525.Az

Rusiyada təbii fəlakət təhlükəsi


 

Rusiyada təbii fəlakət təhlükəsi<b style="color:red"></b>

Rusiya Fövqəladə Hallar Nazirliyinin aprelin 8-nə olan məlumatına görə, ölkənin 39 vilayətində on mindən çox yaşayış binası su altında qalıb. Ən çətin vəziyyət bəndin partladığı Orenburq vilayətindədir. Orenburq vilayətində federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib. Ural çayının bəndinin dağılmasından sonra baş verən sel fəlakəti azmış kimi Sakmara çayı də daşmağa başlayıb. Orsk neft emalı zavodu "Orsknefteorgsintez" aprelin 7-də daşqınlar səbəbindən işini dayandırıb. Ekspertlərin fikrincə, bu, yanacağın qiymətinə mənfi təsir göstərə bilər. Orenburq şəhərinin meri Sergey Salmin isə həyacan təbili çalır ki, su 10 metrdən yuxarı qalxarsa, Ural su anbarı sel sularının altında qala bilər.

Dövlət resurslarını Ukrayna ilə müharibəyə səfərbər edən Rusiya hakimiyyəti sel fəlakətinin nəticələrini aradan qaldırmaqda çətinlik çəkir. Müşahidəçilər sel bölgələrində texnika çatışmazlığını qeyd edirlər. Halbuki sel suları hələ ən yüksək səviyyəsinə çatmayıb. Mütəxəssislər hesab edirlər ki, suyun səviyyəsi aprelin 20-dək yüksələn xətlə artacaq. Hidroloq Sergey Demçenkonun sözlərinə görə, daşqın Tobol çayının keçdiyi Yalutorovsk, Zavodoukovsk, Tobolsk şəhərlərini də haqlaya bilər: "Kəndlər və şəhərlər ən çox zərər çəkəcək". Hidroloq bildirib ki, Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri hələ mart ayında yaz daşqınları zamanı İşim və Tobolda suyun səviyyəsinin iki metrdən çox olacağını proqnozlaşdırıblar.

Hidroloqlar son 100 ildə baş verən anomal iqlim və güclü yağışlar səbəbindən daşqınları qaçılmaz hesab edirlər. Vəziyyəti ağırlaşdıran digər məqam Qazaxıstanın şimal vilayətlərinin də sel suları altında qalmasıdır. Hidroloqlar xəbərdarlıq edirlər ki, İrtış çayında artan su Rusiyaya doğru hərəkət edəcək.

Sel fəlakətinin nə qədər davam edəcəyi məlum deyil. Ancaq ekspertlər sel fəlakətinin doğuracağı digər təhlükələr haqqında xəbərdarlıq edirlər. Birincisi, əkin yerlərinin sel sularının altında qalması nəticəsində məhsuldarlıq aşağı düşəcək. Bu isə ərzaq məhsullarınn qiymətinin artmasına səbəb olacaq. Digər tərəfdən sel sularının qarayara kimi xəstəliklərin artacağına səbəb olacağı də təhlükəsi var. Qərbi Qazaxıstanda sel suları qarayaradan tələf olmuş heyvanların basdırılığı 14 məzarlığı basıb, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin nikbin açıqlamalarına baxmayaraq, sel sularının qarayara xəstəliyinin yayılmasına səbəb olacağı ehtimalı böyükdür. 

Rusiyanın sel bölgəsində isə gərginlik artır. Əhali hökuməti tədbirlər görməyə və seldən zərər görənlərə ödəniləcək təzminatın artırılmasını tələb edirlər. Rusiya hakimiyyət orqanları zərər çəkənlərə 100 min rubl (təxminən min dollar) ödəyəcəyini bildirib. Bu isə evləri və təsərrüfatları sel sularının altında qalmış insanları qane etmir. Hakimiyyət zərərçəkənlərin tələbini tam ödəmək imkanında deyil. Buna görə təbii fəlakətin siyasi nəticələrinin olacağı ehtimalı da var.

 

 

 





16.04.2024    çap et  çap et