525.Az

Gürcüstanda Azərbaycan izləri: www.aziz.ge - Sosial şəbəkədə yazılanlar


 

Gürcüstanda Azərbaycan izləri: www.aziz.ge - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Cəmilə Babayeva, jurnalist:

- Gürcüstanda Azərbaycanın zəngin mədəni irsi haqqında araşdırma materiallarımı bundan sonra www.aziz.ge saytı üzərindən təqdim edəcəyəm. Müəllif saytı yaratmaq ideyam çoxdan var idi, yaxınlarım və dostlarım da sağ olsunlar məni buna durmadan həvəsləndirirdilər. Və budur - sayt artıq fəaliyyətdədir. Məqsəd Gürcüstandakı izlərimizi geniş oxucu auditoriyasına çatdırmaq, onların tanıdılması və təbliğidir.

Onlayn resursda təqdim olunacaq:

- Azərbaycan-Gürcüstan mədəni, ictimai-siyasi, ədəbi əlaqələrinin keçmişi, inkişafı və hazırkı vəziyyəti;

- Qonşu ölkə ərazisində yerləşən tarixi-mədəni irs abidələrimiz;

- Arxiv fotolar və tarixi faktlar;

- Müsahibələr və araşdırma yazılar;

- Gürcüstanın azərbaycanlı icmasının milli-mənəvi dəyərləri, adət-ənənələrinin tarixi və bu günü və s.

www.aziz.ge Gürcüstanda Azərbaycan izləri üzrə məlumatlarla zəngin onlayn bələdçi olmağa çalışacaq.

 

Aygul İsayeva, İqtisadiyyat üzrə fəlsəfə doktoru:  

- Futbol bitdi, gəlin, indi sizi real dünyaya qaytarım.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TSU) keçmiş rektoru Giorgi Şarvaşidze bir ildir ki, Gürcüstanın Ermənistandakı səfiri vəzifəsində çalışır. Bu vəzifəyə təyin edildikdən sonra, qısa müddət ərzində Gürcüstanla Ermənistan dost ölkə statusundan strateji partnyor statusuna keçdi. Başımız futbola qarışdığı gün isə Yerevan Dövlət Universitetində "Gürcüşünaslıq" mərkəzinin açılışını etdilər. Cənab səfir Şarvaşidzenin uzun müddət rektor olduğu universitetdə isə illərdir "Ermənişünaslıq" ixtisası mövcuddur. Bu ixtisası bitirən ermənilər Gürcüstanda fəaliyyət göstərən ermənidilli məktəblərdə "erməni dili və ədəbiyyatı" müəllimi kimi fəaliyyət göstərə, eyni zamanda baş müəllim statusunu alaraq yüksək maaş almaq imkanlarından yararlana da bilərlər.  Azərbaycanlılar üçün belə imkanlar mövcud deyil, Gürcüstanda heç bir universitetdə nə "Azərbaycanşünaslıq", nə də "Azərbaycan dili və ədəbiyyatı" müəllimliyi ixtisası mövcuddur. Gənc müəllimlər isə statussuz müəllim olaraq, az maaşa işləmək məcburiyyətində qalırlar, karyera yüksəlişi imkanları yoxdur. Yaxşı imkanlar ələ düşəndə isə diskriminasiya ucbatından məktəbi tərk edirlər. Sonra da deyirlər ki, niyə müəllim olmaq istəmirsən...

Biz isə təhsil problemlərimizi həll etmək üçün, azərbaycandilli məktəblərimizi qorumaq üçün, istedadlı, keyfiyyətli kadrlar yetişdirmək üçün Azərbaycan-Gürcüstan Universitetinin açılmasını tələb etdik, bu məsələ icmada böyük əks-səda doğurdu. Mənim təşəbbüsümlə imzatoplama aksiyasına başladıq, təsəvvür edin ki, hətta xarici ölkənin vətəndaşları belə (ABŞ) məmnuniyyətlə gəlib imza atırdı.

Universitet istədik, əvəzində balaca bir "Azərbaycanşünaslıq" departamentinin açılacağı ilə sakitləşdirməyə çalışdılar. Universitetin açılması tələbi böyükdən kiçiyə hər kəsin ürəyincə idi, hər kəs böyük məmnuniyyətlə imzatoplama aksiyasına qatılmışdı (2-3 nəfər mənşəyi bəlli olmayan ünsürdən başqa). Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyi o qədər hiddətlənmişdi ki, mənimlə dərhal görüşmək istədiklərini söyləmişdilər. Nazirlikdə görüşdük, danışdıq, axırda da dedilər ki, TSU nəzdində Azərbaycanşünaslıqla bağlı bir departamentin açılması nəzərdə tutulur. Amma illər bir-birini əvəz edir, bu mövzu isə çeynənməkdə davam edir, heç bir irəliləyiş isə hələ ki, yoxdur.

 

İlham Əzizov, yazıçı:

- Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Bişimbayevin məhkəməsinə baxıram. Həyat yoldaşı Səltənəti döyüb öldürüb. Adam Amerikada yüksək təhsil görüb, 1980 təvəllüd, nazir vəzifəsində çalışıb, gözəl natiqdi. Bu ailənin demək olar ki, hər şeyi olub. Amma çi fayda, biri ölüb, biri də zindanda. Neçə gündü düşünürəm ki, niyə bu faciə baş verib? İnsana nə lazımdı axı, bunlarda olmayıb?

Keçmiş nazir deyir ki, o, mənə heç vaxt inanmadı. Elə həmişə dedi bizimki alınmayacaq.

Qadın bu adamı o qədər qısqanıb ki, deyir telefonu götürməyə qorxurdum. Harda olmağından asılı olmayaq görüntülü yığıb, adamı pis vəziyyətlərə salıb, söyüşlər söyüb. Görün iş nə yerə çatıb, ən çox sevdiyi insanı döyüb öldürüb. Məhkəmədə danışığından hiss olunur, qadını çox sevib. Özünü də günahkar bilir. Məncə, qadınlar kişilərin əsas damarını bilmir. İstənilən kişini bir qadın azca qiymətləndirsə, ona hörmət bəsləsə, həmişə inansa, işlərində uğurlu olduğunu bildirsə, kişi uşaq kimi o qadının təsirindən çıxmaz. Amma situasiya demək olar ki, həmişə başqa cür olur. Birgə yaşayan kimi qadın kişini rəqib sayır, mövqe mübarizəsinə qoşulur. Belə olanda da təbiət girir ortaya, güclü gücsüzü məhv edir, faciə baş verir.

 

Elşad Məmmədli, jurnalist:

- Hər il universitetlərə qəbul vaxtı çox əcaib bir tendensiyanın şahidi oluruq: Bəs xaricdə ali məktəbə qəbul olmuşam, 50, 70 min dollarım çatmır, hay-haray, bu pulu yığın verin, gedim kefimə baxım. Çox pis tendensiyadır! Niyə?

Məsələn, mənim uşaqlarım özləri bir neçə dəfə xaricdə təhsil üzrə imtahanlar veriblər və bir neçə təhsil ocağını qazanıblar (Qızım 9 illiyi qırmızı şəhadətnamə ilə bitirib, 11 illiyi də qırmızı attestatla bitirir, 260 bal toplayıb buraxış imtahanında, hansı xarici universitetə istəsə gedə bilər). Amma baxmışam ki, mənim o vəsaiti - illik 40, 50, 60 min dollar ödəmək imkanım yoxdur və sakitcə gücümüz çatan işə girişmişik, təhsilimizi ölkəmizdə alırıq. Hansı ki, geniş çevrəm də var, mediada nüfuzum, əlaqələrim də. Amma heç kimə demək olmaz ki, pul ver getsin mənim uşağım xaricdə oxusun...

İkincisi, xaricdə istənilən universitetə orta səviyyəsi olan məzun müsahibə formatlı imtahandan keçib öz hesabına oxumağa dəvət olunur, buna xüsusi istedad-filan deyib camaatı ələ salmayın! Xüsusi istedadlı uşaqları xaricdəki nüfuzlu universitetlər qəbul edəndə, onların təhsil xərcini də, qalmaq xərcini də, yemək xərcini də onlar özləri üzərinə götürür. Dövlət xəttilə təhsil də öncədən elan edilir ki, hansı universitetə qəbul maliyyələşdirir.

Kimsə xüsusi istedadlı deyilsə və təhsilini kefi istədiyi xarici ölkədə almaq istəyirsə, xərcini özü ödəməlidir. Bu məqamda isə hər kəs yorğanına görə ayaqlarını uzatmalıdır. Camaatı "pul yığın verin, mənim uşağım xaricdə oxusun" tələbi, çağırışı qarşısında qoymaq olmaz, etikadan uzaqdır bu. Sosial mediada, mediada belə tendensiyalara son verilməlidir. İmkanın var, göndər oxusun, yoxdur, öz ali məktəblərimizdə oxusun. İnsanları girinc etməyin!

 

Aydın Quliyev, jurnalist:

- Avropa dağılır, məşhur Borrel Ursula fon der Lyayenə "müharibə elan edib", işin arxasında Makron var...

Hələ vəziyyət çox mürəkkəbdir. Nə baş verdiyi ilə bağlı qəti fikir söyləmək çətindir. Avropa komissiyasının sədri məşhur Ursula  Fon der Lyayenə qarşı Avropa mediasında Avropa Birliyinin xarici siyasət komissarının və digərlərinin imzaladığı məktub yayılıb. Məktub müəllifləri Ursuladan Markus Piperin yüksək maaşlı vəzifəyə təyin edildiyinə dair izahat istəyirlər. Markus Piper Ursulanın xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Avropa media məkanında ehtimal edilir ki, Piper  xanım Ursulanın kiçik və orta müəssisələr üzrə xüsusi nümayəndəsi səlahiyyətlərini icra edəcək.

Burada mahiyyət nədir? Ursula fon der Lyayen əslən almandır, hazırda Avropa komissiyasının sədridir, iki həftə əvvəl Avropa Xalq partiyasının sədri seçilib, ehtimallara görə, iyun ayında yenidən Avropa komissiyasının sədri postuna seçiləcək. Üzərində mübahisə başlanmış Markus Piper də əslən almandır, o, bu günlərdə Rumıniya parlamentində Ursulanın yenidən Avropa komissiyasının sədri seçilməsi təşəbbüsünü qaldırıb...

Bunlar öz yerində... Məsələ kiminsə hansısa postu tutmasında deyil. Maraq doğuran odur ki, Ursula Avropada müəyyən qüvvələrin hədəfindədir. Bir neçə həftə əvvəl Avropa mediasında Ursulanın nənəsinin və babasının Hitler əlaltıları olması ilə bağlı məlumatlar yayılmışdı. Ardınca bu xəbərlərin gəlməsi təsadüf kimi görsənmir... Demək, Avropa məkanında gedən proseslər Ursulanın hədəfə alınması kimi görsənir.

Ancaq kim və nə üçün Ursulanı hədəfə alıb? Əvvəlcə onun babasını və nənəsini Hitlerçi kimi qələmə verdilər, ardınca onu öz həmyerlisi olan almanı özünə müşavir təyin  etməkdə ittiham etdilər. Hətta iddia edilir ki, iki nəfər Çex və Rumıniya vətəndaşı Ursulanın alman həmyerlisi Markus Piperdən çox səs toplayıb...

Vəzifə uğrunda intriqalar hər zaman olub. Lakin məsələ Ursula - Borrel müstəvisindən bir qədər fərqli və kənarda görsənir. Borrel Avropanın təhlükəsizlik komissarıdır, milliyətcə ispandır. Ursula Avropa komissiyasının sədridir, milliyyətcə almandır. Əgər Piperin təyinat məsələsində Borrel və Ursula əks mövqelər tutursa, demək, məsələnin kökləri daha dərinlərə gedə bilər...

Və gedir də...

Bakıdakı Qərb səfirliklərindən birinin əməkdaşının maraqlı mülahizəsi diqqətimi çəkdi. Həmin şəxs hesab edir ki, bu sadəcə Borrel-Ursula qarşıdurması yox, Fransa-Almaniya rəqabətinin tərkib hissəsidir. Diplomat əlavə edib ki, Fransa Ursulanın yenidən Avrokomissar seçilməsini qətiyyən  istəmir". Bu proseslərin arxasında şəxsən Makron dayanır. O, Şoltsun mart ayında Mizoyanla Mirzəyevi  görüşdürməsini həzm edə bilmir" deyə diplomat bildirib....

Nə baş verir? Ursula fon der Lyayenə qarşı məktubu Makron yazdırıb?..

 





09.04.2024    çap et  çap et