525.Az

"Yüksəliş" müsabiqəsi - gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümü


 

"Yüksəliş" müsabiqəsi - gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümü<b style="color:red"></b>

"Yüksəliş" müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatdı. Müsabiqənin bu mövsümü üçün 15 min 877 şəxs qeydiyyatdan keçib. Onlardan 11 min 423-ü kişi, 4454-ü isə qadındır. Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət etmiş 9278 namizəd öncəki müsabiqələrdə də iştirak edib. Müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd var. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir. Nəticələrə əsasən iştirakçıların 8961 nəfəri dövlət, 6665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.

"Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi hesab edilir. İstedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqə olan "Yüksəliş" iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır. Bu müsabiqə peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

İştirak hüququna malik olan şəxslər müsabiqənin saytında "Şəxsi kabinet" yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla aşağıdakı şərtlərlə qeydiyyatdan keçirlər. Qeydiyyat mərhələsində namizəd müsabiqənin şərtləri və qaydaları ilə tanış olduğunu və razı olduğunu bəyan edir, eləcə də fərdi məlumatlarının işlənilməsi, toplanılması və saxlanmasına dair razılığını bildirir. Namizəd qeydiyyat formasına daxil etdiyi məlumatların düzgün və dəqiq olmasını təmin edir. Qeydiyyat mərhələsini uğurla başa vuran bütün namizədlər onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələ müsabiqənin saytında onlayn rejimdə keçirilir. Həmin mərhələdə iştirakçıların idarəçilik potensialı müxtəlif tapşırıqlar və testlər vasitəsilə qiymətləndirilir və nəticələrə əsasən hər bir iştirakçının fərdi reytinq balı müəyyən olunur.

Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti şəxsi kabinetdə yerləşdirmiş iştirakçı "Əyani mərhələ"də iştirak hüququ qazanır. Əyani şəkildə həyata keçən bu mərhələdə iştirakçıların erudisiyası ilə yanaşı, sosial intellekti, yazı və danışıq qabiliyyətləri də yoxlanılır. Bu mərhələdə iştirak etmək üçün iştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, əyani şəkildə iştirak edirlər.

Yarımfinal mərhələsi Azərbaycan Respublikasının müxtəlif şəhərlərində təşkil edilən regional tədbirlər formatında keçirilə bilər. Yarımfinal mərhələsində ən yüksək fərdi reytinq balı toplamış 100 nəfərə qədər iştirakçı müsabiqənin Bakı şəhərində keçirilən final mərhələsində iştirak hüququ əldə edir. Yarımfinalların nəticələrinə əsasən yüksək reytinq balı toplamış, lakin iştirakçıların say məhdudiyyətinə görə finala keçə bilməyən iştirakçılar gözləmə siyahısına daxil edilirlər. Əgər hər hansı iştirakçı finalda iştirakdan imtina edərsə, o, gözləmə siyahısında olan ən yüksək reytinq balına malik iştirakçı ilə əvəz edilə bilər.

"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Üçüncü "Yüksəliş"in qalibi Ülviyyə Me

hralıyeva deyir ki, bu müsabiqə həyat albomumun ən parlaq səhifələrindəndir: "Müsabiqə boyu keçirdiyim hisslər, yaşadığım təcrübələr və əldə etdiyim yeni tanışlıqlar mənim üçün əvəzolunmazdır. Öz bilik və bacarıqlarıma yenidən nəzər salmaqla, idarəçilik sahəsində özümü sınamaqla müsabiqə mənim üçün bir növ özünüqiymətləndirmə imkanı idi. Komandalarda müxtəlif keyslər üzrə işləyərkən əyani şəkildə münaqişə hallarının idarə edilməsi, stress altında çevik qərarvermə və dəyişikliklərin idarə olunması kimi bacarıqların idarəçi bir şəxs üçün necə vacib bir xüsusiyyət olduğunu daha aydın anlayırsan. Düşünürəm ki, mən bu sahələrdə uğurlu nəticələr göstərdim və bu da müsabiqənin mənə aşıladığı ən vacib dəyərlərdən biri olub. Çalışdığım maliyyə idarəetməsi - daşınmaz əmlak investisiyaları sahəsində lazımi qədər təcrübə topladığımı və idarəetmə bacarıqlarımı müəyyən səviyyədə inkişaf etdirdiyimi düşünürəm. Hazırda Dövlət Neft Fondunun əməkdaşı kimi səlahiyyətlərim çərçivəsində dövlətimiz üçün maksimum faydalı olmağa səy göstərirəm. İşimdə hər hansı dəyişiklik haqqında danışmaq isə, düşünürəm ki, hələ tezdir. "Yüksəliş" müsabiqəsinin heç bir mərhələsinə əvvəlcədən hazırlaşmamışam. Xüsusilə final və yarımfinal mərhələləri o qədər yaxşı təşkil edilib ki, orda hər hansı süni bir hərəkət qiymətləndiricilər tərəfindən asanlıqla fərqləndirilirdi. Ona görə mən potensial iştirakçılara müsabiqə boyu qətiyyətli və pozitiv olmağı, təbii və peşəkar oyun göstərmələrini tövsiyə edərdim".

Ü.Mehralıyevanın fikrincə, müsabiqə müddətində ən maraqlı mərhələlər yarımfinal və finaldır: "Sözügedən mərhələlərdə iştirakçılar müxtəlif komandalarda oynayaraq çoxsaylı keysləri həll etməyə çalşırlar. Qiymətləndiricilər isə müsabiqənin səkkiz meyarı üzrə iştirakçıları qiymətləndirirdi. Bu meyarlar strateji düşünmə, effektivliyin idarə olunması, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə olunması, sosial məsuliyyət, liderlikdir. Yarımfinal və final mərhələləri həyəcanlı və bir çox hallarda gərgin keçirdi. Bu da öz növbəsində çoxlu enerji və qətiyyət tələb edirdi. Xüsusilə final mərhələsi məndə həm emosional, həm də təcrübə baxımından əvəzolunmaz bir iz buraxıb. "Yüksəliş" müsabiqəsinin hər bir mərhələsi çətindir. Bu həm sualların çətinlik səviyyəsi, həm də iştirakçıların kifayət qədər güclü olması ilə əlaqədardır. Sözsüz ki, müsabiqənin kulminasiyası final mərhələsidir. Xatırlayıram ki, bu mərhələdə, xüsusilə mentor keysində çox həyəcanlı idim. Ancaq mənə ən çətin gələn mərhələ "İdarəetmə bacarıqları" imtahanı olub. Həyatımda buna bənzər bir imtahan verməmişdim. Düşünürəm ki, bütün mərhələlərdə mənə yüksək konsentrasiya qabiliyyətim, güclü xarakterim və qətiyyətim kömək edib. Yarımfinal və final mərhələlərində isə insanlarla ünsiyyət və kommunikasiya, həmçinin hadisələri düzgün dəyərləndirmə qabiliyyətim məni digər iştirakçılardan fərqləndirən xüsusiyyətlər olub".

Millət vəkili Sevinc Hüseynova deyir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, Prezident İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Gənc kadrların irəli çəkilməsi siyasəti ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə "Yüksəliş" müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır".

Sevinc QARAYEVA

 





08.04.2024    çap et  çap et