525.Az

Bakıda parkinq qiymətləri niyə artırıldı?


 

QEYRİ-REAL QİYMƏTLƏR NARAZILIQLA QARŞILANIR

Bakıda parkinq qiymətləri niyə artırıldı?<b style="color:red"></b>

Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parkinqlər üçün yeni tariflər müəyyənləşdi. Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə, "Qış parkı" və Azadlıq meydanındakı yeraltı dayanacaqlarda parkinq qiymətləri artırıldı. Bakı Dəmir Yolu Vağzalının yaxınlığında, Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında qiymətlər parklanma müddətinə görə təyin edildi: 15-30 dəqiqə - 1 manat, 30-60 dəqiqə - 2 manat, 1-2 saat - 4 manat, 2-3 saat - 6 manat, 3-5 saat - 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat - 22 manat, 15-20 saat - 26 manat, 20-24 saat - 30 manat. İlk 15 dəqiqə isə pulsuzdur.

Avtomobilini "Qış parkı"nda saxlayan sürücülər - 2 saata görə 1 manat, 2-4 saata - 2 manat, 4-6 saata - 3 manat, 6-10 saata - 4 manat, 10-12 saata - 5 manat, 12-24 saat - 8 manatlarından keçməli olacaqlar. Aylıq tariflər isə belədir. Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat), bütün günü (24 saatlıq) - 120 manat (60 manat), qonşular tarifi - 50 manat (20 manat).

"Azadlıq" meydanındakı yeraltı dayanacaqda isə 1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 5 manat, 12-24 saat üçün 10 manat ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 manat ödəniləcək.

Parkinq qiymətlərinin artırılması birmənalı qarşılanmayıb və sürücülər arasında böyük narazılığa səbəb olub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, şəhərsalma prinsiplərinə əsasən, bəzi ərazilərdə parklanma qiymətləri baha olur. Məqsəd isə yersiz sıxlığın qarşısını almaqdır: "Parklanma qiymətləri aşağı olanda bəzən insanlar saatlarla maşınını park edib gedirlər. Ancaq elə ərazilər var ki, orada saatlarla maşın saxlamaq olmaz. Məsələn, Bakı Dəmiryol Vağzalı ərazisində parklanma yeri məhduddur. Orada qiymətlər elə təyin edilib ki, parkinq daim dolu olmasın. Vağzaldan istifadə edənlər rahat olmalıdır. İndi oradakı şərait taksilər üçün daha rahat olacaq, müştərini mindirib-düşürüb tez çıxsa, ödəniş etməyəcək. Amma qiymət ucuz olanda bütün maşınlar orada saatlarla dayanacaq. Eyni zamanda həmin ərazidə normal qiymətə digər parkinqlər də var. Oraya da maşın park etmək olar".

Ekspert vurğulayıb ki, qanunvericilikdə, "Yol hərəkəti haqqında" qanunda parklanma ilə bağlı yalnız ilk 15 dəqiqənin pulsuz olduğu əksini tapıb: "Qanun bunu tələb edir. Aidiyyəti qurumlar da məhz qanuna əsaslanıb belə bir addım atırlar".

E.Muradlı hesab edir ki, parkinq məntəqələrindəki yeni tariflərlə bağlı ciddi narazılıqlar, şikayətlər olarsa, qiymətlərə yenidən baxıla bilər: "Əgər narazılıqlar olsa, böyük ehtimal ki, tariflərə yenidən baxılacaq".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, Nazirlər Kabinetinin "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər" cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Səbəb də ondan ibarətdir ki, geniş əhali kütlələrinin maraqlarına toxunan belə qərarların qəbulundan öncə insanlar, maraqlı tərəflər xəbərdar edilməlidir. Belə sənədlərin müzakirəsində ictimaiyyətin iştirakı təmin olunmalır, ekspertlərin fikirləri alınmalıdır. Amma nədənsə, geniş əhalinin maraqlarına aid olan qərarlar qəfil və gizli şəkildə qəbul olunur: "Bu layihə hazırlananda insanlar məlumatlı olsaydı, hazırkı norma ilə müddəti keçmiş sayılan avtomobillərin idxalını dayandırardılar. Lakin hazırda bir neçə problem ortaya çıxıb. Problemlər nədən ibarətdir? Taksi xidməti göstərənlər iyunun 1-dən 15 ildən artıq istismar müddəti olan avtomobillərdən istifadə edə bilməyəcəklər. İkinci məsələ 8 il məsələsidir. İyunun 1-dən sonra 8 ildən artıq istismar müddəti olan avtomobillərin taksi xidməti göstərməsinə icazə verilməyəcək. Onlara müvafiq sənəd təqdim olunmayacaq. Rənglə bağlı məsələ var. Digər bir məsələ salonun tərtibatı və "Avro 5" standartı ilə bağlıdır. Bizdə yanacaq "Avro 5" satandartına keçmədiyi halda taksi xidməti üçün sözügedən standart tələb kimi qoyulub. Həmçinin tələblərdə qeyd olunub ki, avtomobilin salonunda kamera olmalıdır. Ən azı onun 30 gün yaddaşı olmaqla. Burada fərdi məlumatların məxfiliyi məsələsi ortaya çıxır. Tutaq ki, bir şəxs aqreqator şirkəti ilə müqavilə bağlayıb fəaliyyət göstərir və il ərzində bütün o müştərilərin səsini, telefon danışıqların yazır və sonra TikTok-a qoyur. Bununla bağlı məsuliyyət var, amma o məsuliyyət vurduğu ziyana adekvat olmayacaq axı".

Ekspertin dediyinə görə, qərarın layihəsini hazırlayanlar ümumi sözlərlə danışırlar: "Bakıda 70 minə yaxın taksi var. Regionlarda da mövcuddur. Bunların taleyi necə olacaq? Yalnız Bakıda 40 mindən artıq taksi xidməti göstərən şəxs sıradan çıxa bilər. Deyilənlərə görə, istismarda olan taksilərin 80 faizdən çoxunun müddəti 15 ili keçib. Regionlarda da həmçinin. Bunlar taksi xidməti göstərə bilməyəcəklər. Yeni avtomobil almağa da imkanları yoxdur. Bu halda onların işsiz qalması və dövlətin sosial yükünün artması baş verə bilər. Taksi xidməti ilə bağlı islahat zəruridir. Dünyanın bir çox ölkələri var ki, burada taksi xaosu bizdən dəfələrlə pisdir. Yaxud Cənub Şərqi Asiya ölkələrində küçələrdə "tuk-tuk" deyilən nəqliyyat vasitələri həddən artıq çoxdur. Əlbəttə, onlar da istəyir ki, şəhərləri, nəqliyyat sistemləri daha da səliqəli olsun. Amma onları yığışdıra bilmirlər. Çünki bilirlər ki, bu, sosial gərginliyə, işsizliyə gətirib çıxaracaq. Əhalinin rifahına təsir edəcək. Ona görə də biz islahatları həyata keçirərkən bir idarənin nöqteyi-nəzərindən yox, ümumi sosial-iqtisadi şəraitdən çıxış etməliyik. Yəni Azərbaycan bu gün taksi bazarını tərk edəcək insanların məşğulluğunu təmin etməyə hazırdırmı? Əhali ucuz nəqliyyat növü kimi taksidən istifadə edir. Burada 3 qrupun maraqları var. İstifadəçilər, xidmət göstərənlər və taksi xidməti göstərən şirkətlər. Bu 3 qrupun maraqlarını uzlaşdırmaq lazım idi. Amma uzlaşdırılmadı və nəticədə belə bir diskussiyalar ortaya çıxıb. Burada yüz minlərlə insanın taleyindən söhbət gedir. Taksi sürücüləri, onların ailə üzvləri, taksi istifadəçiləri və sahibkarlar. Bunlarla bağlı vəziyyət necə tənzimlənəcək, aydın deyil. Dövlətin bununla bağlı siyasətinə aydınlıq gətirilməlidir".

Nəqliyyat eksperti Aslan Əsədov deyib ki, sözügedən ərazilərdə tətbiq olunan parklanma qiymətləri heç də ədalətli deyil. Xüsusilə də parklanma müddətinin 1 saatadək 2 manat, əlavə müddətin 4 manat, sutkalıq qiymətin isə 30 manat olması doğru sayıla bilməz. Çünki sürücülər həmin 30 manatı yanacağa sərf etsələr, çatacağı ünvana öz avtomobili ilə gedərlər: "Çox güman ki, qiymətlər müəyyənləşdirilərkən bu kimi məsələlər araşdırılmayıb. Tariflər arasında uyğunsuzluq çoxdur. Düşünmürəm ki, bu tarif uzun müddət davam edəcək".

Sevinc QARAYEVA

 

 

 

 





06.04.2024    çap et  çap et