525.Az

Azərbaycanın ehtiyacı olmayan "Qızıl xaç"


 

BQXK-nın ÖLKƏNİ TƏRK ETMƏSİ ARTIQ ZƏRURƏTƏ ÇEVRİLİB

Azərbaycanın ehtiyacı olmayan "Qızıl xaç"<b style="color:red"></b>

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əsas missiyası münaqişələrdən, silahlı zorakılıqdan, təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək etmək, müharibə zamanı əsir və girovların xilası, onların hüquqlarının müdafiəsidir. Bu fəaliyyət yerinə yetirilərkən neytrallıq, qərəzsizlik mütləq şəkildə qorunmalıdır. Təəssüf ki, Azərbaycana yanaşmada BQXK öz missiyasını düzgün və ədalətli şəkildə həyata keçirmədi. 1990-cı illərdə Azərbaycanda fəaliyyətə başlayan Komitə qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində müəyyən qədər işlər görsə də, öz missiyasını tam icra edə bilmədi. Daha doğrusu, etmək istəmədi. Erməni maraqlarının qurbanına çevrilən BQXK bununla neytrallığını da itirdi.

Qeyd edəcəyimiz bəzi faktlar humanitar təşkilatın necə siyasiləşdiyinə sübutudur. Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb, onların taleyinə bu günə kimi aydınlıq gətirilməyib. Buna baxmayaraq, BQXK onların tapılması və geri qaytarılması istiqamətində heç bir iş aparmadı. Komitə bir çox azərbaycanlının Ermənistana aparıldığı, əsir düşərgələrində saxlandığı barədə məlumatlı olsa da, üzərinə düşən vəzifələri icra etmədi, müxtəlif bəhanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışdı.

Bir müddət əvvəl Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırlanan hesabatda da vurğulanıb ki, 1998 və 2001-ci illərdə BQXK tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçib və sağ olduqları təsdiqlənib. Onlara BQXK tərəfindən baş çəkilib və bu qurumun rəsmi qeydiyyatına alınıblar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirilib. Bu fakt onu göstərir ki, BQXK azərbaycanlı əsir və girovların taleyinə biganə qalıb, onlara verilən ağır işgəncələrə, qeyri-insani rəftara, öldürülmələrinə şahidlik edib. Bütün bu faktlara göz yummaqla, onları gizlətməklə, ermənipərəst mövqe sərgiləməklə öz prinsiplərinə və missiyasına xəyanət edib.

İkinci Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin problemlərinin həlli prosesində iştirak etdi. Bu təşkilatın müraciəti əsasında şərait yaradıldı və 1700-dən artıq erməni hərbçisinin cəsədi Ermənistana verildi.

Müharibədən sonra BQXK avtonom şəkildə Xankəndidə fəaliyyət göstərməyə başlamaqla beynəlxalq hüquqa, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirdi. Azərbaycanda BQXK-nın faktiki olaraq 2 mərkəzi fəaliyyət göstərdi. Xankəndi ofisinin öz büdcəsi vardı, müstəqil kadr seçimi həyata keçirirdi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi.

Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK-yə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, qurum Bakının haqlı tələbini yerinə yetirməkdən boyun qaçırıb. BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlayaraq, onun Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb etdi. Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından sonra BQXK təxminən 2 ay yarım sonra, 2023-cü il may ayında təqdim etdiyi cavab notasında aşağıdakıları bildirib: "BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə "de-fakto nəzarət edənlər"lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər".

Komitə bu açıqlama ilə özünü Azərbaycanın qanuni maraqlarından üstün tutmasını nümayiş etdirib.

BQXK-nın xəritələrdə "Dağlıq Qarabağ"ın ərazisini uzadaraq Ermənistanla birləşdirməsini, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hücumunu ləngitməyə çalışmasını, Gəncə hadisələrində həbs edilənlərə "Aclıq edin, Fransa, Almaniya səfirliyinə sığınacaq üçün müraciət edin" kimi mandatından kənar məsləhətləri, nəhayət, qaçaqmalçılıqla məşğul olması faktları da unudulmayıb.

Belə ki, ekoloji məsələlərlə bağlı ekoaktivostlər Laçın yolunda etiraz aksiyaları təşkil edərkən, BQXK-nın Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirdi, faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərdi.

Azərbaycan tərəfinin bir müddətdir apardığı araşdırmalar sübut edib ki, BQXK-nın nəqliyyat vasitələrinin "Laçın" sərhəd-buraxılış məntəqəsindəki keçidi humanitar əsaslara deyil, qaçaqmalçılığa, qanun pozuntusuna əsaslanır. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bununla bağlı faktları açıqlayıb. Vurğulanıb ki, "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Bakı bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq etməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olundu və onların aradan qaldırılması üçün zəruri addımlar atılmadı. BQXK-ya məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi bir tərəfdən Azərbaycanın qanunlarının kobud şəkildə pozulması, digər tərəfdən özünü humanitar təşkilat adlandıran bu quruma olan etimaddan sui-istifadə edilməsidir.

Bundan sonra təşkilatın 2 əməkdaşı "persona non qrata" elan edildi və Azərbaycandan çıxarıldı.

Maraqlıdır ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı humanitar fəlakət təbili çalan BQXK Donetskə yardımların Moskvadan deyil, Kiyevdən aparılması tələbi ilə çıxış edirdi. Amma 44 günlük müharibədən sonra, Azərbaycanın Ağdam yolunu açmasına və Komitənin yardımlarının bu yolla nəql edilməsinə şərait yaratmasına baxmayaraq, ciddi cəhdlə yardımın Laçın yolu ilə nəqlini istəyirdilər. Bu da təşkilatın məsələləri siyasiləşdirməsi və müəyyən maraqlara uyğun fəaliyyət göstərməsi barədə deyilənləri təsdiq etdi.

Vaxtilə BQXK-nın Bakı ofisinə rəhbərlik etmiş, hazırda isə qurumun Avropa və Şərqi Asiya  departamentinin rəhbəri olan Arian Bauer İkinci Qarabağ müharibəsindən sonra bildirmişdi ki, yeni müharibə olacaq və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac var.

Bir müddət öncə BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərara alındı. Maraqlıdlr ki, bu məlumatı da qurumun Bakı ofisi deyil, İrəvan ofisi yaydı.

Hazırda Xankəndi ofisi Bərdəyə köçürülərək orada fəaliyyət göstərdiyini bəyan edib. Beləliklə, təşkilatın Azərbaycanda yenə iki ofisi fəaliyyətdədir. Amma müharibə artıq bitib, ümumiyyətlə BQKX-nın Azərbaycan ərazisində fəaliyyətinə heç bir ehtiyac qalmayıb. Bu təşkilatın fəaliyyətini yekunlaşdırıb Azərbaycanı tərk etməsi çoxdan zərurətə çevrilib.

 

 





15.04.2024    çap et  çap et