525.Az

Təranə Arifqızının dil-üslub xüsusiyyətləri


 

Təranə Arifqızının dil-üslub xüsusiyyətləri<b style="color:red"></b>

İnsanın mənəvi sərvət olan sözə hər zaman ehtiyacı vardır. Gözəl sözlər müdrik ağılların səsidir. İnsanların mənəvi həyatında sözün misilsiz rolu vardır. Xüsusilə də şair sözü müqəddəsdir, onun şöhrəti əbədidir. Bu mənada, sanballı sözləri, mənalı fikirləri ilə insanlara ilahi zövq yaşadan söz ustalarına borcluyuq. Söz deyənlərdən biri də Naxçıvan ədəbi mühitində artıq imzasını təsdiq etmiş Təranə Arifqızıdır.

Təranə Arifqızı bədii sözün həyəcanını yaşayan və yaşadan qələm sahiblərindəndir. O, şeir dilinin tükənməyən bədii imkanlarını ortaya qoymağı bacaran, rəvan ifadələri ilə diqqəti çəkən söz adamı kimi əsərlərində yeni düşüncə və münasibətlərə yol açır:

Üzür ruhun gəmisi

dünyanın boş üzünə.

Qəddarlıqla yoğrulmuş

bir az da xoş üzünə (1, 10).

Şairənin xalq müdrikliyinin əks-sədası çökmüş əsərlərində gözlənilməz bədii üslub kəşfləri ilə qarşılaşırıq. Onun əsərlərini oxuduqca inanırsan ki, şeirlər müəllifinin ürək tarixidir. Sevgi dolu şair ürəyi narahat duyğularını, bəzən reallaşmayan ümidlərini, çox vaxt xəyal olaraq qalan arzularını misra-misra, bənd-bənd oxucularla bölüşür. Və düşünürsən ki, gözəl sözlər gözəl hisslərdən, yüksək fikirlər böyük sarsıntı və sevinclərdən yaranır:

Çatmadı nəfəsi misralarımın

Səni bənd-bənd, sökə-sökə çıxara...

Yıxa ürəyimdən qadağaları,

Şeirtək doğula, ölə, çıxara... (1, 12)

Şeirlərin dilindəki bədii-emosional zənginlik söz və kəlamları insanın içində ucadan səsləndirir. Bədii dilin füsunkarlığı, axıcılığı seçkin bir musiqi təsiri bağışlayır, poetik möhtəşəmliklə misradaxili təzadlar yaradılır:

Nə fərqi?.. ölməsən də,

ağıllı bir dəlisən - 10

Pis olub ucalımmı,

yaxşı olub itimmi?

Yoxsa qarağac kimi

Mən arada bitimmi? (1, 19)

Söz hər bir varlığı canlandırmaq qüdrətinə malikdir. İşıqlı sözlər, bədii pafos duyğu və düşüncələr arasında körpü salır. Ürəklərin səsi, sözü ilə canlanan düşüncələr, dərin fikirlərdən doğan hisslər misralara tökülür:

Qəlbimin səsini dinlədiyim gün

ağlımdakı qəzəb kar etdi məni (1, 11).

Bu misraların məna dərinliyi və bu dərinlik qədər də gizli bədii təzadı, duyğuların təlatümü poeziyanın tükənməz enerjisini, sevgi kamilliyini dərk edənlərdə heyranlıq hissi yaradır. Bu sözləri eşidən insanın təkcə qulaqları sevinmir, ürəyi məftun olur. Yuxarıdakı misraların təlqin etdiyi məna yükü haradansa adama tanış gəlir. Möhtəşəmliyi və gerçəkliyi ilə fərqlənən bu düşüncənin təsiri təkcə Təranə Arifqızını deməyə vadar etməyib. Bu fikirlə ilk dəfə Xalq şairi Rəsul Rzanın qələmində tanış oluruq. O, bir zamanlar deyirdi ki:

Anladım, ağlımmış səni unudan,

Qəlbimin bu işdən yoxmuş xəbəri.

Sonra bu fikirlə Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında qarşılaşırıq:

Yaman darıxmışam, bu nədir yenə

Ağlım sağa baxır, ürəyim sola (6).

Ağılla ürəyin tən gəlməməsi, ağılın idraka, ürəyin hissə önəm verməsi məsələsinə Naxçıvan ədəbi mühitində də münasibət vardır. Məsələn, Əbülfəz Muxtaroğlu deyir:

Ağlım yenə ürəyimə allandı,

Vuruldum bir yeniyetmə gözələ.

Nəfəs dəydi, gül yanaqlar allandı,

Gördüm, vallah, düşməz belə göz ələ (3, 348).

Ağılla ürəyin bir olmaması, göründüyü kimi, Təranə Arifqızının qələmində özünəxasdır, fərqlidir. “Qəlbə qulaq asana ağılın qəzəblənməyi” şeir dilində yeni və uğurlu ifadələrdəndir. Təranə Arifqızı təsdiq edir ki, bütün dünyanı, dünyadakı hər bir hadisə, insan və onun düşündükləri poeziya hadisəsinə çevrilə bilər. O, sözlərinin fikirləri kimi gözəl olmasını təmin etmək üçün dildən istifadə meyarlarına diqqət edir ki, estetik gözəlliyin əsasında da bu dayanır.

Addım-addım öldüm sənə çatınca,

Yolların ürəyin sevdi ürəyim (1, 12).

Bir qapı dalında ruhun ağlaya,

Bir qapı dalında ruh həsrət çəkə...

Kiminsə qəlbində ovunmaq üçün

Titrəyə içində, ah həsrət çəkə (1, 13).

Bizə məlumdur ki, ah çəkmək həsrətin nişanəsidir. Bu misralarda şair ikiqat məna yaradır. “Ah”ın həsrət çəkməyi çox maraqlı ifadədir.

Bəzən şairlərin düşündükləri qeyri-adi görünür. “Xarici aləmdən alınan hissi-psixoloji təsir şairin daxili aləminə qapanıb qalmır: o, şair qüdrəti ilə yeni qüvvə alıb digər insanlara yönəldilir, insanlar öz əhatələrində birbaşa duya bilmədiklərini şair qüdrəti ilə qəbul edirlər” (5, 280). Bu duyğuları çatdıran bəzən adi gözlə baxdığımız sözlərdir. Yaradıcılıq prosesində sözdən düzgün istifadə aparıcı məsələdir.

Kimsəsiz adaların

qovulmuş sakiniyəm...

Üç nöqtədə yaşayan

nidanın hakimiyəm (1, 10).

Azərbaycan ədəbi-bədii dilində sözün, fikrin davamı, kiməsə yönləndirilən eyham, nəyisə deməkdən utanmaq, hansısa səbəbdən deyə bilməmək və ya deməyə söz tapmamaq kimi çox sayda anlamları olan üç nöqtə Təranə Arifqızının dilində tez-tez müraciət edilən durğu işarəsidir. Lakin sözsüz ki, şairə üç nöqtəyə adi işarə kimi yanaşmır, ondan müxtəlif düşüncələrin ifadəçisi kimi istifadə edir. Azərbaycanda qrammatik mövzuları bədiiləşdirmək məsələsində böyük uğuru olan Qabil “Üç nöqtə” adlı şeirində bir dilçi alim mövqeyində dayanaraq bu işarənin mənalarını açmışdır. O, üç nöqtəni “arifə bir işarə”, “uzun-uzun mətləblərin qısası”, “üzr, ifşa, ibarə”, söz tapmayanda dada yetən vasitə, “incə mətləb kodları”, açılmağa ehtiyacı olan qıfılbənd, bir məktəb açarı, “him-cim”, “qaş-göz”,  “qazdan ayıq xəbərdar”, dilə gəlməz söz, “mənaların açması”, “təxəyyülün uçması”, “etiraf”, “xəyanət” anlamlarında işlənən qüdrətli dil vahidi kimi dəyərləndirir. Qabilin şerinin mətnində aşağıdakı misralar da diqqəti cəlb edir:

Ömür yolu düz önündən keçər hey,

Baxıb-baxıb dolan gözdü üç nöqtə.

Xatirələr bulağından içər hey,

Gözü yolda qalan gözdü üç nöqtə... (4, 48).

Təranə Arifqızının dilində üç nöqtənin xəyanətdən başqa digər mənalarının hamısına rast gəlirik. Söz və ifadələr məzmunun çatdırılmasında aparıcı rola malik olsa da, dildə adi bir işarənin də əhəmiyyəti göz önündədir. Ən kiçik hesab edilən dil vahidlərinin maraqlı işlənmə məqamları, şairanəlik məharəti onun mükəmməl dil və üslub keyfiyyətlərinə yiyələndiyini, estetik zövqlərin bolluğuna imkan yaratdığını göstərir. “Zövqü zorakılıqla ələ almaq olmaz – ona məhz yol tapmaq lazımdır. Zövq isə həmişə dəyişir, onu təmin etmək üçün şeir də öz ifadələrini, obrazlarını donmuş halda saxlaya bilmir. Onlar da təzələnməlidir, zövqün məcrası ilə axıb yenilənməlidir” (2, 33). 

Dil duyumu güclü olan Təranə Arifqızı ana dilinin dadını-duzunu daddıra-daddıra özünəməxsusluğunu tamamlayır.

Mən özüm kimiyəm, özüm olandan

Bəzən yaxam keçir tanış sözlərə...

Kor da tutduğunu buraxmayantək

Çəkir yad paltarı açıq gözlərə (1, 26).

Əslində, Təranə Arifqızı həmişə özü olub, hər zaman özünü yazıb. Onun obrazlı düşüncələrin izləri görünən əsərlərində geçəkliyə münasibət təbii lövhələrlə canlandırılır. Şairənin daxili aləmi bütün varlığı ilə üzə çıxır, ruhunun səsi eşidilir.

Cavabsız qoyma sən suallarımı,

İndi hər bir sözə cavab tapılır.

İndi səhv edənin dili uzundu,

İndi hər günaha savab tapılır (1, 27).

Hadisələrin şair qəlbindəki əks-sədası şeir dili ilə təqdim olunanda söz poeziya faktına çevrilərək təsirli və nüfuzlu olur. Belə əsərlərin səslənməsi də adama xoş gəlir. Doğrudan da, dilimizin akustik gözəllikləri məna gözəllikləri qədər təsirlidir. Gözəl səslənmə keyfiyyərindən məhrum olan şeir isti münasibətlərlə qarşılana bilməz, oxucunun soyuqqanlılığına səbəb olar.

Boğazımda düyünlənən

Sözümə açar gələsən.

Uzun bir yolun sonunda

Qapıma naçar gələsən (1, 28).

Fikirləri sözlərlə əyaniləşdirmək, duyğuları sənət faktına çevirmək poetik çəkisinə görə seçilən söz və ifadələri təqdim edir və bu prosesdə şairə poetik aləmə doğma olan fikirlərdən daha çox öz orijinal poetik qənaətlərini canlandırır və ruhun yaradıcı gücünü hiss edirsən. Dilimizin daxili mahiyyəti beləliklə, üzə çıxır:

Gündüzləri gecə gedən

Hər addımı heçə gedən,

Hara gedən, necə gedən

Sözümdən xəbərin varmı? (1, 34).

Təranə Arifqızının hissləri yerindən oynadan, duyğuları tərpədən əsərləri düşündürür, şüura təsir edir, dərk etdirir və oxucunu həyata bağlayır.

Gülüşündə ələmiylə,

Taleyinin sələmiylə.

Ağrıların qələmiylə

Öz şəklini çəkən qadın (1, 31).

Burada bədii təzadın yüksək dərəcədə dərinliyi təəccüb doğurur. Heyranedici poetik detallar, bədii rənglərin tündləşməsi sözlərə poetik təsir göstərmək iqtidarı qazandırır və adi sözləri məna dərəcəsinə yüksəldərək onlara yeni əlavə məzmun qazandırır. Dilin poetik mahiyyətinə nüfuz etmək istedad səviyyəsi ilə bağlıdır. Söz və fikirlərin bədii çəkisini artıran da məhz budur.

Aylar keçib, il dolanıb,

Saz üstündə tel yatmışam.

Bəlkə yolun düşər deyə,

Qapıya dəmir atmışam (1, 28).

Müdrik bir ulu xalqın deyimləri nə qədər də gözəlliklə bədiiləşdirilib. Qonaqsevər xalqımız arzu edilən, lakin çoxdandır gəlməyən bir adam haqqında “ayağının altına dəmir atmaq” ifadəsini işlədir. Adət-ənənələrimizdə hətta belə bir qonağın ayaqlarının altına dəmir (ərsin) atıldığının şahidiyik. 

Bundan başqa, Təranə Arifqızı xalqımızın müdriklik qaynağı olan atalar sözləri və məsəllərindən də yaradıcı şəkildə istifadə edir:

Bazar köhnə, həmindi,

qoyma təzə nırx, adam (1, 15).

Buradakı “adam” xitabı Ramiz Rövşənin “atam balası” müraciəti qədər təsirlidir. Bu baxımdan, aşağıdakı şeirin dilində işlənən “qardaş” xitabı da bədiilik ifadə edir:

Kimi od söndürüb küllə oynayır,

Kimi çiçək dərir, küllə oynayır,

Kiminin başında güllə oynayır,

Hanı bu dünyanın yiyəsi, qardaş?

 

Çoxdu onun qaragözlü korları,

Darı dələn qulaqlıdı karları,

Yoxsulluğu minib çapır varları,

Hanı bu dünyanın yiyəsi, qardaş? (1, 66).

Təranə Arifqızının yaradıcılığında şeiriyyətin daxili bəzəyi kimi yerinə düşən təkrarlar poetikləşdirmə vasitəsi kimi şeir dilinə layiq ifadələrin səviyyəsində dayanır. İstedadla işlənən sözlər şairənin poetik şəxsiyyətini səciyyələndirə bilir.

Sən belə eləsən, bir sabah qalxıb

Yolu ayağıma yığıb gələcəm.

Səni məndən edən xəstə şəhəri

Ümmanda məhv edib boğub gələcəm.

Sən belə eləsən, evədək gəlib

Qapını döymədən çıxıb gedəcəm...

Baxıb pəncərədən sevdiyim üzə

Qəlbimdə özümü yıxıb gedəcəm (1, 44).

Sözü adət etmədiyimiz mənalarda işlətmək adi mətnləri poetik enerji ilə yükləyir. Şairənin poetik dil axtarışları bacarıqdan güc alır. Bədii tapıntılar, sözün dərinlik ehtiyatları bundan qaynaqlanır.

Qanadı qırılmış sözümün ayaqları altındayam,

Nə ölə bilirəm, nə də ki yaşaya.

Səssiz çığırıqların son qatındayam,

Nə ata bilirəm, nə də ki daşıya (1, 37).

Məgər çığırıq səssiz olurmu? Obrazlı düşünəndə olur. Bədii dildə obrazlılıq zərurətdir. Məna mühiti, poetik mənalandırma bacarığı lalı sözlü, koru gözlü edir. Poetik mətndən kənarda sözlər adidir, bədii mühitdə isə qeyri-adidir. Təranə Arifqızı desə də, onun dilində “qanadı qırıq” sözə rast gəlmədik. Bu söz onun daxili aləmindədir, oxucu onu görə bilmir, lakin anlayır, çünki şairənin dedikləri nizamlıdır. O, sözləri poetik təfəkkür süzgəcindən keçirir. “Yolların canı yanmasın deyə addımlarımla su səpdim sənin izlərinə” deyən şairə məna və obrazı tutdura bilir. Onun dilində formal amillər gözdən itir, güclü semantika gözə dəyir. Poetik yetkinlik səviyyəsinə çatan sözlərin obrazlılığı poetik dilin keyfiyyətini müəyyənləşdirir.

Elə yorulmuşam, çəkilməzliyin

Çəkilib içimdə tarım sim kimi.

Hər gün bir az-bir az suyun vermişəm,

Dərdlərim göyərib artıb çim kimi (1, 40).

Təranə Arifqızının şeirlərində fikir və düşüncələrin məkan dairəsi genişlənir. Şeir dili qarşısındakı məsuliyyət hissi sənətkarı rahat buraxmır, onu təşvişləndirir və əzab verir. Bu, söz əzabıdır. Bu əzabın yükünü daşımaq, ağırlığını qəbul etmək sözlə düzgün davranmaq qaydalarını da tənzimləyir. Belə olduqda əsl sənət əsəri meydana çıxır:

Şoru çıxıb bu dünyanın,

Həyatın duzu qalmadı.

Sözsüzlər qulaq batırır,

Sözlünün sözü qalmadı (1, 42).

Sözü duymaq, dərk etmək poetik fəhm tələb edir. Və bu, poetik yaradıcılığın əsas şərti kimi dəyərləndirilməyə layiqdir. Yaradıcılıq səyi tələb edən söz və ifadələrin bədiiliyi bəzən məcazlardan istifadə etmədən də yarana bilir. Hər bir söz adamı ətraf aləmi özünəxas şəkildə qavrayıb qələmə alır. İstedadla canlandırılan lövhələr şerin öz təbiətindən irəli gəlir, dilin özülündən pay alır. Təranə Arifqızı dildəki sözləri bəzən elə məqamlara salır ki, qeyri-adi üslub çalarları yaranır:

Əlinlə qoy məni özün məzara,

Suya çək yağışla gözündə məni (1, 53).

Təranə Arifqızının dil-üslub xüsusiyyətləri göstərir ki, nə qədər işlənsə də, inci kimi misralara süzülsə də, poeziyanın imkanları bitib-tükənmir, əksinə, yeni sirr və sehrlərin əsasını qoyur. 

Sədaqət Həsənova           

Professor, filologiya elmləri doktoru, dilçi-alim

 





16.04.2024    çap et  çap et