525.Az

Təhsilimizin və mədəniyyətimizin məbədi Şuşa - Vidadi Xəlilov yazır


 

Təhsilimizin və mədəniyyətimizin məbədi Şuşa - <b style="color:red"> Vidadi Xəlilov yazır</b>

Dünyagörmüş səyyahların, alimlərin fikrincə, müqəddəs şəhərimiz Şuşa təbiətin, Yaradanın böyük möcüzəsidir. Dünyada oxşarı, tayı-bərabəri yoxdur. Dahi Səməd Vurğun demişkən, təbiət quranda Azərbaycanı, Onu sığallamış qüdrətin əli, Bir böyük ürəkli qüvvətin əli!..

Azərbaycan Respublikası Prezidentinin "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsilə bağlı tədbirlər haqqında 21 noyabr 2023-cü il tarixli qərarı elm-sənət sahəsində çalışanları bu istiqamətdə daha geniş yaradıcılıq fəaliyyətinə istiqamətləndirdi. Belə bir mövqe təsadüfi deyil. Şuşa elm, təhsil, sənət dünyamızın məbədi kimi tarixin silinməz-pozulmaz yaddaşına həkk olunub. Şəhərin, bu müqəddəs yaşayış məskəninin təməli ilə bağlı müxtəlif mülahizələr var. Bununla belə, elmi-tarixi mənbələrə əsasən belə qənaətə gəlinir ki, Şuşanın təməli 1750-ci ilin əvvəlində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulub.

Elə ilk anlardan elm-təhsil, mədəniyyət ocaqlarının yaradılmasına, sayılıb-seçilən ziyalıların geniş hərtərəfli fəaliyyət göstərmələrinə zəmin yaradan tədbirlərə xüsusi diqqət yetirilib. Belə bir cəhət də xüsusi maraq doğurur ki, ilk qız məktəbi də Şuşada yaranmışdı. "İşıq" jurnalının 2012-ci ilə aid 4-cü nömrəsində dərc olunan "Şuşada qız məktəbləri" adlı məqalədə deyilir: XIX əsrin 30-cu illərinə qədər xüsusi imtiyazlı məktəblərdən başqa, Azərbaycanda hökumət  tərəfindən açılmış heç bir kütləvi xalq məktəbi yox idi. Yalnız Şuşada Bazel missionerləri tərəfindən 1827-ci ildə açılmış bir məktəb mövcud idi ki, burada əsasən alman dili tədris edilirdi. Belə bir cəhətdə o dövrdə böyük xeyriyyəçi kimi tanınan Gövhərbəyim ağa İbrahimxəlil qızını da narahat edirdi. Buna görə də o, öz vəsaiti hesabına məktəb açdırmış, orada ancaq yoxsul ailələrin uşaqlarının təhsil almasına nail olmuşdu. Tarixi mənbələr göstərir ki, Gövhərbəyim ağa həmin məktəbin açılmasına o dövr üçün çox dəyərli olan 175 min manat qızıl pul sərf etmişdi. Qısa müddət ərzində məşhurlaşan bu məktəb yeni təhsil ocaqlarının yaranmasına da əlverişli mühit yaratdı. Bu da məlumdur ki, o vaxta qədər qızlar ancaq ruhani məktəblərində təhsil alırdılar.

1875-ci ilin oktyabr ayında Şuşa Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi qız məktəbi də təhsilin inkişafına əhəmiyyətli təsir göstərdi. Məktəbin tədris planı da məqbul sayılırdı. Rus dili, hesab, ana dili, hüsnxət, rəsm, rəsmxət, coğrafiya, tarix fənlərinin tədrisi şagirdlərin ümumi inkişafına müsbət təsir göstərirdi.

Şagirdlərin musiqi qabiliyyətlərinin inkişafına, bu istiqamətdə xalq mahnılarının, rəqslərinin öyrədilməsinə də xüsusi diqqət yetirilirdi. Valideynlərin razılığı nəzərə alınmaqla onlar gimnastika məşğələlərində də iştirak edirdilər. Heç şübhəsiz, yaranan əlverişli mühit yeni-yeni təhsil ocaqlarının yaranması zərurətini də diqqətə çatdırırdı. Buna görə də o dövrün zəngin ziyalılarından sayılan həkim Kərim bəy Mehmandarovun təşəbbüsü və köməkliyi ilə 1911-ci ildə Şuşada birinci rus-müsəlman məktəbi yaradıldı. Şagirdlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirilirdi. Bədii tikmə, xalçaçılıq məşğələləri qızların və onların valideynlərinin ürəyincə idi. Tarixi mənbələrlə tanış olarkən belə bir həyat həqiqəti diqqəti cəlb edir ki, milli və bəşəri təhsil sisteminin inkişafında Şuşada yaranan öyrənmə, inkişafetdirici mühitin rolu olub. Bu mühit get-gedə zənginləşərək incəsənətin bütün sahələrinə, o cümlədən, musiqi incəsənətinə möhkəm, etibarlı zəmin yaratmışdı.

Məhz belə bir mühit öz növbəsində inkişafetdirici təsiri ilə xalqımıza, ölkəmizə layiq şəxsiyyətlərin yetişməsinə, boy atmasına qüvvətli təsir göstərmişdi.

Müsir mədəniyyət tarixində və inkişafında adı böyük hərflərlə yazılan Mir Möhsün Nəvvab da Qarabağı unudulmayanlar sırasındadır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı kimi tanınan, fəaliyyət göstərən ustad 85 illik ömür aləmində (1833-1918) yaradıcı duhası, əməlləri ilə dahilik səviyyəsinə yüksəlmişdi. Geniş, çoxcəhətli yaradıcılığa başlayan Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak etməyi ilə böyük rəğbət qazanmışdı.

Elmin-incəsənətin müxtəlif sahələrinə həsr etdiyi əsərləri araya-ərsəyə gətirmiş, özünün yaratdığı mətbəədə onların nəsrinə nail olmuşdu. Bu da məlumdur ki, həmin əsərlərə o dövrün təhsil, mədəni-maarif ocaqlarında müntəzəm, səmərəli şəkildə istinad olunmuşdu.

Xalqın - müxtəlif nəsildən olan insanların bədii-estetik zövqünü inkişaf etdirmək üçün "Məclisi-fəramüsan", "Məclisi-xanəndə" adlı musiqi məclisləri təşkil etmişdi. O dövrün söz-sənət ustadlarından Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları bir-birindən maraqlı çıxışlarıyla müxtəlif nəsillərdən olan insanların zövqünü oxşamışlar.

Mir Möhsün Nəvvab əminliklə deyirdi ki, xalqın mədəni inkişaf səviyyəsini yüksəltmək üçün kitab nəşrinə xüsusi diqqət yetirmək zəruridir. "Təzkireyi-Nəvvab" kitabını çap etdirməklə bu sahədə möhtəşəm binövrə qoymuşdu. Həmin vəsaitdə əslən Qarabağdan olan yüzdən çox şairin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar nəzərə çatdırılmışdı.

Mir Möhsün Nəvvab ədəbiyyatla yanaşı kimya-biologiya, astronomiya elminin müxtəlif sahələri ilə daha yaxından tanış olmuş, elmi-pedaqoji fəaliyyəti ilə tanınmışdı.

O, öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. "Nəsihətnamə" əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedaqoq və alimin etik görüşləri müəyyən mənada onun "Kifayətül-ətfal", "Nurül-Ənvar" və "Pəndnamə" kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlar bizə yadigar qalıb. Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub. Nəvvabın şəxsində, elmi-pedaqoji fəaliyyəti nümunəsində nəzərə çatdırdıqlarımız bir daha göstərir ki, gözəllik - ülviyyət mənbəyi Şuşa eyni zamanda elm-sənət məbədi kimi inkişafetdirici təsir imkanları ilə tanınıb, necə deyərlər, barmaqla göstərilib.

Elmi-mədəni dəyərlər Şuşanın dünya şöhrətli bir şəhər, yaşayış məskəni kimi tanınmasına, dünya səyyahlarının buraya ayaq açmasına zəmin yaratdı. Belə bir mövqe eyni zamanda beynəlmiləl təsir qüvvəsinə malik musiqi sənətinin inkişafına da əhəmiyyətli təsir göstərdi.

Şuşa XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın konservatoriyası kimi dəyərləndirilib. Budur həmin konservatoriyanın məzunları: Keçəçi oğlu Məhəmməd, Məşədi Məhəmməd, Xanlıq Şükür, Zabul Qasım, Məcid Behbudov, Məşədi Kərbəlayi Lətif, Segah İslam, Qurban Pirimov, Bahadur Mehralıoğlu, Bala Məlikov, Seyid Şuşinski, Cabbar Qaryağdı, Sadıqcan, Məşədi İsi, Mirzə Muxtar, Məşədi Zeynal və başqaları.

Şuşa öz növbəsində dahi sənətkarlarımız Üzeyir Hacıbəylinin, Bülbülün, Məcid Behbudovun, Şəmsi Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və digər onlarla sənət bahadırının ilk uğurlu addımlarının məkanı sayılır.

Şuşaya həsr olunan müxtəlif janrlı sənət əsərləri bu yurda bağlılıq, vətənpərvərlik hisslərini qüvvətləndirir. Şuşanın işğalı dövründə həmin əsərlər də sanki matəmdə idi. Görkəmli şair Zəlimxan Yaqub da qəmli və pərişan idi:

 

Gözümdə yaş gördüm, yanağında qan,

Cıdır düzündəki Xarıbülbülün.

Dərdin sinəsində dağlandı sinəm,

Didərgin olmuşdu yarı bülbülün!..

 

Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun, şair-dramaturq Şıxəli Qurbanovun sözlərinə yazdığı "A Şuşam" mahnısı da incik düşmüşdü:

 

Səni hər görəndə tanımaq olmur, a Şuşam,

İldə bir qərinə cavanlaşırsan.

Sən cavan hüsnünə qoca dağların,

Mehriban şəhərim, çox yaraşırsan...

 

Ancaq böyük qürurla deyək ki, fəxrimiz, iftixarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri işğala da, Şuşanın incikliyinə də son qoydu: Yaşasın, abad olsun gözəl Şuşamız, gözəlliklər diyarımız! "Böyük günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır"!

 





08.04.2024    çap et  çap et