525.Az

UNEC-də "Elm günləri"nə uğurla yekun vurulub


 

SİLSİLƏ MÜZAKİRƏLƏRDƏ ELMİ TƏDQİQATLARIN HAZIRKI SƏVİYYƏSİ, ÇAĞDAŞ İQTİSAD ELMİNİN AKTUAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB

UNEC-də "Elm günləri"nə uğurla yekun vurulub<b style="color:red"></b>

27 mart - 4 aprel tarixləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm günləri" elan edilib. Bu "Elm günləri"ndə universitetdə elmin mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların, konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub. Eyni zamanda UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları müzakirə edilib. Həmçinin 2023-cü il iqtisadiyat üzrə Nobel mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması üzrə təlim keçirilib.

Yekun tədbirində çıxış edən UNEC rektoru, professor Ədalət Muradov deyib ki, "Elm günləri" çərçivəsində UNEC-də elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələr təşkil olunub. Müzakirələr zamanı aşkarlanan zəif tərəflərin aradan qaldırılması ilə bağlı müvafiq qərarların verildiyini diqqətə çatdırıb.

Ədalət Muradov elm sahəsində əldə olunan uğurlardan da danışıb. Rektor UNEC alimlərinin 1975-ci ildən 2024-cü ilədək "Web of Science və Scopus" platformalarında dərc olunan məqalələrinin 63 faizinin məhz son 5 ilin payına düşdüyünü qeyd edərək, bu statistikanı çox böyük uğur adlandırıb: "AMEA-nın tədqiqat institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrinin sayına görə ölkədə 1-ci yerdədir. "Scopus"da çap olunan məqalələrin sayına görə 2014-cü illə müqayisədə 2023-cü ildə bu rəqəm 103 dəfə artaraq, 411-ə çatıb. "Scopus" bazasında istinadların sayı 46 dəfə artaraq, 693-ə yüksəlib. O qeyd edib ki, Q1 kvartilli jurnallarda çap olunan məqalələrin sayına görə UNEC ölkədə liderdir. UNEC alimləri 76 xarici ölkə alimləri ilə birgə məqalələr yazıblar: "İstinadların sayı 46 dəfə artıb. Q1-də çap olunan məqalələrin sayı (Q1-də ilk UNEC məqaləsi 2017-ci ilə aiddir) 35 dəfə, H indeksi 6 dəfə artıb. 76 xarici ölkə alimlərilə birgə məqalələr çap olunub. Qeyd edim ki, hazırda UNEC-də 43 Tədqiqat Mərkəzi fəaliyyət göstərir. UNEC Tədqiqat Mərkəzlərində 120 xarici tədqiqatçı tədqiqat aparır. Ölkədə və regionda ilk dəfə yaradılan Elmmetriya şöbəsi uğurla çalışır: "UNEC-də Elmmetriya şöbəsinin yaradılması vaxtında verilən ən düzgün qərarlardan biridir. Bu şöbənin işi bizim UNEC-də elmi fəaliyyətin nəticələrini hər an görməyə imkan verir və biz də bu fürsətdən istifadə edirik. Qeyd edim ki, SCOPUS və "WEB of SCIENSE" və "Google Scholar"da bütün tədqiqatçıların profili yaradılıb".

Ədalət Muradovun dediyinə görə, ölkədə tədqiqat qurumları arasında əməkdaşlığın qurulması olduqca vacibdir. Bu gün belə əməkdaşlığa mənfi təsir göstərən və elmi tədqiqatların təşkilinə zərər verən bir sıra qərarlar hələ də davam edir. Nəticədə universitet elminin inkişafı baxımından uzunmüddətli strateji qərarlar vermək əvəzinə ehtimal olunan və bir sıra hallarda süni yaradılmış ziyanın minimallaşdırılması üçün qısamüddətli taktiki qərarlar verilməsi yeganə çıxış yolu kimi məcburiyyətə çevrilir. Eləcə də, elmdə "toplananların yerini dəyişəndə cəmin dəyişəyəcəyinə" inandırmaq cəhdləri də əbəsdir. Elmin inkişafı baxımından bu problemin də ən qısa vaxtda həlli vacibdir.

Rektor bildirib ki, hazırda elmin genişlənən rəqəmsallaşması kiçik iqtisadiyyatların tədqiqatçıları ilə böyük iqtisadiyyatların tədqiqatçıları arasında elmi əməkdaşlıq imkanlarını olduqca artırır: "Ölkəmizin üç universitetinin dünyanın ən yaxşı 800 universitetləri sırasına daxil olması tapşırığının icrası buna  mane olan, beynəlxalq elmi əməkdaşlıq baxımından universitetlərin imkanını "sovetlər sayağı" məhdudlaşdıran qərarlardan və əsassız qadağalardan imtinanı tələb edir və müasir tənzimləmə sisteminə keçidı qaçılmaz edir".

Ədalət Muradov vurğulayıb ki, elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyət kökündən dəyişilməlidir: "Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır. Başqa sözlə, "əyrini daha təkmil əyriyə çevirmək" üçün maliyyə vəsaiti ayırmağa dəyməz".

UNEC-də gənc alimlərin elmi potensialının reallaşdırılması üçün hələ də əlavə tədbirlərə və yeni yanaşmalara zərurət var: "Artıq UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı ciddi işlərə başlamışıq. Elmi işlər üzrə prorektora bununla bağlı tapşırıqlar verilib. Təhlillər artıq yekunlaşır. Düşünürük ki, dərs ilinin sonuna qədər elmin rəqəmsallaşdırılması ilə bağlı UNEC-in rəqəmsal platformasının işə salınması başa çatmalıdır. Düşünürəm ki, gənc alimlərin potensialının reallaşdırılması üçün əlavə tədbirlərə ehtiyac var. Elmin maliyyələşdirilməsində də ciddi problem mövcuddur. Elmi tədqiqatlarda, elmi fəaliyyətdə UNEC-in əldə etdiyi bütün nailiyyətlər istisnasız olaraq universitetin vəsaiti hesabına maliyyələşdirilib".

UNEC rektorunun dediyinə görə, elm sahəsində böyük dövlətlərin, güclü iqtisadiyyatların hakim mövqeyi davam edir və çox ehtimal ki, ən azından yaxın gələcəkdə də belə olacaq. Bu şəraitdə Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə beynəlxalq elmi əməkdaşlıq qaçılmaz zərurətə çevrilir. Həm də hazırda elmin genişlənən rəqəmsallaşması kiçik iqtisadiyyatların tədqiqatçıları ilə böyük iqtisadiyyatların tədqiqatçıları arasında elmi əməkdaşlıq imkanlarını olduqca artırır.

Ədalət Muradovun sözlərinə əsasən, bu gün elmin maliyyələşdirilməsi üçün mütərəqqi bir modelin, sistemin formalaşdırılması vacibdir: "Biz belə modelin hazırlanmasında iştirak etməyə hazırıq və bizim bununla bağlı baxışımız var. Amma yeni maliyyələşmə modelini tətbiq etməmişdən öncə ölkədə bugünə qədər mövcud olan elmin təşkilində sovet modelindən kənarlaşmaq qaçılmazıdır, zəruridir. Sovet modelli elmə maliyyə yatırmağın mənası yoxdur. Bununla da bağlı UNEC-in öz təklifləri, modeli var. Düşünürük ki, elmi dərəcə adların verilməsindən başlayaraq islahatı qısa vaxt ərzində tamamlana biləcək, əlavə vəsait tələb etməyən islahat mümkündür. UNEC belə islahat modelini keçirməyə hazırdır. Bizim elə modelimiz var. Ölkədaxili tədqiqat qurumları arasında əməkdaşlığın qurulması həyati əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda biz bu rəqabəti görə bilmirik. Verilmiş bəzi yanlış qərarlar bu əməkdaşlığa mənfi təsir göstərir. Bəzi hallarda verilmiş qərarlar ali təhsil müəssisələrində elmi tədqiqatların güclənməsinə fayda yox, zərər verir. Digər tədqiqat institutunun uğurları sadəcə bu və ya digər universitetin uğurları kimi göstərilir. Nəticədə universitet elmin inkişafı baxımından əhəmiyyət kəsb edən qərarlar vermək əvəzinə ehtimal olunan ziyanın minimallaşdırılması üçün qərarlar vermək məcburiyyətində qalır. Bu, yanlış mühitdir. Bu mühitin qısa vaxt ərzində ciddi dəyişdirilməsinə ehtiyac var".

Sonra UNEC-in Elm üzrə prorektoru, dosent Fariz Əhmədov martın 27-dən start verilən və aprelin 4-dək davam edən "Elm günləri" çərçivəsində keçirilən müzakirələr və onların nəticələri barədə yekun hesabatla çıxış edib. O bildirib ki, Elm günlərində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, elmi jurnalların və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi, tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, elmin rəqəmsallaşdırılması, tələbələrin tədqiqat bacarıqlarının artırılması yolları ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda sadalanan sahələr üzrə mövcud problemlərin aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilib.

Tədbirdə "2023-cü ilin elmmetrik göstəriciləri. İnfoqrafik Məlumat" kitabının təqdimatı da olub.

Sonda elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları, tələbə və tədqiqatçıları, tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə təltif olunub.

Sevinc QARAYEVA

 





06.04.2024    çap et  çap et