525.Az

Gənc rəssamın “Zəfər yolu” - Ayla Ələkbərli yazır


 

Gənc rəssamın “Zəfər yolu” - <b style="color:red">Ayla Ələkbərli yazır</b>

İncəsənət zaman-zaman insanların daxili aləmini, onların bədii zövqünü ortaya qoyan və hər zaman unikallığını qoruyub saxlamış vasitə olmuşdur. Bu sənət yolunda adlarını tarixə qızıl hərflərlə yazdırmış şəxlər – sənətkarlar, yaşayıb-yaratmışdırlar. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da yaradıcı şəxslər daim olub, hazırda da var. Elə bu məqamda sizə gənc heykəltəraş Cavidan Rəhmətovdan danışmaq istərdim. Onun yaradıcılıq yoluna birgə nəzər salaq. 

Cavidan Rəhmətov istedadlı gənc heykəltəraşımız olaraq istər İkinci Qarabağ müharibəsində istərsə də yaratdığı sənət nümünələrində vətənə olan sevgisini laiqincə tərənnüm etdirmişdi. 

Cavidan Rəhmətov 16.12.1999-cu ildə Xaçmaz rayonunda doğulmuşdur. Orta təhsilini Xaçmaz rayonunda bitirmişdir. Xaçmaz rayonunda Uşaq İncəsənət məktəbini bitirdikdən sonra, vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanmışdır. Daha sonra Cavidan müharibənin başlaması ilə əlaqədar olaraq könüllü surətdə İkinci Qarabağ müharibəsinə qatılaraq Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş, medallarla təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan  sonra isə Xaçmazda öz rəssamlıq kursunu açaraq fəalliyyət göstərmişdir. İçindəki sənətə olan həvəs və istedad onu bu yolu davam etdirməyə sövq etmiş, nəticə olaraq Cavidan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirməyə qərar vermişdir. O, sənət ocağının heykəltəraşlıq fakültəsinə qəbul olur. 

Gördüyümüz kimi Cavidanın həyatı sadəcə var olmaqdan ibarət olmamışdır. Çətin və şərəfli bir həyat sürən Cavidan “Heykəltaraşlığa həvəsim əlimə qələm tutduğum gündən, uşaqlıqdan başlayıb və bir ömür mənimlə olacaq, sönməyəcək. Mən özümü bu sahədə - incəsənətdə tapmışam və inkişaf etdirmişəm”, - deyir.

Hər bir şəxsin özünəməxsus düşüncə tərzi, təfəkkür səviyyəsi var. Lakin incəsənət adamlarının öz dünyaları, öz aləmləri olduğu hər kəsə məlumdur. Elə gənc heykəltəraş Cavidan da bu şəxslərdəndir. Baxaq görək o işlərinə hansı düşüncə və emosiyalarla başlayır? 

“İşini sevən bir insan üçün əslində bunların heç bir mənası yoxdur, əsas işə başlamaq lazımdır. Qaldıki emosiyaya, məncə, mən işimi daha yaxşı alınmağı üçün ya çox sevincli, xoş bir hadisə baş verdiyində, ya da çox kədərli, əsəbi olduğum halda alındıra bilirəm”, - deyir gənc heykəltaraş.

Onun cavabı məndə belə bir fikir formalaşdırdı - deməli yaradıcı şəxslərin ruh halı onlar üçün əsərlərinin yaradılma mənbəyinə çevrilir. 

Cavidan bəy “Bəs sizə ilham verən, motivasiya qaynağı olan nədir və ya kimdir?” sualıma isə, o,  özünəməxsus şəkildə cavab verdi: “Motivasiya, ilham üçün öz işini sevməlisən. Bu olduqda motivasiya da olur, ilham da”.

Rəssamları rənglərsiz kətansız təsəvvür etmək mümkünsüzdür. Eynilə səmanı buludlarsız, ağacı yarpaqsız təsəvvür etmədiyimiz kimi. Vurğuladığım kimi Cavidan heykəltəraş olmamışdan öncə rəssamlıqla da məşğul olub, kurs açaraq fəaliyyət göstərib. Gəlin baxaq rəssamın sevimli rəngi hansı imiş və hər zaman bu rəngi istər geyimində,istərsə də gündəlik həyatında da görməyi çox sevir:

“Ən çox sevdiyim tonlar xakidi. Ama divar rəsimlərində ən çox isti tonlara üstünlük verirəm. Rəsmlərə görə dəyişir”.

Söhbətdə irəlilədikcə gənc heykəltəraşın yeni yeni xüsusiyyətləri, məşğuliyyəti ortaya çıxır. Sən demə Cavidan bəy divar rəssamlığında da özünü sınayıb və deyərdim ki, həqiqətən də çox uğurlu alınıb. 

Bunlardan əlavə Cavidan bəyin də sevdiyi janr və incəsənət növləri əlbəttə ki, mövcuddur: “Ən çox portret, mənzərə, müharibə janrına üstünlük verirəm”, - deyir Cavidan bəy.

Məncə bir rəssama ünvanlanacaq ən gözəl və özəl suallardan biri də hər kəsə maraqlı olduğu mənə də maraqlı olan bir mövzu ətrafında oldu. 

Cavidan bəy əsərlərini hədiyyə edirmi? Yoxsa sadəcə satış məqsədilə əsərlər yaradır? 

“Ən çox satış məqsədi ilə işlər görürəm. Divar rəsimlərini sifariş əsasında çəkirəm. Amma tabloları elə olur ki, hədiyyə edirəm”.

Belə görürük ki, gənc rəssamın və heykəltəraşın əsərləri kimi özü də bir o qədər səmimi və gözəldir. 

Keçək növbəti suala: Hazırladığınız rəsmlər sizdə hansı hissləri doğurur?

Çünki çox zaman rəssamlara ilham verən elə məhz onların zaman-zaman hansısa bir hadisədə və ya vəziyyətdə hiss etdikləri və bu hisslərlə əsərlərini yaratmaları olur. Baxaq görək Cavidan bəy daha çox hansı hisslərlə əsərləri yaratmağa meyillidir? 

“Hazırladığım, çəkdiyim divar rəsmləri əgər onları özüm seçib çəksəm o rəsmdən maksimum zövq alıram. Amma müştəri tərəfindən seçilmiş rəsm işlədikdə tam da çox zövq ala bilmirəm. Hisslər qarışır”.

Onun cavabı mənim üçün həqiqətən gözəl bir cavab idi. Bu cavabdan belə qənaətə gəldim ki, deməli sənətdən zövq almaq üçün əsəri hansı formada çəkəcəyini onun elə bilavasitə özünə buraxmaq lazımdır. Beləliklə həm əsər daha gözoxşayan olacaq, həm də rəssam özünü daha yaxşı ifadə edə biləcək.

Ətrafımızda demək olar ki, rəssamlıqla və ya digər sənət növləri ilə sadəcə hobbi olaraq məşğul olan insanlar əlbət ki, var. Bəs Cavidan bəy necə, rəssamlığı sadəcə hobbi olaraq gördüyü zamanlar olub? Və ya sadəcə hobbi kimi qalmasını istəyib?

“Əslində divar rəsmləri ilə heykəltəraşlıqdan öncə məşğul olmuşam və çox uğur qazanmışam. İrəliləməkdə də davam edirəm. Öz üzərimdə daha çox çalışıram”.

Cavidan bəyin sənət yoluna səyahət etmək bilirəm ki, ürəyinizcədir. Məncə, elə bu sual da onun da ürəyincə olacaq: Cavidan bəyin gələcək haqqında planları nələrdir?

“Gələcək haqda bir çox planlarım var. Əsas olan sənətimi hər tərəfli inkşaf etdirməkdir. Ondan sonra planlarımı həyata keçirmək”.

Elə biz də bir gənc olaraq və gələcəkdə gənc rəssam və heykəltəraşımızı yüksəklərdə görmək arzusundayıq. 

Elə bu məqamda bir sual daha ortaya çıxır: Gələcəkdə, bu günün özündə və ya keçmiş günlərdə yenə də incəsənət adamı olmaq seçimini Cavidan bəy seçərdi mi? 

Maraqlı suala maraqlı cavab da gecikmədi: “Ümumiyyətlə, mən başqa sahədə çalışmaq haqda düşünməmişəm. Həmşə bu sahəni seçərdim . Çünki özümü burda tapmışam. Sevgi ilə görə biləcək başqa sahə görmürəm özümdə”.

Söhbətimizin sonuna yaxınlaşırıq desəm yeridir, məncə. Lakin bir rəssam-heykəltəraşa "sevdiyi əsəri" barədə sual verməmək qəbahət olardı.

Heykəltaraşın cavabı "Zəfər yolu" olur.

Hazırda Akademiyanın 2-ci kurs tələbəsi olan Cavidan elə 1. kursda oxuyarkən “Zəfər yolu” əsərini ərsəyə gətirir. Bu əsər az sonra sosial şəbəkələrlə yanaşı, bir sıra televiziya programlarında tamaşaçıların nəzərinə çatdırılır və məşhurlaşır. Bununla bağlı olaraq o “Kətan ,Vətən” filmində iştirak etmişdir. Əsərə gəldikdə isə burada biz Cavidanın həm vətən, həm incəsənətə olan sevgisinin sintezinin necə gözəl və peşəkar şəkildə təcəssüm etdiyini görə bilərik. Vətənini sevən hər azərbaycanlı bu əsərdə tariximizin əzəldən bəri keşməkeşli yollardan keçərək nəhayət İkinci Qarabağ müharibəsində şanlı ordumuzun haqlı zəfərinin bir parçasını ifadəli şəkildə görə bilər. Əsər 2 hissədən ibarət kompozisiyadadır. 1. hissədə 1992-cı ildə soydaşlarımızın başına gətirilən ağrılı-acılı tarixin təsviri yer alır. Əsərin bu hissəsində aşağıda daş-kəsək, ayaqyalın insan, məftil izləri qeyd olunmuş, 1992-cı il yazısı da içəridə həkk olunmuşdur. 2. hissədə isə rəşadətli ordumuzun, onun əsgərlərinin artıq qisas alaraq, qələbə çaldığını əsgər çəkməsinin simvolik təsviri ilə sanki onu geyinən igid və qəhrəman Azərbaycan əsgərinin qisas alaraq məftil izlərini “xaribülbülə” əvəz edərək qələbənin bizə qovuşduğunu əks etdirmişdir. Artıq burda “2020” yazısı daha qabarıq şəkildə əsərdə göstərilmiş, şəhidlərimizin ruhuna dərin ehtiramı izləyicilərə  ötürməyi bacarmışdır. 

Gənc heykəltaraşın həmkarlarına gələcəkdəki həmkar dostlarımıza, tələbələrə verəcəyi məsləhətlər nələrdən ibarətdir? 

“Əgər bu sahədə özlərini tapıblarsa nə xoş onlara. Məncə, insan öz sevdiyi işlə məşğul olursa hörmətlə yanaşırsa və gördüyü işi pul xatirinə görmürsə mütləq ki, uğur gəlib onu tapacaq. İş görərkən yalnız işini gözəl, keyfiyyətli görməyi fikirləşmək lazımdır. Qazancı 1% düşünə bilərsən. Bütün beyninin gücünü işini görməyə verməlisən. Bütün sevgini işinə qoymalısan. Mən bu yerəcən öz gücümlə gəlmişəm. İşimə sevgi ilə yanaşmışam. Buna görə də uğurlar qazanmışam, dəfələrlə çəkilişlərə dəvət almışam və s. Məqsədsiz iş görmək mənasızdır. Pillə-pillə qalxmağı üstün tutmuşam. Hamıya öz sevdiyi işlə məşğul olmağı arzulayıram...”

Son olaraq deyərdim ki, müsahibim və mənim üçün də xeyli maarifləndirici, unudulmaz söhbətimizin sonluğunu qoymaq məni təəssüfləndirir. İncə ruhlu sənət adamları ilə sağollaşmaq ən az elə bu qədər çətindir. Cavidan bəy kimi gənclərimiz həqiqətən də ölkəmizin öncə fəxri, daha sonra gələcəyidir. Gələcəyimiz əmin əllərdədir. Gələcəyimiz parlaq, gələcəyimiz əbədidir!

Ayla Ələkbərli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi 

 





16.04.2024    çap et  çap et