525.Az

Həyat kimi təbii və iddiasız... -  İsi Məlikzadə-90


 

Həyat kimi təbii və iddiasız... - <b style="color:red">  İsi Məlikzadə-90</b>

Mahir AĞAYEV

 

İnsan bəzən çox fikirləşir, elə hey özü-özündən soruşur: Görəsən, yaxşı adamlar niyə az yaşayırlar, öz istək və arzularına çatmadan həyatdan vaxtsız köçüb gedirlər?

Bəs yaxşı adamları necə tanımaq olar, onları başqalarından fərqləndirən cəhətlər hansılardır?

Hər şeydən əvvəl, yaxşı adamlar öz əməllərinə görə fərqlənirlər. Belə adamları doğma xalqına, ana vətəninə və müqəddəs torpağına olan sonsuz məhəbbətinə, elm, mədəniyyət, incəsənət, ədəbiyyat, təhsil və digər fəaliyyət sahələrində qazandıqları uğurlarına görə daha yaxşı və daha yaxından tanımaq olur.

Bəs yaxşı adamların həyatdan vaxtsız getmələrinə səbəb nədir? Bəlkə, səbəb onların dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi çətinliklərə, keçid dövrünün törətdiyi sarsıntılara dözə bilməmələridir?

Bu bir həqiqətdir ki, erməni işğalçılarının öz xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal etmələri, milyona yaxın soydaşlarımızın öz doğma yurdlarından didərgin düşmələri, minlərlə qeyrətli oğulların döyüşlərdə şəhid olması, qaçqın və məcburi köçkünlərin keçirdikləri ağır həyat şəraiti - 30 ilə qədər davam edən müharibə şəraiti insanlarımızın  ömrünün azalmasına səbəb oldu. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti mərd, qorxu bilməyən igid döyüşçülərimizin rəşadəti sayəsində torpaqlarımız işğalçılardan təmizləndi və öz sahiblərinə qaytarıldı.

Bir həqiqət də var ki, yaranan hər bir insan gec-tez bir gün bu həyatda köç edir. Xoşbəxt o insandır ki, özü həyatdan vaxtsız köçsə də, adı və əməlləri qədirbilən xalqımızın qəlbində əbədi yaşayır.

Mənim yaxşı tanıdığım, xalqımız tərəfindən sevilən və hörmət bəslənən, yazmaq və yaratmaq eşqi ilə yaşayan vətən oğullarından biri də həmyerlimiz, böyük yazıçı və dramaturq İsi Məlikzadə idi. İsi Məlikzadə yaradıcılığının parlaq çağında - 61 yaşında həyatdan vaxtsız köçdü, istək və arzularına çata bilmədi.

Bu il may ayının 1-də bu böyük yazıçının - İsi Məlikzadənin anadan olmasının 90 ili tamam olur.

İsi Abbas oğlu Məlikzadə 1934-cü il may ayının 1-də Ağcabədi rayonunda sənətkar ailəsində anadan olmuş, orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Neft Akademiyasında almışdı.

Əmək fəaliyyətinə neft mədənlərində operator kimi başlayan İ.Məlikzadə gənc yaşlarından həm də ədəbi yaradıcılıqla da məşğul olurdu. O, hələ orta məktəbdə təhsil alarkən təşkil olunan dram dərnəklərində fəal iştirak edər, müxtəlif dram əsərlərində fərqli obrazlar yaradar, ədəbi-bədii yaradıcılıq gecələrində şeirlər söyləyərdi. 1964-cü ildə İsi Məlikzadənin "Həsrətin sonu" adlı ilk kitabı işıq üzü görüb. Sonrakı illərdə isə "Özgə anası" (1969), "Kövrək qanadlar" (1973), "Küçələrə su səpmişəm" (1977), "Yaşıl gecə" (1979), "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların Novruz bayramı" (1992) adlı kitabları nəşr olunub. Həmçinin İsi Məlikzadənin ssenariləri əsasında bir çox bədii filmlər, o cümlədən, "Ağ atlı oğlan", "Evin kişisi", "Gəl qohum olaq", "Gümüşgöl əfsanəsi", "Kişi sözü", "Küçələrə su səpmişəm", "Qatarda", "Qoca palıdın nağılı", "Pəncərə", "Qanlı zəmi", "Güllələnmə tarixə salınır" kimi yaddaqalan kino nümunələri çəkilib.

Müasir Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan İsi Məlikzadə müxtəlif dövrlərdə "Ulduz" jurnalının publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri (1976-1980), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində çalışıb. O, Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri olub.

Amansız ölüm qüdrətli qələm sahibi, atasının yeganə oğul varisi, yeddi bacının bircə qardaşı İsi Məlikzadəni həyatdan erkən apardı. O, 1995-ci ilin dekabrın 5-də 61 yaşında Bakı şəhərində qəflətən vəfat etdi və öz ata-baba yurdunda - Ağcabədi rayonunun Xəlfərəddin qəbiristanlığında dəfn edildi. Bu gün Ağcabədi şəhərində boya-başa çatdığı küçə yazıçı İsi Məlikzadənin adını daşıyır.

Müasir oxucuların İsi Məlikzadəni yaxından tanımaları üçün onun kitablarının latın əlifbası ilə yenidən nəşri çox vacib idi. 2005-ci ildə İsi Məlikzadənin latın əlifbası ilə ilk kitabı çap edilib. 2019-cu ildə isə onun "Qatarda" hekayalər kitabı nəşr olunub.

İsi Məlikzadənin unudulmaz xatirəsi onu yaxından tanıyanların, yaradıcılığına dərindən bələd olanların qəlbində daima yaşayacaq.

 

Tanınmış ədəbiyyat adamlarının yazıçı İsi Məlikzadə haqqında fikirləri

 

Qabil, Xalq şairi: "İsi Məlikzadə Azərbaycan nəsrinin Çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan "Qatarda" onun bəsiydi".

Ramiz Rövşən, Xalq şairi: "Şairlik Allah vergisidir deyirlər, məncə, bu, yazıçılığa da aiddir. İsi Məlikzadə anadan yazıçı doğulanlardan idi. İsi qədər incə yumoru, ironiyası olan adama çətin rast gələrdin. O, hətta heç nə yazmasaydı da, onun söhbətlərini, danışıqlarını yığıb bir kitab eləsəydik, o kitab əllərdən düşməzdi. Heyif ki, o söhbətləri nə özü yazdı, nə də dostları. Amma xoşbəxtlikdən İsi özünün gözəl povestlərini, hekayələrini yazdı. Onun ədəbiyyata gəldiyi 60-cı illər ədəbiyyatımızda, mədəniyyətimizdə bir oyanma, canlanma, təzələnmə dövrü idi. Şeirdə də, nəsrdə də bir-birindən parlaq, yeni-yeni imzalar peyda olur, "xırda-xırda zəlzələlər baş verirdi". O parıltının, gurultunun fonunda İsinin ədəbiyyata gəlişi nisbətən sakit, hay-küysüz oldu. Təxminən 30 ildən sonra - 1990-cı illərin ortalarında ölkəmizdə siyasi təlatümlərin, çaxnaşmaların fonunda İsinin dünyadan getməyi də eləcə sakit, səs-küysüz oldu. Hətta onu sevən oxucuların bir çoxu bəlkə bu itkidən heç xəbər də tutmadı. Amma bu gün İsi Məlikzadənin hər bir üslubçuluqdan, əllaməçilikdən uzaq, həyat kimi təbii və iddiasız, insana sevgi və rəhm dolu əsərlərini oxuyanda bu əsərlərin indi doğma Ağcabədi torpağında uyuyan müəllifinin necə xoşbəxt bir yazıçı taleyinə sahib olduğunu bir daha təsdiqləyirsən".

Vaqif Yusifli, tənqidçi: "Yalnız hekayə və povestlərindən tanıdığım və sevdiyim İsi Məlikzadə ilə ünsiyyətim məndə belə bir fikir yaratdı ki, İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar arasında güclü doğmalıq var. Sanki o, öz ömrünün ayrı-ayrı aylarını, illərini obrazlarına paylayıb. İsi bütün əsərlərində özünü yaradıb. Ancaq eyni zamanda, o, qəhrəmanların hər biri də öz ömrünü yaşayıb. "İki günün qonağı"ndakı mühəndis İslam sanki İsinin özüdür, "Quyu"da, "Yaşıl gecə"də, "Günəşli payız"da, "Dədə Palıd"da, "Gümüşgöl əfsanəsi"ndə də təsvir olunan qəhrəmanlar İsinin mənəvi dünyasından güc almışlar".

Ənvər Əhməd, şair: "İsi Məlikzadə haqqında fikrimi heyif, heyif sənə deyə-deyə söyləyirəm. Doğrudan da o, bir yazıçı kimi əvəzsiz idi. O, təpədən-dırnağa sənət üçün doğulmuşdu. Xeyli sayda dəyərli əsərlərin müəllifi idi. Bu əsərlər ədəbi xəzinəmizin zənginləşməsində çox əvəzsizdir. Əgər o, yaşasaydı, nə qədər mənalı, dolğun, bir-birindən gözəl, milli ruhlu, ölməz sənət inciləri yaradardı".

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini: "Mənim yaddaşımda ta uşaqlıq və gənclik illərimdən bəri İsi Məlikzadə özünə məxsusi yer tapıb. Ağcabədidən pərvazlanmış İsi müəllimin mərhum atamla dostluq münasibəti, xoş ünsiyyəti vardı. Mən 1970-ci illərin sonlarından ədəbi proseslə maraqlandığım üçün "Azərbaycan", "Ulduz" jurnallarının hər yeni sayını intizarla gözləyir, oradakı yeni əsərləri ardıcıl mütaliə edir, hər imzaya, müəllifin əsərlərinə diqqət yetirirdim. Onların arasında İsi Məlikzadə imzası məndən ötrü xüsusilə əziz və doğma idi. Gözəl əsərlərilə yanaşı, həmyerlimiz olmasının, atamla dostluğunun da bunda ayrıca rolu vardı. Biz onda Ağdamda yaşayır, Ağcabədiyə hərdənbir gedirdik. Amma mən hər dəfə Ağcabədiyə gedəndə İsi Məlikzadənin sevə-sevə oxuduğum povest və hekayələrindəki qəhrəmanların prototiplərini axtarırdım. Bəzən onun yaratdığı obrazlara oxşayan adamlarla rastlaşırdım da".

Fəxri Uğurlu, yazıçı: "Yazıçı İsi Məlikzadənin təhkiyəsi ənənəvidir, bəzi nəsildaşları, məsələn, Anar, Elçin, Yusif Səmədoğlu kimi fantasik, fantasmaqorik, irreal süjetlərə əl atmayıb, ancaq onun realizmini mahiyyətcə fantastik realizm də adlandırmaq olar, çünki bu realizm səthi deyil, onun əsərlərində obrazların davranışları, situasiyalar, novellaya xas sərt, kəskin dönüşlər insan qəlbinin ən dərin, dəruni tərpənişlərinin işığında təsvir olunur. Adətən, yazıçılar qeyri-real, fantastik süjetlərə, fantasmaqoriyaya obrazların varlığını, situasiyaların kəskinliyini parlaq, aydın şəkildə təsvir eləyə bilmək üçün əl atırlar. İsi Məlikzadənin bu kimi metodlara ehtiyacı olmayıb, o, adi reallığın özünü fantastika səviyyəsinə qaldıra bilib.

Yazıçının dili, üslubu da doğulub-böyüdüyü Ağcabədi torpağının, Aran Qarabağın stixiyasından yoğrulub. Bu üslub sanki uca dağlardan enib gəlmiş yorğun Kürün aran düzlərində ağır-ağır, fikirli-fikirli, həm də arxayın-arxayın axışından yaranıb".

Ağcabədi rayonu,

2024-cü il

 





15.04.2024    çap et  çap et