525.Az

"Səməd Vurğunun portreti" - "Bir rəsmin dedikləri"


 

"Səməd Vurğunun portreti" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəhanə Mansırovadır. Onunla rəssam Şostak David Zelmanoviçin "Səməd Vurğunun portreti" əsərindən danışmışıq.

Şostak David Zelmanoviç 6 iyul 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Kiyev Rəssamlıq İnstitutunu bitirən rəssam öz yaradıcılığında, öz Aleksey Şovkunenka, Qeorqiya Melixova, Viktor Puzırkov kimi sənətkarlardan bəhrələnib. Şostakın yaradıcılığında əsasən dəzgah rəngkarlığı yer alır. Portret janrlarının isə onun yaradıcılığında mühüm rolu var. Belə əsərlərdən biri də Azərbaycan Xalq şairi Səməd Vurğunun portretidir.

 

- Şəhanə xanım, Səməd Vurğunun portretini bir neçə rəssamın yaradıcılığında görürük. Zelmanoviçin əsəri digərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Xalq şairi Səməd Vurğunun portretini bir çox yerli və xarici rəssamlar işləyiblər. Bu obraza müraciət təkcə rəssamlıqla da məhdudlaşmır. Məşhur Azərbaycan heykəltaraşı Fuad Əbdürəhmanov və memar Mikayıl Useyovun birgə işi olan Səməd Vurğunun Bakıdakı heykəli şairə diqqət və ehtiramın mücəssiməsidir. Sovet dövründə Azərbaycan rəhbərliyi tərəfindən "Azərbaycanın Xalq şairi" adı təsis edilməsi və bu ada ilk Səməd Vurğunun layiq görülməsi ona olan diqqəti keçmiş sovet məkanında daha da artırıb və nəticədə bu obraza müraciət edənlər arasında yerli olmayan rəssamları da görmək mümkün olub. Şostak David Zelmanoviçin əsərləri içərisində sovet dövrü mədəniyyət xadimlərinin portretləri xüsusi olaraq seçilir. Belə nümunələr arasında isə "SSRİ Xalq rəssamı M.Derequsun portreti" (1972) və "Pilotun portreti" (1984) qeyd etmək olar. Bütün bu əsərlərdə rəssamın portret janrına özünün baxışını, fərdi manerasını və dəst-xəttini görmək olar. Kompozisiya quruluşu baxımından rəssamın Səməd Vurğunun portretinə oxşar olan 1969-cu ilə aid "Karl Marksın portreti"ni qeyd edə bilərik. Hər iki nümunədəki obrazlar tam formada təsvir olunub və onların statik duruşunda belə daxili dinamika sezilir. Bütün bu nümunələrin hər birində rəssamın fərdi üslubuna xas portret janrında təsvir olunan obrazlara monumental xüsusiyyətlər bəxş etmək meyli aşkar sezilir. Şəklin süjeti və kompozisiyası sadəcə hansısa hadisəni nəql etmir, əyani vasitələrlə baş verənlərin mənasını açır. Burada həmçinin canlı insan duyğuları yüksək məqsədlərə doğru yönəlir. Bu isə rəssamlığı ictimai, siyasi, iqtisadi prosesləri və son nəticədə insan həyatının mənasını ümumiləşdirmə və fəlsəfi dərk etmənin yeni səviyyəsinə çıxarır. Portretlərin dərin psixologizmində, dramatik zəngin koloritində, sərt materiallığında keçmişin və müasirliyin böyük ustadlarının ənənələri bir-birinə qarışmış kimi görünür.

- Əsərin rəng həlli necədir?

- Əsər üçün seçilən kolorit həlli daha çox rəssamın aid olduğu bədii ənənələrin inikasıdır. Təsvir olunan obrazda daha çox tünd rənglərin ahəngindən istifadə olunub. Burada rəssam rənglər vasitəsi ilə tamaşaçıda obrazın daxili dünyasına maraq yaratmaq üçün düşündürən rəng tonlardan istifadə edib. Rəssam rəngkarlıqda spektral təmiz rəngdən istifadə nəzəriyyəsini inkişaf etdirərək artıq mövcud olan bədii hərəkətlər toplusuna daha birini əlavə etmək istəyib, yəni "spektralizm"i.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Rəsmda Səməd Vurğun obrazı vüqarlı və təmkinli təsvir olunub. Bu obraza müəyyən qədər monumentallıq xasdır. Arxadakı qarışıqlıq, bu təlatüm Azərbaycan ədəbiyyatının 1937-ci illərini təccəssüm etdirir. Rəssam şairin obrazında rahatlığı da təsvir edib. Bu rahatlığı simvolizə edən amillər sırasında, onun bir əlinin cibində olmasıdır. Yağışlı yolda gedən şair addımlarını səngitmir.

- Tablo harada saxlanılır?

- Əsər hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.

- Bu rəsm bizə nə deyir?

- Əsərdə şairin ömrünün son illəri əks olunub. Səməd Vurğunun saçındakı bəyaz tellərin çoxluğu və simasındakı yorğunluq bunu deməyə əsas verir. Fonda rəssam Bakını təsvir edib. Əsərə diqqətlə baxsaq, arxada Xəzəri görə bilərik. Kompozisiyanın yuxarı hissəsindəki buludların qarışıq təsviri obrazın daxili dünyası ilə səsləşir. Şairin düşüncələrindəki qarışıqlığı rəssam buludlarla simvolizə edir. Əsər həm də müəyyən qədər semantik məna daşıyır.

Aytac SAHƏD

 

 





15.04.2024    çap et  çap et