525.Az

Hədiyyə - İmir Məmmədlidən yeni novella


 

Hədiyyə - <b style="color:red"> İmir Məmmədlidən yeni novella</b>

"Elə zəmanə gəldi ki, adam harasa çıxmağa qorxur, dərhal ətrafda bir-iki cızma-qaraçı peyda olur, gözləmədiyin halda belə yerin deşiyindən də olsa pırtdayıb çıxırlar, əllərində də qalın cildli kitablar, adamın üzünə irişə-irişə, bəzən də təkəbbürlü təbəssümlə - bu, mənim ədəbi külliyyatımdır - deyib "külliyyatı" zor-xoş hədiyyə edirlər. İmtina edə bilmirsən. - Sağ ol, bu dəyərli hədiyyəyə görə təşəkkür edirəm - deməli olursan". Bilmirsən, bu qalın cildləri hara aparasan, evdə kitab qoymağa yer qalmadı. Əsl yazarlar da belələrinin güdazına gedir, onların gur axınında itib batırlar".

Bu mənim sözlərim, mənim fikrim, mənim mövqeyim deyil, ha! Mən belə şey ömrümdə demərəm. Mən kitab yazanın, həmin adam cızma-qaraçı olsa belə, ağır zəhmətinə dərin hörmətlə yanaşıram. Yuxarıda oxuduğunuz fikir isə Vəli Mütəliyevə məxsusdur. Nöqtəsinə, vergülünə dəyib-toxunmadan bunu onun xəyalındakı etiraz soraqlı düşüncələrdən köçürmüşəm.

Vəli bu səhər qapını açıb çölə çıxanda günəş üzünə elə güldü ki, gecə gördüyü qarışıq yuxuya rəğmən, fikirləşdi ki, belə havada xoşa gəlməz hər hansı bir hadisə ehtimal olunsa da, baş verə bilməz.

Amma olacağa çarə yoxdur deyiblər.

Masa arxasına keçib təzəcə yerini rahatlayan Vəli Mütəlimov arxasınca otağa keçən köhnə tanışını görəndə, - düz deyiblər - deyə düşündü, düşünən kimi yuxu da yadına düşdü.

Yuxuda görmüşdü ki, ayaqlarına zəncirvari ğır qandallar vurublar, Vəli ha çalışır əvvəlki yerişini yerisin, yeriyə bilmir. Zənciri açır, durub getmək istəyəndə zəncir yenidən ayaqlarına dolaşır.

Otağa daxil olan köhnə tanışının əlində iri həcmli, çox iri həcmli, qalın cildli, çox qalın cildli, ağır çəkili, çox ağır çəkili bir kitab var idi. Vəli Mütəliyev tanışının son zamanlar yazı-pozu ilə məşğul olduğunu eşitmişdi, amma onun kitablarını bu günə qədər görməmişdi.

Tanışı üzündə xoş təbəssüm salamlaşandan sonra kitabı onun masasının üstünə qoyub:

- Bu, mənim yek cildimdir! Düşündüm, ilk nüsxələrindən birini dostuma çatdırmaq borcumdur. - dedi.

- Çox sağ ol, minnətdaram, - Vəli üzünə yalançı təbəssüm niqabı çəkib kitabı götürüb o üzünə, bu üzünə çevirdi.

Həmin an kitab yazan tanışı Vəlinin üzündəki təbəssüm-maska arxasında gizlənən çöhrəsindəki əsl ifadəni görsə, başındakı fikirləri oxusaydı, baş götürüb qaçardı, bir də buralara ayaq basmazdı. Amma nə unun həqiqi üzünü görə bilir, nə də başındakı fikirləri oxuya bilirdi, buna Vəlinin çöhrəsindəki təbəssüm və dilindəki xoş sözlər mane olurdu.

- Mütləq oxuyarsan! Əminəm, həzz alacaqsan! - Tanışı dedi.

- Əlbəttə oxuyacağam, - Vəli onun cavabında gülümsünüb əlavə etdi, - üstünü də yaz.

- Yazmışam! - Kitab yazan bunu deyib qapıya tərəf boylandı, - Di, sağ ol, mən getməliyəm, bu gün bir neçə nəfərə də kitab çatdırmalıyam.

O getdi, lakin Vəli Mütəliyev iri həcmli, ağır çəkili hədiyyə ilə üzü-üzə qaldı. Kitaba ikrah hissi ilə baxıb bilmədi neynəsin, hayana aparsın, hara qoysun. Beləcə kitaba zillənib başını əllərinin arasına aldı.

Yenə Vəli Mütəliyevin diqqət çəkən düşüncələrindən: "Bildim! Axşam dəhlizdə pəncərənin qabağına qoyub gedərəm. Yox, işçilərdən götürüb kimsə baxar, içini oxuyar, mənə yazdığını bilər, müəllifin qulağına çatar biabır olaram. Zibil qutusunun yanına qoysam necə? Xadimə aləmə car çəkər. Yox, tanış yerdə qoymaq olmaz, üstü açılar, rüsvayçılıq olar. Bəs necə edim? Aha, bildim! Yaxşısı budur, evə gedəndə avtobusda qoyub düşərəm, guya təsadüfən yadımdan çıxdı. Bir Allah bəndəsi götürüb aparar"...

Fikirləşdiyi kimi də elədi. Axşam işdən sonra evə qayıdanda kitabı avtobusda dizinin üstünə qoydu, ətrafa göz gəzdirdi, sərnişinlərin arasında duyuq düşəcək adam görmədi. Növbəti dayanacaqda yanında bir nəfər gənc xanım oturdu. Xanım da şübhəli adama oxşamırdı, yol boyu gözü öz telefonunun monitorunda idi. Vəli düşündü, bu telefonu çıxaranın atasına rəhmət, hərənin diqqəti əlindəki telefondadır, mənim gizlin planımı heç kəs bilməz.

Avtobus axırıncı dayanacağa yaxınlaşırdı. Vəli, gözucu yanındakı gənc xanıma tərəf baxdı, gördü, onun fikri hələ də öz telefonundadır. O kitabı ehmalca dizinin üstündən sürşüdərək yanına qoydu, yəni təsadüfən unutmaq üçün zəruri zəmin yaratdı. Sonra bu qalın cildi bir az da geri itələdi.

İndi işin əsas mərhələsi qalırdı: Avtobus dayanan kimi durub düşəcək, daha doğrusu, aradan çıxacaq. Kitab "təsadüfən" oturacağın üstündə qalacaq. Başı telefona qarışan xanım bunu heç görməyəcək. Əsas məsələ avtobusdan aralanana qədərdir. Uzaqlaşandan sonra kitabın Vəliyə məxsus olduğunu heç kəs təsdiq edib boynuna qoya bilməz.

Avtobus dayandı, sərnişinlər qapının ağzına toplaşdılar. Qapı açılan kimi bir-birini itələyə-itələyə düşməyə başladılar.

Vəli də cəld durub qapıya tərəf yönəldi, adamların arasına qarışıb düşdü.

"Şükür!" - bu söz Vəli Mütəliyevin ürəyindən həmin məqamda keçdi.

Məxfi əməliyyatı uğurla başa vurub kitabdan təzəcə canını qurtaran Vəli bir az getmişdi ki, - Müəllim! - deyə arxadan səs eşitdi.

Dönüb qeyri-ixtiyari geri baxdı. Gördü, avtobusda yanaşı gəldiyi gənc xanım kitabı götürüb onun arxasınca gəlir.

Vəli çevik çevrilib, qabaqdakı avtobusun önünə keçdi. O bu cəld hərəkəti edərkən gənc xanımın səsini yenə kürəyində hiss etdi - Müəllim!

Bu çağırışı qulaq ardına verib sürətli addımlarla irəliləyərək çalışdı tünlüyə baş vurub adamların arasında görünməz olsun. Bu ara gənc xanımın səsi onun qulaqlarını bir neçə dəfə yenə döyəclədi. Çönüb səs gələn tərəfə boylandı, gördü qız əlində kitab onu axtarır. Bu ara qənşərində başqa bir avtobus dayandı. Marşrut onun marşrutu olmasa da, Vəli avtobusa minib getdi.

Səhər işə gələndə Vəli adəti üzrə masa arxasına keçib kompüteri açdı. Bu əsnada qapı da açıldı. Dünən kitab hədiyyə edən tanışı otağa daxil oldu, əlində həmin kitab, üzündə həmin təbəssüm. Vəli gözlərinə inanmadı, fəqət istər inan, istər inanma, sənin inanıb inanmamağının gerçəkliyə heç bir dəxili yoxdur. Gerçəkliyi isə bir dedim, bir də deyim: kitab hədiyyə edən tanışı otağa daxil oldu, əlində həmin kitab, üzündə həmin təbəssüm.

- Dünən kitab sənin yadından çıxıb avtobusda qalıb, - tanışı bunu deyib kitabı onun əlinə verdi, - Allahdan olan kimi, mənim xalam qızı da həmin avtobusda olub, hələ üstəlik, sənin yanında otururmuş. Dalınca qaçıb, amma səni tapa bilməyib...

Vəli hədiyyə-kitabı masanın üstünə qoyub udqundu:

- Ay, Allah sənin də köməyin olsun, xalan qızının da! Biləsən, dünən bu kitabı axtarmadığım yer qalmadı. Gedib avtobus sürücüsündən də soruşdum, dedi, burda kitab-mitab yoxdur. - Vəli bu sözləri deyərək kitabı açıb baxdı, gördü, doğrudan da, bu, üstü yazılı, dünən "Təsadüfən" avtobusda qalan həmin kitabdır.

- Sənin qismətində imiş... Sən onu tapa bilmədin, o səni tapdı, - müəllif gülümsünərək əlavə etdi, - yaxşı mən getdim, dünən hamıya kitab verə bilmədim, bəzilərinə bu gün verməliyəm.

O dönüb getdi.

Vəli Mütəliyev yenə qalın cildli, ağır çəkili hədiyyə ilə üzbəüz qaldı.

Səhər Asan xidmətə getməli idi. Kitabı da qoltuğuna vurub getdi. Oradakı işini bitirdikdən sonra şüşə arxasında oturan oğlanın gözünü güddü. Oğlanın başı sənədlərə qarışdığını görüb, kitabı yenə "təsadüfən" unudub binanı tərk etdi. Evə təzəcə çatmışdı ki, telefona zəng gəldi:

- Asan xidmətdəndir. Müəllim, kitabınızı burada unutmuşunuz. Buyurub gəlib götürə bilərsiniz.

- Üstünüzə sağlıq, bir az halsızam, qoy qalsın, sonra götürərəm, - dedi.

- Allah Sizə şəfa versin, müəllim, burada, sənəddə ünvanınız qeyd olunub, halsızsınızsa, göndərərik, bir azdan əməkdaşımız gətirər.

- Təşəkkür edirəm, - Vəli ta etiraz edə bilmədi.

Bir azdan qapının zəngi çalındı, kitabı gətirib Vəliyə təhvil verdilər.

Vəli hədiyyə-kitabı bir gün sonra çörək dükanında "unutdu". Növbəti səhər çörək almağa gedəndə hədiyyəni qoltuğuna verdilər.

Sonra hüzur yerində "yadından çıxdı". Mərhumun üç mərasimində hədiyyəsi özünə qayıtdı.

Elə bil tilsimlənmişdi. Vəli heç vəch ilə bu iri həcmli, ağır çəkili cilddən yaxasını qurtara bilmirdi. Get-gedə zavallı kitabdan qorxmağa başladı. Gözü təsadüfən ona sataşanda karıxıb qalır, bir müddət özünə gələ bilmirdi.

Olmadı, Vəli başqa bir çarə axtarmalı, başqa bir çıxış yolu tapmalı idi.

Yenə Vəlinin diqqətə layiq düşüncələrindən: "İndi mən bunu yandırım, külünü göyə sovurum, sonra qayıtsın, görüm necə qayıdacaq!"

Vəli bu dəfə də fikirləşdiyi kimi elədi. Cibinə kibrit qutusu qoyub xəlvət bir yerə çəkildi. Ətrafa boylandı. Həndəvərdə adam-madam yox idi. Nəfəsini dərib bir az özünü toxtatdı. Sonra kibrit çöpünü çəkib qır-saqqız kimi ona yapışan bu qalın cildli hədiyyəyə od vurdu. Kitab yanıb kül oldu, külünü külək sovurdu.

Vəli rahat nəfəs aldı. Əllərini ciblərinə qoyub dodaqlarında biveccəsinə fit çala-çala evə qayıtdı.

Aradan bir həftə keçdi. Bir gün həmin tanışı zəng edib dedi - evdəsənmi, sizə gəlirəm.

Bu gözlənilməz zəngdən çaşıb qalan Vəli Mütəliyev başqa bir söz tapa bilmədi deyə, - gəl, - dedi.

- Siz tərəflərdəyəm, dedim, bura qədər gəlmiş ikən, bir dostuma da baş çəkim.

Bu zəngdən sonra tanışı on dəqiqəyə gəlib çıxdı. O, otağa daxil olub əlindəki diplomatı yerə qoyan kimi kitab rəfinə göz gəzdirdi.

- Vəli, mənim kitabım gözümə dəymir. Hanı? - Karıxmış halda soruşdu.

Vəlinin cavabı hazır idi, tanışı zəng edib - gəlirəm - deyəndə düşünmüşdü:

- Qoyarlar ki, sənin kitabın qalsın!? - onun cavabında əzbərlənmiş mətn kimi dedi, - Tanış-biliş aparıb oxuyub qaytarırdı. Axırda biri apardı, qaytarmadı. Dedim qaytar, özümə lazımdır! Dedi, sən öl, qaytarmaran!

Bu cavabı eşidən müəllif diplomatını açıb oradan beş ədəd kitab çıxardı.

- Bilirəm, hamı bəyənir, hərə bir yana çəkir, aparan qaytarmır, - bunu deyib diplomatdan çıxardığı kitabları Vəliyə uzatdı, - götür bu kitabları, biri sənin özünə, yerdə qalanları da mənim yaradıcılığımın vurğunlarına verərsən.

Vəli kitabları götürüb dərin, lap dərin minnətdarlığını bildirərək kitab rəfinin gözlərinə pərçimlədi.

 





16.04.2024    çap et  çap et