalq problemləri qavrama yönümündə  Qlobal fəaliyyətlə məşğul olmalıdırlar, Silokon vadisinin yaradılması universitetlərin işidir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Buna çox böyük ehtiyac var".

 

ƏDALƏT MURADOV ÇOX YAXŞI BİR TƏŞƏBBÜS İRƏLİ SÜRÜB

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun dediyinə görə, professor Ədalət Muradov müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu, bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başlandığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, ölkənin təhsil potensialının artırılmasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edib. Bu, çox yaxşı bir təklif, təşəbbüsdür: "Əgər belə bir komissiya yaradılsa, yəqin ki, onun tərkibində universitet rektorları, təhsil üzrə müstəqil çalışan insanlar və s.-dən ibarət olar. Ədalət Muradov çox yaxşı bir təşəbbüs irəli sürüb. Məsələn, UNEC-də müasir avadanlıqlarla təchiz olunan Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəzdə olan avadanlıqlar tədricən köhnəlir. Amma UNEC bu gün sözügedən mərkəzdə təhsil verə bilmir. Niyə? Ona görə ki, Azərbaycanın qanunvericiliyi hələ ki, buna imkan vermir, mexanizmlər yaradılmayıb. Hazırda dünyada müasir təhsil sistemləri var. Azərbaycan niyə onlardan geri qalmalıdır? Ona görə də biz reytinqlərdə daha yaxşı yer tutmaq üçün konservativ yanaşmadan uzaqlaşmalıyıq. Ali təhsilin müstəqilliyi təmin olunmalıdır. Əgər ali təhsil müəssisələrinin Boloniya sistemində nəzərdə tutulduğu kimi, həm maliyyə, həm təşkilatı müstəqilliyi böyük olsa, təbii ki, onlar bu təşəbbüsləri özləri birbaşa həyata keçirə bilərlər. O cümlədən, distant təhsil, rəqəmsallaşma ilə bağlı digər məsələlər həll oluna bilər. Müasir dünyanın qlobal təhsil sisteminə inteqrasiya olunmaq olar. İndi insanlar bir ölkədə oturub başqa bir ölkədə mükəmməl təhsil ala bilir. Təhsil müəssisələri bundan 100 milyardlarla pul qazanmaqdadırlar. Ümumi götürdükdə qlobal səviyyədə elə ölkələr var ki, distant təhsildən, rəqəmsallaşdırılmış digər yeni təhsil formalarından istidafə etməklə milyonlarla vəsait əldə edirlər. Biz bundan niyə geri qalmalıyıq? UNEC-də bu imkanlar var. Özü də çox mükəmməldir.     2025-ci ildə dünyada distant təhsil bazarı 325 mlrd. dollar həcmində qiymətləndirilir. Bu bazarın 70 faizi ABŞ və Aİ-nin payına düşür. ABŞ-da distant təhsil alan 99 faiz ABŞ tələbələri fiziki olaraq ABŞ-da yaşayanlardır. Azərbaycanın bu prosesə qoşulması təhsilin gələcəyi üçün faydalıdır. Dünya təhsil sistemində distant təhsil fomasının tətbiqi, Azərbaycanda distant təhsilalma sahəsində görülmüş işlər, distant tədrisin təşkili ilə bağlı UNEC təcrübəsini dəqiqləşdirib".

 

BU KOMİSSİYA PREZİDENT NƏZDİNDƏ BİR QURUM OLMALIDIR

Professor Səlahəddin Xəlilov bildirib ki, o, Ədalət Muradovun Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılması təklifini müsbət qiymətləndirir: "Qeyd edim ki, komissiyalar çox ola bilər. Hər şey onun statusundan asılıdır. Bir zamanlar Prezident nəzdində komissiya yaradılmışdı. Düzdür, o komissiya da işləyə bilmədi. Amma nazirlik yanında olan təşkilatın funksiyası ilə Prezident nəzdindəki təşkilatın funksiyası eyni olmur. Səlahiyyətləri və nüfuzu da eyni deyil. Fikrimcə, belə bir komissiya yaradılacaqsa, yenə Prezident nəzdində bir qurum olmalıdır. Onun təsirləri də olacaq. Komissiyaların yaradılması tam effektsiz də ola bilər, çox səmərəli və xeyirli də ola bilər. Hər şey ona bağlıdır ki, kimlər orada iştirak edəcək, nə dərəcədə mütəxəssislər oraya cəlb olunacaq. Ədalət Muradov təhsilin vəziyyəti ilə bağlı narahatdır və mən də çox narahatam. Hesab edirəm ki, nəsə etmək lazımdır". 

Səlahəddin Xəlilov hesab edir ki, sözügedən komissiya yüksək statuslu bir komissiya olsa çox yaxşı olar və fayda verə bilər: "Öncə elmimizin, təhsilimizin problemləri müəyyənləşdirilməlidir. Problemlərin nədən ibarət olduğu bilinməlidir ki, onu həll etməyin formaları da sonra müəyyən olunsun".  

 

AGENTLİYİN YARADILMASI ÜMUMİLİKDƏ YAXŞI İDEYADIR

Xəzər Universitetinin təsisçisi, təhsil ocağının Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı qeyd edib ki, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Agentliyin yaradılması ümumilikdə yaxşı ideyadır: "Qeyd edim ki, bir zamanlar Azərbaycan Prezidenti yanında Ali Təhsil Komissiyası yaradılmışdı, mən də üzvü idim, bir çox nazirlər üzvü idi, Ramiz Mehdiyev sədr idi. Ali təhsilin bütün vacib məsələləri orada müzakirə edilir, həll yolları tapılırdı. Ali təhsilin inkişafı üzrə Komissiya yaradılması ümumilikdə yaxşı ideyadır. Amma Elm və Təhsil Nazirliyi, Ali Təhsil Agentliyi və Təhsildə Keyfiyyət Agentliyi kimi qurumlar var, kim nə ilə məşğul olacaq, tövsiyə və qərarları kim (kimə) verəcək? Bu və bənzər məsələlərə aydınlıq gətirmək lazımdır".

 Sevinc QARAYEVA

 





06.04.2024    çap et  çap et