525.Az

Böyüklük - Zeynalabdin Novruzoğludan poetik nümunələr


 

Böyüklük - <b style="color:red"> Zeynalabdin Novruzoğludan poetik nümunələr</b>

Zeynalabdin NOVRUZOĞLU

 

 

Böyüklük

 

Qorxma böyüklərin böyüklüyündən,

Qorxulu olanlar qorxaq olurlar.

Qorxsan, qorx onların dönüklüyündən,

Çox zaman dostları peşman olurlar.

 

Böyüklük sərvətdə, dövlətdə deyil,

Şüurda, əxlaqda, canda olmalı.

Böyüklük ad-sanda, şöhrətdə deyil,

Ananın südündə, qanda olmalı...

 

Böyüklük nisbidir, görünmür gözə,

Gözə soxulanlar yekəpər olur.

O elə böyükdür, yerləşmir sözə,

Ağılla, idrakla hər iş həll olur.

 

Böyüklər çox sadə, səmimi olur,

Şan-şöhrət naminə yarışmaz heç vaxt.

Böyüklər anadan böyük doğulur,

Balaca işlərə qarışmaz heç vaxt.

Mənim ömrüm mənə sahib çıxmadı

 

Mənim ömrüm əkdiyimi yığmadı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Səhranı dolandı, düzü dolandı,

Keçilməz dağlardan yola boylandı.

Özgələri daha yaxşı duyandı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Hər fürsətdə gözlərini qapadı,

Dedi ki, astarı üzdən bahadı.

Guya pəhriz xəstəliyə çaradı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Nə sağa əyildi, nə də ki sola,

Başını dik tutdu, nə ola-ola.

Saldı məni gündə bir qalmaqala,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Zəhmətinin heç olmadı səməri,

Var-dövlətdən heç olmadı xəbəri,

Heç olmadı fərasəti, təpəri,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Dünyanın dərdini çəkdi içinə,

Qaynayıb daşmadı, çökdü içinə.

Sığındı bir kənddə daxma küncünə,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Çox fırlandı zəmanənin çarxında,

Dedim, gedək, o getmədi vaxtında.

Qoydu - qaçdı oyunun lap axrında,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Minnətini doya-doya yaşadım,

İllərə baxanda guya yaşadım.

Gerçək yaşamadım, röya yaşadım,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Bu həyata nə vermişdim, nə aldım?

Mən özümü öz ömrümdən qopartdım.

Ölən ömrü mən diriltdim, yaşatdım,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Bu çayın axarı xoşuma gəlir

 

Daşlara dolaşan ilan köynəyi,

Bu çayın axarı xoşuma gəlir.

Nanəli, yarpızlı çoban dürməyi,

Bu çayın axarı xoşuma gəlir.

 

Dolanır başına yaşıl çəmənin,

Öpür dodağından gülün, çiçəyin,

Beləcə geyinir güllü köynəyin,

Bu çayın axarı xoşuma gəlir.

 

Yol gedir durmadan gecə-gündüzlü,

Bir az pərişandı, bir az hüznlü...

Mamırlı daşlara sürtür üzünü,

Bu çayın axarı xoşuma gəlir.

 

Nə dəniz tanıyır, nə göl tanıyır,

Bir kəndin dərdini duyur, anlayır,

Susuz baxçalara o, su paylayır,

Bu çayın axarı xoşuma gəlir.

 

İlhamım suyunda yuyunur hərdən,

Yuyunur, su təki durulur hərdən...

Ona Məcnun kimi vurulur hərdən,

Bu çayın axarı xoşuma gəlir.

 

Ömrüm də su kimi axır durmadan,

Susuz baxça gəzir hey yorulmadan...

Ona baxa-baxa köçəm dünyadan,

Bu çayın axarı xoşuma gəlir.

 

 





09.04.2024    çap et  çap et