525.Az

Azərbaycan dövlətinin dini dəyərlərə verdiyi önəm


 

Azərbaycan dövlətinin dini dəyərlərə verdiyi önəm<b style="color:red"></b>

Bu gün müsəlman dünyası müqəddəs Ramazan bayramını qeyd edir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda da Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir. Ramazan ayı boyunca, eyni zamanda bayram günlərində xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Builki Ramazan xalqımız üçün ikiqat bayramdır. Çünki bu mübarək bayram ilk dəfə olaraq bütün ərazilərimizdə, bütöv Azərbaycanda, o cümlədən, Xankəndidə qeyd olunur.

Bu müqəddəs bayramda həm də Azərbaycan dövlətinin dini dəyərlərə verdiyi önəm, İslam və digər dinlər arasında dialoqa, İslam həmrəyliyinə töhfələri, məzhəb ayrı-seçkiliyinə yol verməmək istiqamətindəki fəaliyyətini vurğulamaq zəruridir.

Qeyd edək ki, hələ sovet rejiminin mövcud olduğu illərdə insanlarımız öz dini, milli-mənəvi dəyərlərini unutmayıb, onları gizli də olsa, yaşadıb, icra edib. Həmin dövrdə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qeyd edilən istiqamətlərdə mühüm işlər görülməyə başlayıb, dini ibadətgahlarımız və abidələrimizin bərpasına başlanılıb, yeni məscidlər inşa edilib.

Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilib. Yüzlərlə məscid təmir edilib. Hazırda ölkə ərazisində 2258 məscid mövcuddur.

Heydər Əliyev İslam dini barədə danışarkən deyib: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra İlham Əliyevlə birgə Məkkəyə səfəri, Kəbəni ziyarət etməsi dinimizə dərin hörmətin, bağlılığın göstəricisi idi.

Heydər Əliyev 1994-cü ilin iyulunda Məkkə ziyarəti zamanı müsahibəsində deyib: "Bura ən müqəddəs ziyarətgahdır və hər bir müsəlmanın arzusu olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu nəsib olmur, ancaq bu gün bizə qismət olubdur. Bizim başqa arzumuz - müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunması, müharibəyə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bizim bu arzumuzu yerinə yetirməyə imkan veribsə, demək, o arzularımızın da yerinə yetirilməsinə kömək edəcəkdir".

Heydər Əliyevin və bütün xalqımızın, dünya azərbaycanlılarının artıq bu arzusu yerinə yetib. Azərbaycan öz ərazi bütövlüyünə qovuşub, suverenliyini tam bərpa edib.

Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında bu barədə deyib: "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər, müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib və biz gücümüzü səfərbər edərək, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb".

Prezident İlham Əliyev və ailə üzvləri işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı ilk növbədə məscidləri, dini ibadətgahları ziyarət etmələri dinimizə, milli-mənəvi dəyərlərimizə olan münasibətin nümayişidir. Azad olunmuş ərazilərdə həm məscidlərimiz, dini abidələrimiz bərpa olunur, həm də yeniləri inşa edilir. Bu prosesdə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.

Azərbaycan dövləti və xalqı hər zaman bütün dinlərə və onun abidələrinə hörmətlə yanaşıb. Amma ərazilərimiz işğal altında olduğu 30 ilə yaxın müddət ərzində ermənilər məscidlərimizə, dini abidələrimizə qarşı da terror həyata keçirib, onları təkcə dağıtmayıb, həm də murdarlayıb, donuz və digər heyvanları saxlayıb. İşğal müddətində həmin ərazilərdə olan 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb. Bütün bunlar bir daha ermənilərin vandal simasını nümayiş etdirir.

Azərbaycan isə təkcə daxildə dinimizə, milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşmır, eyni zamanda, dünyada İslam həmrəyliyinin gücləndirilməsinə, dinlərarası dialoqa öz töhfələrini verir. Bu gün bəzi dövlətlərin dini alət kimi istifadə edərək ölkənin daxili işlərinə qarışmaq cəhdləri müşahidə olunur ki, Azərbaycan bu cür cəhdlərə qarşı hər zaman mübarizə aparıb və aparmaqdadır.

Prezident İlham Əliyev hələ 2014-cü ildə Azərbaycanın ən böyük məscidi olan Heydər məscidinin açılışında bu məqamlara toxunaraq deyib: "Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.

Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar. Bunu izah etmək üçün gərək bir neçə gün vaxt sərf edəsən. Çünki yenə də deyirəm ki, bu, dövlət siyasətimizdir. Eyni zamanda, tarixən belə olubdur. Azərbaycan da və cəmiyyət də bu gözəl mənzərəni görərək öz töhfəsini verir ki, bu proses daim davam etsin.

Eyni zamanda, biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəmizi veririk. Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Bu gün Ramazan bayramında azad olunmuş ərazilərdəki məscidlərimizdə azan verilir. Prezidentin bayram münasibətilə təbrikində deyildiyi kimi, builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev hər zaman milli mənəvi dəyərlərimizə, onların qorunmasına, məscidlərimizin tikintisinə, bərpasına xüsusi önəm verib, məsələyə həssaslıqla yanaşıblar. Eyni zamanda, həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bir neçə dəfə Məkəni, Kəbəni ziyarət ediblər, torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi üçün dualar ediblər. Öz dinimizə hörmətlərini, inamlarını hər zaman ifadə ediblər: "Bu gün təəssüflə qeyd etmək lazımdır ki, bəzi ölkələr, bəzi dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, dini vəziyyəti qarışdırmağa çalışırlar. Bu, əlbəttə ki, qəbuledilməzdir və Azərbaycan dövləti indiyə qədər bunların qarşısını alıb, bundan sonra da alacaq. Azərbaycan xalqı, Azərbaycan dövləti İslam mədəniyyətinə, sivilzasiyasına çox böyük töhfələr verib. İslam mədəniyyətinin formalaşmasında azərbaycanlı alimlər çox mühüm rol oynayıblar. Şəkuyi, Naxçıvani, Beyləqani, Bəndəri kimi alimlər bu mədəniyyətin formalaşmasında və inkişafında öz rollarını çox ciddi şəkildə oynayıblar".

C.Məmmədov əlavə edib ki, bu gün dövlətimizin də əsas hədəfi və məqsədi ənənələri davam etdirmək, ölkəmizdə dinlərarası dialoqu gücləndimək və məzhəb ayrı-seçkiliyinə qarşı tədbirləri həyata keçirməkdir.

Deputat deyib ki, din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir: "Ona görə də dini və milli təhlükəsizliyimizin qorunması istiqamətində dövlətimizin atdığı addımlar xüsusi əhəmiyyət daşıyır. Çünki biz dini təhlükəsizliyimizi də ciddi bir formada qorumalıyıq və bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirləri və addımları həyata keçirmək üçün səylə çalışmalıyq. Bu xüsusi əhəmiyyətə malik bir məsələdir".

 

 





15.04.2024    çap et  çap et