525.Az

Topçubaşov xəstəxanasında sığorta möhürü - Sosial şəbəkədə yazılanlar


 

Topçubaşov xəstəxanasında sığorta möhürü - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- İranın İsrailə raket zərbələri endirməsi Tehranın imicini xilas etmək üçün idi. Çünki günlər keçir, İsrailə cavab verilmirdi, bu da beynəlxalq aləmdə İranın zəiflliyi görüntüsünü gücləndirirdi. İran İsrail ərazisinə yüzlərlə raket tuşladığına baxmayaraq, İsrailə zərər böyük deyil, raketlərin əksəriyyəti havada neytrallaşdırılıb. Əgər İsrail raket zərbələrinə cavab verməsə, Tehran işini bitmiş hesab edəcək. Ancaq İsrail cəmi bir raketlə İranın konsulluq binasını dağıtmış, İran İslam Keşikçilərinin generallarını öldürmüşdü. İranın raket zərbələri nəticəsində isə İsraildə ölən yoxdur. Yəni İranın cavabı adekvat olmadı, gücü bu qədərdir. Bu, bir növ Amerikanın iranlı general Kasım Süleymanini öldürməsinə bənzəyir. İran intiqam vədi vermiş, ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket tuşlamışdı. Bununla da məsələ bitmişdi.

Hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür və bu istiqamətləri İsrailin Baş naziri Benyamin Netanyahu müəyyənləşdirəcək. Tehran məsələnin bitməsini istəyir, ancaq bunu Tel-Əviv istəyirmi, bəlli deyil. Birinci variant odur ki, Benyamin Netanyahu da Tehran kimi məsələni bitmiş hesab edəcək və İranla müharibəyə girişməyəcək. ABŞ prezidenti Cozef Baydenin də istəyi budur. Bayden Netanyahuya başa salmağa çalışacaq ki, "Sən vurdun, Səni də vurdular, İsrailə zərəri olmadı, bu kifayətdir". İkinci variant isə odur ki, Netanyahu İranı yenə hansısa formada vurmağa çalışacaq. Bu isə genişmiqyaslı müharibənin başlamasına və Avrasiya bölgəsinin müharibəyə cəlb edilməsi demək olacaq. Tel-Əvivin Qəzza problemini həll etmədən İranla müharibəyə başlaması İsrailin maraqlarına cavab vermir. İki cəbhədə savaşmaq çətin olacaq. Məntiqlə Tel-Əviv İran məsələsini sonraya saxlamalıdır. Seçim Netanyahunundur.

 

İbrahim Nəbioğlu, jurnalist:

- İlon Mask yaxın illərdə Marsa təxminən 1 milyon insan və bir neçə milyon ton yük göndərəcəyini bildirib.

Onun sözlərinə görə, "Starship" gələn il nəinki havaya qalxacaq, hətta Yerə eniş belə yapa biləcək.

Bundan əlavə, o, Ay və Mars koloniyaların necə görünəcəyini də göstərdi.

 

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü: 

- Atamla gəlmişik Topçubaşov xəstəxanasına. Növbədə 2 milyon adam var. Bütün Bakı buradadı.

Gələn adamların 99 faizi Topçubaşov xəstəxanasına dəxli olmayan adamlardır, sənədini alıb gedəcək. 

Xəstəxanada dəhşətli anşlaq var. Qapıdakı mühafizəçi bezib. Həkim bezib. Tibb bacısı bezib. Yeməkdaşıyan bezib.

Hamı bezib bu mənasız kağız-kuğuza görə milyon adamın hər səhər bura yığılmasından.

Sadəcə, gözünə döndüyüm Tibbi Sığorta sistemi elə qurub ki, istəyirsən öl, xeyri yoxdur, kağız mütləqdir.

2 dəfə infarkt keçirtmiş atamı heç vaxt görməyən həkim heç bir ciddi müayinə eləmədən kağız yazıb verdi ki, hə, indi anju olar, apar bu kağızı Xatirə xanıma ver.

Xatirə xanımın otağının ağzında 280 min nəfər yığılıb. Xatirə xanım kağıza baxıb üfürəcək.

Sonra SMS gəlməlidir. SMS gələnə qədər gözləməliyik.

Sonra o kağızı götürüb baş həkimə aparacağıq. Baş həkim möhür vurmalıdır.

Baş həkimin otağının ağzında da əjdaha var. Əjdahanı öldürüb həkimi götürürsən. Sonra möhür.

Dövlətin bu boyda pul, resurs, adam ayırdığı tibbi sığorta sistemini, "gəl bir dənə kağıza görə xəstələri gic edib gəzdirək" deyib it kökünə qoyan ağıllı kimdirsə, sağ olsun.

Axı, bunun çox gözəl örnəyi var da elə Türkiyədə. Apardın, şəxsiyyət vəsiqəni verdin, vurdu kompüterə, baxdı, vəssəlam.

Yoxsa get Ağdamdan sənəd al, gətir o sənədə Yasamalda möhür vurdur, biri kağıza baxıb ağlasın, başqası kağızı sığallasın, o biri nazlana-nazlana möhür vursun - bu, iş deyil.

 

Fərid Pərdəşünas, texnobloger:

- İctimai Televiziyada yayımlanan "Alatava" serialının ilk bölümünə baxdım və düşünürəm ki, məzmun heç də İctimai TV-yə uyğun deyil. İctimai məzmun heç deyil. Hər nə qədər ssenari müəllifləri və aktyorlardan bir neçəsi dostum və hörmət etdiyim şəxslər olsa da, bu məzmunun uğursuz olduğunu və ictimai əhəmiyyət kəsb etmədiyini deməliyəm.

Ümumilikdə artıq küçə jarqonları, rus dilində ifadələr, söyüşlə filmləri təbii etmək olmur. Aktyor oyunu təbii alınsın deyə, dili qurban vermək olmaz. Özəlliklə də İctiami maraq daşıyan kanalın belə məzmunu yayımlaması məntiqli deyil. Belə serial dövlət büdcəsindən maliyyələşən kanaldan sifariş olunmamalıdır.

Serial ümumilikdə elə "Alatava" düşüncəsini aşılayan və o düşüncədə olan izləyici kütləsini hədəf alır. Burada hansı üst səviyyədə sosial mesaj verilirsə verilsin, izləyici özünə lazım olanı götürür. "Alatava" düşəncəsi deyib, əhatə dairəsini spesifikləşdirmək də doğru olmaz. Buna "Sovetski", "Papanin", "Yasamal uşağı" başlıqların da bağlamaq olar.

Ümumilikdə belə layihələr kommersial olmalıdır. Bu günə qədər də Əlixanın xüsusilə yutub üzərindən buna bəzər işlər görüb, uğurlu olduğunu görmüşük. Amma dediyim kimi, bu, İctimai məzmun olmalı deyil.

Bu dediklərim istisna olmaqla serial öz izləyici kütləsində uğurludur. Aktyorluq əladır. Xüsusilə, Taleh Yüzbəyovun "pullu xalaşka" və Azərbaycan televiziya tarixində yayımlanacaq ilk 3 qızla yataqda - "treesome" səhnəsi serialı xilas etməyi bacarıb.  Zarafatlar yerində, uğurlu işlənib.

 

İlham Əzizov, yazıçı:

Adam var, feysbuka girə bilməyəndə heç kim olur. Nə ictimai ağırlığı var, nə istedadı, nə dostluğu. Di gəl, feysbukda at oynadır, elə bilirsən böyük zatdır. Yeni insan növü budu. İnterneti olmayan kimi sıfır, elə bil adam deyil, proqramdır.

lll

Cəmiyyətimizdə müharibədən zəli kimi qan çəkən kütlə yaranıb. Harda müharibə səsi gəlir, vampir kimi qidalanırlar, sevinirlər. Elə bil kiminsə uşağı, balası bomba altında can verəndə bunların çiçəyi çartlayır. O baladan səndə də var, qulağı ağrıyanda özünü cırırsan, e. Çox təhlükəli adamlardır. Həm də mundar. Müharibənin qlobal fəlakət olduğunu bilmək bu qədərmi çətindir? Birhüceyrəli beyinsizlər, birdəfəlik bilin: müharibə faciədir!

Düşük analizlərinizi gedin çörəkpulu qazanmağa sərf edin! Acından günorta durur, beynəlxalq siyasəti dartışır.

Elementar, mənasız adam olmasının fərqində də deyil e...

 

Natiq Cəfərli, iqtisadçı ekspert:

- Paşinyan erməni xalqının mental, xəyal dünyasının "təmir" edilməsi üçün son şansdır. O, bu gün çox vacib bəyanatlar verib, 4 kəndi qaytaracaqlarından, Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyindən danışıb.

Amma ən maraqlı bəyanatı başqadır, sitat: "Mən şəxsən belə bir qənaətə gəldim ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə sığır, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta bir-birinə ciddi təhlükələr yaradır".

Tərcüməsi: Onillərlə xəyal, xəstə təfəkkürün məhsulu olan, xalqın, toplumun bir neçə nəsil beynini zəhərləyən "Böyük Ermənistan" nağılı, indiki Ermənistan Respublikası üçün ciddi təhlükəyə çevrilib. Onillərdir özlərini buna inandırmışdılar, Kremlin köməyi ilə Birinci Qarabağ savaşında müvəqqəti qalibiyyət qazanmaları isə beyinlərini tam dumanlandırmışdı. Son 30 ildə onlar düşünürdülər ki, Ermənistanın sərhədləri Ağcəbədidən, Beyləqandan, Tərtərdən, Horadizdən başlayır, inanmışdılar ki, o sərhədlərdən İrəvana, Qafana və digər Ermənistan şəhərlərinə 150-250 km məsafə var. Ancaq 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra bir gün ayıldılar ki, Qafanın 2 km-də Azərbaycan əsgəri müqəddəs bayrağımızı ucaldıb, ordumuzun dayandığı sərhədlərimizdən düz yolla İrəvana 1,5 saatlıq yol var. Bu, erməni xalqında şok effekti yaratdı, amma onları tam ayıltmadı, bəzi ağıllı adamları publik deməyə başladılar ki, ayılın, Qarabağ da bizim olmayacaq, Türkiyəyə və Gürcüstana ərazi iddialarından isə əl çəkin, unudun, biz kiçik, demokrafik faciə yaşayan, coğrafi dalanda yerləşən xalqıq. Amma yenə dinləyən, başa düşən az idi - sonra Azərbaycan dövləti 2023-ün sentyabrında Moskvanın bütün maneələrinə baxmayaraq, Xankəndi və ətrafında separatizmin kökünü qazıdı, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Məhz bundan sonra Ermənsitanda ciddi ayılma prosesi başladı, özləri üçün müqəddəs və güclü saydıqları 200 illik təhlükəsizlik konsepsiyaları darmadağın oldu, onları yeni təhlükəsizlik modelləri axtarmağa məcbur buraxdı. Amma yeni təhlükəsizlik modelinin də əsas "çətiri" Türkiyə ola bilər - indi bunu "həzm" edə bilmirlər, bu fikirlə yaşamaq onlara ağır gəlir. Bu gün Türkiyəsiz və Azərbaycanla sülh müqaviləsi imzalamadan Ermənistanın yeni təhlükəsizlik konsepsiyası mümkün deyil - əslində ABŞ və AB-də dolayısı ilə bunu deyir. Paşinyan bunu anlayır, öz xalqına anlatmağa çalışır - amma proses ağır gedir, çünki onillərə, bir neçə nəslə yayılmış "mərəz", mental xəyallar tez "sağalmır", buna zaman və geosiyasi reallıqların çılpaqlığı lazımdır.

Bizim zamanız var - Azərbaycan öz problemlərini tam və qəti şəkildə, ən fantastik müsbət ssenari ilə həll etdi, ordumuz və müttəfiqlərimiz güclüdür, NATO ölkəsi olan qardaş Türkiyə ilə birgə təhlükəsizlik "çətirimiz" var. Deməli, zaman bizə işləyir, ona görə də, Rusiya-Ermənistan sözlü, imitasiya xarakterli və ya lap real olan-olacaq davasını ancaq kənardan izləməli, bu məsələyə heç cür daxil olmamalıyıq...

Kiçik haşiyə: Bir neçə il öncə Avropa ölkələrinin birində yenə Azərbaycan-Ermənistan əlaqələri, Qarabağ məsələsi ətrafında beynəlxalq tədbirdə idim. Ermənistandan olan ekspertlərən biri yenə "Böyük Ermənistan" nağılından söz açdı, tarixi məsələləri müasir siyasi-ərazi iddialarına transformasiya etməyə çalışdı. Tədbirdə bir neçə ölkədən nümayəndələr də var idi - mən söz alıb həmin adama, "lütfən, tarixi Ermənistanın sərhədlərini, ərazisini deyin, biz də işimizi bilək", deyə sual verdim. Adam Yunanıstandan başladı, Türkiyədən keçdi, Gürcüstanın, Azərbaycanın yarısı içinə alan bir xəyali xəritə "cizdi". Ümumiyyətlə, xarici konfranslarda onları bu mövzuya çəkmək ciddi effekt verirdi, hamı xəstə mental düşüncəni açıq görürdü. Onun cavabından sonra mən, "sizin çəkdiyimiz "xəritə", təqribən, 2 mln. kvadratkilometr ərazi edir və oralarda 100 mln.-dan çox insan yaşayır onları hara, ən vacibi, necə qovacaqsınız bəs? Axı siz monoetnik ölkə modeli seçmisiz. Bundan başqa, siz Ermənistanda real olaraq cəmi 2 mln. nəfərsiz - yəni kişili-qadınlı-uşaqlı hamınız sərhəddə düzülsəniz belə, hər kvadratmkilometrə bir nəfər "sərhədçi" düşür, yaxşı, bu sərhədlərinizi necə qoruyacaqsınız", dedim, zalda gülüş səsləri ucaldı, adam cavab verə bilmədi və qızarıb tərbiri tərk etdi...

 





16.04.2024    çap et  çap et