525.Az

Tabutuna sığmayan cəngavər - Aynurə İnci yazır


 

Aprel şəhidi Dilsuz Qarayevə ithaf olunur

Tabutuna sığmayan cəngavər - <b style="color:red">Aynurə İnci yazır</b>

Yaşanan hər ötən gün tarixə çevrilsə də, hamısı yadda qalan olmur. Gün var ki, unudulur, gün də var ki, əsrlər keçsə də unudulmaz olur. Belə günləri unudulmaz edən qəhrəmanlar, unudulmaz şəhidlərdir. Şəhidlər hər zaman minnətdarlıq duyğuları ilə yada salınır və dərin etiram beslənilir.

Hər kəs dünyaya gələndə ona bir ömür payı bəxş olunur. Məncə, insanın ömür payına, bəxş edilən həyatına ən gözəl şəkildə "əlvida" deməyin, əbədiyyət adlı aşılmaz dağı aşmağın adıdır şəhid olmaq.

Candan keçən ən yüksək zirvəyə ucalan Aprel şəhidimizdən biri 23 dekabr 1990-cı ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olan Dilsuz Məmmədağa oğlu Qarayevdir.

Üç qardaşın kiçiyi olan Dilsuz ana babasının himayəsində əsl vətənpərvər ruhda böyümüşdür. Ailənin ayrılıq səbəbi ilə əlaqədar iki qardaş atası ilə qalsa da, Dilsuzu ana babasıgildə anası Cəvahir xanım əziyyətlə, atasız böyüdüb.

Ah-naləsi ürəkləri dağlayan Cəvahir ana indi oğlunun ayaq basdığı torpaqdan, daşdan imdad istəyir.

2009-cu ildə hərbi xidmətə başlayan Dilsuz xidməti bitsə də, gizir rütbəli kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirir. İştirak etdiyi əməliyyatlarda igidlik gostərərək, kəşfiyyatlarını uğurla yerinə yetirib.

Aylar, illər qanadlanıb, fəsillər ötüşüb ömürdən gedir. 2013–cü ildə Dilsuz isməti ilə seçilən Röya xanımla ailə həyatı qurur. 3 il xoşbəxt yaşasalar da nakam şəhidimizin həyatda sevinci göz yaşlarina çevrilən, gözü yollarda qalan Röyasına təsəlli ola biləcək bir nişanəsi qalmadı. Övlad sevinci yaşamadılar.

Sonuncu dəfə döyüşlərə qatılan 26 yaşlı kəşfiyyatçı Talış kəndində qəhrəmanlıq göstərərək bir neçə ermənini girov götürür. 3 aprel 2016-ci il döyüş zamanı düşmən tərəfindən rekatlə vurulur. Ömrünün iyirmi altincı baharında, həyat bağçasının çiçəklənən çağında dünyaya vida edib, Şəhidlik zirvəsinə ucalır.

Gizir rütbəli kəsfiyyatçı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medala layiq görülür.

Deyirlər cəbhədən gələn, üçrəngli bayrağa bükülən Şəhid tabutu açılmaz, amma pəhləvan cüssəli igid, tabutuna sığmayan Şəhidimiz üçün böyük tabut hazırlanır. Dilsuz Qarayev əvvəlki döyüşlərdə 20 şəhid verən Ağcabədi rayonunun on min əhalisi olan, doğulduğu Hindarx qəsəbəsində 4 aprel 2016-cı ildə torpağa tapşırılib.

O aprel gecəsi canlarını torpağa fəda edən, Şəhidlik zirvəsinə yüksələn oğullar təkcə bir ailədən, bir ocaqdan qopan oğullar deyil artıq, onlar bötöv Azərbaycanın şəhid oğullarıdır!

 





15.04.2024    çap et  çap et