525.Az

Ustad xanəndə fəxri adsız və işsiz qalıb


 

SABİR ABDULLAYEVƏ KİM SAHİB ÇIXACAQ?

Ustad xanəndə fəxri adsız və işsiz qalıb<b style="color:red"></b>

Efirdən, dəbdəbəli məclislərdən bacardığı qədər uzaqlaşaraq ömrünü pedaqoji fəaliyyətə həsr edən, sağlığında ustad pedaqoq adı qazanan mahir sənətkar kimi Sabir Abdullayevin musiqi sənətimizin düzgün tədrisində rolu əvəzsizdir. Seyid Şuşinski məktəbinin ən layiqli davamçılarından sayılan Nəriman Əliyevi rəhmətlə anırıqsa, Nəriman Əliyevin də ənənələri yüksək səviyyədə davam etdirən iki tələbəsinin adını ön sırada çəkmək vacibdir: Sabir Abdullayev, Qəzənfər Abbasov...

Nəriman Əliyevin muğam sinfində püxtələşən və hazırda kifayət qədər sevilən sənətkarların zəhmətinə kölgə salmaq niyyətim yoxdur, qətiyyən... Sadəcə, pedaqoji fəaliyyət baxımından bu iki xanəndəni xüsusi vurğulamaq lazımdır. Az-çox bilənlər də mənlə razılaşarlar... Bu sənətin gətirdiyi şöhrətdən, imkanlardan imtina edib ömrünü mum kimi əridən sənətkarları xatırlamaq labüddür.

Sabir Abdullayev 1986-cı ildən müəllimlik fəaliyyəti ilə məşğuldur və bu günə qədər yüzlərlə xanəndə yetişdirib. Onların içində Xalq artistləri, Əməkdar artistlər də var... O, Amerika, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsrail, Tayvan, Meksika, Braziliya, Rusiyada konsertlərdə Azərbaycan muğam və mahnı ifaçılığını layiqincə təbliğ edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Qarabağ xanəndələri" albomuna Sabir Abdullayevin də ifaları daxildir.

Bu gün Sabir Abdullayevin heç bir fəxri adı yoxdur. Ancaq sənətkarın heç də buna görə xüsusi bir narazılığı yoxdur, deyir ki, onun üçün Qarabağın azadlığı ən böyük fəxri addır. Dəfələrlə dilə gətirib bunu. Sabir müəllimin mənəvi sarsıntı keçirməyinin səbəbi odur ki, pedaqoji fəaliyyəti məhdudlaşdırılıb. O, yaşa görə təqaüdə çıxmalı olub və əmək fəaliyyətinə xitam verilib. Əgər fəxri adı olsaydı, işləməyinə icazə veriləcəkdi...

Bəli, kadrlar yenilənməlidir. Amma muğamat istisna sənət növlərindəndir ki, ustad-şəyird ənənələri yaşa, təcrübəyə söykənir. Tarix boyu xanəndələr sağlamlıqları imkan verənə qədər pedaqoji fəaliyyətlərini davam etdiriblər. Sabir Abdullayevin də səsi, enerjisi yerindədir. Bu baxımdan, ustad xanəndəmizin arzuları barədə götür-qoy etmək lazımdır. Onun yenidən Asəf Zeynallı adına Musiqi Kollecindəki işinə geri qaytarılması muğam sənətimiz üçün çox faydalı olar.

Apreli 15-i Sabir Abdullayevin doğum günü idi. Onu bu əziz gündə səmimi-qəlbdən təbrik edirik. Ümidvarıq ki, muğam müəllimi kimi fəaliyyəti bərpa olunacaq, fəxri ad məsələsinə baxılacaq və o, hələ neçə-neçə istedadın yetişməsinə töhfə verəcək.

Nadir YALÇIN

 





16.04.2024    çap et  çap et