525.Az

Çinli alimlər İqtisadiyyat İnstitutunda məruzələrlə çıxış ediblər


 

Çinli alimlər İqtisadiyyat İnstitutunda məruzələrlə çıxış ediblər<b style="color:red"></b>

Aprelin 8-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda çinli alimlərin iştirakı ilə elmi sessiya keçirilib.

525.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Fəxri doktoru, Çin Sosial Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun sabiq direktoru, prof. Pey Çanqhonq “Çinin mövcud makroiqtisadi vəziyyəti”, həmin institutun professoru Ya Yun “Çinin sosial müdafiə sistemi” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli qonaqları təqdim edib.

Professor Pey Çanqhonq Çin iqtisadiyyatının makroiqtisadi göstəricilərindən, müasir vəziyyətindən və inkişaf meyllərindən danışıb. Avropa ölkələri, Hindistan və ABŞ-la müqayisələr aparan məruzəçi bildirib ki, 2023-cü ildə bu ölkədə iqtisadi artım 5,2% olub. Çin iqtisadiyyatı pandemiyanın ən az təsir etdiyi ölkədir. Ölkənin dünya iqtisadiyyatındakı payı 10 ildə 12,3%-dən 18%-ə yüksəlib. 3 trilyon dollar valyuta ehtiyatları var. 2024-cü ildə ölkədə 5,2% iqtisadi artım gözlənilir. Hər il Çin iqtisadiyyatı orta hesabla 4,7% artır. Əhalisinin çoxluğu və artımı şəraitində iqtisadiyyatı inkişaf etdirmək üçün daimi texnoloji yenilənmələrə ehtiyac var. Bunu nəzərə alan hökumət özəl sektorun inkişafını dəstəkləyir. Dövlət sektoru da aparıcı rola malikdir.

Professor Ya Yun Çinin müasir sosial müdafiə sistemin barədə geniş məlumat verib. Dövlətin sosial siyasəti, pensiya təminatı, əhalinin artımı, sosial sığorta sistemi, işsizlik, qeyri-bərabərlik, sosial rifahın yüksəldilməsi problemləri, qiymətlərin tənzimlənməsi və onun sosial vəziyyətə təsiri kimi məsələlərdən danışıb. Çin dövlətinin özünəməxsus sosial siyasətinin başlıca xüsusiyyətlərini, özəlliklərini qeyd edib.

Sonra çinli alimlər sualları cavablandırıblar, maraqlı müzakirələr aparılıb (economics.org.az).

 

 





09.04.2024    çap et  çap et