525.Az

Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması nəyi dəyişəcək?


 

Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması nəyi dəyişəcək?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq təkliflə çıxış edib. Rektor deyib ki, müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başlandığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiya yaradılmasını təklif edir.

Ədalət Muradovun bu təklifi ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılanıb və dəstəklənir.

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sabiq təhsil naziri Misir Mərdanov UNEC rektoru, professor, hörmətli Ədalət Muradovun Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Dövlət Komissiyasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb: "Ancaq onu da xatırlatmaq istəyirəm ki, mən təhsil naziri vəzifəsində işləyərkən belə bir komissiya yaradılmışdı. Həmin komissiyaya rəhbərlik edənlər dünyada təhsil sahəsində baş verən yeniliklərdən xəbəri olmayan şəxslər idi (mən bu fikirləri onların özlərinə də demişdim). Onların əsas məqsədi təhsili inkişaf etdirmək deyil, Təhsil Nazirliyinin səlahiyyətlərini mənimsəyərək öz əsassız iddialarını həyata keçirməkdən ibarət idi. Əgər təklif olunan komissiya da belə olacaqsa, düşünürəm ki, onun mənası yoxdur. Əgər istəyirlərsə ki həqiqətən bu komissiya ali təhsilin inkişafına xidmət edən bir qurum olsun, o quruma ali təhsilin problemlərini yaxşı bilən, bu sahədə dünyada baş verən yeniliklərlə yaxından tanış olan nüfuzlu şəxslər oraya daxil edilməlidir.

Hesab edirəm ki, bu qurum kiməsə tabe olmamalı, ali təhsil sahəsində ölkədə mövcud olan problemləri araşdırmalı, onun inkişafı yollarını müəyyən etməli, əsaslı təkliflərini hazırlayıb Elm və Təhsil Nazirliyinə, müvafiq qurumlara və ictimaiyyətə təqdim etməlidir".

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid səsləndirilən təklifin ölkəmizin təhsil sektoruna yalnız müsbət töhfə verəcəyinə ənin olduğunu bildirib: "Professor Ədalət Muradov artıq neçə ildir ki, UNEC-ə rəhbərlik edir. Hər şey göz qabağındadır - bu illər ərzində adı çəkiləndə haqqında xoşəgəlməz təəssüratlar səsləndirilən bu ali məktəbdə inanılmaz dəyişikliklər baş verib, tədrisin keyfiyyəti, tələbələrin bilik səviyyəsi xeyli yüksəlib. Mən Ədalət müəllimi Azərbaycanın ali təhsil sistemindəki mövcud problemlərə dərindən bələd olan, eyni zamanda, bu səhə ilə bağlı işlək beynəlxalq təcrübəni mükəmməl mənimsəmiş və uğur qazanmağın yollarını bilən pedaqoq kimi tanıyıram.

Onun rəhbərlik təcrübəsi, bu sahədəki biliyi imkan verir ki, təhsilin səviyyəsinin daha da yüksəldilməsi, çatışmazlıqların aradan qaldırılması istiqamətində müxtəlif təkliflər irəli sürsün. Ədalət müəllimin ali təhsilin rəqəmsallaşması, yeni dövrün tələbinə uyğun baxışların müəyyənləşdirilməsi, ali təhsil sistemində yeni strategiyanın yaradılması və dövrün tələbinə uyğunlaşdırılması ilə bağlı fikirləri çox vacibdir. Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması təklifi də yəqin ki, məhz Ədalət müəllimin zəngin təcrübəsindən doğub və hesab edirəm, bu məsələnin ciddi müzakirə mövzusuna çevrilməsi çox faydalı ola bilər. Bir halda ki, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması ali təhsil sektorunda dövrün tələblərinə uyğun idarəetmə sisteminin formalaşmasına töhfə verə bilər və bu təklif peşəkar təhsil mütəxəssisi tərəfindən irəli sürülür, deməli, belə bir təsisatın formalaşmasına həqiqətən də ehtiyac var".

Milli Məclisin komitə sədri Musa Quliyev UNEC rektoru, professor Ədalət müəllimi savadlı, səriştəli, yenilikçi bir alim, təhsil təşkilatçısı kimi tanıdığını və onun bütün fikirlərinə də hörmətlə yanaşdığını deyir: "Düşünürəm ki, Ədalət müəllim Ali Təhsilin İnkişafı üzrə Dövlət Komissiyasının yaradılması barədə təkliflə çıxış edərkən də xoş niyyətlə Azərbaycan təhsilinin gələcəyinə qayğı ilə yanaşaraq bu məsələni gündəmə gətirib. Eyni zamanda, mən bir qədər tərəddüdlə yanaşıram bu məsələyə. Baxmayaraq ki, mən peşəkar təhsil işçisi deyiləm. Amma uzun müddətdir ki, siyasətlə məşğul olduğumuzdan təhsilimizin vəziyyətini də kompleks qiymətləndirnək imkanlarımız var. Məncə, bu məsələyə daha geniş bir müstəvidə baxmaq lazımdır. Azərbaycanda ümumiyyətlə indi təhsilin səviyyəsi, vəziyyəti, təşkil olunması, əldə etdiyə nailiyyətlər barədə biz öyünərək danışa bilmərik. Getdikcə də vəziyyətin gərginləşdiyinin şahidi oluruq. Fikrimcə, bura daha ciddi müdaxilələr lazımdır. Təhsilin bütün pillələri üçün biz inkişafa nail olmalıyıq. Yoxsa ibtidai təhsil, orta təhsil bərbad bir vəziyyətdə olduğu halda ali təhsildə nə cür komissiya yaradırsan yarat, istənilən səviyyəyə qaldırmaq mümkün olmayacaq. Yalnız seçilmiş istedadlı uşaqların ali təhsildə uğurlara nail olmasına istiqamətləndirə bilərik, bacararıq. Bütövlükdə isə ali təhsillə məşğul olan universitetlərin məsuliyyətinin artırılması və onların müstəqilliyinin daha da genişləndirilməsi daha faydalı olar".

Millət vəkilinin dediyinə görə, Elm və Təhsil Nazirliyi müxtəlif agentliklər, komissiyalar yaradır. Amma onun bir faydasını biz görə bilirikmi? "Mən hesab edirəm ki, kifayət qədər effektiv nəticələr yoxdur. Yeni bir komissiyanın yaranması nə qədər faydalı olacaq, bunu da götür-qoy etmək lazımdır. Əlbəttə, dünyada gedən proseslər, əldə olunan nailiyyətlər bunlar hamısı öyrənilməlidir. Azərbaycanda tətbiqinin üzərində düşünülməlidir. Amma bizim universitetlərin neçəsinin kampus və yataqxanaları standartlara cavab verir? Bizim universitetlərin neçəsinin reytinqi dünya reytinqində yer tutur? Yəni bir komissiya yaratmaq bunlara təsirini göstərə biləcəkmi? Əgər orta məktəbdən universitetə daxil olanların böyük əksəriyyəti repetitor yanından gəlib ali məktəbə daxil olursa və buna da biz göz yumub məqbul hesab ediriksə, burda ali təhsilin səviyyəsindən necə danışmaq olar. Hesab edirəm ki, burada təhsilə kompleks yanaşmaq lazımdır və bütövlükdə bizim təhsilin lap ibtidai pilləsindən başlayaraq ciddi islahatlar ehtiyac var".

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyev vurğulayıb ki, UNEC rektoru, professor Ədalət Muradovun təklifi alqışlanmalıdır. Çünki hazırkı müasir çağırışlar çərçivəsində bütün sahələrdə yeni yanaşmaların tətbiq edilməsi vacibdir. Prezident İlham Əliyev tərəfindən yeni dövrün başlanğııcı ilə bağlı verdiyi mesajlar həm də bütövlükdə təhsilə, mühüm istiqamət olan ali təhsilə də aid olan məsələdir. Heç şübhəsiz ki, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması çox vacibdir: "İlk növbədə Dövlət Komissiyasının yaradılmasında inklüzivliyin təmin edilməsi vacib bir məsələdir, burada maraqlı tərəflərdən ibarət bir komissiyanın yaradılması. İkinci bir tərəfdən Ali Təhsilin İnkişafı üzrə Komissiyası yaradılandan sonra hər şeydən əvvəl iş planının müəyyən olunması da əsas məsələlərdən biridir.

Bu, Dövlət Komissiyasının yaradılması ilə bağlı olan yanaşmadır. Hesab edirəm ki, bu prinsiplərə əməl olunmalıdır. Digər tərəfdən də Dövlət Komissiyası hansı işlər görəcək. Hesab edirəm ki, ali təhsil yenidən dizayn edilməlidir. Çünki müasir çağırışlar, Azərbaycanın hazırkı inkişaf dövrü ali təhsil qarşısında yeni vəzifələr qoyur. Mövcud ali təhsilimizdə yaranmış vəziyyət bütövlükdə nəinki yeni çağırışlara, hazırkı çağırışların da tələblərinə cavab vermir. Çünki ilk növbədə burada idarəetmə ilə bağlı məsələlərə yeni yanaşma vacibdir. Ali təhsil müəssisələrimizə akademik azadlığın gətirilməsi çox vacibdir. Həm funksional azadlıqlar həm də maliyyə azadlığı təmin olunmalıdır. Bu gün ali təhsil müəssisələri hər hansı bir fəaliyyət görəndə daha çox yönəlir ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə fikir söyləyəcək, nə deyəcəkdir. Son zamanlar onların da fəaliyyətində də əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Amma düşünürəm ki, bizdə ali təhsilin idarə edilməsi məsələsi fundamental məsələdir. Hər şeydən əvvəl burada yaxşı idarəetmə prinsiplərinin gətirilməsi vacibdir. Dünyanın ayrı-ayrı universitetlərində mövcud olan müsbət təcrübənin öyrənilməsi və tətbiqi vacibdir. Yeni korporativ idarəetmə sisteminin tamamilə ali təhsil müəssisələrinə gətirilməsi barədə də düşünülməlidir. Ən vacib məsələ təhsilin keyfiyyətinin artırılması məsələsidir. Yerlərdə potensial təhsil alanlarla əlaqələrin yeni qaydada qurulmasına ehtiyac var. Rəqəmsallaşma ali təhsilin bütün istiqamətlərini əhatə etməlidir. Ali təhsilin mühüm formalarından olan distant təhsilin tətbiqi zəruridir. Bu universitetlərə potensial imkanlarını nümayiş etdirməyə imkan verəcəkdir. Ən önəmli məsələlərdən biri bütün maraqlı tərəfləri ilə geniş müzakirə olunmalıdır. İstər dövlət orqanları, özəl sektorla əlaqələrin qurulması, vətəndaş cəmiyyətinin nümayəndələri, təhsil ekspertlərinin işə cəlb olunması önəmlidir. Biz ali təhsilin inkişafına strateji bir məsələ kimi baxmaq vacibdir. Hesab edirəm ki, Ədalət Muradov tərəfindən irəli sürülən Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması haqqında təklif məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülən yeni dövrün çağırışları ilə səsləşən, zamanında deyilən bir təklifdir".

Sevinc QARAYEVA

 





09.04.2024    çap et  çap et