525.Az

AMEA-da Füzulinin 530 illiyinə həsr olunmuş konfrans işə başlayıb


 

AMEA-da Füzulinin 530 illiyinə həsr olunmuş konfrans işə başlayıb<b style="color:red"></b>

Aprelin 15-də AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransa 20-si Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiyadan olmaqla, ümumilikdə 111 iştirakçı qatılıb.

AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutan tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin dahi şairin 500 illik yubileyindəki çıxışından kadrlar nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq konfransın ölkə başçısının "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" 25 yanvar 2024-cü il tarixli Sərəncamı çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, sözügedən Sərəncam dahi şairin irsini müstəqil Azərbaycan dövlətinin idealları işığında Azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiq etməyə imkan vermiş oldu.

Akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını qeyd edən akademik İsa Həbibbəyli hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən dahi şairə həsr olunmuş 1000 səhifəlik kollektiv monoqrafiyanın hazırlanmaqda olduğunu vurğulayıb. Həmçinin ədibin UNESCO-nun "Dünya yaddaşı" beynəlxalq reyestrinə daxil edilmiş anadilli "Divan"ının yenidən çapa hazırlanacağını, ölkəmizdə və beynəlxalq müstəvidə təqdimatlarının keçiriləcəyini bildirib. Bundan əlavə, AMEA-nın Əlyazmalar, Şərqşünaslıq, Ədəbiyyat və digər institutlarında Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransların keçirildiyini, nəşrlərin çapa hazırlandığını və bu prosesin il ərzində davam edəcəyini söyləyib. Eyni zamanda İraqda da Füzuliyə həsr olunmuş bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində böyük rol oynayan, bir çox Şərq xalqları ədəbiyyatına mühüm təsir göstərən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin ölməz bədii-fəlsəfi irsi xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni sərvətdir. Akademik Gövhər Baxşəliyeva Azərbaycan, ərəb və fars dillərində 16 irihəcmli əsərin müəllifi olan dahi şairin yaradıcılığının həm Qərb, həm də azərbaycanlı tədqiqatçılarının onun ecazkar yaradıcılığının orijinallığını, poetikasının yüksək bədiiliyini və incəliyini qeyd etdiklərini, onu Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırdıqlarını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə çıxışında tədbir iştirakçılarını AYB-nin adından salamlayıb, Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. Füzulinin yaradıcılığına nəzər salan AYB sədri dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdir yaşadığını bildirib.

İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Mutaz Muhyi Əbdülhəmid Azərbaycanla İraq arasında əlaqələrin inkişafına görə, akademik İsa Həbibbəyliyə, akademik Gövhər Baxşəliyevaya, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidova, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlüyə və Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevə İraq Strateji Araşdırmalar Mərkəzinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxti fərmanlarını təqdim edib.

İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri, "Türkman mədəniyyəti" jurnalının baş redaktoru, doktor Sabah Kərküklü "Füzuli əl-Bağdadi və tarixçilərin mübahisəsi", Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurboy Cabbarov "Əlişir Nəvai və Məhəmməd Füzuli", Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Salimaxon Mirzayevanın "Füzuli yaradıcılığında şah beytlər", Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, filologiya elmləri doktoru Abuzər Bağırov "Məhəmməd Füzuli və Azərbaycan ədəbiyyatında qəzəl janrı", AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü "Füzulinin ərəbcə poetik irsinin tədqiqi haqqında" adlı məruzələrlə çıxış ediblər.

Konfrans daha sonra Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam edib. Konfransın işinə aprelin 16-da yekun vurulacaq.

 





16.04.2024    çap et  çap et