525.Az

Qəfil yada düşənlər - Aydın Tağıyev yazır


 

Qəfil yada düşənlər - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

Qızartı

 

Deyəsən, dördüncü sinifdə oxuyurdum. Parta yoldaşım həmyaşıdım olsa da, məndən iri, boy-buxunlu, canlı-cüssəli idi. Ancaq mən ondan yaxşı oxuyurdum, sinfin əlaçı şagirdlərindən biri idim. Bəlkə də elə buna görə parta yoldaşım müəllimin gözündən yayınan kimi məni dümsükləyir, incidirdi.

Bir dəfə məni necə bərk yumruqladısa, dözə bilməyib ağlaya-ağlaya müəllimə şikayət etdim. Cavan kişi müəllimizin qəfil şilləsi kök-toppuş parta yoldaşımın totuq sifətini pis tutdu. Yanağının bir tərəfi qıpqırmızı qızardı. Müəllimin beş barmağının da yeri dəcəl dostumun sifətində qalmışdı.

Mənim də hər iki yanağım elə bil od tutub yanırdı.

"Günahkar"ın yanağındakı qızartı az sonra çəkilib getdi.

Mənimsə sifətimin qızartısı, elə bilirəm ki, indiyəcən çəkilməyib...

 

İpiqırıq

 

Dövranını sürmüş, gördüyünü görmüş, eşitdiyini də eşitmişdi. Burasını da bilirdi ki, əvvəl-axır uzun ömrün son ucu ölümdü. Təbabətə də bələdliyi vardı...

Xəstəxanada yatırdı. Palatada çarpayısı üstündə durub onu müayinə edən cavan həkimin əllərindən bərk-bərk yapışıb, dodaqlarına apardı, öpə-öpə dil açıb yalvarırdı: "Doktor, amandı, qoyma ölüb gedim! Dərdimə çarə qıl, sağalt məni..." Həkimə ağzını açmağa macal vermir, elə hey ağlayıb sıtqayırdı.

Demə, elə bir ciddi azar-bezarı yox imiş. Həkim ağciyər xəstəsini sakitləşdirmək üçün sözlər axtarırdı. Birdən onu gülmək tutdu. Elə bil xəstə, cənab Əzrayılın əl-ayağına düşmüşdü...

Həkim uğundu: - A kişi, hələ səndə ölümlük bir şey yoxdur, - dedi, - gözlə, vaxtı gələndə Əzrayıla belə yalvar-yaxar edərsən ki, canına qıymasın...

Kişi yataqdan quş kimi qalxdı. Elə bil bayaqki zarıncı xəstə deyildi. Əlbəəl həkimin əllərini ovcundan buraxıb yana itələdi.

 

Diligödəklik

 

Anadangəlmə qüsurlu doğulmuşdu. Dili yekə idi, ağzına sığmırdı. Əvəllər bundan sıxılır, utanırdı. İllər keçdi...

Və o da yekə dilini ağzına sıxıb gizlətməyi öyrəndi yavaş-yavaş... Sonra... Sonralarsa haqq-nahaq diliuzunluq etməyə başladı.

...Məhkəmə idi, şahid kimi söz ona verilmişdi. Ağzını açıb danışa bilmirdi: dili gödək idi...

 

Xəsis

 

Gen-geniş, güllü-çiçəkli bağ-bağçasında yan-yana düzülmüş arı pətəklərinin sayı-hesabı yox idi. Beçə balı kəsmişdi. İş üstünə gəlib çıxmış yaxın qohumu üzə salıb eşitdirsə də, simicliyindən qıyıb ona nübar bal vermədi. Qohumu küsüb getdi.

Gecə atası yuxusuna girmişdi. Xəsisliyinə görə onu xeyli məzəmmətləyib sonra da dönə-dönə tapşırdı ki, bəs küsülü qohumun qəlbini ələ alsın, öz əli ilə bal payını yollayıb barışsın.

Aradan bir neçə gün keçmişdi. Qohumu ilə rastlaşanda yuxusu yadına düşdü. Yanladı onu, açıb yuxusunu danışdı. Sonra da ürəyindən keçən sözləri dilinə gətirdi. - Bax, ha, atamın öyüd-nəsihəti ilə sənə indi müftə bal verəcəyimi ağlına belə gətirmə! - dedi. - Barışırsansa, əl ver. Küsülü qalırsansa, öz işindir... Atamdır da, noolsun yuxuma girib. Gülüb göz vurdu: - Sözdür də deyib...

Əli üzündə quruyub qalmışdı. Birdən uğunub getdi. Gedə-gedə əlini irəli uzatdı.

 

Məktub

 

Məktubu çoxdan yazıb tamamlamaq istəyirdim. Ancaq qələmi əlimə alan kimi gözlərimin yaşı yazdıqlarımı pozur.

O göz yaşları axa-axa yaxamı çürüdüb.

 

Şərikli dərd

 

Bəsdir ağladın! Göz yaşlarını silməyə sənə verəsi quru yaylığım yoxdur.

 

Təsəlli

 

Elə bilirsən ki, hayına hay verəcəm? Mənim səsim çoxdan batıb...

 

Sənsiz

 

Niyə indiyəcən xəbərim olmayıb? Sən demə, qış fəsli soyuq olurmuş.

 

Tənha

 

Əsası əlində idi. Dayaq duranı yox idi.

 

Quyu

 

Kor idi. Dünyanı gəzib dolaşa-dolaşa günlərin bir günü noxud boyda qıyıq gözləri ilə axtarıb siçan deşiyi tapanların qazdıqları quyuya düşdü.

 

Döymələr

 

Əlini tez-tez sinəsinin sol tərəfində gəzdirə-gəzdirə ovxalayardı. Sinəsinin o yerində bir döymə var idi: ox sancılmış ürək. Və altında da belə bir yazı: "Toxunma, yaralıdır..."

Gözlərini qapayanda başqa bir döymə oxudular: "Oyatmayın, qoyun rahat yatsın!"

lll

Yəqin ki, cənnətdə yalnız Allahın müqəddəs kəlamları, Quran ayələri oxunur. Heç şübhəsiz, Rəbbimiz tərəfindən təkcə Xudayarın izni var ki, şövqlə oxusun: "Vətən yaxşıdır..."

lll

Didronun dedikləridir: "Xoşbəxtlik üçün yekə qarnın, əzazil ürəyin olmalı, vicdanınsa olmamalıdır".

Belə bir qənaətə görə, filosofu beynəlxalq məhkəməyə verəkmi? Görək ittihamçı kim olacaq? Bəs vəkilləri kim? Hakim tərəfləri dinləyib ədalətli, qərəzsiz bir hökm çıxara biləcəkmi?

Məhkəmə qərarından sonra apellyasiya şikayəti vermək olacaqmı? Yoxsa hökm qəti və dəyişilməz qalacaq?

lll

Hamını öz arşını ilə ölçmüşdü...

İndi inciməyə, umub-küsməyə haqqı yox idi.

Arşını, demə, uzun imiş...

lll

Əl tutmaq bir yana, gücü çatdıqlarının əllərindəkiləri vurub yerə salanlardan idi.

Varlı-hallı o kişi lovğa-lovğa əda ilə Həcc ziyarətinə yollandı. Ziyarətin növbəti tələbi şeytana daşatma mərasimi idi.

Əgər tanısaydılar, zəvvarlar elə onu daşlayacaqdılar.

lll

Dünyaya gələndən bəri əlləri göydə qalsa da, hələ də ovcu boş idi.

lll

Böyük Pyotr çar üzüyünün qaşına yazdırmışdı: "Mən hələ də şagird rütbəsindəyəm, həmişə özümə müəllim axtarıram".

İşə bax, indi hər birimiz özümüzü bir müəllim saya-saya qarşımızdakına "dərs" keçməyə hazırıq.

lll

...Bir vaxtlar Əzrayılın ocağından od götürən hünərli-təpərli bir oğul idi...

...Bir gecə hövlnak çarpayısından qalxdı. Dördgöz olub təlaşla, qorxu-ürkü içində ətrafa boylanıb dinşək kəsildi...

...Qan-tər içində özünə gəlib axır ki, rahat nəfəs aldı. Demə, xışıltı salıb onu qorxudan siçan imiş...

lll

...Qızdırma içində yana-yana ölüm-zülüm başını yastıqdan qaldırıb dikəldə bildi. Güclə də olsa, gözlərini açıb dörd dolandırdı...

Yastığının dibini kəsdirən, başı üstündə duran yox idi. Qırışmış sifəti göz yaşlarından islandı. Köks ötürüb ah çəkdi. "Kaş üstümdə ağlamağa bir kor anam olaydı..."

lll

Yuxu görürdü. Yuxusunda da dolanışığından, gün-güzəranından yaradanına ah-zar edib şikayətlənir, yalvarıb-yaxarıb pul-para diləyirdi...

Oyanıb köks ötürdü; ah çəkdi: "Ya Rəbbim! Barı röyamda da olsa məni sevindirəydin!.."

lll

Deyirlər, cəhənnəmi nə az-nə çox  - on dörd mələk idarə edir. Bəlkə indi o mələklərin elə hamısı yerə eniblər. Sayları yenə azlıq edir...

lll

Dünyanın qədim müdriklərindən Seneka deyirdi ki, dövlətli ola-ola yenə də sərvət hərisliyində olmaq dilənçiliyin əlamətidir. Dilənçilərimizin sayı günü-gündən artır...

lll

Sokrat vacib məsələlərin həllinə cavab tapmaq üçün qəlbinin səsinə qulaq asırdı və o səsi "demon" (iblis) hesab edirdi.

Bəs indi biz kimin səsinə qulaq asırıq?

 





16.04.2024    çap et  çap et