525.Az

Sözü də, özü də dünyada tanınan yazıçı - Çingiz Abdullayev - 65


 

Sözü də, özü də dünyada tanınan yazıçı -<b style="color:red"> Çingiz Abdullayev - 65</b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı, "Şöhrət" ordenli, əsərləri dünyanın dörd bir yanında oxunan, imzası sərhədlərimizdən çox-çox uzaqlarda tanınan, ədəbiyyatımızın layiqli təbliğatçısı Çingiz Abdullayevin 65 yaşı tamam olur. 

Nəsr salnaməmizə imzası həkk olunan görkəmli yazıçımız həm unikal dünyagörüşü, həm də fərqli bədii təfəkkürü ilə uzun illərdən bəri Azərbaycan və dünya ədəbiyyatına xidmət edir. Təsadüfi deyil ki, məhz Çingiz Abdullayev dünyaca məşhur olan detektiv janrının yerli ədəbiyyatımıza nüfuz etməsinə səbəb oldu. Sevindirici haldır ki, bu illər ərzində populyarlıq qazanan yubilyar ölkəmizin sərhədlərini aşaraq xarici oxucuların da ürəyini fəth etməyi bacardı.  

Çingiz Abdullayevə 65 illik yubileyi münasibətilə səmimi təbrikimizi, xoş arzularımızı ünvanlayır, müxtəlif zamanlarda görkəmli şəxsiyyətlərin, tanınmış qələm adamlarının onun haqqında söylədiyi fikirlərin bir qismini təqdim edirik.

***

Xalq yazıçısı Anar: 

"Çingizin çox güclü fantaziyasının obyekti təkcə kitabları deyil, həm də onun təsəvvür edilməyən gerçək həyatı, şəxsi bioqrafiyasıdır. Bizim ümumi dostlarımızdan biri gözəl deyib ki, Çingizin bioqrafiyasındakı faktları sıralasaq, ona yüz yaş vermək olar... Çingizin ədəbi istedadına hörmət etməklə yanaşı, onun insani keyfiyyətlərini də yüksək qiymətləndirirəm. Xeyirxahlıq, gülərüzlülük, dostluqda etibar, prinsipiallıq və sayıqlıq, köməyə ehtiyacı olanlara əl uzatmaq, böyüklərə hörmətlə yanaşmaq bu keyfiyyətlərdəndir".

***

Xalq şairi Vaqif Səmədoğlu: 

"Çingiz Abdullayevin yazıçı kimi özünəxas xüsusiyyətləri olduğu təkin, dost kimi də orijinal, özünəməxsus insandır. Hal-hazırda o, keçmiş SSRİ məkanında və bütün dünyada ən çox tanınmış Azərbaycan yazıçılarından biridir. Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm... Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıcılığını analitik dərəcədə sevən oxucu var. Bununla bizim hamımızın qürur duymağa, fəxr etməyimizə tam haqqımız var". 

***

Xalq yazıçısı Elçin:

"Sən müasir Azərbaycan ədəbiyyatında o layiqli və ləyaqətli yeri tutursan ki, o yer yalnız və yalnız Çingiz Abdullayevə məxsusdur. Sən şərəfli ömür yaşayan, istedadla yazan və kitablarının sayına dözən gözəl insan, gözəl yazıçı, gözəl dostsan".

***

Akademik Rafael Hüseynov: 

"Çingiz Abdullayev dünyada məşhur yazıçıdır və ədəbiyyatımızın bütün tarixi boyunca heç bir Azərbaycan ədibinə Çingiz qədər tərcümə və nəşr edilmək, Vətəndən kənarda Çingiz qədər daimi diqqət mərkəzində dayanmaq nəsib olmayıb. Çingiz Abdullayev Azərbaycan oğludur və varlığıyla, şəxsiyyətiylə, təfəkkürüylə, yaradıcılığıyla, işığıyla dünya boyunca yalnız ədəbiyyatımızı deyil, Vətənimizi və Millətimizi təmsil edir. Çingiz Azərbaycana şöhrət və iftixar gətirir!.. Vətənə belə yüksək xidmət göstərənlərə ən azı "sağ ol!" deməyi özümüzə həmişə rəva görək! Çingiz Abdullayev illərdir Yazıçılar Birliyinin əsas dayaq sütunlarındandır".

***

Akademik Ziyad Səmədzadə: 

"Bu gün Çingiz Abdullayev Lütfi Zadə, Tahir Salahov, Rəşid Behbudov, Müslüm Maqomayev kimi korifeylərin yolunu gedərək öz imzası ilə Azərbaycanı dünyada tanıdır. Biz belə insanlarla yalnız fəxr etməli, qürur duymalıyıq... Çingiz Abdullayev öz uğurlu yaradıcılığı ilə Azərbaycanı dünyada tanıdan milli dəyərdir. Milli dəyərləri isə qorumaq, tərənnüm etmək bizim müqəddəs vəzifəmizdir".

***

Yazıçı Elçin Hüseynbəyli: 

"Azərbaycanı beynəlxalq səviyyədə tanıdacaq yazarlardan biri, bəlkə də birincisi Çingiz Abdullayevdir. Bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəridir...  Amma o, təkcə yazılarına görə yox, həm də ad və soyadına görə azərbaycanlıdır. Mən onunla bir neçə səfərdə olmuşam və şəxsiyyətinə, yazılarına hörməti görmüşəm: həm xaricdə, həm də daxildə. Elə öz Azərbaycanımızda insanların onun barəsində necə ağızdolusu danışdıqlarının şahidi olmuşam. Çingiz Abdullayev zaman-zaman Azərbaycanın başını ucaldacaq çox işlər görüb. Çingiz Abdullayevlə fəxr eləməyə dəyər, dostlar! O, Azərbaycanımıza hələ çox lazım olacaq, elə bizlərə də!.."

***

Şair Səlim Babullaoğlu: 

"...Yüksək keyfiyyətli detektiv romanlar əslində həqiqətin bərqərar olunması, qayda və qanunların bərpası, öz yerini alması ilə bağlı inandırıcı və ümid aşılayan rəvayətlərdir. Ona görə də Çingiz Abdullayev kimi həqiqi detektiv ustaları əmin-amanlıq, qayda-qanun tərəfdarları, deməli, yaxşı vətəndaşlardır. Çingiz Abdullayev bu nəzəri postulatı həm Azərbaycan Yazıçılar Birliyindəki çoxillik fəaliyyətində, həm də ölkə naminə, müxtəlif məsələlərlə bağlı yazıçı və vətəndaş kimi dəfələrlə sərgilədiyi mövqeyində sübut edib. Hərdən düşünürəm ki, Bakının mərkəzində hökmən detektiv personajların muzeyi açılmalıdır. Və həmin muzeydə Şerlok Holmsun şlyapası, Erkül Puaronun cib külqabısı, komissar Meqrenin qəlyanı, bizim Çingiz Abdullayevin əsas qəhrəmanı olan Dronqonun isə "Farenheyt" ətri saxlanmalıdır. Fikrimcə, bu həm maraqlı, həm də ədalətli olardı. Çünki Çingiz Abdullayev həm öz adını, həm də qəhrəmanının adını dünya detektiv tarixinə çoxdan yazıb".

***

Şair İlqar Fəhmi: 

"Çox sevindirici haldır ki, Çingiz Abdullayev bütün dünya üzrə barmaqla sayılan bir neçə yazıçıdan biridir ki, detektivin hansı janrında yazmasından asılı olmayaraq klassik qayda-qanunlara ciddi-cəhdlə riayət edir, mütəxəssislərin diliylə desək, "janrın saflığını, təmizliyini qoruyub saxlayır, xalturaya qətiyyən yol vermir". Çingiz Abdullayev, zənnimcə, yaradıcılığının birinci dövrəsini başa vurub, başlanğıc nöqtəyə qayıdıb. Yəqin ki, bir azdan yaradıcılığının əvvəlkindən fərqlənən ikinci dövrəsinə qədəm qoyacaq, yenə də onlarla maraqlı detektiv əsərlərlə dünyanın bütün ölkələrindəki oxucularını sevindirəcək".

***

Şair Xəyal Rza: 

"Çingiz Abdullayev bütün mənalarda əngəlsiz adamdır. Heç bir əngəl tanımayan adamdır. Məncə, həm Çingiz Abdullayevin bəxti gətirib ki, o, azərbaycanlıdır, həm də Azərbaycanın bəxti gətirib ki, belə bir azərbaycanlı var. Məncə, Çingiz Abdullayev başqa dildə danışıb-böyüməsinə, oxuyub, təhsilə yiyələnməsinə, yazıb-yaratmasına baxmayaraq, Azərbaycan dilini də, Vətənini də, Xalqını da hamıdan çox sevən adamdır". 

 





07.04.2024    çap et  çap et