525.Az

"Xarici görünüşüm vardı, amma adamım yox idi..."


 

XALQ ARTİSTİ KAZIM ABDULLAYEV: "ƏVVƏLLƏR AKTYORLAR ROL İSTƏYİRDİLƏR, İNDİ PUL QAZANMAQ İSTƏYİRLƏR"

"Xarici görünüşüm vardı, <b style="color:red"> amma adamım yox idi..."</b>

Bu gün aktyor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Kazım Abdullayevin doğum günüdür. Bu münasibətlə Kazım müəllimi təbrik edir, cansağlığı və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq. Onunla müsahibəni təqdim edirik.

 

 - Kazım müəllim, yetmiş bir ilin əlli beş ili səhnədə keçdi. Yarım əsrin müqabilində səhnə sizə nə verdi?

- Əgər bu gün Xalq artistiyəmsə, deməli, istədiyimi almışam. Əslində, mən sənətə "Xalq artisti" olmaq üçün yox, səhnəni sevdiyim üçün gəlmişəm. Özümü incəsənətə qurban vermişəm deməzdim, bu da bir işdir də. Aktyoram, işləyib maaşımı almışam, sən də jurnalistsən, havayı işləmirsən ki, işləyib pulunu alırsan da. Heç vaxt nə ad davası eləmişəm, nə ev davası. Mən fəxri adı ən gec alan aktyorlardanam. "Əməkdar artist"i qırx doqquz, "Xalq artisti"ni altmış beş yaşında almışam. İstənilən halda deyə bilərəm ki, zəhmətim hədər getməyib, gec-tez məni görüblər.

- Gəlin onda görünmədiyiniz vaxtlardan danışaq. Lap elə ilk addımlarınızdan.

- Tələbə olanda Adil İsgəndərov kinostudiyanın direktoru idi. Əvvəlcədən demişdi ki, kino aktyorluğu fakültəsində oxuyanların təyinatı kinostudiyaya veriləcək. Elə oldu ki, biz diplom tamaşası oynayan gün onu işdən azad etdilər. Qaldıq havada. Çünki təyinat artıq verilmişdi, dəyişmək mümkün deyildi. Adil müəllim vəziyyətin belə olmasına çox təəssüfləndi. Hətta deyirdi ki, bilsəydim belə olacaq, əmrinizi təyinat alan gündən verərdim. Ondan sonra gələn müdir də bizi işə götürmədi. Həmin dövrdə Vaqif Şərifov Sumqayıt Dövlət Dram Teatrına baş rejissor təyin olumuşdu. Vaqif müəllim məni Sumqayıta çağırdı. Mən Bakıda doğulub-böyümüşəm. Elə düşündüm ki, Sumqayıt yaxındır, gedib-gəlmək rahat olar. Hərbi xidmətdən qayıdandan sonra Sumqayıt Dövlət Dram Teatrında çalışmağa başladım. Düz iyirmi il orada işlədim.

- Bəs niyə çıxdınız?

- Doxsanıncı illər çox ağır idi. Hər gün Bakıdan Sumqayıta getmək çətinləşmişdi. Uşaqlar böyüyürdü, onların qayğılarını qarşılamaq lazım idi. Çox fikirləşəndən sonra qərara gəldim ki, Bakıya qayıdım. Onda Amaliya Pənahovanın Bakı Bələdiyyə Teatrı təzə açılmışdı. On il də Amaliya xanımın yanında işlədim.

- Ancaq Amaliya xanım ömrünün sonunadək sizinlə küsülü qaldı, gedişinizi bağışlamadı.

- Həyatdır da. Bir dövr gəldi, gördüm ki, artıq Bələdiyyə Teatrı mənim üçün azdır. Orada qalsaydım, bəlli deyil Xalq artisti olardım, ya yox. Ordan çıxandan sonra gəldim Akademik Milli Dram Teatrına.

- Dərhal?

- Dərhal alınsaydı, nə vardı ki? Əliabbas Qədirov məni məmnuniyyətlə götürmək istəyirdi, hətta iş üçün müraciət edəndə dedi ki, gəl sabah ərizəni yaz, başla. Ancaq sabahı gələndə gördüm ki, vəziyyət dəyişib. Başa düşdüm ki, Amaliya xanım zəng edib deyib ki, məni işə götürməsin. Sonrakı iki ili "Azdrama" ilə əməkdaşlıq etdim. Demək olar ki, maaşsız işləyirdim. Ona görə də dublyaja gedib, pulumu ordan qazanırdım. Ancaq teatrdan əl çəkə bilmirdim.

"Ölüləri qəbiristanlıqda basdırın" tamaşasında baş rollardan birini oynayırdım. O vaxt Polad Bülbüloğlu nazir idi, tamaşaya müavini ilə birlikdə gəlmişdi. Tamaşadan sonra Əliabbas müəllimə demişdilər ki, məni işə götürsün. O gündən bəri də burada çalışıram. "Azdrama"ya gələndən əlliyə yaxın rol oynamışam. Heç burada əlli il işləyənlər o qədər rol oynamayıb. Bu teatrın kollektivi qəribədir, hər adamı qəbul etmirlər. Bir neçə nəfər var ki, iyirmi ildir burada işləyir, xeyirə də gedirlər, şərə də, ancaq hələ də kollektivə girə bilməyiblər. Mən nəsə tez uyğunlaşdım.

- Bəlkə "intriqa" sözünü "qəribə" ilə əvəzləyirsiniz?

- Nə intriqa? Elə hey "Azdrama" haqqında bu sözü deyirlər. Bəlkə də, nə vaxtsa olub, ancaq mən bura gələndən intriqa-filan görməmişəm. İndi o zəmanə deyil. Əvvəllər aktyorlar rol istəyirdilər, indi pul qazanmaq istəyirlər. Pul da ki, kinolarda, seriallardadır. Düzdür, "Azdrama"nın maaşı pis deyil, normaldır, ən azından min manatdan çoxdur. Amma cavan uşaqlar var ki, ev-eşik yoxdur, onlar seriallara, kinolara çəkilməlidirlər ki, pul qazansınlar.

- Kazım müəllim, cavanlıqda  yaraşıqlı olmusunuz, fakturanız baş rollar üçün də uyğun olub. Bəs nə əcəb biz sizin gəncliyinizi filmlərdə çox görmürük?

- Ədalət olsaydı, sovet dövründə filmlərə çox çəkilərdim. Boyum-buxunum, xarici görünüşüm vardı, amma adamım yox idi. Mən fəhlə ailəsində doğulmuşam, bizim nəslimizdə incəsənətlə məşğul olan olmayıb.

- Yəqin ki, itirilən illərə görə təəssüflənirsiniz.

- Niyə təəssüflənmirəm, çox təəssüflənirəm. Kino aktyorluğu fakültəsini bitirdiyim üçün kinoya çox həvəsim vardı. Ancaq neyləyə bilərdim? Əvvəla, bizim ən yaxşı vaxtımız doxsanıncı illərə düşdü. O dövrdə kino yox, teatrlar da pis vəziyyətdə idi. Bəxt də böyük şeydir. Gəncliyimiz getdi. Arxanda bir qüvvənin olması da çox önəmlidir. İndi filmə çəkilməyə nə var ki? Həmin vaxt çəkilmək üçün dörd mərhələdən keçməli idin. Sumqayıtda işlədiyim üçün Bakıdakı rejissorlar da tamaşalardakı oyunumu görmürdülər. O dövrdə filmlərə əsasən, "Azdrama"nın aktyorları çəkilirdilər.

- Dediniz ki, teatrda əvvəlki kimi intriqa yoxdur, bəlkə, siz özünüz intriqalardan uzaq dayanırsınız?

- Bir dəfə başım daşa dəydi, ondan sonra uzaq dayandım. Sumqayıtda konfliktlər çox olurdu. Qalmaqallardan birində kollektivin yarısı baş rejissorun, yarısı da müdirin tərəfində durdu. O hadisədə gördüm ki, insanlar ikiüzlüdürlər. Son anda çoxusu müdirin yanına qaçdı, biz azlıqda qaldıq. Arxamda adamım yox idi deyə müdir üç il dalbadal məni mövsüm bitəndə işdən çıxardı, mövsüm başlayanda da məcbur olub qaytardı. Beləcə hirsini çıxırdı.

- Əksər işlərinizdə sizi mənfi rolda görürük. Bunun səbəbi nədir?

- Yəqin ki, zahiri görünüşə görə. Həm də səsim bir az qalındır deyə mənfi obrazlara daha çox uyğun gəlir.

- Kazım müəllim, gözünüz qalan rol varmı?

- Var. Sumqayıt Dövlət Dram Teatrında rəhmətlik Oruc Qurbanov "Antoni və Kleopatra" tamaşasını hazırlayırdı. Mən orda "Antoni"ni oynayırdım. Məşqlər də çox yaxşı gedirdi. Çox təəssüf ki, axırda müdriyyət qısqanclıq elədi, tamaşanı oynamağa qoymadılar. Daha sonra "Komsomol" tamaşasında Cəlal obrazına xeyli hazırlaşmışdım. Yadımdadır, teatra təzə gəldiyim vaxtlar idi, 22-23 yaşım olardı. Onda da imkan vermədilər ki, o rolu oynayım. Görürsünüz, indi də kökəlməmişəm, özümü formada saxlamışam. Təəssüf ki, elə bir tarixi obraz olmadı ki, mən özümü göstərə bilim.

- O qədər xan rolu oynamısınız ki...

- Bədii filmi nəzərdə tuturam. Teatrın da, kinonun da öz yeri var. Teatr olmasa, kinoda da işləyə bilməzsən. Aktyor hər gün məşq etməlidir. Çünki aktyor da idmançı kimidir, gündəlik məşğul olmasa, diksiya korlanır, səhnədə yeriyə bilmir.

- Adil İsgəndərovun tələbəsi olmusunuz. Çox güman müəlliminiz haqqında danışacaq maraqlı xatirələriniz var.

- Deməli, məşq gedəndə Adil müəllim gözübağlı otururdu, hamı elə bilirdi ki, yatıb. Sonra gözünü açıb deyirdi ki, sən filan şeyi eləmə ha. Təsəvvür edin, sözsüz etüdlər göstərirdik, Ədil müəllim onlara da gözübağlı baxırdı, səhnədə nə baş verdiyini hiss edirdi. Bir dəfə samovarda guya çay dəmləyirəm, səhnədə samovar belə yoxdur. Birdən gözünü açıb dedi ki, ordan mənə də bir stəkan çay ver. Onun dövründə Akademik Milli Dram Teatrı haralarda idi.

Onda zəhm vardı, onda rejissorluq vardı, onda insanlıq vardı. Adil müəllim heç kimi işdən qovmurdu, şikayət olan adamı yanına çağırıb deyirdi ki, sabahdan qapıya de, səni teatra buraxmasınlar. Sənəti olan adama isə hörmət edirdi. Teatrdan çıxarandan sonra onu kinostudiyaya göndərdilər. Orada direktor olanda "Əhməd haradadır?"ı çəkdi. Dedilər ki, sən kino yox, teatr rejissorusan. Özü də baxıb gördü ki, alınmayıb, ondan sonra bir dənə də film çəkmədi. Ancaq arzusu var idi ki, Molla Pənah Vaqif haqqında film çəksin. Deyirdi ki, hələ Vaqifi oynayacaq aktyoru tapmamışam, tapa bilmədi, ömür vəfa etmədi. O, bəy balası idi, hər adama baş əymirdi. Siqaret çəkən adamlardan zəhləsi gedirdi, kinostudiyanın həyətinə maşın girdiyi andan kabinetinin qapısı açılana kimi bir nəfər siqaret çəkməzdi. Bu, qorxu deyildi, hörmət idi. Ona çox pisliklər etdilər. Otuz yeddinci ildə onu neçə dəfə tutmaq istəyiblər.

- Bəs niyə tutmurdular?

- Həyat yoldaşı rus olduğuna görə.

- Kazım müəllim, sizin də həyatınızda çətinlikləriniz az olmayıb. Ancaq yenə də yolunuzdan dönməmisiniz. Çox güman ailəniz də sizə dəstək olub.

- Ailəm məni başa düşürdü. Uşaqlarım balaca olanda başqa uşaqlar kimi "onu istəyirəm, bunu istəyirəm" deməyiblər. Əvvəlcə soruşublar ki, "Ata, pulun var?", sonra istədiklərinə əl uzadıblar. Altı yaşından hər ikisini ingilis dilindən hazırlığa qoymuşam. Bir neçə dil bilirlər. İkisi də ali təhsillidir. Qızım Xarici Dillər Universitetini bitirib. On beş il stüardessa işlədi, indi ailəlidir, Türkiyədə yaşayır. Oğlum iqtisadiyyat üzrə oxuyub, ancaq o sahədə davam etmədi, indi rejissor işləyir.

Çətinliklərə gəldikdə isə deyim ki, asan olmayıb. Ancaq teatrdan heç vaxt əl çəkməmişəm. Təsəvvür edin, o vaxt hər səhər tezdən Sumqayıta gedirdim, ikidə Bakıya kinostudiyaya gəlirdim, sonra axşam yenidən tamaşa üçün Sumqayıta qayıdırdım.

- Səhnə ilə hələ neçə il haqq-hesabınız var?

- Qoy səksən illiyimi keçirim, sonrasına baxarıq.

 Aytac SAHƏD 

 





06.04.2024    çap et  çap et